| 
								 
								 Nəinki 
								paytaxtımızın, həm də ölkəmizin ən nümunəvi 
								ümumtəhsil müəssisələrindən biri olan Bakı 
								Avropa Liseyinin 20 yaşı tamam olur. 
								
								Bu münasibətlə mayın 15-də Heydər Əliyev adına 
								Respublika  sarayında yubiley mərasimi 
								keçirildi. Yubileydə möhtəşəm bir tədbir 
								hazırlanmışdı. Onun bədii hissəsində ancaq 
								liseyin şagirdləri çıxış edirdilər. Tədbirdə 
								liseyin 1060 şagirdindən 780 nəfəri iştirak 
								edirdi.   
								
								Tədbir qeyri-adi rəqs nömrələri ilə başlandı. 
								Sonra Bakı Avropa Liseyinin direktoru, 
								psixologiya elmləri üzrə fəlsəfə doktoru, 
								əməkdar müəllim Zülfiyyə Veysova mərasimi açaraq 
								qonaqları salamladı,  onlara bu möhtəşəm zalda 
								liseyin yubileyini birgə qeyd etmək üçün  
								toplaşdıqlarına görə minnətdarlığını bildirdi. O 
								həmçinin hamını "Eurovision-2011" müsabiqəsində 
								Azərbaycanın qələbəsi münasibəti ilə təbrik 
								etdi. 
								
								Sonra söz şagirdlərə verildi. Aparıcılar 
								qonaqlara liseyin yaranma tarixi və inkişaf yolu 
								haqqında  danışdılar. Konsert proqramının 
								birinci hissəsi bir sıra siniflərin liseyə həsr 
								olunmuş rəqs, mahnı, səhnəcik və videoçarxlardan 
								ibarət təbrik çıxışlarından ibarət idi.  
								Əvvəlcə  məktəbin ibtidai sinif şagirdləri çıxış 
								etdilər. Yaşlarının az olmasına baxmayaraq, 
								müxtəlif rəqs nömrələrini məharətlə nümayiş 
								etdirən balacalar tamaşaçılar tərəfindən 
								alqışlarla qarşılandılar.  
								
								Aparıcılar  bütün konsert boyu liseyin uğurları 
								haqqında  geniş məlumat verdilər. Bildirdilər 
								ki, Bakı Avropa Liseyi Azərbaycanda istedadlı 
								uşaqlar üçün yaradılmış birinci və unikal təhsil 
								müəssisəsi olaraq təhsildə çoxlu sayda 
								innovasiyalar tətbiq etmiş və təhsil islahatına 
								öz töhfələrini vermişdir. Bu təhsil ocağının 
								yetirmələri dünyanın müxtəlif ölkələrində 
								Azərbaycanın adını ucaldırlar. İstər təhsil və 
								elm, istər idman, istərsə də incəsənət sahəsində 
								böyük nailiyyətlər əldə edirlər.  
								
								Konsert proqramı çox zəngin və orijinal 
								çıxışlarla yadda qaldı. Səhnədəki çıxışlar 
								bir-birini əvəz etdikcə zalda fərqli bir 
								canlanma yaranırdı.  Çünki çıxışlar bir-birindən 
								gözəl idi.  İbtidai sinifləri  orta təhsil 
								pilləsinin şagirdləri əvəz etdikcə repertuardakı 
								məzmun dolğunluğu diqqəti cəlb edirdi. 
								Söylənilən şeirlər, oxunan mahnıların məzmununda 
								Azərbaycana, ana dilimizə, doğma xalqımıza  və  
								doğma təhsil ocağına  məhəbbət əks olunurdu.
								 
								
								Şagirdlərin siniflə və fərdi çıxışları yüksək 
								peşəkarlıq səviyyəsi  ilə tamaşaçıları 
								heyrətləndirirdi. Bəzi şagirdlərin ifaçılıq 
								qabiliyyəti onlarda əsl istedadın olmasını, 
								gələcək "Eurovision" və digər musiqi 
								müsabiqələri üçün potensialın mövcudluğunu  
								təsdiq edirdi. 2a1 sinif şagirdi Hüseyn 
								Həsənovun  ifasında korifey sənətkarımız Müslüm 
								Maqomayevin repertuarından  seçilmiş 
								"Azərbaycan" mahnısı tamaşaçıları ayağa qalxmağa 
								məcbur etdi.  
								
								4r2  sinif şagirdi Nuranə Əhmədova,  2r2  sinif 
								şagirdi Kərimov Rüstəm, 8a1 sinif şagirdi Akif 
								Hacıyev,  11r2 sinif şagirdi Aydan Nurəlizadə,  
								9a sinif şagirdi Fərhad Abbasov, 9r1 sinif 
								şagirdləri Cavid Məmmədov və Nərminə Abbasova 
								yüksək səviyyəli vokalı ilə seçilirdi. Liseyin 
								skripkaçıları, bədii qimnastika ustaları da öz 
								məharətlərini nümayiş etdirdilər. 
								
