| 
								 
								Tərkibində ali, orta ixtisas, ümumtəhsil və 
								məktəbəqədər təhsil müəssisələri olan təhsil 
								kompleksləri dünyada çoxdan mövcuddur və özünü 
								artıq doğruldub. Son illər ölkəmizdə həyata 
								keçirilən təhsil islahatları, təhsilimizin 
								beynəlxalq təhsil məkanına inteqrasiyası yönündə 
								atılan addımlar nəticəsində Azərbaycanda da belə 
								təhsil strukturları yaranmışdır. Hazırda 
								ölkəmizdə tərkibində orta ixtisas, orta 
								ümumtəhsil məktəbləri, hətta uşaq bağçaları olan 
								xeyli ali məktəb fəaliyyət göstərir. Onlardan 
								biri də Xəzər Universitetidir. Ölkəmizdə ilk 
								ingilisdilli özəl ali təhsil müəssisəsi olan bu 
								universiteti həm də öz nəzdində orta ümumtəhsil 
								məktəbi yaratmaq ideyasını ilkin gerçəkləşdirən 
								ali məktəblərimizdəndir. 
								
								 1998-ci 
								ildə universitetin nəzdində fəaliyyətə başlamış 
								"Dünya" məktəbi artıq çoxdan bu ideyanın faydalı 
								olduğunu təsdiq etmiş və bir sıra sanballı 
								uğurlara imza atmışdır.   
								
								Yeni dərs ilində "Dünya" məktəbinə şagird 
								qəbulunun başlanması ilə əlaqədar, habelə bu 
								ümumtəhsil müəssisəsinin ictimaiyyətə daha 
								yaxından tanıtdırılması məqsədi ilə mayın 7-də 
								məktəbdə bir qrup KİV əməkdaşı ilə görüş 
								keçirilmişdir. Görüşdə Xəzər Universitetinin 
								təsisçisi, professor Hamlet İsaxanlı, 
								universitetin rektoru, professor Con Rayder, "Dünya" 
								məktəbinin təsisçisi Nailə İsayeva, direktoru 
								Mərufə Mədətli, beynəlxalq İB proqramının 
								koordinatoru Rəna Musayeva iştirak edirdilər. 
								
								Xəzər Universitetinin təsisçisi, professor 
								Hamlet İsaxanlı jurnalistləri salamlayıb, 
								1991-ci ildə təsis olunmuş Xəzər Universitetini 
								təhsil kompleksinə çevirmək, onun nəzdində 
								müasir təhsil modelinin tətbiq olunduğu, yeni 
								təlim forma və metodları ilə işləyən ümumtəhsil 
								məktəbi yaratmaq ideyası və onu gerçəkləşdirmək 
								üçün gördükləri işlər barədə onlara qısa məlumat 
								verdi. Bildirdi ki, dərsdə müəllimin fəal, 
								şagirdlərin isə passiv iştirakçı olduğu ənənəvi 
								təlimdən fərqli olaraq əsasını uşaqlara sevgi 
								təşkil edən, müəllimə istiqamətverici, məşqçi 
								rolu ayıran, şagirdləri isə dərsin fəal 
								iştirakçısına çevirən, onların yaradıcı 
								axtarışlarına geniş meydan verən yeni ümumtəhsil 
								məktəbi yaratmaq ideyasını həyata keçirmək üçün 
								universitetin əməkdaşları bir sıra xarici 
								ölkələrdə olmuş, bu sahədə dünyada mövcud olan 
								təcrübəni öyrənmişlər. Nəticədə 1998-ci ildə 
								universitetdə eksperimental ümumtəhsil sinifləri 
								açılmış və həmin siniflərin bazasında "Dünya" 
								məktəbi yaradılmışdır. Dünyada əsas beynəlxalq 
								ünsiyyət vasitəsi olan ingilis dilinin 
								öyrədilməsinə məktəbdə xüsusi diqqət yetirilir. 
								
								 H.İsaxanlı 
								"Dünya" məktəbinə beynəlxalq status vermək üçün 
								göstərdikləri fəaliyyətlərdən də söz açdı. Qeyd 
								etdi ki, bu məqsədlə dünyada ən geniş yayılmış 
								məktəb tipləri öyrənilmiş və seçim zamanı 
								Beynəlxalq Bakalavr Təşkilatının beynəlxalq 
								məktəb tipinə üstünlük verilmişdir. Məktəb 
								özünün çox yüksək standartları və pedaqoji 
								dəyərləri ilə bütün dünyada tanınan Beynəlxalq 
								Bakalavr Təşkilatı (İnternational Baccalaurate 
								Organization) - İBO-nun çətin 
								akkreditasiyasından keçərək 2009-cu  il yanvarın 
								16-da "Beynəlxalq İB məktəbi" statusu almış və 
								İBO-ya üzv olmuşdur. Bu status məktəbin eyni 
								zamanda həm beynəlxalq İB diplomu, həm də orta 
								təhsil haqqında attestat alan məzunlarına 
								birbaşa dünyanın bir çox ölkələrinin ali 
								məktəblərinə imtahansız qəbul olunmaq imkanı 
								açıb. İBO-nun proqramları hazırda "Dünya" 
								məktəbinin tam orta təhsil pilləsində tətbiq 
								olunur. Məktəbin həmin proqramla işləyən 
								müəllimləri xarici ölkələrdə xüsusi 
								treninqlərdən keçmişlər. 
								
