| 
								 
								20 nömrəli məktəb-liseyin ingilis dili müəllimi 
								Samirə Abbasovanın "açıq dərs"i dinlənildi  
								
								 Hazırda 
								informasiya-kommunikasiya texnologiyalarının 
								inkişaf etdiyi bir dövrdə bütün sahələrdə 
								İKT-nin tətbiqi prosesi gedir. Dünyanın bir çox 
								aparıcı ölkələrində olduğu kimi, Azərbaycanda da 
								sistemli şəkildə təhsil sisteminin 
								informasiyalaşdırılması həyata keçirilir. "Azərbaycan 
								Respublikasının ümumtəhsil məktəblərinin 
								informasiya və kommunikasiya texnologiyaları ilə 
								təminatı Proqramı (2005-2007-ci illər)" və 
								"2008-2012-ci illərdə Azərbaycan Respublikasında 
								təhsil sisteminin informasiyalaşdırılması üzrə 
								Dövlət Proqramı"na uyğun olaraq son illər bu 
								istiqamətdə əhəmiyyətli addımlar atılmış, 
								respublikamızın, demək olar ki, bütün təhsil 
								müəssisələri kompüter və digər yeni texnologiya 
								avadanlıqları, İnternet şəbəkəsi ilə təmin 
								olunmuş, ayrı-ayrı fənlər üzrə elektron təlim 
								materialları və əyani vəsaitlər hazırlanmış, 
								minlərlə müəllim İKT üzrə treninqlərdən 
								keçmişdir.  
								
								Lakin bu, işin yalnız bir tərəfidir. Əsas məqsəd 
								təlim prosesində İKT-dən effektiv istifadə 
								etməklə şagirdlərdə müasir dövrün tələblərinə 
								uyğun bilik və vərdişlər formalaşdırmaqdan 
								ibarətdir. Sübut olunmuşdur ki, elmin əsaslarını 
								öyrənərkən tədris prosesində 
								informasiya-kommunikasiya texnologiyalarının 
								tətbiqi təlimin effektivliyini artırır, 
								öyrənənlərdə biliklərə müstəqil yiyələnmək, 
								öyrənilən fənnin qanunauyğunlaqlarını 
								proqnozlaşdırmaq qabiliyyəti aşılayır, həmçinin 
								informasiya cəmiyyətində intellekti fəaliyyətə 
								hazırlayır. 
								
								Azərbaycanda təhsil sisteminin 
								informasiyalaşdırılmasında müəllimlərin rolu 
								olduqca böyükdür. Məhz müəllim məktəbdə informa siya 
								texnologiyalarının əsas istifadəçisi kimi çıxış 
								edərək yeni vasitələrlə tədrisin effektivliyini 
								təmin etmiş olur. Faktiki olaraq təhsilin 
								informasiyalaşdırılmasının uğuru müəllimlərin 
								İKT sahəsində biliklərindən və bu biliklər 
								vasitəsilə tədrisi yeni formatda qurmasından 
								asılıdır. Buna görə də onların texnoloji 
								hazırlığı son dərəcə mühüm əhəmiyyət kəsb edir. 
								
								Son illər ölkəmizdə müəllimlərin İKT sahəsində 
								biliklərinin artırılması istiqamətində 
								məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz 
								bunun nəticəsində hazırda məktəblərimizdə tədris 
								prosesini İKT-nin tətbiqi ilə quran, dərslərində 
								interaktiv təlim üsullarından səmərəli istifadə 
								edən novator müəllimlərin fəaliyyət göstərməsi 
								sevindirici haldır. Onlardan biri də Arif 
								Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin 
								ingilis dili müəllimi Samirə Abbasovadır. Samirə 
								müəllim bu sahədəki bacarığını mayın 13-də 
								keçdiyi "açıq dərs"də nümayiş etdirdi. 
								
								V "q" sinfində bütünlüklə ingilis dilində 
								aparılan dərsin mövzusu "Ərzaq" idi. Dərsdə fəal 
								təlimin qruplarla iş, əqli hücum, müqayisə, 
								işgüzar səs-küy, diskussiya üsullarından 
								bacarıqla istifadə olundu, təbiətşünaslıq, 
								riyaziyyat və musiqi fənləri ilə inteqrasiya 
								yaradıldı. 
								
								İKT-nin tətbiqi ilə qurulmuş dərsin bütün 
								mərhələlərində ayrı-ayrı materillar-şəkillər, 
								suallar, yeni sözlər,  mətn, cümlələr, 
								tapşırıqlar, dialoqlar və krossvord şagirdlərə 
								monitorda təqdim olundu. Dərsdə iştirak edən 9 
								şagird "Meyvələr" və "Tərəvəzlər" adı altında 2 
								qrupa ayrılmışdı. 
								
