| 
								 
								
								 Son 
								illər gənclərimizin xoş sorağını  xüsusilə 
								respublikamızın hüdudlarından çox-çox uzaqlardan 
								eşidəndə təbii ki, bir azərbaycanlı olaraq 
								sevinir, qürur hissi keçiririk. Dünyanın inkişaf 
								etmiş ölkələrinin ən nüfuzlu ali məktəblərində 
								təhsil alan gənclərimiz yüksək bilik və bacarıq 
								nümayiş etdirməklə yanaşı, müxtəlif səpgidə 
								keçirilən tədbirlərdə də böyük həvəslə iştirak 
								edərək öz fəallıqları ilə seçilirlər. Onlar 
								sərbəst şəkildə fikir yürüdür, mövqelərini 
								bildirir, Azərbaycan həqiqətlərini çatdırmağı 
								bacarırlar. Respublikamızda gənclərin 
								intellektual inkişafına, onlarda hərtərəfli 
								dünyagörüşünün formalaşmasına xüsusi önəm 
								verilməsinin nəticəsidir ki, müasir gənclərimiz  
								10-15 il əvvəlkilərdən xeyli fərqlənir. Xarici 
								görünüşündən tutmuş, həyata baxışına, düşüncə 
								tərzinə, təfəkkürünə qədər tam yeni, fərqli gənc 
								nəsil formalaşıb. Yüksək intellekti və geniş 
								dünyagörüşü ilə heç də Avropa gənclərindən geri 
								qalmayan və onlardan daha üstün özünəməxsus 
								cəhətləri ilə seçilən istedadlı gənclərimizin bu 
								gün fəallıq nümayiş etdirməsi ölkəmizin gələcək 
								inkişafının etibarlı əllərdə olacağından soraq 
								verir.  
								
								
								Orxan İlqar oğlu Nadirov da belə istedadlı 
								gənclərimizdən biridir. 2006-cı ildə Bakı Türk 
								Anadolu Liseyini bitirən Orxan elə həmin il  
								qardaş Türkiyə Respublikasının  Hacəttəpə 
								Universitetinə qəbul olundu. Həmin universitetin 
								"İqtisadiyyatın idarə olunması və menecmenti" 
								ixtisası üzrə təhsil alan azərbaycanlı gəncimiz 
								hər zaman yüksək bilik və bacarığı ilə seçilməyə 
								çalışıb və demək olar ki, buna nail olub. 
								Hazırda sonuncu kurs tələbəsi olan Orxan təhsil 
								aldığı illər ərzində seçdiyi ixtisasa mükəmməl 
								yiyələnmək üçün var qüvvəsini səfərbər edərək, 
								qazandığı nəticələri ilə fərqlənib. O, bütün 
								bunlarla yanaşı, keçirilən tədbirlərdə də 
								iştirak etməkdən, burada müxtəlif ölkələri 
								təmsil edən gənclərlə ünsiyyətdə olmaqdan, 
								xüsusilə onlara canı qədər sevdiyi doğma ölkəsi 
								haqqında məlumat verməkdən böyük zövq alır. 
								
								
								 Orxanın 
								bu günlərdə qatıldığı tədbirlərdən biri də TRT 
								AVAZ telekanalında türkdilli ölkələrdən olan və 
								Türkiyədə təhsil alan tələbələr arasında "Ana, 
								mən Türkiyədəyəm" mövzusunda keçirilən 
								videosüjet müsabiqəsi oldu. Həmin müsabiqənin 
								Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan 
								və Türkmənistandan olan iştirakçılarına 
								özlərinin 1 günlük tələbə həyatlarından bəhs 
								edən videosüjet hazırlamaq tapşırıldı. 
								Adıçəkilən ölkələrin gənclərinin hazırladıqları 
								videosüjetlər içərisində ən maraqlısı məhz 
								Orxanın çəkdiyi süjet oldu. Tələbəlik həyatının 
								ən maraqlı, yaddaqalan məqamlarını peşəkarcasına 
								lentə alıb onu daha orijinal şəkildə təqdim edən 
								gəncimiz geniş tamaşaçı kütləsinin rəğbətini 
								qazandı. Tələbəlik həyatının çətinliyindən, 
								gənclik illərinin şirinliyindən çox maraqlı və 
								yumoristik tərzdə bəhs edən Orxan aparıcının 
								dediyi kimi, "hər kəsi kövrəltdi".  Beləliklə, 5 
								ölkənin tələbə gənclərinin içərisindən Orxan 
								Nadirovun hazırladığı videosüjet münsiflər 
								heyətinin qərarına əsasən müsabiqənin qalibi 
								hesab olundu. Qalib seçilən gəncimiz noutbukla 
								mükafatlandırıldı. O, həmçinin Türkiyədə 1 
								həftəlik  səyahət etmək imkanı əldə etdi. 
								
								
								Bəli, növbəti bir azərbaycanlı gəncimizin 
								uğurundan söz açdıq. Sevindiricidir ki, belə 
								istedadlı  gənclərimizin sayı artmaqdadır. 
								
								
								Hər bir gəncimizə harada oxumasından, 
								işləməsindən, yaşamasından asılı olmayaraq doğma 
								Azərbaycanımızı hər zaman layiqincə təmsil 
								etməyi arzulayırıq.  
								
								
								
								Samirə KƏRİMOVA  | 
								  |