| 
								 
								
								  
								
								Təhsil sistemi  
								 Qərbi 
								Avropada yerləşən İsveçrə Konfederasiyası 26 
								dairədən (kanton) ibarətdir. Hər bir dairə 
								maliyyə müstəqilliyinə və muxtariyyətə malikdir. 
								Ölkə şimaldan Almaniya, qərbdən Fransa, cənubdan 
								İtaliya, şərqdən isə Avstriya və Lixtenşteynlə 
								həmsərhəddir. İsveçrə bir sıra mədəniyyətlərin 
								qovuşduğu ölkədir. Ölkədə dörd rəsmi dövlət 
								dilinin (alman, fransız, italyan və romanş-latın 
								dilinə əsaslanan dil) olması da bunu deməyə əsas 
								verir. 
								
								İsveçrə dövlət tərəfindən maliyyələşən yüksək 
								keyfiyyətli təhsil sistemi ilə bütün dünyada 
								tanınır. Çox az miqdarda təbii ehtiyatlara malik 
								olmasına baxmayaraq, İsveçrə dünyanın ən yüksək 
								inkişaf etmiş ölkələrindən biridir. Ölkənin 
								tərəqqisi, ilk növbədə, zəngin intellektual 
								potensiala əsaslanır.  
								
								İsveçrənin təhsil sistemi məktəbəqədər, ibtidai, 
								orta (orta təhsilin 1-ci və 2-ci səviyyəsi), 
								orta ixtisas, ali və diplomdansonrakı təhsil 
								pillələrindən ibarətdir. 
								
								İsveçrədə əlavə təhsil məsələlərinə xüsusi 
								diqqət yetirilir. Hər kəsə peşə bacarıqlarını 
								inkişaf etdirmək, müvafiq biliklərini daha da 
								dərinləşdirmək üçün əlverişli şərait yaradılır. 
								Əlavə təhsil, əsasən kurslar, humanitar qurumlar 
								və ya universitetlər tərəfindən təşkil olunur. 
								Əlavə təhsil dərsliklər, əyani vəsaitlər və 
								kompüter proqramları vasitəsilə evdə təhsil 
								formasında da həyata keçirilə bilər.  
								 Məktəbəqədər 
								təhsil  
								
								İsveçrədə dövlət əsaslı məktəbəqədər 
								müəssisələrdə təhsil pulsuzdur. Uşaqlara 1 və ya 
								2 il müddətində məktəbəqədər təhsil almaq imkanı 
								yaradılıb. Məktəbəqədər təhsil müəssisələrinə 
								qəbul yaşı və təhsil müddəti inzibati dairələrə 
								görə fərqlənir. Əksər hallarda uşaqlar 4 
								yaşından, bəzi hallarda isə 3 və ya 5 yaşından 
								məktəbəqədər təhsil müəssisələrinə cəlb 
								edilirlər. 
								
								Müxtəlif dillərdə danışan dairələrdə 
								məktəbəqədər təhsil fərqli formada təşkil 
								olunur. İsveçrənin alman dilində danışan 
								dairələrində bağçalar, fransız və italyan 
								dilində danışan dairələrində isə uşaq məktəbləri 
								fəaliyyət göstərir. 
								
								Məktəbəqədər təhsil müəssisələri əsasən 
								bələdiyyələr tərəfindən maliyyələşdirilsə də, 
								dairələr də bu sahəyə nəzarət edirlər.  
								
								İcbari təhsil  
								
								İsveçrədə 6 yaşı tamam olmuş bütün uşaqlar 
								icbari təhsilə cəlb olunur. İcbari təhsil 9 
								illik olub, ibtidai təhsili və orta təhsilin 
								1-ci səviyyəsini əhatə edir. Ölkədə özəl icbari 
								məktəblər olsa da, uşaqların əksəriyyəti dövlət 
								məktəblərində oxuyur. 
								 İbtidai 
								təhsil müddəti dairələrə görə 4, 5 və ya 6 il 
								davam edir. Müxtəlif dairələr üzrə təhsilin 
								təşkili məsələlərində xeyli fərqlər mövcuddur. 
								
								Orta təhsilin 1-ci səviyyəsində əsasən ümumi 
								fənlər tədris olunur. Orta təhsilin 1-ci 
								səviyyəsi üzrə fəaliyyət göstərən müxtəlif növ 
								məktəblərin bəzilərində şagirdlərə daha praktiki 
								biliklər öyrədilir, onlar peşə ixtisasları 
								istiqamətində hazırlanır. Digər məktəblərdə isə 
								orta təhsilin 2-ci səviyyəsində oxumaq üçün 
								şagirdlərə daha dərin biliklər verilir. 
								
