| 
								 
								Təhsil sistemi  
								 Norveç 
								Krallığında milli və irqi mənsubiyyətindən, 
								cinsindən, sosial vəziyyətindən asılı olmayaraq 
								hər kəsin bərabər təhsil almaq hüququ var. 
								Ölkədə təhsil siyasətinin ana xəttini "hamı üçün 
								təhsil" şüarı təşkil edir.  
								
								Norveçdə müasir təhsil sisteminin əsası 250 il 
								bundan əvvəl qoyulub. 1889-cu ildən etibarən 7 
								illik icbari təhsil həyata keçirilməyə başlanıb. 
								1969-cu ildən icbari təhsil 9 illik, 1997-ci 
								ildən isə 10 illik olub. 
								
								Ölkədə müvafiq yaş qrupundakı əhalinin təxminən 
								31 faizi orta təhsilin aşağı, 44 faizi isə 
								yuxarı pilləsini bitirib. Əhalinin 25 faizinin 
								isə kollec və ya universitet təhsili var. 
								 
								
								Norveçdə məktəbəqədər təhsil könüllülük 
								prinsipinə əsaslanır. İldə təxminən 235000 uşaq 
								adi və ya ailə bağçalarına cəlb olunur. 
								
								1997-ci ildən etibarən Norveçdə uşaqlar 6 
								yaşından məktəbə qəbul edilir. İcbari təhsil 10 
								il davam edir və üç pillədən ibarətdir: 
								
								* 
								ibtidai pillə - I-IV siniflər (6-10 yaş); 
								
								* 
								orta pillə - V-VII siniflər (11-13 yaş); 
								
								* 
								aşağı orta təhsil pilləsi VIII-X siniflər (14-16 
								yaş). 
								
								Yuxarı orta təhsil pilləsi isə üç il davam edir. 
								Bu pillə ümumi və ya peşə təhsilindən ibarətdir. 
								
								Norveçin dövlət və özəl ali təhsil 
								müəssisələrində təxminən 195000 tələbə oxuyur. 
								Onların böyük əksəriyyətinə (təxminən 143000 
								nəfər) Loan Dövlət Təhsil Fondu dəstək verir. 
								Bundan başqa, təxminən 14000 tələbəyə xaricdə 
								ali təhsil, 8000-ə qədər tələbəyə isə xaricdə 
								dərəcə almaq və ya mübadilə proqramında iştirak 
								etmək üçün köməklik göstərilir. Norveçdə ali 
								təhsil müəssisələrinin əksəriyyəti dövlətə 
								məxsusdur. Ölkədə universitet, universitet 
								səviyyəsində ixtisaslaşmış institut, dövlət 
								kollec universiteti, dövlət incəsənət institutu, 
								özəl kollec universiteti və özəl institutlar 
								fəaliyyət göstərir. Özəl institutlar da daxil 
								olmaqla bütün akkreditə olunmuş institutların 
								fəaliyyəti eyni qaydalar çərçivəsində 
								tənzimlənir. 2001-ci ildə Norveç Parlamenti ali 
								təhsildə Keyfiyyət İslahatı haqqında qərar qəbul 
								edib.    
								
								Məktəbəqədər təhsil  
								 Qeyd 
								etdiyimiz kimi, Norveçdə məktəbəqədər təhsil 
								könüllülük prinsipinə əsaslanır. Uşaq bağçaları 
								6 yaşına qədər uşaqlar üçün nəzərdə tutulub. 
								Məktəbəqədər təhsil müəssisələri dövlət, 
								bələdiyyələr və valideynlər tərəfindən 
								maliyyələşdirilir. 
								
