| 
								 
								Mayın 14-də "Landmark" biznes mərkəzində 
								"Türkiyə Universitetləri Məzunları" İctimai 
								Birliyinin (TUMİB), "Akademi" Təhsil 
								Qurumlarının və Sabancı Universitetinin birgə 
								təşkilatçılığı ilə "Türkiyədə təhsil imkanları 
								və Sabancı Universiteti" mövzusunda seminar 
								keçirilmişdir.  
								
								AzərTAc xəbər verir ki, tədbirdə Təhsil 
								Nazirliyinin, Türkiyənin Bakıdakı səfirliyinin 
								nümayəndələri, qardaş ölkə universitetlərinin 
								məzunları, Azərbaycanın bəzi məktəb müəllimləri, 
								tələbələr, ictimaiyyət nümayəndələri iştirak 
								etmişlər.  
								
								Tədbiri açan "Türkiyə Universitetləri Məzunları" 
								İctimai Birliyinin (TUMİB) rəhbəri Çingiz 
								Bayramov seminarın Türkiyə və Azərbaycan 
								dostluğu və birliyinə bariz nümunə olduğunu 
								diqqətə çatdırmışdır. Türkiyə və Azərbaycanın 
								qardaşlığından, dövlətimizin təhsil sahəsinə 
								göstərdiyi diqqət və qayğıdan, azərbaycanlı 
								gənclərin xarici ölkələrdə təhsil almaları üçün 
								hər cür şəraitin yaradılmasından söhbət 
								açmışdır. Natiq vaxtilə ümummilli lider Heydər 
								Əliyevin azərbaycanlı tələbələri dünyanın 
								aparıcı universitetlərində təhsil almaq üçün 
								xaricə göndərdiyini xüsusi qeyd etmişdir. 
								 
								
								Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin 
								müavini Məhəmməd Bayramov, Türkiyə 
								universitetlərinin Azərbaycandakı təmsilçisi və 
								eyni zamanda "Akademi" Təhsil Qurumlarının 
								direktoru və Türkiyə universitetlərinin 
								Azərbaycan təmsilçisi Razi Vəliyev çıxış edərək 
								məqsədin seminar vasitəsilə dost və qardaş 
								ölkələrimiz arasında təhsil sahəsində əlaqələri 
								daha da  möhkəmləndirmək olduğunu bildirmişlər. 
								Onlar bu əlaqələrin sürətlə inkişaf edəcəyinə, 
								təhsil sistemimizə töhfələr verəcəyinə əmin 
								olduqlarını bildirmişlər. Natiqlər qardaş 
								Türkiyədə təhsil alan gənclərimizin sayının daha 
								da artırılmasının vacibliyini vurğulamışlar.
								 
								
								Ulu öndərlər Heydər Əliyevin "Biz bir millət, 
								iki dövlətik" və Mustafa Kamal Atatürkün 
								"Azərbaycanın sevinci sevincimiz, kədəri 
								kədərimizdir" kəlamlarını xatırladan natiqlər 
								Türkiyədəki universitetlərin azərbaycanlı 
								kadrların yetişməsində rolunu qeyd etmişlər.
								 
								
								Qardaş ölkənin təhsil sisteminin perspektivləri 
								haqqında danışan Türkiyənin Bakıdakı 
								səfirliyinin təhsil müşaviri Xalis Qoyunçuoğlu 
								Türkiyənin özəl Sabancı Universitetinin dünyada 
								və qardaş ölkədə tanınmış, nüfuzlu ali təhsil 
								ocaqlarından biri olduğunu vurğulamışdır. Ulu 
								öndərlər - Müasir Türkiyənin qurucusu Mustafa 
								Kamal Atatürk və müstəqil Azərbaycan dövlətinin 
								yaradıcısı Heydər Əliyevin ortaq cəhətlərindən 
								birinin də elm və təhsilin inkişafına qayğı 
								göstərmək olduğunu diqqətə çatdıran natiq elm və 
								təhsil əlaqələrimizin dərinləşdirilməsinin 
								vacibliyini vurğulamışdır.  
								
								Seminarda çıxış edən İstanbulun Sabancı 
								Universitetinin idarəetmə fakültəsinin müdiri, 
								professor Əhməd Öncü, universitetin beynəlxalq 
								əlaqələr şöbəsi müdirinin müavini Ebru Koç 
								təmsil etdikləri ali təhsil ocağının fəaliyyəti 
								haqqında ətraflı məlumat vermişlər.  
								
								Bildirilmişdir ki, bu ali təhsil ocağını başqa 
								universitetlərdən fərqləndirən cəhətlərdən biri 
								burada incəsənət mərkəzinin, böyük tələbə 
								şəhərciyinin, araşdırma mərkəzinin və idman 
								kompleksinin mövcud olması, təhsilin əsasən 
								ingilis dilində aparılması, dünya 
								universitetlərinin reytinqində 402-ci yeri 
								tutmasıdır. Gələcəkdə bu universitetdə təhsil 
								almaq üçün göndəriləcək azərbaycanlı tələbələrə 
								xüsusi qayğı göstəriləcək, təqaüdlər 
								veriləcəkdir. Natiqlər Türkiyənin və 
								Azərbaycanın universitetləri arasında əlaqələrin 
								daha da inkişaf edəcəyinə ümid etdiklərini 
								söyləmişlər.  
								
								Tədbirdə Sabancı Universitetinin fəaliyyətindən 
								bəhs edən videoçarx nümayiş olunmuşdur. 
								 
								
								Sonda seminar iştirakçılarını maraqlandıran 
								suallar cavablandırılmışdır.   |