| 
								 
								 Azərbaycan 
								Milli Aviasiya Akademiyasının (AMAA) tələbəsi 
								Emil Vahablı A.F.Mojayski adına Beynəlxalq 
								Aviasiya Olimpiadasından zəngin "qənimətlərlə" 
								qayıtmışdır. Təxminən 40 ölkənin gənc aviasiya 
								tədqiqatçılarının qoşulduqları bu intellekt 
								yarışında azərbaycanlı tələbə birinci yeri 
								tutaraq "Olimpiadanın qalibi" diplomuna, onun 
								qələbəsini təsdiq edən sertifikata, habelə "A.F.Mojayski" 
								medalına layiq görülmüşdür. Bundan əlavə, 
								həmyerlimizə münsiflər heyətinin hədiyyəsi olan 
								"İPAD" markalı mikrokompüter də təqdim 
								edilmişdir. AzərTAc-ın müxbiri qeyri-adi yarışın 
								qalibinə bir neçə sualla müraciət etmişdir. 
								Cavablar Emil Vahablının yüksək intellektual 
								səviyyəyə malik olduğunu bir daha təsdiqləyir.
								 
								
								- Emil, səni Azərbaycan Milli Aviasiya 
								Akademiyasına qovuşduran yolun ən yığcam "xəritəsini" 
								necə təsvir edərdin?  
								
								- Səfalı Qax şəhərində doğulmuşam. Bakıdakı 257 
								nömrəli orta məktəbi bitirmişəm. Uşaqlıqdan 
								aviasiya sahəsinə, aviator peşəsinə böyük 
								marağım olmuşdur. Orta məktəbin sonuncu 
								sinfindən indiyədək aviamodelçilik dərnəyinə 
								gedirəm. 2009-cu ildə test qəbul imtahanında 604 
								bal toplayaraq AMAA-nın hava nəqliyyatının uçuş 
								texniki istismarı fakültəsinin rus bölməsinə 
								daxil olmuşam. Hazırda ikinci kursda oxuyuram. 
								Aviasiya texnikası avadanlıqlarının istismarı 
								üzrə mühəndis-mexanik ixtisasına yiyələnirəm. 
								Əlaçılıq təqaüdü alıram.  
								
								 - 
								Belə nüfuzlu Beynəlxalq Olimpiadaya necə qatıla 
								bildin? Bu çətin yarışda birinci yer tutmağının 
								sirri nədədir?  
								
								- A.F.Mojayski adına Beynəlxalq Aviasiya 
								Olimpiadası artıq səkkizinci dəfədir ki, hər 
								tədris ilində Moskva şəhərində keçirilir. 
								Olimpiadada iştirak etmək istəyənlər İnternet 
								vasitəsilə Təşkilat Komitəsinin ilkin test 
								suallarını cavablandıraraq, növbəti tura vəsiqə 
								alırlar. Mən ilkin 15 suala düzgün cavab 
								göndərdiyim üçün əsas tədqiqat işimi təqdim 
								etmək hüququ qazandım. Elmi-tədqiqat işim 
								təyyarələrdə güc qurğularının analizi mövzusunda 
								idi. İşimin bəyənildiyi və Beynəlxalq 
								Olimpiadanın yekun turuna dəvət olunmağım barədə 
								Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 
								məktub daxil oldu. Bundan sonra Azərbaycan Milli 
								Aviasiya Akademiyasının rektoru, akademik Arif 
								Paşayevin və "Azərbaycan Hava Yolları" Qapalı 
								Səhmdar Cəmiyyətinin prezidenti Cahangir 
								Əsgərovun xeyir-duaları ilə Moskva şəhərinə ezam 
								olundum.  
								
								Olimpiadanın yekun turu aprelin 21-22-də 
								keçirildi. Mənim apardığım elmi-tədqiqat işi ilə 
								əlaqədar geniş məruzəm dinlənildi. Təyyarələrdə 
								müxtəlif təyinatlı, konstruksiyalı güc 
								qurğularının tətbiqi üzrə elmi arqumentlərimi 
								müdafiə etdim. Münsiflər heyətinin üzvləri 
								yekdilliklə mənim işimi və test suallarına 
								cavablarımı birinci yerə layiq gördülər. Onu da 
								deyim ki, bu olimpiadada ikinci yerə Ukraynanın, 
								üçüncü yerə Rusiyanın təmsilçiləri çıxdılar.
								 
								
								Aviasiya sahəsində intellekt yarışının qəhrəmanı 
								Emil Vahablının dediklərinə əlavə olaraq qeyd 
								edək ki, onun uğuru təkcə təhsil aldığı ali 
								məktəbə - Azərbaycan Milli Aviasiya 
								Akademiyasına deyil, bütün Azərbaycana 
								başucalığı gətirmişdir.   |