| 
								 
								Qafqaz Universitetinin 2010-2011-ci tədris 
								ilində təşkil etdiyi aylıq seminarlar 
								silsiləsinin növbəti məşğələsi keçirilib. 
								Seminarda BMT-nin Azərbaycandakı 
								rezident-əlaqələndiricisi cənab Fikrət Akçuranın 
								"BMT-nin strukturu, fəaliyyət sahələri və 
								Azərbaycanda proqramları haqqında ümumi məlumat" 
								mövzusunda məruzəsi dinlənilib. Hörmətli qonağı 
								salamlayan Qafqaz Universitetinin rektoru, 
								professor Ahmet Saniç giriş sözündə çağdaş dünya 
								düzənində mühüm rolu olan BMT-nin təhsilə xüsusi 
								önəm verdiyini bildirdi, dünyanın bu ən nüfuzlu 
								beynəlxalq təşkilatı ilə əlaqələr qurmaqda 
								maraqlı olduqlarını, bu əlaqələrin Qafqaz 
								Universitetinin cəmiyyətdəki nüfuzunun daha da 
								yüksəlməsinə müsbət təsir göstərdiyini diqqətə 
								çatdırdı. 
								
								Sonra cənab Fikrət Akçura müəllim və tələbələr 
								qarşısında təmsil etdiyi qurum haqqında geniş 
								məruzə etdi. Məruzəçi öncə BMT-nin yaranma 
								tarixi, inkişaf yolu və strukturu haqqında 
								danışdı. Bildirdi ki, II Dünya müharibəsindən 
								sonra dünyada sülhü qoruyub saxlamaq, qlobal 
								problemləri həll etmək məqsədi ilə yaradılmış 
								təşkilat fəaliyyət göstərdiyi 65 ildən artıq 
								müddət ərzində öz missiyasını şərəflə doğruldub.
								 
								
								Yarandığı vaxt cəmi 50 ölkəni birləşdirən BMT-yə 
								hazırda 192 dövlət üzvdür. Qurumun 6 əsas orqanı 
								mövcuddur ki, onlardan da ən əhəmiyyətliləri 5 
								daimi və 10 dəyişən üzvü olan Təhlükəsizlik 
								Şurası və 15 hakimi olan Beynəlxalq Ədalət 
								Məhkəməsidir. BMT-nin fəaliyyəti barədə danışan 
								bu beynəlxalq qurumun ölkəmizdəki təmsilçisi 
								diqqətə çatdırdı ki, hazırda 50 min adamın 
								çalışdığı BMT-nin illik büdcəsi cəmi 2 milyard 
								dollardır ki, bu da BMT-nin yerləşdiyi Nyu-York 
								şəhərinin illik büdcəsinin yüzdə beşi qədərdir 
								(20 dəfə az). 60 təşkilatı olan BMT dünya üzrə 
								14 sülhyaratma proqramı həyata keçirir ki, bu 
								proqramlarda da təxminən 100 min sülhməramlı 
								iştirak edir. 
								
								Məruzəsində BMT-nin Azərbaycanda həyata 
								keçirdiyi proqramlardan da bəhs edən F.Akçura 
								Qarabağ münaqişəsinin həlli ilə bağlı bu qurum 
								tərəfindən indiyədək 4 qətnamənin qəbul 
								olunduğunu, lakin onların heç birinin həyata 
								keçirilmədiyini vurğuladı. Bildirdi ki, hazırda 
								BMT-nin xətti ilə ölkəmizin münaqişə bölgələrinə 
								yaxın ərazilərində torpaqların minalardan 
								təmizlənməsi və s. proqramlar həyata keçirilir. 
								
								Çıxışında BMT-də çalışan azərbaycanlılar 
								haqqında da məlumat verən 
								rezident-əlaqələndirici hazırda bu qurumda 
								ölkəmizdən 34 adamın çalışdığını söylədi və 
								Qafqaz Universiteti tələbələri arasında 
								gələcəkdə belələrinin daha çox olacağına ümid 
								etdiyini bildirdi. 
								
								Seminarın sonunda qonaq tələbələri maraqlandıran 
								sualları cavablandırdı və ona universitetin 
								plaketi təqdim olundu.  
								
								
								
								Yusif ƏLİYEV  |