| 
								 
								 Azərbaycan 
								Dillər Universitetində "Bakıda Avstriya 
								ədəbiyyatı günləri" adlı ikigünlük tədbir öz 
								işinə başlayıb. ADU və Avstriyanın 
								Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə 
								keçirilən  tədbirin açılış mərasimində 
								universitetin rektoru, professor, millət vəkili 
								Səməd Seyidov, Avstriyanın Azərbaycandakı 
								fövqəladə və səlahiyyətli səfiri Silvia 
								Mayer-Kaybiç,  Avstriyanın Klagenfurt şəhərinin 
								Alpen-Adria Universitetinin Robert Muzil adına 
								Ədəbiyyat İnstitutunun rəhbəri, professor Klaus 
								Amman, həmin institutun bölmə rəhbəri Valter 
								Fanta və universitetin əməkdaşı Maja Haderlap, 
								eləcə də  müxtəlif universitetlərdən almandilli 
								ədəbiyyatla məşğul olan azərbaycanlı və xarici 
								müəllimlər də iştirak ediblər.  
								
								Tədbir Azərbaycan və Avstriya Respublikalarının 
								Dövlət himnlərinin səslənməsi ilə başlayıb.  
								Mərasimi giriş sözü ilə açan  ADU-nun rektoru, 
								professor, millət vəkili Səməd Seyidov Avstriya 
								ədəbiyyatının rəhbərlik etdiyi universitetdə 
								öyrənilməsinin tarixi ənənələrinin olduğunu 
								bildirib. Dünya ədəbiyyatında Avstriya 
								ədəbiyyatının özünəməxsus yeri olduğunu deyən 
								S.Seyidov bu ədəbiyyatın  Azərbaycan ədəbiyyatı 
								ilə oxşar cəhətlərinin  olduğunu diqqətə 
								çatdırıb.  Ötən ilin yayından ADU-da Avstriya 
								kitabxanasının fəaliyyət göstərdiyini bildirən 
								rektor bu kitabxananın hər iki ölkənin ədəbiyyat 
								nümunələrinin tərcümə edilməsində mühüm rol 
								oynadığını vurğulayıb. Gənclərin almandilli 
								ədəbiyyata böyük maraqla yanaşdığından danışan 
								S.Seyidov bunun üçün ADU-da bütün mümkün 
								imkanların mövcud olduğunu qeyd edib. O, yaxın 
								zamanda Avstriya universitetlərində Azərbaycan 
								ədəbiyyatı günləri ilə bağlı konfransın 
								keçiriləcəyinə ümidvar olduğunu bildirib. 
								S.Seyidov bildirib ki, universitetdə yalnız 
								Avropa ölkələrinin mədəniyyət mərkəzləri deyil, 
								eləcə də Asiya dövlətlərinin mərkəzləri də  
								fəaliyyət göstərir. 
								
								Avstriyanın Azərbaycandakı fövqəladə və 
								səlahiyyətli səfiri Silvia Mayer -Kaybiç isə 
								çıxışında ADU ilə qurulan səmimi münasibətlərdən 
								söz açıb.  Diplomat ADU ilə birgə işləməkdən 
								zövq aldıqlarını bildirib. Səfir tədbirin  
								ölkələr arasında mədəni sahədə mövcud 
								münasibətlərin daha da dərinləşməsinə töhfə 
								verəcəyini vurğulayıb.  
								
								Sonra ADU ilə Avstriyanın Alpen-Adria 
								Universiteti arasında əməkdaşlıq müqaviləsi 
								imzalanıb. 
								
								Müqavilənin məqsədi ikitərəfli əlaqələri, elmi 
								araşdırmaları inkişaf etdirmək, birgə 
								seminarlar, dərslər, görüşlər və konfranslar 
								keçirməkdir. 
								
								
								
								Şakir CƏFƏROV  |