| 
								 "Elektron 
								təhsil" Respublika müsabiqəsinin təşkilat 
								komitəsindən aldığımız məlumata görə, müsabiqədə 
								iştirak edən layihələrin 2-ci mərhələdə 
								qiymətləndirilməsi  əsasında nominantlar 
								seçilib.   
								Təqdim olunmuş 
								601 layihədən  98-i  müsabiqənin nominantı 
								seçilərək mübarizəni  davam etdirmək imkanı 
								qazanıb. 
								Təşkilat 
								komitəsinin qərarı ilə "Fənlərin tədrisində 
								İT-dən istifadə üzrə ən yaxşı metodika"  
								nominasiyası üzrə 30, "İbtidai təhsildə İT-dən 
								istifadə üzrə ən yaxşı metodika"  nominasiyası 
								üzrə  22,  "İKT-dən istifadə edilməklə qurulan 
								tədris prosesinin ən yaxşı modeli"  nominasiyası 
								üzrə 32, "Müəllimlərin bloqları" və "Təhsildə 
								İnternet resurslar"  nominasiyalarının  hər biri 
								üzrə 7  nominant yeri müəyyən olunub. 
								"Elektron 
								təhsil"  müsabiqəsinin  qalibləri  səsvermənin 
								sonuncu - üçüncü mərhələsində müəyyən olunacaq. 
								Bu mərhələ  iyunun 15-nə qədər yekunlaşacaq. 
								Münsiflər heyəti bu mərhələdə  hər bir 
								nominasiya üzrə nominant resurslar arasından 
								qalibləri  mövcud meyarlar və qiymətləndirmə 
								prinsipləri əsasında  seçəcək. Bu müddət ərzində 
								qeydiyyatdan keçən iştirakçılar  nominant elan 
								olunan  resurslar haqqında  öz  rəy və 
								şərhlərini yaza bilərlər. Qaliblərin 
								mükafatlandırılmasından ibarət olan yekun 
								təqdimat mərasiminin iyunun 20-dək keçirilməsi 
								nəzərdə tutulub. 
								"2008-2012-ci 
								illərdə Azərbaycan Respublikasında təhsil 
								sisteminin informasiyalaşdırılması üzrə Dövlət 
								Proqramı" çərçivəsində həyata keçirilən 
								"Elektron təhsil"  müsabiqəsi "Microsoft 
								Azərbaycan", "İntel" korporasiyasının "Gələcək 
								üçün təhsil" proqramı, AZEDUNET, "Ultra", 
								"Azerfon-Vodafone", HP və "Mədəd" təşkilatları 
								tərəfindən dəstəklənir.  
								
								
								Hicran ƏKBƏROVA  |