| 
								 
								Azərbaycan Respublikası Təhsil Nazirliyi, AMEA 
								İnformasiya Texnologiyaları İnstitutu və 
								"İnfomas" ictimai birliyinin təşkilati və 
								elmi-metodiki, Rabitə və İnformasiya 
								Texnologiyaları Nazirliyinin maliyyə dəstəyi ilə 
								Azərbaycan məktəblilərinin bu il Tailandda 
								keçiriləcək 23-cü Beynəlxalq İnformatika 
								Olimpiadasında (BİO) iştirak etməsi üçün 
								hazırlıq işlərinə başlanılmışdır. Bu məqsədlə 
								AMEA İTİ-nin Tədris-İnnovasiya Mərkəzinin 
								nəzdində Olimpiya Mərkəzi yaradılmışdır. 
								
								 Olimpiya 
								Mərkəzində iyun ayının 1-də başlanmış treninqlər 
								Bakı Dövlət Universitetinin dosenti, Beynəlxalq 
								İnformatika Olimpiadasında Azərbaycan 
								komandasının rəhbəri Ramin Mahmudzadənin 
								rəhbərliyi altında İnformasiya Texnologiyaları 
								İnstitutu, Bakı Dövlət Universiteti və digər ali 
								təhsil müəssisələrinin aparıcı alim və 
								mütəxəssisləri tərəfindən aparılır. İyul ayının 
								17-dək davam edəcək hazırlıqların başlıca 
								məqsədi komanda üzvlərinin informatikanın riyazi 
								əsasları, alqoritmlərin işlənib hazırlanması və 
								analizi,  kombinatorika, hesablama metodları və 
								modelləşdirmə, dinamik proqramlaşdırma, ehtimal 
								nəzəriyyəsi, oyunlar nəzəriyyəsi və s. sahələrdə 
								bilik və bacarığını daha da artırmaq, bu 
								biliklərin mürəkkəb məsələlərin həllində tətbiq 
								edilməsi qabiliyyətini formalaşdırmaqdır. 
								 
								
								İnformasiya texnologiyaları sahəsi üzrə hər il 
								keçirilən bu bilik yarışında dünyanın 80-dən 
								artıq ölkəsindən orta məktəb şagirdləri iştirak 
								edir. Bu il Tailandın kurort məkanı Pattayada 
								iyulun 22-dən 29-dək keçiriləcək 23-cü BİO-nun 
								təşkilatçıları Tailand Təhsil Nazirliyi, Elm və 
								Texnologiyaların İnkişafı İnstitutudur. 
								 
								
								Olimpiadanın qaydalarına görə, hər bir 
								komandanın tərkibində dörd məktəbli ola bilər. 
								Əvvəlki illərdə olduğu kimi, bu il də 
								komandamızın tərkibi müəyyənləşdirilərkən, 
								informatika üzrə respublika olimpiadasının 
								nəticələri, proqramlaşdırma üzrə tələbələr 
								arasında keçirilmiş olimpiadanın nəticələri, 
								beynəlxalq səviyyəli onlayn olimpiadaların 
								nəticələri, o cümlədən şagirdlərin yaşı nəzərə 
								alınmışdır. Sonuncu meyarın mahiyyəti ondan 
								ibarətdir ki, təxminən eyni göstəriciləri olan 
								iki məktəblidən daha aşağı sinifdə təhsil alan 
								şagirdə üstünlük verilmişdir. Beləliklə, Tailand 
								olimpiadasında ölkəmizi 8-11-ci sinif 
								şagirdlərindən ibarət komanda təmsil edəcək. 
								 
								
								İlk dəfə 1989-cu ildə keçirilmiş informatika 
								üzrə beynəlxalq olimpiada dünya ölkələrində 
								təhsilin və innovativ təhsil texnologiyalarının 
								inkişafında mühüm rol oynayır. Bu olimpiadanın 
								keçirilməsində başlıca məqsəd aşağıdakılardır:
								 
								
								* 
								dünyanın müxtəlif ölkələrində informatika 
								sahəsində istedadlı şagirdlərin aşkara 
								çıxarılması və onların birliyinin yaradılması, 
								onlar üçün yarışların keçirilməsi və onların 
								gələcək inkişafı üçün şəraitin yaradılması; 
								
								* 
								dünyanın müxtəlif ölkələrində informatika 
								sahəsində istedadlı şagirdlərlə işləyən 
								pedaqoqların, alimlərin və ictimai xadimlərin 
								birləşdirilməsi, onlar arasında dostluq 
								münasibətlərinin qurulması; 
								
								* 
								dünyanın müxtəlif ölkələrinin gənclərinin 
								informatikanın öyrənilməsinə diqqətinin cəlb 
								edilməsi və onların erkən peşə seçiminə yardım 
								olunması; 
								
								* 
								dünyanın müxtəlif ölkələrində məktəblilər 
								arasında informatika üzrə yarışların 
								populyarlaşdırılması və onlara marağın 
								artırılması; 
								
								* 
								informatika üzrə beynəlxalq olimpiadanın 
								təşkilinə ölkələrin cəlb edilməsi.   |