| 
								 
								 Bakının 
								Binəqədi rayonunda yerləşən Q.Abbasov adına 284 
								nömrəli tam orta məktəbdə şagirdlərin  "Enerjiyə 
								qənaət və ətraf mühit" mövzusunda elmi-praktik 
								konfransı keçirildi.  
								
								Konfransı  məktəbin direktor müavini Abbas 
								Məmmədov  açaraq  bildirdi ki, tədbirdə  Norveç 
								Təbiəti Mühafizə Cəmiyyətinin Beynəlxalq 
								Layihələr Departamentinin  rəhbəri İ.Lorehtzen,  
								layihənin meneceri K.Shorlien, ölkə üzrə 
								əlaqələndiricilər  G.İsmayılova və M.Məmmədov 
								iştirak edirlər.  
								
								SPARE  Beynəlxalq məktəbli proqramının üzvü,  
								məktəbdə proqram rəhbəri Sevinc Abbasova 
								çıxışında bildirdi ki,  məqsəd ekologiyanın və 
								ətraf mühitin çirklənməsinin qarşısını almaq və 
								enerjiyə qənaət etməkdir. Qeyd etdi ki, təhsil 
								ocağı artıq üç ildir ki, SPARE-nin üzvüdür. O, 
								bu müddət ərzində  tədris ocağında şagirdlərdən 
								ibarət "gənc spareçilər" klubunun da 
								yaradıldığını dedi.  Klubun rəhbəri  IX sinif 
								şagirdi C.Qurbanlı qonaqlara proqram  
								çərçivəsində görülən işlərlə bağlı ingilis 
								dilində hesabat verdi.   
								
								Şagirdlər SPARE-də  öyrəndikləri "Enerjiyə 
								qənaət və ətraf mühit" barədə təcrübələrini 
								iştirakçılara praktiki şəkildə nümayiş 
								etdirdilər. 
								
								Məktəbin biologiya müəllimi F.Poladlı 
								iştirakçısı olduqları proqram çərçivəsində 
								gerçəkləşdirilən Belarusa  səfərləri barədə 
								təqdimatla çıxış etdi.  
								
								Azərbaycan, rus və ingilis dillərində keçirilən 
								konfransın iştirakçılarına "Ekologiya ili" 
								çərçivəsində  məktəbdə görülən işlərlə bağlı 
								məlumat verildi, bukletlər paylandı. Qeyd olundu 
								ki, məktəb 2010-cu ildə "Təbiət mənəm" rəsm  və 
								"Xəzər enerji" sərgilərində iştirak edərək 
								qabaqcıl yerləri tutub.  
								
								Tədbirin sonunda SPARE proqramı çərçivəsində 
								film nümayiş olundu.  
								
								
								
								Rəşad ZİYADOV  |