								Ölkədə uşaq bağçalarının daha səmərəli 
								fəaliyyətinə nail olmaq, təhsilin əlaqəli və 
								davamlı təşkilini təmin etmək məqsədilə 2005-ci 
								ildən etibarən məktəbəqədər müəssisələr Uşaq və 
								Ailə Məsələləri Nazirliyindən alınaraq Təhsil və 
								Tədqiqat Nazirliyinin tabeliyinə verilib. 
								Müvafiq qaydalara əsasən, bağçalarda uşaqların 
								hərtərəfli inkişafı üçün hər cür şərait 
								yaradılır. Odur ki, ölkədəki bütün məktəbəqədər 
								müəssisələr qayğı, tərbiyə, oyun və eyni zamanda 
								təhsili özündə birləşdirən tədris ocaqları kimi 
								qəbul olunur. 
								
								Dairə idarələri Təhsil və Tədqiqat Nazirliyinə 
								məktəbəqədər təhsil müəssisələrinin səmərəli 
								idarə olunmasında müvafiq köməklik göstərir. 
								Dairə idarələri ümumi nəzarət etmək, inzibati 
								tapşırıqlar və bələdiyyələr üçün təlimatlar 
								verməklə məktəbəqədər təhsil strategiyasının 
								həyata keçirilməsində yaxından iştirak edir. 
								
								Mövcud olan 6500-ə yaxın uşaq bağçasının 
								təxminən yarısını özəl məktəbəqədər təhsil 
								müəssisələri təşkil edir. Uşaq bağçalarının 
								fəaliyyətinin səmərəli təşkilində bələdiyyələr 
								də mühüm rol oynayır. Bələdiyyələr bağçaların 
								daha çox ehtiyac duyulan ərazilərdə yerləşməsini 
								tənzimləyir, onların işinin düzgün qurulmasına 
								nəzarət edir. 
								
								Bələdiyyələr tabeliyində olan bağçaların 
								təminatı və idarə olunmasına, eləcə də həm 
								dövlət, həm də özəl bağçalara nəzarətin həyata 
								keçirilməsinə cavabdehlik daşıyırlar. 
								Bələdiyyələrin, bundan əlavə, təlimatlar vermək 
								səlahiyyəti vardır. Bələdiyyələr müvafiq dövlət 
								vəsaitlərinin tabeliyindəki bağçalara bərabər 
								şəkildə bölüşdürülməsini təmin edirlər. 
								
								Uşaq bağçalarında 3 yaşa qədər 7-9, 3 yaşdan 
								yuxarı 14-18 uşağa 1 müəllim tələb olunur. 
								Hazırda Norveç uşaq bağçalarında ixtisaslı 
								müəllimlərə ehtiyac duyulur.  
								
								Ümumi orta təhsil  
								 Norveçdə 
								ümumi orta təhsil ibtidai təhsil, orta təhsilin 
								aşağı və yuxarı pillələrinə bölünür. 
								6 
								yaşından başlayan icbari ibtidai təhsil və orta 
								təhsilin aşağı pilləsi 10 il davam edir. İcbari 
								təhsil iki pilləyə bölünür: 
								
								* 
								ibtidai təhsil - I-VII siniflər (6-13 yaş); 
								
								* 
								orta təhsilin aşağı pilləsi - VIII-X siniflər 
								(14-16 yaş). 
								
								Norveçdə ibtidai məktəb və orta məktəbin aşağı 
								pilləsi bütün şagirdlər üçün nəzərdə tutulub. 
								Təxminən 3100 ibtidai və aşağı orta məktəbdə  
								620000 şagirdin təlim-tərbiyəsi ilə 64000 
								müəllim məşğul olur. Onlardan özəl əsaslarla 
								fəaliyyət göstərən 150 (4,7 faiz) məktəbdə 14000 
								şagird təhsil alır. 
								
								2006-cı ildə həyata keçirilən islahat 
								nəticəsində ibtidai və orta məktəbin aşağı 
								pilləsinin bütün sinifləri üçün yeni tədris 
								planları tətbiq edilir. İbtidai məktəb və orta 
								məktəbin aşağı pilləsi üçün təhsilin, təlimin 
								məqsəd və keyfiyyət meyarı Biliyin Təkmilləşməsi 
								Milli Kurikulumunda öz əksini tapır. 
								