								Qeyd etdiyimiz kimi, ölkədə dövlət əsaslı 
								məktəblər daha böyük nüfuza malikdir. 
								Şagirdlərin 95 faizi dövlət tərəfindən 
								maliyyələşən məktəblərdə təhsil alır. 
								
								Dörd dövlət dilinə malik olan ölkə kimi 
								İsveçrədə çoxdilliliyin qorunmasına xüsusi 
								diqqət yetirilir. İcbari təhsil pilləsində 
								şagirdlər ana dilləri ilə yanaşı, ingilis dilini 
								və rəsmi dövlət dillərindən birini də 
								öyrənirlər.   
								
								Orta təhsil  
								
								Şagirdlər 16 yaşından təhsillərini orta təhsilin 
								2-ci səviyyəsində davam etdirə bilərlər. Bəzi 
								dairələrdə 3, bəzilərində isə 4 il davam edən bu 
								səviyyədə şagirdlər ya peşə ixtisaslarına 
								yiyələnərək əmək bazarının iştirakçısına 
								çevrilir, ya da ali məktəblərdə oxumaq, 
								təhsillərini davam etdirmək üçün biliklərə 
								yiyələnirlər.  
								
								Orta təhsilin 2-ci səviyyəsi üzrə dörd növ 
								məktəb fəaliyyət göstərir. İstehsalat müəssisəsi 
								təcrübəsi və nəzəri kurslardan ibarət peşə 
								məktəblərində təhsil dairələrə görə 3 və ya 4 
								ildir. Bu məktəblərdə 300-dən artıq müxtəlif 
								peşəyə yiyələnmək mümkündür. Peşə yönlü orta 
								təhsil müəssisələrinin məzunlarına ölkə üzrə 
								tanınan federal diplom verilir. 
								
								Peşə təhsilini bitirənlər öz ixtisasları üzrə 
								bakalavr dərəcəsinə yiyələnmək üçün əlavə təhsil 
								kurslarında oxuya bilərlər. Bundan sonra onlar 
								qəbul imtahanı vermədən tətbiqi elmlər üzrə 
								ixtisaslaşmış universitetlərə, tamamlayıcı 
								imtahan verməklə isə universitetlərə daxil olmaq 
								imkanı qazanırlar. 
								
								Matura məktəblərində (dairə məktəbləri, orta 
								məktəblər, liseylər) şagirdlərə yeddi fənn üzrə 
								geniş ümumi təhsil verilir. Fənlər əsas və 
								ikinci dərəcəli olmaqla iki qrupa bölünür. Bu 
								tədris ocaqlarında, əsasən universitetlərə daxil 
								olmaq istəyən şagirdlər oxuyurlar. İxtisaslaşmış 
								orta məktəblərdə həm ümumi, həm də müəyyən peşə, 
								o cümlədən tibb, ictimai iş, təhsil, musiqi, 
								incəsənət sahələrinə aid spesifik fənlər tədris 
								olunur. Belə məktəblərdə oxuyan şagirdlər əlavə 
								praktiki təlim və ya kurslar keçdikdən sonra 
								peşə təhsili sertifikatı da əldə edə bilərlər.  
								
								Ali və orta ixtisas təhsili  
								
								Ölkədə ali və orta ixtisas təhsili A və B 
								səviyyələrinə bölünür. A səviyyəsində 2 növ ali 
								təhsil müəssisələri fəaliyyət göstərir. 
								Birincisi, ənənəvi universitetlər, dairə 
								universitetləri və federal texnologiya 
								institutları. Bu müəssisələrdə təlim, əsasən 
								elmi tədqiqatlar üzərində qurulur. İkincisi, 
								tətbiqi elmlər universitetləri. Bu ali 
								məktəblərdə təlim tətbiqi tədqiqatlara 
								əsaslanır. 
								 Ali 
								peşə təhsili və təlimi isə B səviyyəsinə aiddir. 
								Bu təhsil pilləsi ali peşə təhsili və təlimi 
								kolleclərində həyata keçirilir. Bu təhsil 
								pilləsini bitirən tələbələrə peşə sertifikatları 
								və diplomlar verilir. 
								
								Abituriyentin akademik qabiliyyət sertifikatı və 
								ona müvafiq olan sənədə malik olması 
								universitetə qəbul üçün əsas tələb hesab edilir. 
								İxtisas seçimində abituriyentlər tam azad 
								olsalar da, tibb fakültələrinə qəbul zamanı 
								böyük rəqabət yarandığı üçün qabiliyyət imtahanı 
								da tələb olunur. Əcnəbilərin tibb ixtisaslarına 
								qəbuluna isə tam məhdudiyyət qoyulub. 
								
