| 
								 
								 "Mən 
								bütün ömrümü, həyatımı şeirə, sənətə, 
								ədəbiyyata, onun tədqiqinə və təbliğinə həsr 
								etmişəm. Hərdən mənə elə gəlir ki, ədəbiyyat 
								mənim Leylimdi, mən isə onun Məcnunu" - bu 
								sözlər görkəmli Azərbaycan şairi, tanınmış 
								ədəbiyyatşünas, Azərbaycan Respublikasının 
								əməkdar mədəniyyət işçisi, filologiya elmləri 
								doktoru, professor Rafiq Yusifoğluya məxsusdur 
								və onun yenicə çapdan çıxan "Azərbaycan 
								poemasının sənətkarlıq xüsusiyyətləri" (ADPU 
								nəşriyyatı, 2010) kitabının üz qabığında 
								verilməsinin özü də simvolik xarakter daşıyır. 
								Əllidən artıq kitabın müəllifi olan, əsərləri 
								orta məktəb dərsliklərinə düşən Rafiq müəllim 
								ömrünün qırx ildən çoxunu balalarımızın 
								təlim-tərbiyəsinə həsr etmişdir. O, ümumtəhsil 
								məktəblərinin birinci sinifləri üçün yazılmış 
								"Ana dili" dərsliyinin aparıcı müəlliflərindən 
								biridir. Uzun illərdən bəri Sumqayıt Dövlət 
								Universitetində, eyni zamanda Azərbaycan Dövlət 
								Pedaqoji Universitetində mühazirələr oxuyan 
								Rafiq Yusifoğlu ali məktəb tələbələri üçün də 
								bir neçə dəyərli dərslik və dərs vəsaiti yazıb 
								nəşr etdirmiş, həmin fənlərdən əhatəli  tədris 
								proqramları da hazırlamışdır. Uzun illərdir ki, 
								ali məktəb tələbələri onun qələminin məhsulu 
								olan "Ədəbiyyatşünaslığın əsasları", "Müasir 
								ədəbi proses və ədəbi tənqid", "Uşaq ədəbiyyatı" 
								kitablarından faydalı, dəyərli vəsait kimi 
								bəhrələnirlər. 
								
								Bu yaxınlarda Rafiq Yusifoğlunun uzunmüddətli 
								tədqiqatının bəhrəsi olan "Azərbaycan poemasının 
								sənətkarlıq xüsusiyyətləri" adlı sanballı elmi 
								monoqrafiyası çap olunmuşdur. Bu monoqrafiya 
								Azərbaycan Respublikası Təhsil Nazirliyi 
								Elmi-Metodik Şurası "Azərbaycan dili və 
								ədəbiyyat" bölməsinin qərarı və Azərbaycan 
								Respublikası təhsil nazirinin 4 iyun 2010-cu il 
								tarixli 730 nömrəli əmri ilə dərs vəsaiti kimi 
								təsdiq edilmişdir. 
								
								Kitabın elmi redaktoru akademik Bəkir Nəbiyev, 
								rəyçiləri isə AMEA-nın müxbir üzvü, professor 
								Teymur Kərimli, filologiya elmləri doktorları 
								professor Məhərrəm Qasımlı, professor Vaqif 
								Arzumanlı və professor Ramazan Məmmədovdur. 
								
								486 səhifəlik bu monoqrafiyada XX əsrdə yazılmış 
								Azərbaycan poemalarının məziyyət və 
								nöqsanlarından elmi şəkildə söhbət açılır. 
								Müəllif ədəbi nümunələrə, nəzəri ədəbiyyata və 
								ədəbi tənqid materiallarına istinadən öz fikir 
								və mülahizələrini söyləyir. Tədqiqatın yeni 
								milli metodologiyanın prinsiplərinə uyğun 
								şəkildə aparılması onun elmi dəyərini daha da 
								artırır, sovet dövrü ədəbiyyatını yeni dövrün 
								tələblərinə uyğun şəkildə, obyektiv meyarlarla 
								qiymətləndirməyə imkan yaradır.  
								
								Monoqrafiyanın nəzəri səviyyəsi çox yüksəkdir. 
								Burada poemanın inkişaf meyillərindən, janr 
								xüsusiyyətlərindən, struktur və tipologiyasından 
								söhbət açılır. İkinci fəsildə zaman və qəhrəman, 
								üçüncü fəsildə isə konflikt və xarakter problemi 
								tədqiqat predmeti seçilir. Bu fəsillərin müvafiq 
								bölmələrində ədəbi prosesdə ənənə və 
								novatorluqdan, müəllif və zaman fenomenindən, 
								daxili münaqişədən, yeni xarakter 
								axtarışlarından bəhs edilir. Üçüncü fəsil mühüm 
								sənətkarlıq komponentlərindən bədii portretə, 
								peyzaja, bədii detala, bədii təsvir və ifadə 
								vasitələrinə həsr olunub. Müəllif poemalardan 
								seçdiyi zəngin poetik faktlara istinadən öz 
								fikir və mülahizələrini əsaslandırmağa çalışır 
								və buna müvəffəq olur. Dördüncü fəsildə isə 
								poemaların vəzn və qafiyə sistemi tədqiqat 
								obyekti seçilir. 
								
								Ümumiyyətlə götürsək, Rafiq Yusifoğlunun 
								"Azərbaycan poemasının sənətkarlıq 
								xüsusiyyətləri" adlı monoqrafiyası çox dəyərli, 
								elmi arqumentləri inandırıcı, bədii faktlarla 
								zəngin bir dərs vəsaitidir. Ümid edirik ki, bu 
								monoqrafiyadan müəllim və tələbələr yetərincə 
								bəhrələnə biləcəklər.  
								
								
								
								Günel ALMAZ   | 
								  |