								Konsert proqramının ikinci hissəsi Azərbaycana 
								həsr olunaraq,  onun tarixi məqamlarını və 
								mədəniyyətini, vətənə olan sevgini  əks 
								etdirirdi. IX-X sinif şagirdlərinin 
								vətənpərvərlik mövzusunda hazırladıqları 
								kompozisiya isə hamını vəcdə gətirdi. 
								Kompozisiya müharibə şəraitində yaşayan 
								Azərbaycanın qələbə çalacağına inamına həsr 
								olunmuşdu.  
								
								Yubileydə liseyin məzunları da iştirak 
								edirdilər. Onlar doğma liseylərini təbrikə 
								əliboş gəlməmişdilər. Məzunlarını yenidən 
								səhnədə görmək müəllimlərin qəlbində qürur hissi 
								yaratdı.  
								
								Tədbirə valideynlər də qoşulmuşdular. 3r1 sinif 
								şagirdləri öz valideynləri ilə birlikdə səhnədə 
								liseyi təbrik etdilər. Ata-anaların məktəbli 
								formasında lisey haqqında ifa etdikləri mahnı və 
								rəqs gur alqışlarla qarşılandı. 
								
								 Yubileydə Azərbaycan Respublikasının təhsil 
								naziri Misir Mərdanov və digər hörmətli qonaqlar 
								iştirak edirdilər. 
								
								Təhsil naziri Misir Mərdanov çıxış edərək 
								liseyin rəhbərliyini, müəllim kollektivini, 
								şagirdləri və valideynləri 20 illik yubiley 
								münasibətilə təbrik etdi.  
								
								Misir Mərdanov liseyin fəaliyyəti haqqında 
								danışaraq qeyd etdi ki, Bakı Avropa Liseyi 
								Azərbaycan təhsilində islahatların həyata 
								keçirilməsində böyük rol oynayan təhsil 
								müəssisəsidir. Bakı Avropa Liseyi inkişaf etmiş 
								xarici ölkələrin hər hansı bir məktəbi ilə 
								yarışa girməyə qadir olan bir tədris ocağıdır.  
								İzlədiyimiz bu tədbirin yüksək səviyyədə 
								təşkili, keçirilməsi, müəllim və şagird 
								kollektivinin əməyi bunu bir daha sübut edir. 
								Təhsildə olan bütün layihələrə birinci Bakı 
								Avropa Liseyi qoşulur, sonra isə bütün Bakı 
								məktəbləri də bu təcrübədən yararlanırlar. Lisey 
								daim təhsil yeniliklərinin təşəbbüsçüsü kimi 
								çıxış edir. 
								
								Liseyin müəllim kollektivi haqqında yüksək 
								fikirdə olan nazir buradakı müəllimlərin 
								peşəkarlığından danışdı. Bakı Avropa Liseyində 
								işləməyin çətinliyini, hər müəllimin bu 
								çətinliyə dözə bilmədiyini xüsusilə qeyd edən  
								nazir liseyin  bugünkü uğurlarında müəllimlərin 
								böyük rolu olduğunu vurğuladı. 
								
								Çıxışının sonunda təhsil naziri Bakı Avropa 
								Liseyinin müəllimlərinin bir qisminin   
								"Qabaqcıl təhsil işçisi" döş nişanı və Təhsil 
								Nazirliyinin Fəxri fərmanları ilə təltif 
								olunduğunu bildirdi, liseyin müəllimlərini 
								təbrik etdi, onlara işlərində uğurlar arzuladı.
								 
								
								Liseyin direktoru  Zülfiyyə Veysova da, öz 
								növbəsində, müəllimlərin liseyin Fəxri 
								fərmanları ilə təltif edildiyini söylədi, onları 
								təbrik etdi. 
								
								Böyük konsert proqramı onlarca nömrədən ibarət 
								olsa da, tamaşaçıların marağını axıra qədər cəlb 
								etdi. Liseyçilər 4 saat müddətində zalı həyəcan 
								içində saxlamağa nail oldular. Liseyin həm 
								ibtidai, həm də yuxarı sinif şagirdləri gözəl 
								musiqi nömrələri ilə öz doğma liseylərini 
								ürəkdən təbrik etdilər.  Şagirdlər bir də təsdiq 
								etdilər ki, onlar əsl istedadlı uşaqlardır.  
								
								
								
								Y.ƏLİYEV  |