								Samirə müəllim və V "q" sinfinin şagirdləri 
								qonaqları salamladıqdan sonra dərsdə səmimi 
								atmosferin və xoş əhvali-ruhiyyənin yaradılması 
								məqsədilə meyvə və tərəvəzlər haqqında "Sən nəyi 
								xoşlayırsan?" adlı mahnı oxundu. Mahnını 
								uşaqlarla bərabər, monitorda bir-birini əvəz 
								edən məzəli və şən personajlar da oxudu. Sonra 
								müəllim şagirdlərlə ümumi mövzularda (havanın 
								necə keçməsi, gündəlik iş rejimi, sağlamlığın 
								qorunması və s.) söhbət etdi. 
								
								Bütün bunlardan sonra dərsin ilk 
								mərhələsi-motivasiyanın yaradılması üzrə iş 
								aparıldı. "Siz ərzaq almaq üçün hara gedirsiz" 
								sualına cavab tapmaq üçün beşincilərə monitorda 
								4 şəkildən (muzey, park, məktəb, supermarket) 
								ibarət test nümayiş etdirildi və onlar cavabı 
								asanlıqla müəyyən etdilər. 
								
								Növbəti mərhələdə supermarketdən nə almağın 
								mümkün olması ilə bağlı tədqiqat aparıldı. 
								Uşaqlar göstərilən  ərzaqların adlarını tələffüz 
								etdilər. Aydın oldu ki, oradan müxtəlif ərzaqla 
								yanaşı, tərəvəzləri də almaq olar. Qruplar 
								növbəti slaydda əks olunan tərəvəzlərin adlarını 
								dedilər. Onların bir neçəsinin adını isə 
								müəllimin köməyi ilə öyrəndilər və beləliklə, bu 
								dərsdə şagirdlər 4  yeni sözlə tanış oldular. 
								Bundan başqa, beşincilər "yemək" felinin 
								müxtəlif şəkillərdə işlənməsini və  "şorba" 
								sözünü öyrəndilər. Sonrakı slaydlarda yeni 
								sözlərə aid şəkillər nümayiş etdirildi və onlara 
								aid cümlələr verildi. Uşaqlar bu cümlələrin 
								düzgün yazılışına diqqət yetirdilər və ucadan 
								oxuyaraq dəqiq tələffüz etməyi öyrəndilər. 
								Müəllimin təklifi ilə onlar bu sözlərə aid 
								özləri də cümlələr qurdular və maraqlı fikirlər 
								səsləndirdilər. 
								
								Dərsin növbəti mərhələsində şagirdlər göstərilən 
								şəkildə meyvə və tərəvəzlərin adlarını dedilər 
								və müəllimin bunlara aid oxuduğu sualları 
								cavablandırdılar. Verilən informasiyadan aydın 
								oldu ki, kim hansı meyvə və ya tərəvəzi xoşlayır, 
								onların valideynləri dünən supermarketdən nə 
								alıb və s. 
								
								Sonrakı slaydda bu dərsdə yeni öyrənilən söz və 
								söz birləşmələrinin işləndiyi "Supermarket" adlı 
								mətn verildi. Samirə müəllim mətndəki  hər 
								cümləni  bir şagirdə oxutdurdu və onlar mətnə 
								aid verilən sualları cavablandırdılar. 
								
								Sonrakı "Bilirsinizmi?" slaydında ingilislərin 
								qidalanmasına aid informasiya beşincilərin 
								diqqətinə çatdırıldı. Onlar ingilislərin gündə 
								neçə dəfə,  saat neçədə yemək yediklərini, 
								sıyığı xoşlamadıqlarını, çörəyi yalnız şorba ilə 
								yediklərini öyrəndilər. Sonra sorğu vasitəsilə 
								azərbaycanlıların və ingilislərin yemək saatları, 
								ən çox nə ilə qidalandıqları, nəyi daha çox 
								xoşladıqları müzakirə olunaraq müqayisələr 
								aparıldı. 
								
								Samirə Abbasova dərsin ümumiləşdirmə 
								mərhələsində qruplara bir neçə tapşırıq verdi. 
								Birinci tapşırıqda təqdim olunan tərəvəzlərə 
								uyğun rəngləri seçmək tələb olunurdu. Beşincilər 
								bu tapşırığın öhdəsindən tez gəldilər və hər 
								qrupdan bir nümayəndə cavabı yazılı şəkildə 
								müəllimə təqdim etdi. Samirə müəllim daha çox 
								aktiv olan, çeviklik və sıx əməkdaşlıq nümayiş 
								etdirən qrupu ulduzla mükafatlandırdı. 
								Ümumiyyətlə, hər bir tapşırıqdan sonra fərqlənən 
								qrupa ulduz təqdim olunurdu və bu da qruplar 
								arasında yarış ab-havasının yaranmasına səbəb 
								olurdu. Qrup üzvləri tapşırıqları daha tez həll 
								etməyə çalışsalar da, səhvsiz yerinə 
								yetirilməsinə və cavabların düzgün olmasına 
								ciddi fikir verirdilər. Qeyd etmək lazımdır ki, 
								Samirə Abbasova dərsboyu şagirdlərin daha fəal 
								olmasına xüsusi diqqət yetirirdi. O, uşaqlara 
								müəyyən məsələ ilə bağlı istiqamət verir, sonra 
								isə müstəqil işləmələri üçün şərait yaradırdı. 
								Müəllim şagirdlər arasında fikir mübadiləsinə, 
								şagirdin verdiyi cavaba yoldaşlarının əlavələr 
								etməsinə çalışırdı. Bu da cavabların daha dolğun, 
								nəticələrin daha ətraflı və dəqiq alınmasına 
								səbəb olurdu. O, obyektivliyin təmin olunması 
								məqsədilə qiymətləndirmə prosesində şagirdlərin 
								də iştirakını təmin edir və qiymətləndirməni 
								onların fikirlərini nəzərə almaqla aparırdı. 
								
