| 
								 
								 Təhsil 
								Nazirliyi, "Microsoft Azərbaycan" şirkətinin və 
								"MƏDƏD Azərbaycan" təşkilatının birgə layihəsi 
								çərçivəsində Azərbaycan müəllimləri rəsmi 
								elektron poçt ünvanları ilə təchiz olunacaqlar. 
								"2008-2012-ci illərdə Azərbaycan Respublikasının 
								təhsil sisteminin informasiyalaşdırılması üzrə 
								Dövlət Proqramı"çərçivəsində "Microsoft 
								Azərbaycan" şirkətinin dəstəyi ilə həyata 
								keçirilən layihəyə əsasən müəllimlərin poçt 
								ünvanları teacher.edu.az domen adı altında 
								açılacaq və Microsoft Live@Edu texnoloji 
								platformasının bazasında işləyəcəkdir. 
								İlkin 
								mərhələdə "Microsoft" korporasiyasının "Təhsildə 
								əməkdaşlıq" proqramı çərçivəsində "MƏDƏD 
								Azərbaycan" təşkilatı ilə birlikdə "Elektron 
								məktəb" pilot layihəsinə qoşulmuş məktəblərin 
								müəllimləri üçün Live@Edu platforması bazasında 
								elektron poçtların istifadəsi üzrə xüsusi 
								təlimlər təşkil ediləcəkdir.  
								Sonrakı 
								mərhələdə Dövlət Proqramı çərçivəsində 
								müəllimlər və inzibati işçilər üçün "MƏDƏD 
								Azərbaycan" təşkilatı tərəfindən keçirilən 
								təlimlərdə iştirak edənlər də rəsmi elektron 
								poçt ünvanı alacaqlar.  
								
								ad.soyad@teacher.edu.az kimi elektron poçt 
								ünvanlarının olması müxtəlif səviyyələrdə 
								kommunikasiyalar üçün yeni imkanlar 
								yaradacaqdır. Elektron poçt vasitəsilə 
								müəllimlərin öz aralarında əlaqələri daha da 
								genişlənəcəkdir. Vahid elektron poçt ünvanları 
								reyestrinin olması məktəblər, təhsil şöbələri, 
								Təhsil Nazirliyi səviyyəsində məlumatlandırmanın 
								sistemli və mərkəzləşdirilmiş qaydada həyata 
								keçirilməsinə imkan verəcəkdir. 
								Microsoft 
								Live@Edu xidməti çərçivəsində Azərbaycan 
								müəllimləri həmçinin fərdi elektron təqvim, 
								şəbəkələşmə, ani ismarış, 25Gb İnternet sahə və 
								Microsoft Office proqramlar dəstinin online 
								versiyalarını əldə edəcəklər. Burada müəllimlər 
								həm bir-biri ilə, həm də qrup şəklində 
								əməkdaşlıq qura biləcək, irihəcmli fayllarla 
								bölüşmək və fayllar üzərində müştərək işləmək 
								imkanı qazanacaqlar. Son nəticədə bütün 
								müəllimlərin fərdi elektron ünvanının olması 
								Azərbaycan təhsil sistemində korporativ 
								münasibətlərin formalaşdırılmasına şərait 
								yaradacaq. 
								Məktəblər öz 
								pedaqoji kollektivləri üçün rəsmi elektron ünvan 
								almaq məqsədilə administrator@teacher.edu.az 
								ünvanına müraciət edə bilərlər.   
								
								
								Hicran ƏKBƏROVA   |