| 
								 
								
								Mayın 19-da Bakıdakı 276 nömrəli  tam orta 
								məktəbdə ümumtəhsil müəssisələrindəki mövcud 
								vəziyyətlə bağlı paytaxtın ümumtəhsil 
								müəssisələrinin direktorları ilə müşavirə 
								keçirildi.   
								
								
								 Müşavirədə 
								təhsil naziri Misir Mərdanov, nazirliyin 
								Strateji təhlil, planlaşdırma və kadrların 
								idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov, 
								Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə 
								Rzaquliyeva, idarənin məsul işçiləri və 
								paytaxtın ümumtəhsil məktəblərinin, eləcə də 
								Təhsil Nazirliyinin bilavasitə tabeliyində olan 
								təhsil müəssisələrinin direktorları iştirak 
								edirdilər. 
								
								
								Tədbiri təhsil naziri Misir Mərdanov açaraq başa 
								vurmaqda olduğumuz tədris ili dövründə ümumi 
								təhsillə bağlı xeyli işlərin görüldüyünü diqqətə 
								çatdırdı. 
								
								
								Ölkəmizdə şəffaflığın artırılması və 
								korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha 
								da gücləndirildiyini qeyd edən nazir həmin 
								məsələyə respublika Prezidenti cənab İlham 
								Əliyev tərəfindən ciddi nəzarət olunduğunu 
								xüsusi vurğuladı. Nazir bununla əlaqədar Təhsil 
								Nazirliyinin də  müvafiq işlər gördüyünü və baş 
								verə biləcək neqativ halların aradan 
								qaldırılması istiqamətində xüsusi tədbirlərin 
								həyata keçirildiyini söylədi.  
								
								
								Bu gün bizim nümunəvi məktəblərimizin, gözəl 
								təşkilatçılıq qabiliyyəti ilə seçilən təcrübəli 
								məktəb direktorlarımızın, yüksək savada və 
								intellektə malik, daim öz üzərində işləyən 
								yaradıcı müəllimlərimizin olduğunu qeyd edən 
								təhsil naziri onların Azərbaycan təhsilinə 
								başucalığı gətirdiyini bildirdi. Nazir xüsusilə 
								Bakı Avropa Liseyinin, "Zəngi" liseyinin, 
								akademik Zərifə Əliyeva adına tam orta məktəbin 
								adlarını çəkərək həmin təhsil müəssisələrinin 
								əldə etdikləri uğurlardan danışdı. Belə təhsil 
								ocaqlarının sayının artmasını arzuladı. 
								 
								
								
								Təhsil naziri onu da qeyd etdi ki, hansı təhsil 
								müəssisəsinin rəhbərində işləmək arzusu varsa, 
								ən başlıcası, o ümumi mənafeyi şəxsi mənafedən 
								üstün tuta bilirsə, yüksək təşkilatçılıq 
								qabiliyyətinə malikdirsə, orada uğur da olur, 
								müsbət nəticə də üstünlük təşkil edir. Nazir 
								direktorlara məhz bunu arzu etdi.  
								
								
								Ümumi orta təhsil sahəsində qazanılan 
								nailiyyətlərlə yanaşı, bəzi problem və 
								nöqsanların da olduğunu istisna etməyən nazir 
								Misir Mərdanov bunu təəssüf hissi ilə 
								qarşıladığını, baş verən neqativ hallarla bağlı 
								ciddi narahatçılıq keçirdiyini bildirdi. 
								
								
								Nazir Bakı şəhərinin ümumtəhsil müəssisələri ilə 
								əlaqədar 2011-ci ilin yanvar - may aylarında 
								Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 
								daxil olan müraciətlər haqqında məlumat verdi. 
								Adıçəkilən  xidmətə 127 məktəbdə neqativ hallar 
								barədə 223 müraciətin daxil olduğunu qeyd edən 
								təhsil naziri bəzi xoşagəlməz faktları söylədi, 
								adları qeyd olunan ümumtəhsil müəssisələrindəki 
								mövcud vəziyyətlə bağlı öz iradlarını bildirdi. 
								Nazir Misir Mərdanov direktorlara ciddi 
								xəbərdarlıq etdi ki, göstərilən nöqsanları qısa 
								müddət ərzində aradan qaldırsınlar və  
								müşavirədə söylənilənlərdən nəticə çıxarsınlar. 
								Nazir vətəndaşların şikayət etdikləri  
								ümumtəhsil məktəbləri direktorlarına kəskin 
								narazılığını bildirərək  onlara  rəhbərlik 
								etdikləri təhsil müəssisələrində nöqsan və 
								çatışmazlıqların  qısa müddət ərzində aradan 
								qaldırılması ilə bağlı konkret göstərişlərini 
								verdi.  
								
								
								Çıxışında  bəzi məsələlərə də ətraflı toxunan 
								təhsil naziri  bununla bağlı fikir və 
								mülahizələrini söylədi. 
								
								
								Müşavirənin sonunda nazir Misir Mərdanov Bakı 
								Şəhəri üzrəTəhsil İdarəsinin rəhbərliyinə 
								idarənin əməkdaşlarının Bakıdakı ümumtəhsil 
								müəssisələrində olmaları, baş verə biləcək 
								neqativ halların vaxtında aradan qaldırılması, 
								məktəblə valideyn arasında əlaqəni təmin etmək, 
								şagirdlərlə səmimi ünsiyyət qurmaq və digər 
								məsələlərlə bağlı  tapşırıqlarını verdi.  
								
								
								
								Samirə KƏRİMOVA  |