| 
								 
								Şair, jurnalist Ramazan Səməroğlu ikinci dəfə 
								oxucularının görüşünə "Nə qədər səhərlər sənsiz 
								açacaq" kitabı ilə gəlib. Şair "Hə qədər 
								səhərlər sənsiz açacaq",- deyəndə meydana nə 
								qədər suallar çıxırEAnasızmı?, işğal olunmuş 
								Vətən torpaqlarısızmı?, əziz dostlarsızmı?, 
								istəkli sevgilisizmi?.. açılacaq o səhərlər 
								suallarına cavab axtarırıq. Şair eyniadlı 
								şeirində yazır: 
								
								 Ömrümə 
								günəş də sənsiz dogacaq, 
								
								Sənsiz parıldamaz zirvədə qar da, 
								
								Bəlkə unudardım intizarını, 
								
								Sən mənə desəydin hardasan, harda. 
								
								Onun bu misralarını oxuyanda nurani çöhrəsinə 
								hopmuş acılarını, saçındakı  ağ tellərə qonmuş 
								kədərinin, intizarının ağırlığını hiss etdim.
								 
								
								Kitabda toplanmış 323 şeiri, 1 poemanı, 1 
								müxəmməsi, 41 qəzəli bir nəfəsə oxudum. 
								 
								
								Tanınmış telejurnalist Ramazan Səməroğlunun 
								Vətən, ana, sevgi, siyasi məzmunlu şeirlərində 
								bir həsrət, bir nisgil, bir kədər ovqatı yaşanır. 
								O, düşünən və düşündürməyi bacaran şairdir, onun 
								misralarındakı məna yükü oxucunu cəlb edir. 
								Ramazan,  təbiətən saf, təmiz bir insan 
								olduğundan bu cəhətlər şeirlərinin misralarında 
								da aydın görünür. Onun duyğuları bulaqların göz 
								yaşı kimi dupduru, şəffaf suyudur, sanki damla -damla 
								hopub şeirlərinə... Bu saflıq, bu duruluq 
								içərisində bir əziz ana obrazı yaşayır... 
								
								Şair "Kaş yenidən uşaq olam, ay ana",- deyir: 
								
								Səni görcək sevincimdən əsəm mən, 
								
								Pay böləsən "azdı" deyəm küsəm mən, 
								
								Hara getsən qabağını kəsəm mən, 
								
								Kaş yenidən uşaq olam , ay ana. 
								
								"Mənə layla deyinən" şeirində isə: 
								
								Paltarımı hara gəldi atam mən, 
								
								Dizin üstə şirin-şirin yatam mən,- 
								
								deyir, şair. 
								
								Ramazanın misralarındakı kövrəklik, həzinlik, 
								eyni zamanda hər birimizin qəlbində xoş  
								xatirələrə çevrilən "Son zəng" şeirində də 
								aydınca görünür: 
								
								Elə bil dünəndi əlimdən tutub, 
								
								Müəllim əlifba öyrətdiyi gün. 
								
								Bu illər son zənglə vuruldu başa, 
								
								Təməli qoyuldu gələcək ömrün. 
								
								R.Səməroğlunun şeirləri təbiliyi, səmimiyyəti, 
								fikir aydınlığı ilə seçilir. O, yaşadıqlarını, 
								duyduqlarını yazır. Bax elə buna görə də, bu 
								şeirlər oxucularının hər birinə doğmadır. 
								
								Şairin ürəkağrısı, can yanğısı ilə qələmə aldığı 
								"Həsrətdən biçilən kəfən" adlı poemasında 
								qocalar evinə atılmış bir ana ona baş çəkməyə "gələcək" 
								oğlunun yolunu həsrətlə gözləyir:          
								 
								
								Bu sonsuz dünyada bu gün bir ana, 
								
								Heç kəsi yox yanında təkcə can verir. 
								
								Əzrayıl qapısın döyəndə ana, 
								
								Düşünür oğludur, deyir: "hardasan"?!.. 
								
								Poemanın finalında deyilən bu sözlərlə sanki 
								bütün laqeyd insanlara qarşı, müqəddəs ana 
								qədrini bilməyən nankor oğullara qarşı şair bir 
								fəryad qoparır. 
								
								İnanırıq ki, çox keçməyəcək  neçə-neçə belə 
								həzin duyğulu  yeni şeirləri  çapa hazırladığı 
								üçüncü kitabında  toplanıb biz oxuculara ərməğan 
								ediləcək. Bu yolda şair  dostumuz, jurnalist 
								həmkarımız Ramazan Səməroğluna uğurlar diləyirik.  
								
								
								
								Ədalət DAŞDƏMİRLİ   |