| 
								 
								Bu barədə Tələbə Qəbulu üzrə Dövlət 
								Komissiyasının sədri Məleykə Abbaszadə mayın 
								13-də keçirdiyi mətbuat konfransında məlumat 
								verib. TQDK sədrinin dediyinə görə, əgər ötən il 
								ali məktəblərə qəbul planında dövlət sifarişli 
								yerlərin sayı 10429 idisə, bu il 10616-dır. 
								M.Abbaszadə bəzi ixtisaslar üzrə dövlət 
								sifarişli hər bir yer üçün büdcədən ayrılan 
								vəsaitin artırılaraq 2000-2500 manata 
								çatdırıldığını da söylədi. 
								
								Ali təhsil müəssisələrinə və tam orta təhsil 
								bazasından orta ixtisas təhsili müəssisələrinə 
								qəbul imtahanlarında iştirak etmək üçün ərizə 
								qəbulunun gedişi ilə bağlı keçirilən mətbuat 
								konfransında M.Abbaszadə bildirdi ki, mayın 
								əvvəlindən başlayan sənəd qəbulu davam edir. 
								Abituriyentlərin mayın 31-dək İnternet vasitəsi 
								ilə elektron ərizələrini doldurmalı və tələb 
								olunan sənədləri ölkənin bölgələrində yaradılmış 
								sənəd qəbulu komissiyalarına təqdim edərək 
								ərizələrini təsdiq etdirməli olduqlarını deyən 
								TQDK sədri ölkədə elektron imza haqqında qanun 
								qəbul olunsa da, onun praktik reallaşması 
								kütləvi şəkil almadığından abituriyentlərin öz 
								elektron ərizələrini təsdiqləməsi prosedurunun 
								hələlik sənəd qəbulu komissiyalarında 
								aparıldığını diqqətə çatdırdı. Bildirdi ki, 
								ölkədə elektron imza kütləvi tətbiq olunduqdan 
								sonra TQDK bu prosesi heç bir sənəd qəbulu 
								komissiyasının, məmurun iştirakı olmadan 
								elektron formada aparacaq. 
								
								M.Abbaszadə xüsusi qabiliyyət tələb edən 
								ixtisaslar üzrə təhsil almaq istəyən 
								abituriyentlərlə bağlı məsələyə də aydınlıq 
								gətirərək bildirdi ki, həmin abituriyentlər 
								qəbul imtahanlarında iştirak etmək üçün, ilk 
								növbədə, ümumi qaydada elektron ərizə formasını 
								doldurmalı, onu təsdiq etdirməli və seçdikləri 
								ixtisasa müvafiq Qabiliyyət İmtahanı 
								Komissiyasında mayın 31-dək TQDK tərəfindən 
								mərkəzləşdirilmiş qaydada keçiriləcək seçmə 
								turda iştirak etməli, müvəffəqiyyət qazandıqları 
								təqdirdə qeydiyyatdan keçməlidirlər. 
								
								Bildirildi ki, seçmə tur təsviri sənət, musiqi 
								sənəti, memarlıq və dizayn, teatr, kino və 
								xoreoqrafiya sənətləri, bədən tərbiyəsi və idman 
								istiqamətləri üzrə keçirilir. Qabiliyyət 
								İmtahanı Komissiyaları ali təhsil müəssisələri 
								üzrə Bakı, Naxçıvan və Gəncə şəhərlərində, tam 
								orta təhsil bazasında orta ixtisas təhsili 
								müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə, 
								Lənkəran, Şəki şəhərlərində və Ağdam rayonunun 
								Quzanlı qəsəbəsində fəaliyyət göstərir. Bakı 
								şəhərində 6 (ADRA, BMA, AMK nəzdində Musiqi 
								Kolleci, AMİU-nun nəzdində Texniki lisey, 
								ADMİU-nun "Səda" Tədris Teatrı, ADBTİA), 
								regionlar üzrə isə 6 (NDU, GDU, ADAU, Şəki 
								Musiqi Kolleci, Lənkəran Dövlət Humanitar 
								Kolleci, Ağdam Musiqi Kolleci) tədris 
								müəssisəsində Qabiliyyət İmtahanı Komissiyası 
								təşkil olunmuşdur. 
								
								Bundan əlavə, teatr, kino və xoreoqrafiya 
								sənətləri istiqaməti üzrə Gəncə şəhərində Gəncə 
								Dövlət Dram Teatrında, Naxçıvan şəhərində 
								Naxçıvan Dövlət Musiqili Dram Teatrında, Şəki 
								şəhərində Şəki Dövlət Dram Teatrında və Lənkəran 
								şəhərində Lənkəran Dövlət Dram Teatrında seçmə 
								tur keçiriləcəkdir. 
								
								M.Abbaszadə hər bir istiqamət üzrə seçmə turun 
								cədvəlinin TQDK-nın İnternet səhifəsində 
								yerləşdirildiyini, qabiliyyət imtahanlarının 
								proqramları, qiymətləndirmə meyarları, tapşırıq 
								nümunələri və müvafiq metodik tövsiyələrin isə 
								"Abituriyent" jurnalının xüsusi buraxılışlarında 
								dərc edildiyini diqqətə çatdırdı.  
								
								Mətbuat konfransında rus bölməsinin 
								abituriyentləri üçün Azərbaycan dili fənnindən 
								imtahanların keçirilmə tarixləri də açıqlandı. 
								Bildirildi ki, rus bölməsinə sənəd verən 
								abituriyentlər üçün Azərbaycan dili fənnindən 
								imtahan 2 dəfə - mayın 22-də Bakıda və digər 
								bölgə mərkəzlərində, iyunun 26-da isə yalnız 
								Bakıda keçiriləcək. Mayın 16-dək ərizəsini 
								təsdiq etdirənlər mayın 22-də, sonra təsdiq 
								etdirənlər və birinci imtahandan müvəffəq qiymət 
								ala bilməyənlər isə iyunun 26-da keçiriləcək 
								imtahanda iştirak edə bilərlər. 
								
								TQDK sədri Rusiya Federasiyasının ali təhsil 
								müəssisələrinə qəbulla bağlı məsələləri də 
								diqqətə çatdırdı. Bildirdi ki, hər il olduğu 
								kimi bu il də RF-nın ali məktəblərinə qəbul üçün 
								elan verilib. Bu məqsədlə 46 yer bakalavr, 2 yer 
								isə magistratura təhsili, 3 yer də Moskva Dövlət 
								Beynəlxalq Əlaqələr İnstitutuna ayrılıb. İki 
								mərhələdən ibarət olan müsabiqənin I 
								mərhələsində abituriyentlər TQDK tərəfindən 
								keçirilən test imtahanında iştirak edəcəklər. 
								Test imtahanı mayın 21-də keçiriləcək. Test 
								imtahanının nəticəsində I ixtisas qrupunda 350 
								və daha yüksək, digər qruplarda 400 və daha 
								yüksək (MDBMİ-nin müsabiqəsində 500 və daha 
								yüksək) bal toplayan abituriyentlər II mərhələyə 
								- müsahibəyə buraxılacaqlar. Müsahibə mayın 
								23-də keçiriləcək. 
								
								Mətbuat konfransının sonunda M.Abbaszadə KİV 
								əməkdaşlarını maraqlandıran sualları 
								cavablandırdı.  
								
								
								
								Yusif ƏLİYEV  | 
								  |