								Növbəti tapşırıqda verilən 6 cümlədə sözlər 
								qarışıq yazılmışdı. Uşaqlar sözlərin yerini 
								müəyyən edərək cümləni düzgün qurdular. 
								
								Bu dərsin əsas məqsədi yeni sözləri öyrətməklə 
								şagirdlərin ingilis dilində danışıq bacarığını 
								inkişaf etdirmək olsa da, Samirə müəllim 
								əvvəllər öyrədilən qrammatik biliklərin 
								möhkəmləndirilməsinə də səy göstərirdi. Bu 
								dərsdə şagirdlər felə aid bir neçə tapşırıq 
								yerinə yetirdilər. Belə tapşırıqlardan biri kimi 
								qaydalı və qaydasız felləri seçərək 2 sütunda 
								yerləşdirdilər. Daha sonra verilən felləri 
								inkarda işlətdilər. 
								
								Növbəti slaydda monitorda müxtəlif meyvə-tərəvəz 
								və 2 boş səbət göründü. Hər qrup öz adına uyğun 
								meyvə və tərəvəzi seçərək boş səbətə yerləşdirdi. 
								
								Digər bir tapşırıqda şagirdlər ərzağı soyuducuya 
								yığmalı idilər. Onlar bu işi bacarıqla yerinə 
								yetirdilər və adlarını deməklə  müxtəlif ərzaq 
								məhsullarını  soyuducuya qoydular. Uşaqlar 
								müəllimin sualına cavab olaraq bildirdilər ki, 
								gül, maşın, dovşan, torşer və kompüter ərzaq 
								olmadığı üçün qıraqda qaldı. 
								
								Növbəti tapşırıq isə məktəblilərin daha çox 
								marağına səbəb oldu və onlar bu işi çox həvəslə 
								yerinə yetirdilər. Slaydda "A" və "B"-nin 
								dialoqu verildi və qruplara bu dialoqu 
								tamamlamaq tapşırıldı. Həmin işi yerinə 
								yetirərkən qrup üzvləri arasında böyük  canlanma 
								yarandı. Hər bir şagird yeni sözlərdən istifadə 
								etməklə öz versiyasını təklif edirdi və müzakirə 
								əsasında dialoqu davam etdirmək üçün daha çox 
								məntiqi, eyni zamanda maraqlı və məzəli cümlələr 
								seçilirdi. Beləliklə, dialoqu daha yaxşı quran 
								qrup sonda ulduz qazandı. 
								
								Beşincilər dərsdə daha sonra yeni öyrəndikləri 
								söz və söz birləşmələrindən istifadə etmək, 
								onları cümlələrdə işlətmək və suallara cavab 
								verməklə bir neçə tapşırığı da yerinə yetirdilər. 
								
								Dərsin yaradıcı tətbiqetmə mərhələsində 
								şagirdlərə krossvord təqdim olundu. Uşaqlar 
								krossvordu düzgün həll edərək sözləri tapandan 
								sonra qarşıya qoyulmuş əsas məqsədə nail oldular 
								və lövhədə "tərəvəz" sözü alındı. 
								
								Samirə müəllim öz müşahidələrinə əsasən 
								şagirdləri fəaliyyətlərinə görə qiymətləndirdi 
								və ev tapşırığı verdi. Beşincilərə bu dərsdə 
								yeni öyrəndikləri sözləri, söz birləşmələrini və 
								feli işlətməklə dialoq qurmaq tapşırıldı. 
								
								Dərsin sonunda "Supermarket" adlı mahnı səsləndi. 
								
								Dərs başa çatdıqdan sonra müzakirəsi aparıldı. 
								Dərsi dinləyən müəllimlər öz çıxışlarında Samirə 
								Abbasovanın və şagirdlərin yüksək səviyyədə 
								hazırlıqlı olduqlarını, müəllimin öz məqsədinə 
								çatdığını, şagirdlərin mövzu ilə bağlı 
								fikirlərini ingilis dilində ifadə etməyə nail 
								olduqlarını, tapşırıqların öhdəsindən bacarıqla 
								gəldiklərini bildirdilər. Dərsdə İKT-dən və 
								interaktiv təlim üsullarından geniş istifadə 
								olunması və fənlərarası inteqrasiyanın 
								yaradılması müsbət hal kimi dəyərləndirildi.  
								
								
								
								Hicran ƏKBƏROVA  |