| 
								 
								 Bir 
								müəllim haqqında söhbət açmaq istəyirəm. 
								Biliyini, bacarığını, ürəyinin hərarətini, 
								gözünün nurunu böyük xeyirxahlıqla, mehribanlıq 
								və qayğıkeşliklə dərs dediyi şagirdlərinin 
								qəlbinə hopturmağı bacaran bir müəllim haqqında. 
								Varı-dövləti övladları qədər sevdiyi şagirdləri, 
								ömrünün ən şirin nəğməsi şagirdlərinin 
								səsi-sədası olan, onların hər bir uğuruna  
								sevinən, gənclikdən müdriklik - ahıllıq dövrünə 
								qədər şərəfli bir yol keçən, mehriban və 
								qayğıkeş bir müəllim haqqında... Onun adı Kamran, 
								soyadı isə Gəncəliyevdir. Düz səksən beş il 
								bundan əvvəl Ermənistanın Sisyan rayonunun Urud 
								kəndində dünyaya göz açıb. İbtidai təhsilini öz 
								doğma kəndlərində alıb. Orta təhsilini isə qonşu 
								Vağudi kəndində başa çatdırıb. Bir müddət 
								kolxozda çalışıb. 1944-cü ildə hərbi xidmətə 
								çağırılıb. Respublika Hərbi Komissarlığı onu 
								cəbhəyə deyil, İrəvan şəhərindəki 447 nömrəli 
								hərbi təyyarə zavoduna göndərib. İkiillik hərbi 
								xidmətini uğurla başa çatdıran Kamran doğma 
								kəndlərinə dönüb. 1946-cı ildə Naxçıvan Pedaqoji 
								İnstitutunun coğrafiya- biologiya fakültəsinə 
								daxil olub. İkiillik ali təhsilini uğurla başa 
								vurduqdan sonra Urud kəndində pedaqoji 
								fəaliyyətə başlayıb. Amma təhsilini davam 
								etdirmək arzusu ona rahatlıq verməyib. Nəhayət, 
								1957-ci ildə sənədlərini Azərbaycan Dövlət 
								Universitetinə verərək coğrafiya ixtisası üzrə 
								qəbul olunub. 1961-ci  ildə ikinci ali təhsilini 
								də başa çatdırıb. Həmin ildən bu günə kimi gənc 
								nəslin təlim-tərbiyəsi ilə böyük fədakarlıqla 
								məşğul olur. 
								
								  
								
								Məlum Ermənistan - Azərbaycan münaqişəsi 
								başlayan zaman Kamran müəllim də ailə üzvləri 
								ilə birlikdə doğma elini-obasını tərk etməli 
								olub. Onlar əvvəlcə Bakıya gəlib, 1993-cü ildən 
								isə Xızıda məskunlaşıblar. Kamran müəllim öz 
								peşəsini müqəddəs sayan, onu bütün varlığı ilə 
								sevən və bu gün Rafiq İsmayılov adına Xızı şəhər 
								tam orta məktəbində əvvəlki həvəslə coğrafiya və 
								biologiya fənlərindən  dərs deyərək, bu fənni 
								şadirdlərinə sevdirən müəllimlərdən sayılır.  
								Kamran müəllim haqqında onun Bakıda yaşayan, 
								Ekologiya İnstitutunda çalışan kiçik qızı 
								Aygünün həyat yoldaşı, Elmi Tədqiqat 
								İnstitutunda işləyən Hamlet Fətdayevdən 
								eşitmişdim...  
								
								 "O, 
								xeyirxah və nəcib bir insandır"  
								
								Bu günlər Xızıya - Kamran müəllimin evinə zəng 
								etdim. Dəstəyi ömür-gün yoldaşı Gülxar müəllim 
								qaldırdı. Dedi ki, məktəbdədir, günortaya qədər 
								dərsi var. O, məktəbin telefon nömrəsini mənə 
								söylədi. Fürsətdən istifadə edərək soruşdum ki, 
								ay Gülxar müəllim,  Xızı dağlarında Kamran 
								müəllim sənin qayğına qalırmı, sözünə baxırmı, "dəcəllik" 
								eləmir ki... Gülxar müəllim  zarafatıma xeyli 
								güldükdən sonra dedi: 
								
								- Mən də uzun illər ibtidai siniflərə dərs 
								demişəm. Artıq təqaüdə çıxmışam. Biz düz 55 
								ildir ki, ailə həyatı qurmuşuq. Əgər sözümə 
								baxmasaydı, bu 55 ili bir yerdə olmazdıq. Kamran 
								həqiqətən nəcib insandır. Onunla birlikdə 8 
								övlad böyütmüşük. Hamısına da ali təhsil almaqda 
								yardımçı olmuşuq. Beş oğlumuzdan üçü həkimdir, 
								üç qızımızdan ikisi müəllim, biri isə elmi 
								işçidir. İndi bizim 12 nəvəmiz, 2 nəticəmiz var. 
								Hamısının da qayğısını çəkirik. Onların da 
								hamısı bizi çox istəyir.   
								
