| 
								 
								Çexiya Respublikasının Prezidenti Vatslav Klaus 
								və xanımı Liviya Klausova mayın 18-də Bakı 
								Slavyan Universitetində (BSU) olmuşlar. 
								 
								
								 Əvvəlcə 
								Prezident Vatslav Klaus və xanımı Liviya 
								Klausova BSU-nun rektoru Kamal Abdullayevlə 
								görüşmüşlər.  
								
								Rektor qonaqlara universitetin tarixi, strukturu, 
								fəaliyyəti və beynəlxalq əlaqələri haqqında 
								məlumat vermişdir. Bildirilmişdir ki, bu ali 
								təhsil ocağında artıq 10 ildir ki, çex dili və 
								ədəbiyyatı tədris edilir. Çex dili universitetin 
								tərcümə və regionşünaslıq fakültələrində tədris 
								olunur.  
								
								Prezident Vatslav Klaus bunu yüksək 
								qiymətləndirərək BSU-nun fəaliyyəti ilə tanış 
								olmasından məmnunluğunu bildirmişdir. 
								 
								
								Prezident Vatslav Klausun rəsmi səfərinin 
								ölkələrimiz arasında bir çox sahələrdə olduğu 
								kimi, humanitar sahədə də əlaqələrin inkişafına 
								təkan verəcəyini qeyd edən K.Abdullayev BSU-nun 
								Çexiyada fəaliyyət göstərən ali təhsil ocaqları 
								ilə əməkdaşlıq etməsində maraqlı olduğunu 
								vurğulamışdır.  
								
								Universitetin professor-müəllim heyəti və 
								tələbələrinin iştirakı ilə davam etdirilən 
								görüşdə K.Abdullayev 4 min tələbəsi olan BSU-da 
								50-dən artıq gəncin çex dilini və ədəbiyyatını 
								və ümumiyyətlə, Çexiyanın yerləşdiyi regionu 
								öyrəndiyini bildirmişdir.  
								
								Çexiya Prezidenti universitetin professor-müəllim 
								heyəti və tələbələri qarşısında çıxış etmişdir.
								 
								
								Azərbaycana ilk rəsmi səfərindən məmnunluğunu 
								bildirən Çexiya dövlətinin başçısı BSU-da çex 
								dili və ədəbiyyatının tədrisini, eləcə də çex 
								dili və mədəniyyəti mərkəzinin fəaliyyətini 
								yüksək qiymətləndirmişdir.  
								
								Səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev 
								ilə məhsuldar müzakirələr apardığını deyən 
								Çexiya dövlətinin başçısı ölkələrimiz arasında 
								siyasi əlaqələrin yüksək səviyyədə olduğunu 
								diqqətə çatdırmışdır.  
								
								Qeyd etmişdir ki, həyata keçirilən yüksək 
								səviyyəli qarşılıqlı səfərlər Azərbaycan ilə 
								Çexiya arasında siyasi dialoqun 
								gücləndirilməsinə şərait yaratmışdır. Ali qonaq 
								mayın 17-də Bakı Biznes Mərkəzində keçirilmiş 
								Azərbaycan-Çexiya biznes forumunun ikitərəfli 
								iqtisadi əlaqələrin inkişafına təkan verəcəyini 
								də qeyd etmişdir.  
								
								Humanitar sahədə əlaqələrin inkişaf 
								etdirilməsinin zəruriliyini vurğulayan Prezident 
								Vatslav Klaus Azərbaycan və Çexiya ali təhsil 
								müəssisələri arasında əlaqələrin qurulması və 
								inkişaf etdirilməsi, eləcə də BSU-da çex dilində 
								təhsil alan tələbələrin Çexiyada yay məktəbi 
								keçmələri ilə bağlı məsələni diqqət mərkəzində 
								saxlayacağını bildirmişdir.  
								
								Azərbaycan ilə əlaqələrin bütün sahələrdə 
								inkişaf etdirilməsində maraqlı olduğunu deyən 
								Çexiya Prezidenti səfərinin ölkələrimiz arasında 
								əlaqələrin genişləndirilməsinə mühüm töhfə 
								verəcəyini qeyd etmişdir. Prezident Vatslav 
								Klaus əlavə etmişdir ki, çexiyalı turistlər 
								Azərbaycanın füsunkar təbiətini görmək, zəngin 
								mədəniyyəti ilə tanış olmaq üçün mütləq bu 
								ölkəyə gəlməlidirlər.  
								
								Daha sonra Prezident Vatslav Klaus BSU-nun 
								müəllim və tələbələrinin Çexiya-Azərbaycan 
								əlaqələrinin inkişaf perspektivləri, Çexiyanın 
								xarici siyasəti və digər mövzularda suallarını 
								cavablandırmışdır.  
								
								Çexiya Prezidenti və xanımı tələbələrin ifasında 
								çex dilində mahnı və şeirlər dinləmişlər. 
								 
								
								Çexiya dövlətinin başçısı BSU-nun fəxri qonaqlar 
								kitabına ürək sözlərini yazmışdır.  
								
								Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim 
								olunmuşdur.  
								
								Prezident Vatslav Klaus və xanımı Liviya 
								Klausova tələbələrlə xatirə şəkli çəkdirmiş, 
								onlarla çex dilində söhbət etmişlər.  Sonra 
								Çexiya Prezidenti və xanımı BSU-da fəaliyyət 
								göstərən çex dili və mədəniyyəti mərkəzi ilə 
								tanış olmuşlar. Ali qonağa və xanımına mərkəzin 
								fəaliyyəti haqqında məlumat verilmişdir. 
								 
								
								Çexiya dövlətinin başçısı mərkəzə özünün də 
								müəllifi olduğu kitabları hədiyyə etmişdir. 
								Mərkəzdə yaradılmış şəraiti yüksək 
								qiymətləndirən Prezident Vatslav Klaus və xanımı 
								Liviya Klausova tələbələrlə xatirə şəkli 
								çəkdirmişlər.  
								
								Çexiya Prezidenti və xanımı universitetdən xoş 
								təəssüratla ayrılmışlar.  
								
								
								
								AzərTAc  |