| 
								 
								 AzərTAc 
								xəbər verir ki, mayın 14-də M.V.Lomonosov adına 
								Moskva Dövlət Universitetinin (MDU) Bakı 
								filialında "Açıq qapı günü" keçirilmişdir.
								 
								
								MDU-nun Bakı filialının elmi işlər üzrə 
								prorektoru, fizika-riyaziyyat elmləri namizədi, 
								dosent Azad Tağızadə tədbiri açaraq qeyd 
								etmişdir ki, "Açıq qapı günü" abituriyentlərə və 
								onların valideynlərinə bu ali məktəbdə tədris 
								olunan ixtisaslar, qəbul imtahanları haqqında 
								məlumat almaq üçün geniş imkanlar verir. O 
								bildirmişdir ki, Bakıda MDU-nun filialının 
								açılması azərbaycanlıların bütün dünyada məşhur 
								olan bu nüfuzlu ali məktəbdə keyfiyyətli təhsil 
								və diplom almasına imkan yaradır. A.Tağızadə 
								demişdir: "Sevindirici haldır ki, Azərbaycan 
								Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti 
								Dmitri Medvedevin qərarı ilə Azərbaycanda da 
								belə bir ali məktəb açılmışdır və indi bizim 
								gənclər MDU-da işləyən, dünyanın ən tanınmış 
								müəllimlərindən dərs alırlar".  
								
								MDU-nun Bakı filialında dörd fakültə - 
								filologiya, kimya, riyaziyyat və kompüter 
								elmləri və psixologiya fakültələri fəaliyyət 
								göstərir. MDU-nun filologiya fakültəsinin dekanı, 
								professor Marina Remnyova filologiya fakültəsi 
								haqqında abituriyentlərə məlumat vermişdir. 
								M.Remnyova qeyd etmişdir ki, həmin fakültə iki 
								şöbədən ibarətdir: rus dili və ədəbiyyatı və 
								roman-german filologiyası şöbələri. Professor 
								xatırlatmışdır ki, MDU-nun üç filialı fəaliyyət 
								göstərir - Sevastopolda, Astanada və Bakıda. 
								Lakin M.Remnyova onu da vurğulamışdır ki, 
								filologiya fakültəsi məhz Bakı filialında 
								mövcuddur. Bu fakültə Bakı filialının rektoru, 
								professor Nərgiz Paşayevanın təşəbbüsü ilə 
								açılmışdır. Bakı filialının MDU-nun digər 
								filiallarından əsas fərqi bundan ibarətdir.
								 
								
								MDU-nun Bakı filialının filologiya fakültəsinin 
								kuratoru Valeriya Baqryantsyeva bu fakültəyə 
								qəbul haqqında ətraflı məlumat vermişdir. O qeyd 
								etmişdir ki, filologiya fakültəsinə cəmi 25 yer, 
								o cümlədən italyan dili və ədəbiyyatı üzrə 9 yer, 
								ingilis dili və ədəbiyyatı üzrə 9 yer, rus dili 
								və ədəbiyyatı üzrə 7 yer ayrılmışdır. Fakültədə 
								məşğələlər əsasən MDU-nun professor-müəllim 
								heyəti tərəfindən aparılır.  
								
								Tanınmış alim, həmvətənimiz, MDU-nun diskret 
								riyaziyyat kafedrasının müdiri, professor Oqtay 
								Qasımzadə tədbirə toplaşanlara riyaziyyat və 
								kompüter elmləri fakültəsi haqqında məlumat 
								vermişdir. O qeyd etmişdir ki, Bakı filialında 
								bu fənləri MDU-da fəaliyyət göstərən nüfuzlu 
								riyaziyyat məktəbinin məzunları olan dünyanın ən 
								məşhur riyaziyyatçıları tədris edirlər. 
								Professor Anatoli Kambarov isə qeyd etmişdir ki, 
								bu fakültədə cəbr, riyazi analiz, analitik 
								həndəsə, proqramlaşdırma, iqtisadiyyatda riyazi 
								metodlar və başqa fənlər öyrənilir. Tələbələr 
								burada riyazi və proqram təminatı, 
								informasiyanın qorunması sahələri üzrə 
								ixtisaslaşa bilərlər.  
								
								Filialın psixologiya fakültəsində psixoloqlar və 
								psixologiya müəllimləri hazırlanır. Psixologiya 
								elmləri namizədi Andrey Kilemnikov qeyd etmişdir 
								ki, bu fakültənin məzunları gələcəkdə biznes 
								sahəsində, məktəbdə, ordu qurumlarında praktiki 
								psixoloqlar kimi işləyə, eləcə də elmi və 
								pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. 
								 
								
								MDU-nun Bakı filialında ən müasir avadanlıqla 
								təchiz edilmiş 5 laboratoriya fəaliyyət göstərir. 
								Bu barədə MDU-nun kimya fakültəsinin dekan 
								müavini, professor Sergey Karlov məlumat 
								vermişdir. O, abituriyentləri həmin fakültəyə 
								daxil olmağa çağıraraq onları əmin etmişdir ki, 
								Azərbaycanda bu kadrlara həmişə tələbat 
								olacaqdır, çünki burada inkişaf etmiş neft-kimya 
								sənayesi vardır və bu proses yüksələn xətt üzrə 
								davam edir. Professor qeyd etmişdir ki, 
								fakültədə fiziki kimya, üzvi kimya, neft kimyası 
								və digər ixtisasları seçmək olar.  
								
								MDU-nun Bakı filialının qəbul komissiyasının 
								məsul katibi olan S.Karlov bildirmişdir ki, 
								filial bu il dörd fakültəyə qəbul elan edir. O 
								qeyd etmişdir ki, imtahanların nəticələri 100 
								ballıq sistem üzrə qiymətləndiriləcəkdir. Bu 
								halda maksimum bal toplamış abituriyent ali 
								məktəbə qəbul edilir. Məsul katib əlavə etmişdir 
								ki, imtahanlara Tələbə Qəbulu üzrə Dövlət 
								Komissiyası tərəfindən keçirilmiş test 
								imtahanlarında 300 və daha çox bal toplamış 
								abituriyentlər buraxılacaqdır. Daha sonra o 
								demişdir ki, imtahanlar yazılı şəkildə 
								keçiriləcək və 4 saat davam edəcəkdir. 
								 
								
								Xatırladaq ki, MDU-nun Bakı filialına daxil 
								olmaq üçün qəbul sınaqlarında iştirak etmək 
								arzusunda olanlar qəbul komissiyasına TQDK-nın 
								test imtahanlarında topladıqları ballar haqqında 
								arayışı, orta təhsil haqqında sənədin əslini, 
								şəxsiyyət vəsiqəsini və 3x4 sm ölçüdə 8 
								fotoşəkil təqdim etməlidirlər. Filialda təhsil 
								Azərbaycan vətəndaşları üçün pulsuzdur. Filialın 
								məzunlarına M.V.Lomonosov adına MDU-nun diplomu 
								veriləcəkdir. MDU-nun Bakı filialına sınaqlardan 
								uğurla keçməyən abituriyentlər heç bir 
								məhdudiyyət olmadan respublikanın digər ali 
								məktəblərinə qəbul olmaq üçün TQDK-nın keçirdiyi 
								müsabiqədə iştirak edə bilərlər. Filiala daxil 
								olmaq üçün imtahanlar iyulun sonu - avqustun 
								əvvəlində keçiriləcəkdir.   
								
								
								
								AzərTAc  | 
								  |