								"Qürur duyuram ki, müəlliməm"  
								
								Gülxar müəllimlə sağollaşdıqdan sonra Kamran 
								müəllimlə telefon əlaqəsi yaratmaq istədim. 
								Dəstəyi məktəbin riyaziyyat müəllimi Araz İsayev 
								qaldırdı və tez onu telefona çağırdı. Kamran 
								müəllimlə xeyli söhbət etdik. Ümummilli lider 
								haqqında maraqlı uşaqlıq xatirələrini dinlədik. 
								Sonra o, müqəddəs müəllimlik peşəsindən söhbət 
								açaraq dedi ki, müəllimlər o vaxt böyük uğurlar 
								qazana bilər ki, onlar gələcəyimiz olan 
								şagirdləri də öz peşələrinə olan məhəbbətdən 
								daha çox sevsinlər, onların şəxsiyyətini yüksək 
								qiymətləndirsinlər, onlara gələcəyin savadlı, 
								qabiliyyətli vətəndaşı kimi yanaşsınlar. 
								Təsadüfi deyildir ki, Məhəmməd peyğəmbər 
								demişdir: "Sizə bilik öyrədən adamı da böyük 
								sanın, uca tutun, bilik öyrətdiyiniz adamı da". 
								Bu bir həqiqətdir ki, əgər müəllim dərs dediyi 
								şagirdləri övladları qədər sevməsə, heç zaman 
								onlarda tədris etdiyi fənnə həvəs və özünə qarşı 
								məhəbbət yarada bilməz. Bu mənada mən özümü 
								xoşbəxt sanıram ki, şagirdlərimin qəlbində xoş 
								duyğularla xatırlanıram. Qürur duyuram ki, mən 
								müəlliməm... 
								
								Söhbətimizin bu məqamında Kamran müəllim dedi ki, 
								üzr istəyirəm, zəng içəri vuruldu. Mənim dərsim 
								başlandı...  
								
								"Mən də müəllim çörəyi ilə böyümüşəm"  
								
								Sonra Kamran müəllimin Bakı şəhərində yaşayan 
								kiçik qızı Aygün xanımla atası barədə söhbət 
								etdik. O bildirdi ki, atam da, anam da müəllim 
								olub. Qardaşlarım və bacılarım kimi mən də 
								müəllim çörəyi ilə böyümüşəm. Onu da deyim ki, 
								böyük bacım Aliyə Gəncəliyeva Azərbaycan dili və 
								ədəbiyyat müəllimidir, o biri bacım Sevil 
								Əliyeva isə ibtidai sinif müəllimidir. Hər ikisi 
								valideynlərimizin şərəfli müəllim peşəsini davam 
								etdirir. Atam mənim müəllimim olub. Mənə 
								səkkizinci sinifdə coğrafiyadan dərs deyib. İndi 
								Ekologiya İnstitutunda bölmə müdiri vəzifəsində 
								çalışıram. Atamın bir valideyn kimi bizə 
								göstərdiyi qayğını, şəraiti ana olandan sonra 
								daha dərindən dərk etdim. Bu qayğını, bu 
								hərarəti öz balalarıma ötürmək üçün səylə 
								çalışıram. Babalarının yolunu hər an həsrətlə 
								gözləyən, "Kamran müəllimin nəvələriyik" deməklə 
								qürur  duyan nəvələrin keçirdiyi həyəcanları 
								daim onlarla bölüşürəm. Ata məhəbbətinə, ata 
								qayğısına, ata sözünə hər zaman möhtaclıq 
								duyduğumu, müəllim çörəyi ilə böyüdüyümü yaddan 
								çıxara bilmərəm.   
								
								 "Babamla 
								fəxr edirəm"  
								
								Kamran müəllimin nəvəsi Cavidanla da söhbətimiz 
								maraqlı alındı. O dedi ki, mən Bakı şəhərindəki 
								95 nömrəli tam orta məktəbin II sinfində 
								oxuyuram. Özü də yalnız "5" qiymətlərlə. Hər yay 
								tətilində atam Hamlet, anam Aygün və məndən 
								böyük bacım Aydanla birlikdə Xızıya - Kamran 
								babam və Gülxar nənəmin yanına gedirik. Babamın 
								böyük bağı var. Buradakı meyvə ağaclarının 
								hamısını özü əkib-becərib. Babam burada həm də 
								arı ailəsi saxlayır. Mənə də deyir ki, ay mənim 
								bal balam, sən çoxlu bal ye. Bal yesən, sağlam 
								olarsan. Mən babamı çox istəyirəm. Onunla fəxr 
								edirəm... 
								
								Bəli, tarixin inkişafına müsbət təsir göstərən 
								dahilər də, elmi  kəşflər edən alimlər də, öz 
								xalqını dünyada tanıdan sənətkarlar da, vətən 
								yolunda canından keçən qəhrəmanlar da Kamran 
								Gəncəliyev kimi müəllimlərinə minnətdar 
								olmalıdırlar. Kamran müəllim ailədə, məktəbdə 
								olduğu kimi yaşadığı rayonun ictimaiyyəti 
								tərəfindən də sevilir. O, rayonun ictimai-siyasi 
								həyatındakı fəallığına, təhsildə göstərdiyi 
								pedaqoji  uğurlara görə dəfələrlə Xızı Rayon 
								İcra Hakimiyyətinin fəxri fərmanları ilə fəltif 
								olunub. Kamran müəllim deyir ki, uzun illər 
								yetişdirdiyim şagirdlərimin  sorağı dünyanın və 
								respublikamızın müxtəlif guşələrindən gəlir. 
								Müəllimin bundan qiymətli qazancı nə ola bilər...  
								  
								
								
								
								Ədalət DAŞDƏMİRLİ  | 
								  |