| 
								 
								Mayın 18-də Xəzər Universitetində bu ali təhsil 
								ocağının yaranmasının 20 illik yubileyinə həsr 
								olunmuş tədbir keçirilmişdir. AzərTAc xəbər 
								verir ki, nazirlərin, Milli Məclisin 
								deputatlarının, xarici ölkə səfirlərinin və ali 
								məktəb rektorlarının, tanınmış ziyalıların 
								iştirak etdikləri tədbiri Xəzər Universitetinin 
								təsisçisi, professor Hamlet İsaxanlı açmışdır. 
								O, universitetin yaranma tarixi, keçdiyi inkişaf 
								yolu, qazandığı nailiyyətlər haqqında məlumat 
								vermişdir.  
								
								Tədbirdə təhsil naziri Misir Mərdanov çıxış 
								edərək Azərbaycanda rəsmi fəaliyyətə başlamış 
								ilk özəl ali məktəbin qurulmasında və ölkəmizdə 
								təhsilin inkişafında professor Hamlet 
								İsaxanlının xidmətlərindən, xüsusilə magistr 
								hazırlığında bu universitetin rolundan 
								danışmışdır. Nazir əlamətdar yubiley 
								münasibətilə universitetin professor-müəllim 
								heyətini təbrik etmiş və onlara yeni uğurlar 
								arzulamışdır.  
								
								Xəzər Universitetinin fəaliyyətini əks etdirən 
								videofilm göstərilmiş və Azərbaycan incəsənət 
								ustalarının konsert proqramı təqdim edilmişdir.
								 
								
								Tədbir iştirakçıları universitetin tələbələrinin 
								yaradıcılıq işlərindən ibarət sərgi ilə də tanış 
								olmuşlar.  |