								Orta təhsilin aşağı pilləsini başa vurmuş hər 
								bir şagirdin orta təhsilin yuxarı pilləsində 
								üçillik təhsil almaq hüququ var. 1976-cı ildən 
								etibarən Norveç hökuməti ümumi və peşə təhsili 
								olaraq iki yerə bölünən orta təhsilin yuxarı 
								pilləsinin vahid strukturunu formalaşdırıb. 
								
								 Bu pillədə bütün şagirdlər alternativ təhsil 
								proqramını seçmək imkanına malikdirlər. Belə ki, 
								orta təhsilin yuxarı pilləsində peşə təhsili 
								istiqaməti üzrə və ya ümumi təhsil proqramları 
								arasında seçim etmək mümkündür.  
								
								Onu da qeyd edək ki, orta təhsilin yuxarı 
								pilləsi ümumi təhsil və peşə təhsili 
								proqramlarına bölünməklə, 12 müxtəlif tədris 
								proqramı əsasında təşkil olunur. 
								
								Ümumi təhsil proqramları: 
								
								* 
								ümumi təhsil üzrə ixtisaslaşmış proqramlar;
								 
								
								* 
								idman və fiziki təhsil üzrə proqramlar; 
								
								* 
								musiqi, rəqs və dram proqramları. 
								
								Peşə təhsili proqramları: 
								
								* 
								tikinti və konstruksiya üzrə proqramlar; 
								
								* 
								dizayn, incəsənət və tətbiqi sənət üzrə 
								proqramlar; 
								
								* 
								elektrik avadanlıqları və elektronika üzrə 
								proqramlar; 
								
								* 
								səhiyyə və sosial xidmət üzrə proqramlar; 
								
								* 
								mətbuat və informasiya üzrə proqramlar; 
								
								* 
								kənd təsərrüfatı, balıqçılıq və meşəçilik üzrə 
								proqramlar; 
								
								* 
								restoran və yeyinti sənayesi üzrə proqramlar; 
								
								* 
								xidmət və nəqliyyat üzrə proqramlar; 
								
								* 
								texniki və sənaye mallarının istehsalı üzrə 
								proqramlar. 
								 Peşə 
								təhsili proqramlarına tədrislə yanaşı, 
								müəssisələrdə iş təcrübəsi də daxildir. Peşə 
								təhsilinə yiyələnmiş şagirdlər universitet və ya 
								kollec universitetlərə qəbul olmaq hüququ verən 
								buraxılış şəhadətnaməsi almaq üçün əlavə 
								proqramı da mənimsəməlidirlər. 
								
								Ölkədə orta təhsilin yuxarı pilləsi üzrə 
								fəaliyyət göstərən 450 məktəbdə təhsil alan 
								190000 şagirdin təlim-tərbiyəsi ilə 23000 
								müəllim məşğul olur. Həmin tədris ocaqlarından 
								75-i özəldir. Bu məktəblərdə 10000 şagird təhsil 
								alır. Orta təhsilin yuxarı pilləsində oxuyan 
								şagirdlərin 34000-i isə peşə təhsili istiqaməti 
								üzrə müxtəlif ixtisaslara yiyələnir. 
								
								Bununla yanaşı, yaşlılar üçün həyatboyu təhsil 
								imkanlarının yaradılması sayəsində hər bir yaşlı 
								insana ibtidai və orta məktəbin aşağı, eləcə də 
								orta məktəbin yuxarı pillələrində təhsil almaq 
								hüququ verilir. Hər il yaşlıların təhsili 
								imkanlarından istifadə edən təxminən 10000 nəfər 
								ibtidai və orta məktəbin aşağı, 20000 nəfər isə 
								orta məktəbin yuxarı pilləsinə cəlb olunur.  
								