								Sonra "Dünya" məktəbinin təsisçisi Nailə İsayeva, 
								direktoru Mərufə Mədətli təhsil ocağının məqsədi, 
								vəzifələri, strukturu, burada aparılan 
								təlim-tərbiyə işləri, İB proqramının özəllikləri 
								ilə bağlı jurnalistləri məlumatlandırdılar. Qeyd 
								olundu ki, "Dünya" məktəbinin məqsədi təhsilin 
								bütün pillələrində hərtərəfli inkişaf edən 
								fərdlər, cəmiyyəti irəli apara bilən vətəndaşlar 
								yetişdirmək, şagirdlərə fikirləşməyi öyrətmək, 
								onlara milli mənəvi və bəşəri dəyərləri aşılamaq, 
								uşaqlarda özünəinam hissi yaratmaqdır. 
								
								Müasir təlim-tərbiyə ocağı kimi Azərbaycan 
								Respublikası Təhsil Nazirliyinin lisenziyası 
								əsasında fəaliyyət göstərən "Dünya" məktəbinə 
								qəbul bilik, bacarıq və qabiliyyət nümayişinə 
								əsaslanan imtahan və müsahibə yolu ilə həyata 
								keçirilir. Məktəbə qəbulda uğur qazanmayan 
								şagirdlərə xüsusi təyin olunmuş vaxtda özlərini 
								yenidən sınamaq imkanı verilir. 
								
								Şagirdlərlə yanaşı, müəllimlər də məktəbdə 
								tədris aparmaq üçün müsabiqə yolu ilə seçilirlər. 
								Hər bir şagirdin fərqli xüsusiyyətlərini 
								öyrənmək üçün valideynlərlə fərdi söhbətlər 
								aparılır.  
								
								Təlim və tərbiyənin müxtəlif pillələrinə uyğun 
								olaraq "Dünya" məktəbi dörd şöbəyə bölünür: 
								məktəbəqədər (3-5 yaş), ibtidai (1-5-ci siniflər), 
								əsas və ya natamam orta (6-9-cu siniflər) və tam 
								orta (10-11-ci siniflər) təhsil şöbələri. 
								
								"Dünya" məktəbi tam orta təhsil dövründə (X, XI 
								siniflərdə) şagirdlərin ixtisasyönümlü təhsilini 
								həyata keçirir. İxtisas seçimlərini etmiş 
								şagirdlərə ixtisas fənləri üzrə hazırlıq 
								dərsləri təşkil edilir. 
								
								Xarici ölkələrin təhsil sisteminə inteqrasiyanın 
								vacibliyini nəzərə alaraq məktəbdə ən çox tədris 
								edilən fənlərdən biri də ingilis dilidir. Təhsil 
								ocağında ingilis dili departamenti yaradılmışdır. 
								İngilis dili dərsləri dünya standartlarına uyğun 
								təşkil olunur. 2010-2011-ci tədris ilindən "Dünya" 
								məktəbində ingilis dilində İB Diplom Proqramı 
								fəaliyyət göstərir. Məktəbi bitirənlər 
								Beynəlxalq İB diplomu və eyni zamanda Azərbaycan 
								tam orta təhsil attestatı alırlar.  
								
								Şagirdlərin ingilis dilində şifahi nitqinin 
								inkişaf etdirilməsinə xüsusi fikir verilir. "Dünya" 
								məktəbində ingilis, rus dillərindən başqa, 
								şagirdlərin seçimi ilə italyan və ərəb dilləri 
								də tədris olunur.  
								
								Məktəbdə monitorinq və qiymətləndirmə şöbəsi 
								fəaliyyət göstərir. Bu şöbənin yaradılmasında 
								əsas məqsəd il boyu müntəzəm olaraq fənlər üzrə 
								şagirdlərin bilik səviyyəsinin yoxlanılmasını 
								təşkil etmək və onun qiymətləndirilməsində 
								obyektivliyi təmin etməkdir. Şagirdlərə yüksək 
								mədəniyyət vərdişləri aşılamaq məqsədi ilə 
								məktəbdə etika tədris olunur. Bundan əlavə, 
								məqsədli ədəbi-bədii gecələrin, xeyriyyə 
								tədbirlərinin keçirilməsi məktəbin şagirdlərinə 
								yüksək əxlaqi keyfiyyətlər aşılayır. 
								
								"Dünya" məktəbində peşəkarlığa, məsuliyyət və 
								əməkdaşlığa, qarşılıqlı hörmətə, dostluğa və 
								səmimiyyətə əsaslanan gözəl iş şəraiti və mənəvi 
								mühit hökm sürür. Zəngin və rahat kitabxana, 
								müasir kompüterlər, laboratoriyalar, işıqlı və 
								geniş sinif otaqları, incəsənət studiyası, 
								müasir işıq və səs sistemi olan yaraşıqlı 
								konsert salonu, idman zalı, yeməkxana, həkim 
								nəzarəti, şagirdlərin evdən məktəbə və məktəbdən 
								evə hərəkətini təmin edən nəqliyyat xidməti 
								sayəsində məktəb bənzərsiz bir təhsil-təlim 
								ocağına çevrilmişdir. 
								
								Görüşün sonunda universitetin və məktəbin 
								rəhbərləri jurnalistləri maraqlandıran sualları 
								cavablandırdılar. 
								
								
								
								Yusif ƏLİYEV   |