| 
								 
								Bakı Dövlət Universitetində qazax şairi, 
								yazıçısı, ictimai xadimi, müasir qazax yazılı 
								ədəbiyyatının banisi Abay Kunanbayev adına 
								Mərkəzin rəsmi açılışı olub.  
								
								Azərbaycan və qazax xalqları arasındakı mədəni 
								əlaqələri daha da inkişaf etdirmək məqsədilə 
								yaradılan Mərkəzi Bakı Dövlət Universitetinin 
								rektoru, akademik Abel Məhərrəmov və 
								Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli 
								Universitetinin rektoru, professor Baxıtcan 
								Abdraim açıblar.  
								
								Tədbirin rəsmi hissəsi BDU-nun Heydər Əliyev 
								Məktəbində davam edib.  Qonaqları və tədbir 
								iştirakçılarını salamlayan rektor, akademik Abel 
								Məhərrəmov Abay Mərkəzinin BDU-da açılmasını 
								yalnız universitetin deyil, hər iki xalqın 
								həyatında əlamətdar hadisə hesab edib. 
								Azərbaycan və qazax xalqlarının qardaşlığından 
								danışan rektor, onların eyni mədəniyyətə, eyni 
								tarixi köklərə və eyni dilə malik olduqlarını 
								qeyd edib. Akademik Abel Məhərrəmov bildirib ki, 
								tarixlər boyunca xalqlarımız arasında olan 
								əlaqələrin daha da inkişafında ən böyük uğur 
								ümummilli lider Heydər Əliyev və qazax xalqının 
								lideri Nursultan Nazarbayevin birgə səyləri 
								nəticəsində əldə edilmişdir. Həmin siyasət bu 
								gün respublika Prezidenti İlham Əliyev 
								tərəfindən də uğurla davam etdirilir. 
								 
								
								Tədbirdə Qazaxıstan Respublikası Prezident 
								Administrasiyasının daxili siyasət şöbəsinin 
								müdiri Darxan Mınbay, Lev Qumilyov adına 
								Avrasiya Milli Universitetinin rektoru, 
								professor Baxıtcan Abdraim, Qazaxıstanın 
								ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri 
								Serik Primbetov çıxış edərək 
								Azərbaycan-Qazaxıstan əlaqələrindən danışıb, 
								mərkəzin fəaliyyətə başlamasının əhəmiyyətini 
								qeyd ediblər. Bildirilib ki, mərkəz Azərbaycan 
								və Qazaxıstan mədəni əlaqələrinin daha da 
								intensivləşməsinə xüsusi töhfə verəcək. 
								 
								
								Qeyd edək ki, səfər çərçivəsində Avrasiya Milli 
								Universitetinin professor-müəllim heyətini 
								təmsil edən qonaqlar BDU-nun filologiya, tarix, 
								fizika, kimya, tətbiqi riyaziyyat və kibernetika 
								fakültələrində görüşlər keçirərək ikitərəfli 
								maraq doğuran məsələləri müzakirə ediblər.   
								
								
								
								BDU-nun Mətbuat və informasiya şöbəsi  |