								Peşə təhsili  
								 Orta 
								təhsilin yuxarı pilləsini bitirmiş şagirdlər ali 
								təhsilə alternativ hesab edilən peşə təhsilinə 
								yiyələnə bilərlər. Peşə təhsili müəssisələrinə 
								qəbul olmaq üçün şagirdlərdən heç bir imtahan 
								tələb olunmur. 
								
								Norveçdə peşə təhsili yarım ildən 2 ilə qədər 
								davam edir. Ölkədə dövlət və özəl peşə təhsili 
								müəssisələri mövcuddur. Həm dövlət, həm də özəl 
								peşə təhsili müəssisələri tərəfindən müasir 
								dövrün tələblərinə uyğun ixtisaslar təklif 
								edilir. Dövlət (Dairə idarələri) tərəfindən 
								maliyyələşən texniki idarəetmə və dənizçilik 
								ixtisasları verən ənənəvi məktəblərdən başqa 
								bütün peşə təhsili müəssisələri özəldir. 
								
								Bütün peşə tədris proqramları Norveç Təhsildə 
								Keyfiyyətin Təminatı Agentliyi (NTKTA) 
								tərəfindən akkreditə olunur. 2002-ci ildən 
								fəaliyyət göstərən Norveç Təhsildə Keyfiyyətin 
								Təminatı Agentliyinin əsas vəzifəsi ali və peşə 
								məktəblərində tədrisin keyfiyyətini təmin 
								etməkdən ibarətdir.  
								
								Ali təhsil  
								
								Norveçdə ali təhsil müəssisələrinin əksəriyyəti 
								dövlətə məxsusdur. Ölkədə 7 universitet, 
								universitet səviyyəsində 7 ixtisaslaşmış 
								institut,  
								24 dövlət kollec universiteti, iki dövlət 
								incəsənət institutu və 2 özəl kollec 
								universiteti, 31 özəl institut (onlardan 22-si 
								dövlət tərəfindən müəyyən maliyyə yardımı alır) 
								fəaliyyət göstərir. Ali məktəblərdə oxuyan 
								təxminən 195000 tələbədən 24500-ü özəl kollec və 
								ya kollec universitetlərdə təhsil alır. 
								
								Norveçin ən qədim və nüfuzlu ali təhsil 
								müəssisəsi Oslo Universitetidir. Bu tədris ocağı 
								1811-ci ildə fəaliyyətə başlayıb. 1939-cu ildən 
								Oslo Universiteti adlandırılıb. 1946-cı ilə 
								qədər ölkədə yeganə universitet olub. 
								
								Universitetdə hüquq, tibb, humanitar, 
								riyaziyyat, ilahiyyat, təbiət elmləri, sosial 
								elmlər, təhsil və digər ixtisaslar üzrə 30000-ə 
								yaxın tələbə təhsil alır. Dünyada aparıcı 
								universitetlərdən biri olan bu ali məktəb 
								xaricdə təhsil və tədris üzrə ixtisaslaşmış 
								"Quacquarelli Symonds" (QS) şirkətinin 2010-cu 
								ildə tərtib etdiyi dünya universitetlərinin 
								reytinq siyahısında 100-cü pillədə qərarlaşıb. 
								Universitet məzunlarından bir çoxu müxtəlif 
								illərdə Nobel mükafatına layiq görülüb. 
								
								Son illər Norveç ali təhsilində aparılan 
								islahatlar müsbət nəticələr verir. İslahatlar 
								sayəsində Boloniya prosesinə uyğun olaraq dərəcə 
								strukturu, qiymətləndirmə sistemi və keyfiyyətin 
								təminatı sistemi müəyyənləşdirilib. Ali təhsilin 
								dərəcə strukturuna əsasən 3 illik 
								bakalavriatura, 2 illik magistratura və 3 illik 
								doktorantura (fəlsəfə doktoru) müddəti müəyyən 
								edilib. Avropa Kredit Transfer Sisteminə əsasən 
								qiymətləndirmə hərflər vasitəsi ilə aparılır 
								(A-əla, E-keçid, F-qeyri-kafi). 
								 Özəl 
								institutlar üçün akkreditasiya könüllü xarakter 
								daşıyır. Son illər akkreditasiyadan keçmiş bəzi 
								kollec universitetlər universitet olmaq şansı 
								qazanıblar. 
								