								İsveçrədə dövlət tərəfindən maliyyələşən 10 
								dairə universiteti və 2 federal texnologiya 
								institutu (Sürix Federal Texnologiya İnstitutu 
								və Lozanna Federal Politexnik Məktəbi) fəaliyyət 
								göstərir. 2009-2010-cu tədris ilində bu ali 
								məktəblərdə 130000-ə yaxın tələbə təhsil alıb. 
								Tələbələrin 26 faizini əcnəbilər təşkil edib. 
								
								Dövlət hər iki federal texnologiya institutuna, 
								hər bir dairə isə öz ərazisi daxilində yerləşən 
								universitetlərə nəzarət edir. Dairə 
								universitetləri həm dövlət, həm də dairələr 
								tərəfindən maliyyələşdirilir. 
								
								İsveçrənin 10 dairə universitetinin 5-i (Bazel 
								Universiteti, Bern Universiteti, Luzern 
								Universiteti, Saint-Qallen Universiteti və Sürix 
								Universiteti) alman dilli, 4-ü (Friburq 
								Universiteti, Cenevrə Universiteti, Lozanna 
								Universiteti və Nevşatel Universiteti) fransız 
								dilli, 1-i (Della Svizzera Universiteti) isə 
								italyan dilli dairədə yerləşir. Həmin 
								universitetlərdə tədris dairədə istifadə edilən 
								dildə aparılır. Yalnız Friburq Universitetində 
								tədris alman və fransız dillərində aparılır. 
								 Ölkənin 
								ən böyük ali məktəbi 20000-dən çox tələbənin 
								təhsil aldığı Sürix Universitetidir. Burada 
								tələbələrin 15-20 faizini əcnəbilər təşkil edir. 
								Universitetdə təhsil müddəti 4-6 il davam edir. 
								
								Sürix Federal Texnologiya İnstitutu və Lozanna 
								Federal Politexnik Məktəbi dövlət elmi tədqiqat 
								müəssisəsidir. Bu müəssisələrdə yüksək 
								standartlara uyğun tədris, tədqiqat və 
								elmi-texniki xidmətlər həyata keçirilir. 
								 
								
								Hər iki institut yüksək ixtisaslı, beynəlxalq 
								arenada tanınmış alim və mühəndislərin 
								hazırlanmasına misilsiz töhfələr verir. 
								
								İsveçrənin ali təhsil müəssisələri klassik 
								Avropa universitetləri ənənəsi əsasında 
								fəaliyyət göstərir. Ali məktəblərdə həm tədris, 
								həm də tədqiqat həyata keçirilir, tələbələrə 
								hüquq, iqtisadiyyat, riyaziyyat, təbiət elmləri, 
								humanitar və ictimai elm sahələri üzrə dünyəvi 
								biliklər verilir. 
								
								Bir tədris ili 2 semestrə bölünür. Qış semestri 
								oktyabrın son həftəsindən fevralın ortalarına 
								qədər davam edir. Yay semestri isə 
								universitetdən asılı olaraq martın ( və ya 
								aprelin) ortalarında başlayır, iyunun (və ya 
								iyulun) birinci yarısında başa çatır. 
								 Bir 
								çox ixtisaslarda təhsil müddəti 4-5 il olsa da, 
								tibb sahəsi üzrə təhsil 6 il davam edir. Ali 
								təhsilin sonunda məzunlara müvafiq olaraq 
								lisenziya, diplom və ya doktorluq dərəcəsi 
								verilir. 
								
								Tətbiqi elmlər üzrə universitetlər ali peşə 
								təhsili istiqamətində ixtisaslaşmış 
								mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. Bu 
								ali məktəblər 1993-cü ildən bəri təxminən 70 ali 
								texniki məktəbin birləşdirilməsi və 
								ixtisaslaşması nəticəsində yaradılıb. İsveçrədə 
								1-i özəl olmaqla, 7 tətbiqi elmlər universiteti 
								fəaliyyət göstərir.  
								
								Tətbiqi elmlər universitetlərində ümumi 
								texnologiya, informasiya texnologiyası, 
								memarlıq, tikinti, planlaşdırma, kimya, 
								aqronomluq, meşəçilik, iqtisadiyyat, dizayn, 
								səhiyyə, ictimai iş, musiqi, sənətşünaslıq, 
								tətbiqi psixologiya, tətbiqi linqvistika və 
								idman sahələri üzrə mütəxəssis hazırlığı həyata 
								keçirilir. 2009-2010-cu tədris ilində tətbiqi 
								elmlər universitetlərində 70000 tələbə təhsil 
								alıb. 
								
