| 
								 
								Naxçıvan Dövlət Universitetində "Təsviri 
								incəsənət müəllimliyi" ixtisası üzrə IV kurs 
								tələbəsi Əzizə Dünyamalıyevanın 
								dekorativ-tətbiqi sənət əsərlərindən ibarət 
								sərgisi keçirilmişdir. Sərginin açılışında çıxış 
								edən rektor, akademik İsa Həbibbəyli 
								Azərbaycanda incəsənətin, xüsusilə də xalq 
								sənətinin inkişafı istiqamətində qazanılan 
								uğurlardan danışmış, Naxçıvan Muxtar 
								Respublikası Ali Məclisinin sədri Vasif 
								Talıbovun "Naxçıvan Muxtar Respublikasında Xalq 
								yaradıcılığı günlərinin keçirilməsi haqqında" 7 
								fevral 2009-cu il tarixli sərəncamı ilə bu 
								sahəyə diqqətin artırılması, gənc istedadların 
								xalq sənətinə güclü maraq göstərməsi, müasir və 
								orijinal sənət nümunələrinin yaranması haqqında 
								danışmışdır. 
								
								 Xalq 
								rəssamı Hüseynqulu Əliyev, Naxçıvan MR Rəssamlar 
								Birliyinin sədri, Azərbaycan Respublikasının 
								əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Sənubər 
								Hüseynova çıxış edərək tarixi köklərə və zəngin 
								ənənələrə malik Azərbaycan dekorativ-tətbiqi 
								sənətinin müasir inkişaf səviyyəsindən, muxtar 
								respublikada gedən bədii yaradıcılıq 
								proseslərindən, istedadlı gənclərin sənətkarlıq 
								baxımından kamilləşməsində, onların sənət 
								meyarlarına cavab verən əsərlərinin təbliğində 
								Naxçıvan Dövlət Universitetinin rolundan 
								danışmışlar. Çıxış edənlər  Əzizənin artıq 
								peşəkar sənətkar kimi formalaşmaqda olduğunu 
								qeyd edərək onu sərgi münasibətilə təbrik etmiş, 
								yeni yaradıcılıq uğurları arzulamışlar. 
								
								Sərginin müəllifi Əzizə Dünyamalıyeva gənc 
								istedadlara göstərilən yüksək diqqət və qayğıya, 
								sərginin təşkilinə görə minnətdarlığını 
								bildirmişdir. Gənc sənətkar dekorativ-tətbiqi 
								sənətə olan marağı, sərgilənən əsərlər haqqında 
								məlumat vermişdir.  
								
								Sonra sərgiyə baxış olmuşdur. Sərgidə 
								kompozisiya, natürmort, mənzərə janrlarında olan 
								ekibanolar, bədii şüşələr, vitraj tipli əsərlər 
								və digər dekorativ-tətbiqi sənət nümunələri 
								xüsusi maraq doğurmuşdur. 
								
								
								
								M.SULTAN  | 
								  |