								Ali təhsil müəssisələri arasındakı fərq əsasən 
								onların akkreditasiya hüquqları ilə əlaqədardır. 
								Məsələn, kollec universitetləri magistr və 
								fəlsəfə doktoru dərəcələri vermək məqsədi ilə 
								akkreditasiya üçün müraciət etməli olduqları 
								halda, universitetlərin qarşısında belə bir şərt 
								qoyulmur. Burada həmçinin bir sıra özəl ali 
								məktəblərin də magistr və fəlsəfə doktoru 
								dərəcələri vermək hüququ əldə etmək üçün 
								akkreditasiyadan keçməsi ilə bağlı tələblər 
								mövcuddur. Bu müəssisələr Norveç Təhsildə 
								Keyfiyyətin Təminatı Agentliyi tərəfindən 
								akkreditə olunmuş tədris proqramları təqdim 
								edirlər.  
								
								Norveç Təhsildə Keyfiyyətin Təminatı Agentliyi 
								ali və peşə təhsili müəssisələrində tədrisin 
								keyfiyyətinin təmin olunması prosesini müxtəlif 
								üsullar vasitəsilə həyata keçirir: 
								
								* 
								ali təhsil müəssisələrinin akkreditasiyası; 
								
								* 
								ali təhsil proqram və kurslarının 
								akkreditasiyası; 
								
								* 
								akkreditasiya prosesinin yoxlanılması; 
								
								* 
								ali təhsil müəssisələrində daxili keyfiyyətin 
								təminatının  qiymətləndirilməsi; 
								
								* 
								təhsilin qiymətləndirilməsi; 
								
								* 
								texniki peşə təhsilinin tanınması; 
								
								*
								
								
								xarici ixtisasların tanınması. 
								 Yaşlılar 
								üçün həyatboyu təhsil imkanlarının yaradılması 
								Norveçdə təhsil siyasətinin əsas 
								prioritetlərindəndir. Başlıca məqsəd yaşlı nəsil 
								nümayəndələrinin öz peşələrinə uyğun olaraq 
								bacarıqlarını möhkəmləndirməsinə əlverişli 
								şərait yaratmaqdan ibarətdir. 
								
								Hər il təxminən 15000 tələbə yaşlıların təhsili 
								proqramları çərçivəsində dövlət 
								universitetlərində və kollec universitetlərdə 
								təhsil alır. 70000 nəfər isə əlavə təlim 
								kurslarında təhsilini davam etdirir. 
								
								Yaşlıların təhsilinin daha yaxşı təşkili 
								məqsədilə hökumət tərəfindən təsirli tədbirlər 
								həyata keçirilir. Hökumət yaşlıların təhsili ilə 
								məşğul olan qurumları maliyyələşdirir və onların 
								fəaliyyətini stimullaşdırır. Ölkədə yaşlıların 
								təhsili ilə məşğul olan təxminən 20 cəmiyyət 
								dövlət dotasiyası alır. Bu baxımdan, yaşlıların 
								oxu, yazı, riyazi və kompüter bacarıqlarının 
								təkmilləşdirilməsi üzrə yüksək keyfiyyətli 
								kursların təşkili məsələsi daha aktualdır. Odur 
								ki, qeyri-hökumət təşkilatlarının, 
								bələdiyyələrin yaşlıların təhsilinin təşkilinə 
								cəlb olunmasına xüsusi önəm verilir. 
								