								İsveçrədə dövlət ali təhsil müəssisələri ilə 
								yanaşı çoxlu sayda özəl ali məktəblər də 
								fəaliyyət göstərir. Özəl təhsil müəssisələrinin 
								bəziləri yalnız ölkə vətəndaşlarına xidmət 
								etdiyi üçün onlar dövlətdən subsidiyalar alır. 
								Digər özəl təhsil müəssisələrində isə həm yerli, 
								həm də əcnəbi tələbələr oxuya bilərlər. Belə 
								özəl ali məktəblərə dövlət maliyyə vəsaiti 
								ayırmır. Onu da qeyd edək ki, ali təhsil 
								kursları, imtahanlar təşkil etmək və özəl 
								dərəcələr vermək üçün dövlətdən subsidiyalar 
								alan özəl ali təhsil müəssisələrindən xüsusi 
								icazə tələb olunmur. 
								 Təhsilin 
								keyfiyyətini daim yüksək səviyyədə saxlamaq üçün 
								dövlət və özəl ali təhsil müəssisələri vaxtaşırı 
								akkreditasiyadan keçirilir.  
								
								Əcnəbi tələbələr  
								
								İsveç hökuməti Təqaüdlər üzrə Federal Komissiya 
								vasitəsi ilə əcnəbi tələbələrə qrantlar ayırır. 
								Qrantlarla aid məsələlərə Təhsil və Tədqiqat 
								üzrə Dövlət Katibliyi cavabdehlik daşıyır. 
								Təhsil və Tədqiqat üzrə Dövlət Katibliyi 
								tələbələr üçün qrantların xərclənməsi üzrə 
								dairələrə federal subsidiyaların verilməsini 
								təşkil edir. 
								
								Bu qurum, həmçinin universitet təhsili, təsviri 
								sənət və musiqi ixtisasları üzrə İsveçrənin 
								əcnəbi tələbələrə verdiyi təqaüdləri 
								əlaqələndirir və maliyyələşdirir. Təhsil və 
								Tədqiqat üzrə Dövlət Katibliyi Avropanın bir 
								sıra ali təhsil müəssisələrində diplomdansonrakı 
								təhsil üzrə qrantların verilməsi və idarə 
								olunmasına da cavabdehlik daşıyır. İstedadlı 
								tələbələrin təhsillərini İsveçrənin ali təhsil 
								müəssisələrində davam etdirmələrinə yardım edən 
								Axille İsella Fondu da Təhsil və Tədqiqat üzrə 
								Dövlət Katibliyinə tabedir.  
								
								Elmi-tədqiqatlar  
								 İsveçrə 
								təhsil, elm və texnologiya sahəsində nail olduğu 
								yüksək uğurları ilə beynəlxalq səviyyədə 
								tanınır. Ölkənin beynəlxalq rəqabətliliyi 
								elmi-tədqiqatlara ayrılan irihəcmli investisiya 
								vəsaitlərinə əsaslanır. Elmi-tədqiqatlara 
								xərclənən vəsaitin üçdə iki hissəsindən çoxu 
								özəl sektorun, o cümlədən kimya, əczaçılıq, 
								elektronika və metallurgiya sahəsinin payına 
								düşür. Milli Elm Fondu, İsveçrə 
								Konfederasiyasının İnnovasiyaya Yardım Fondu 
								tədqiqat və inkişafın təşviqinə töhfələr verən 
								aparıcı qurumlardandır.  
								
								Beynəlxalq əməkdaşlıq  
								
								İsveçrənin beynəlxalq əməkdaşlıq proqramlarına 
								qoşulması 1953-cü ildə Cenevrə şəhərində Avropa 
								Nüvə Tədqiqatı Təşkilatının təsis olunmasına 
								ölkənin verdiyi dəstək ilə daha geniş vüsət 
								alıb. Ölkənin təhsil, tədqiqat və innovasiya 
								sahəsində beynəlxalq əməkdaşlıq fəaliyyətində 
								Avropa Tədqiqat və Texnologiya Zonasının, Avropa 
								Təhsil Zonasının inkişafında iştirakı, İsveç 
								İnformasiya Şəbəkəsinin hazırlanması, Avropa 
								İttifaqının Tədqiqat üzrə çərçivə proqramlarına 
								cəlb olunması, Avropa Kosmik Agentliyi, Avropa 
								Atom Fizikası Laboratoriyası, Avropa Atom Enerji 
								Birliyi, Avropa Cənub Rəsədxanası, Avropa 
								Molekulyar Biologiya Laboratoriyası, Avropa 
								Şurası, Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı və 
								YUNESKO ilə səmərəli əlaqələr xüsusi yer tutur.  
								
