| 
								 
								 Bakının 
								Nizami rayonundakı  Uşaq-Gənclər Yaradıcılıq  
								Mərkəzinin "Azəri  inciləri"  rəqs kollektivi  
								Türkiyədə keçirilən  23 Nisan  Beynəlxalq Uşaq  
								Festivalında  dəfələrlə iştirak edib. Bu il də  
								mərkəz Türkiyənin Fəthiyə şəhərində keçiriləcək 
								IV Beynəlxalq Uşaq Festivalında  iştirak etmək 
								üçün  dəvət almışdı. Aprel ayında  mərkəzin "Azəri 
								inciləri"  rəqs qrupu və "Çiçəyim" uşaq teatr 
								studiyasının üzvləri həmin şəhərdə olublar. 
								Festivalın açılış mərasimi böyük meydanda  
								keçirilib. Minlərlə tamaşaçının toplaşdığı  
								meydanda  15 ölkənin nümayəndələri  milli 
								geyimlərdə  öz xalqlarının  rəqslərini nümayiş 
								etdiriblər. 
								
								"Azəri inciləri" rəqs qrupu  maraqlı 
								proqramlarla çıxış edərək  "İgidlər", "Məzəli 
								rəqs", "Cəngi", "Qaval" rəqslərini nümayiş 
								etdiriblər. Gərgin keçən yarışmada  rəqs qrupu "Ən 
								gözəl performans" nominasiyası üzrə  yer qazanıb. 
								Balaca rəqqaslar  təşkilat komitəsi tərəfindən  
								hədiyyələr  və fəxri fərmanlarla  təltif 
								olunublar.  
								
								"Çiçəyim" uşaq teatr studiyası üzvlərinin 
								hazırladığı  "Xeyir və Şər"  kompozisiyası  da  
								hamıda maraq doğurub. Balaca aktyorlar  xeyirin 
								şər üzərində qələbəsini öz çıxışlarında  
								məharətlə nümayiş etdiriblər. Maraqlı 
								çıxışlarına görə  teatr studiyasının üzvlərinə  
								ödül verilib. 
								
								Festivalın proqramında  ən maraqlı tədbirlərdən 
								biri isə  gənc rəssamlar arasında keçirilən  
								rəsm müsabiqəsi olub. Bu müsabiqədə  
								respublikamızı mərkəzin   rəsm dərnəyinin üzvü 
								Nicat Məmmədov təmsil edib. "Yaponiya  
								uşaqlarını necə xoşbəxt etmək olar" mövzusunda 
								keçirilən rəsm müsabiqəsində Nicatın çəkdiyi 
								rəsm əsəri  münsiflər heyətini  heyrətə gətirib 
								və  o, 15 ölkənin uşaqları  arasında  I yeri 
								qazanaraq medal və ödül qazanıb. 
								
								Festival iştirakçıları tərəfindən "Dostluq 
								parkı"nın salınmasında, ağacəkmə aksiyasında 
								mərkəzin uşaqları fəal iştirak edərək çoxlu 
								sayda  ağac əkiblər. Fəthiyə şəhərinin  tarixi, 
								mədəniyyəti və incəsənəti  ilə   yaxından tanış 
								olan "Azəri inciləri" rəqs kollektivi  bu 
								festivaldan da Vətənə yüksək uğur və 
								nailiyyətlərlə qayıdıb.  
								
								
								
								Sifai SƏFƏROVA  |