								Distant (məsafədən) təhsil Norveçdə geniş 
								yayılıb və əsasən qiyabi kurslardan ibarətdir. 
								Lakin hazırda tədricən distant təhsil daha çox 
								İnternetə əsaslanır. Hər il təxminən 20000 nəfər 
								distant təhsil müəssisələrini bitirir. 
								
								Məktəbəqədər təhsil müəssisələrində dərs demək 
								üçün kollec universitetlərində üçillik təhsil 
								almaq tələb olunur. İbtidai məktəblərdə dərs 
								demək üçün kolleclərdə ümumi fənn müəllimi (4 
								illik təhsil) və ya fənn müəllimi (3 illik) 
								ixtisaslarına yiyələnmək lazımdır. 
								3 
								illik təhsilə əsaslanan ilk universitet dərəcəsi 
								almış müəllimlər orta məktəbin aşağı pilləsində 
								dərs demək hüququ qazanır. Universitet dərəcəsi 
								əldə etdikdən (5-6 il) sonra bir il əlavə 
								müəllim təlimi proqramlarında ixtisas almaqla 
								orta məktəbin yuxarı pilləsində dərs demək olar. 
								
								Tibb, hüquq, iqtisadiyyat, mühəndislik elmləri 
								üzrə universitet proqramı 4, 5 və ya 6 ildir. Bu 
								ixtisaslara yiyələnmiş mütəxəssislər daha 
								nüfuzlu kadr kimi işə qəbul olunur və yüksək 
								maaş alırlar. Əcnəbilərin bu ixtisaslara qəbulu 
								baxımından müəyyən məhdudiyyətlər mövcuddur.  
								
								Təhsilin idarə olunması  
								
								Norveç parlamenti və hökuməti təhsil sahəsində 
								əsas məqsədləri müəyyənləşdirir və təhsil 
								sektorunun inkişafına dair müvafiq qərarlar 
								verir. Hökumət, həmçinin təhsilin keyfiyyətinin 
								yüksəldilməsi, idarə olunması, maliyyələşməsi 
								üzrə səlahiyyətə malikdir. İbtidai və orta 
								təhsilə dair qaydaların icrası, məzmun və bu 
								təhsil pilləsinin maliyyələşməsi məsələlərinə 
								dövlət cavabdehlik daşıyır. 
								
								Norveç Təhsil və Tədqiqat Nazirliyi ölkənin 
								milli təhsil strategiyasının həyata 
								keçirilməsini təmin edir. Nazirlik tərəfindən 
								hazırlanan müvafiq qanunlar, qaydalar, kurikulum 
								və çərçivə planları vasitəsilə milli təhsil 
								standartları müəyyən olunur. 
								
								Norveç Təhsil və Təlim İdarəsi Təhsil və 
								Tədqiqat Nazirliyinə tabe olan icraedici 
								orqandır. İdarənin əsas vəzifələri keyfiyyətin 
								yüksəldilməsini təmin etmək, keyfiyyəti 
								qiymətləndirmək, təhlillər aparmaq və müvafiq 
								təhsil pilləsi ilə bağlı inzibati vəzifələri 
								icra etmək, eləcə də ibtidai və orta təhsil 
								pillələrinə nəzarəti həyata keçirməkdir. 
								
								Dairə idarələri həm Təhsil və Tədqiqat Nazirliyi 
								ilə Təhsil və Təlim İdarəsi, həm də bələdiyyə və 
								dairələrdəki təhsil sektoru arasındakı əlaqələri 
								təmin edir. Bu qurum müvafiq qaydalar, 
								keyfiyyətin təmin olunması və digər inzibati 
								məsələlərlə bağlı şikayətlərin həllinə məsuldur. 
								