								Təhsilin idarə olunması  
								 İsveçrədə 
								federal təhsil naziri vəzifəsi yoxdur. Daxili 
								İşlər üzrə Dövlət Departamenti nəzdində 
								fəaliyyət göstərən Təhsil və Tədqiqat üzrə 
								Dövlət Katibliyi federal hökumətin təhsil üzrə 
								ixtisaslaşmış qurumudur. 
								
								Təhsil və Tədqiqat üzrə Dövlət Katibliyində 100 
								nəfər işçi çalışır. İllik büdcəsi təxminən 2,3 
								milyard İsveçrə frankı təşkil edən Təhsil və 
								Tədqiqat üzrə Dövlət Katibliyi İsveçrənin elm, 
								tədqiqat, universitet və kosmos sahəsində 
								strategiyasının hazırlanmasına və icrasına 
								cavabdehdir. Katiblik həmçinin Federal 
								Administrasiya daxilində müvafiq sahələr üzrə 
								koordinasiya işini həyata keçirir və dairələrlə 
								əməkdaşlığı təmin edir. 
								
								Konfederasiya, dairə və bələdiyyə qurumları 
								təhsil sisteminin müvafiq sahələrinə cavabdehlik 
								daşıyırlar. Konstitusiyaya əsasən məktəbəqədər 
								və icbari təhsilin idarə olunması dairələrə 
								həvalə olunub. Bu təhsil pillələrində 
								maliyyələşmənin böyük qismi dairələrin üzərinə 
								düşür. Hər bir dairədə təhsil sahəsinə məsul 
								olan vəzifəli şəxs fəaliyyət göstərir. 
								 
								
								Dairələr bütün uşaqların icbari təhsil almasını 
								təmin etməlidir. Bu vəzifə bələdiyyələrlə 
								əməkdaşlıq şəraitində həyata keçirilir. 
								
								Orta təhsilin 2-ci səviyyəsi isə konfederasiya 
								və dairələr tərəfindən birgə idarə olunur. Peşə 
								təhsili və təlimi üzrə səlahiyyət, əsasən 
								konfederasiyaya məxsusdur. Konfederasiya  
								dairələr və peşə təhsili müəssisələri ilə 
								əməkdaşlıq etməklə bütün peşələr üzrə hüquqi 
								normaları tənzimləyir. Dairələr isə peşə 
								məktəblərində peşə təhsilinin təşkilinə 
								cavabdehdir. Dairələr, həmçinin matura 
								məktəblərində və ümumi təhsil institutlarında 
								təhsilin təşkilinə cavabdehdir. Tələblərə uyğun 
								olduğu halda bu müəssisələrin verdiyi diplomlar 
								konfederasiya tərəfindən tanınır. Ali və orta 
								ixtisas təhsili müəssisələrinin fəaliyyətinin 
								tənzimlənməsində də konfederasiya və dairələr 
								birgə iştirak edir. 
								
								Təhsil, tədqiqat və innovasiya İsveçrənin sosial 
								inkişafı və tərəqqisinin əsasını təşkil edir. 
								Buna görə federal büdcədən bu sahəyə böyük 
								məbləğdə vəsait ayrılır. İsveçrə Federal Məclisi 
								2008-2011-ci illər üzrə təhsilin, tədqiqatın və 
								innovasiyanın inkişaf etdirilməsinə 20,110 
								milyard frank vəsaitin ayrılmasına dair qərar 
								çıxarıb. Avropa İttifaqı çərçivəsində tədqiqat 
								sahəsində əməkdaşlıq üzrə ayrılmış vəsaiti də 
								nəzərə alsaq, 2008-2011-ci illər üzrə təhsil, 
								tədqiqat və innovasiya sektoru üçün federal 
								xərclərin miqdarı ümumilikdə 21,310 milyard 
								frank təşkil edir.  
								
								
								
								 
								Hazırladılar: 
								Bəşarət MƏMMƏDOV, 
								 
								Ramil HÜSEYNOV  
								
								Yazının hazırlanmasında İsveçrə 
								Konfederasiyasının Təhsil və Tədqiqat üzrə 
								Dövlət Katibliyinin rəsmi materiallarından 
								istifadə olunub.  |