| 
								 
								 Mayın 
								13-də Litvanın Azərbaycandakı səfiri Kestutis 
								Kudzmanas Bakıdakı 6 nömrəli məktəb-liseydə 
								oldu. Tədbirdə məktəbin müəllim-şagird 
								kollektivi ilə yanaşı qonaqlar da iştirak 
								edirdi. 
								
								Tədbiri giriş sözü ilə açan məktəbin direktoru 
								Gülşən Orucova bildirdi ki, ölkənin göstəricisi 
								onun yeraltı və yerüstü sərvətləri ilə  deyil, 
								kadr potensialıdır. Bu gün   xaricdə təhsil 
								alaraq doğma vətənə layiqli bir vətəndaş, 
								peşəkar mütəxəssis kimi  dönən  gənclərə böyük 
								ehtiyac var. Qeyd edək  ki, Dövlət Proqramına 
								əsasən 2007-2015-ci illərdə 5000 tələbənin 
								xaricdə təhsil alması nəzərdə tutulub. 
								Məktəbimizdə  Beynəlxalq Bakalavriat proqramının 
								qəbul edilməsi məhz Dövlət Proqramının həyata 
								keçməsi üçün aparılan işlərdən biridir. Təhsil 
								Nazirliyinin dəstəyi ilə məktəb Beynəlxalq 
								Bakalavr Təşkilatının (İnternational 
								Baccalaurate Organization) İBO  proqramını 
								tətbiq etməyə çalışır. Bu proqram 14 ildir ki, 
								TİSO məktəbində  tətbiq olunur. İkiillik təhsil 
								dəyəri 71000 dollar olan bu proqram dövlət 
								məktəbi olaraq bu məktəbdə pulsuz olacaqdır. Bu 
								proqram hazırda Xəzər Universitetinin nəzdindəki 
								"Dünya" məktəbində tətbiq olunur. G.Orucova bu 
								proqramın həyata keçirilməsində əsas problemin 
								kadrlarla bağlı olduğunu, lakin məktəbin 
								müəllimlərinin proqramla bağlı İsveçrənin Sürix 
								şəhərində təşkil olunmuş treninqlərdə iştirak 
								etdiklərini bildirdi. İBO proqramının 
								əhəmiyyətindən danışan G.Orucova qeyd etdi ki, 
								məktəbi bitirənlər İB diplomunu alacaqlar ki, bu 
								da onlara dünyanın 138 ölkəsindəki ali 
								məktəblərdə təhsillərini davam etdirməyə imkan 
								verəcək. Maksimum 45 bal toplayan şagirdlərə isə 
								Oksford, Kembric, Harvard kimi universitetlərdə 
								təhsil almaq imkanı verir. İB məktəb sistemi 
								gəncləri axtarışa sövq edir, onların təfəkkürünü 
								inkişaf etdirir. Direktor bu proqramın tətbiq 
								olunduğu Litvadakı həmkarları ilə  əlaqələr 
								yaratdıqlarını və yaxın günlərdə məktəbin bir 
								qrup müəlliminin bu ölkəyə səfər edəcəyini 
								iştirakçıların nəzərinə çatdırdı. 
								
								Tədbirdə çıxış edən Litvanın Azərbaycandakı 
								səfiri Kestutis Kudzmanas Litvanın təhsil 
								sistemi haqqında iştirakçılara ətraflı məlumat 
								verdi. Dövlətlərarası əlaqələrin gündən-günə 
								inkişaf etdiyini, bu baxımdan təhsil sahəsində 
								də əməkdaşlığın genişləndirilməsinin vacibliyini 
								vurğulayan səfir belə tədbirlərin keçirilməsini 
								təqdirəlayiq hal kimi qiymətləndirdi. Səfir 6 
								nömrəli məktəbdə İB proqramının tətbiq edilməsi 
								istəyini alqışladı və öz tərəfindən lazımi 
								dəstək göstərəcəyini bildirdi. Belə ki,  4 
								müəllimin 16-18 may tarixində Litvadakı İB 
								məktəblərinə gedərək məlumat mübadiləsi və  
								əməkdaşlıq etmələri üçün ezam olunmalarını 
								nəzərə çatdırdı. Məktəbin müəllim və 
								şagirdlərinin, KİV nümayəndələrinin suallarını 
								cavablandıran səfir görüşdən məmnun olduğunu 
								bildirdi. 
								
								
								  
								
								
								
								Niyazi RƏHİMOV  | 
								  |