								Bələdiyyələr ibtidai və aşağı orta təhsil 
								məktəblərinin idarə olunmasını yerinə 
								yetirirlər. Dairə idarələri isə yuxarı orta 
								təhsil məktəblərində təhsil və təlimə 
								cavabdehdirlər. Qanunvericilik və qaydalar, o 
								cümlədən milli kurikulumun ümumi çərçivəni 
								təşkil etməsinə baxmayaraq, bələdiyyələr, dairə 
								idarələri və müəllimlər təhsil, təlim prosesinin 
								icrasına təsir edə bilərlər. Hər bir məktəbin 
								direktoru, müxtəlif idarəetmə şuraları və 
								komitələri vardır. 
								
								Təhsil və Tədqiqat Nazirliyinə tabe olan 
								universitet və kolleclərin fəaliyyəti dövlət 
								tərəfindən tənzimlənir. Akkreditasiyadan keçmiş 
								təhsil müəssisəsinə böyük akademik səlahiyyətlər 
								verilir. Belə müəssisələr müstəqil olaraq tədris 
								etdikləri kursu müəyyənləşdirə bilərlər. 
								Kolleclər yalnız birinci təhsil pilləsində hansı 
								kursları və mövzuları tədris edəcəklərinə dair 
								qərarları qəbul etmək səlahiyyətinə malikdirlər. 
								Universitetlər isə bütün təhsil pillələrində, o 
								cümlədən doktorantura pilləsində də bu baxımdan 
								tam sərbəstdirlər. 
								
								Qeyd edək ki, Norveç Təhsildə Keyfiyyətin Təmin 
								Olunması Agentliyi və Norveç Ali Təhsildə 
								Beynəlxalq Əməkdaşlıq Mərkəzi də universitet və 
								kolleclərin idarə olunmasında mühüm rol 
								oynayırlar.  
								
								Beynəlxalq  əməkdaşlıq  
								
								Norveçdə beynəlxalq əməkdaşlıq, təhsil və 
								tədqiqat sahələrində əlaqələrin 
								genişləndirilməsi məsələlərinə xüsusi önəm 
								verilir. Bununla da mütəxəssislərin qabaqcıl 
								beynəlxalq təcrübəyə yiyələnməsinə və ölkələr 
								arasında elm, təhsil sahələrində səmərəli 
								qarşılıqlı əlaqələrin qurulmasına geniş imkanlar 
								açılır.      
								
								 Təhsil və təlimlə bağlı beynəlxalq proqram və 
								tədbirlərin həyata keçirilməsi üzrə rəsmi qurum 
								olan Norveç Ali Təhsildə Beynəlxalq Əməkdaşlıq 
								Mərkəzinin fəaliyyəti bu baxımdan xüsusilə 
								diqqəti cəlb edir. Mərkəz 2004-cü ildə Təhsil və 
								Tədqiqat Nazirliyinin nəzdində təşkil olunub. 
								
								Beynəlxalq əməkdaşlıq sahəsində Norveç digər 
								ölkələrdə elmin, təhsilin inkişafına layiqli 
								töhfələr verməklə, həm də elm və texnologiya 
								sahəsindəki innovasiyalardan yararlanır. Belə 
								əməkdaşlıq mədəniyyətlərarası anlaşmanı 
								asanlaşdırır, ölkələrin ikitərəfli əlaqələrinin 
								inkişafına təkan verir. Norveç bu istiqamətdə 
								Avropa İttifaqı, Avropa Şurası, Skandinaviya 
								ölkələrinin Nazirlər Şurası, AİƏT (Avropa 
								İqtisadi Əməkdaşlıq Təşkilatı), YUNESKO kimi 
								nüfuzlu təşkilatlarla və dünyanın bir çox 
								ölkələri ilə sıx əməkdaşlıq edir.  
								
								
								
								Hazırladılar: 
								Bəşarət MƏMMƏDOV, 
								
								
								
								Ramil HÜSEYNOV 
								Yazının hazırlanmasında Norveçin Təhsil və 
								Tədqiqat Nazirliyinin  
								rəsmi materiallarından istifadə olunub.  |