| 
								 
								
								  
								 Adelaida 
								Universiteti (University of Adelaide) 
								Avstraliyanın Cənubi Avstraliya ştatının ən 
								böyük şəhəri olan Adelaidada yerləşir və ölkənin 
								üçüncü ən qədim ali məktəbidir.  
								
								Böyük Britaniyanın "Times Higher Education 
								Supplement - QS World Universities Rankings" 
								jurnalının 2009-cu ildə apardığı dünya 
								universitetlərinin reytinqinə əsasən, Adelaida 
								Universiteti 100 ən yaxşı ali məktəb arasında 
								81-ci yerdə olub. 2010-cu il üzrə dünyanın ən 
								nüfuzlu universitetləri arasında Adelaida  
								Universiteti "Times Higher Education World 
								University Rankings"in apardığı araşdırmaya 
								əsasən 79-cu, "QS World University Rankings"in 
								açıqlamasına görə isə 103-cü yerdə qərarlaşıb. 
								
								Adelaida Universiteti Avstraliyanın "Səkkizlik 
								Qrupu"nun, Cənub-Şərqi Asiya Ali Təhsil 
								Müəssisələri (ASAIHL) və Birlik Ölkələri 
								Universitetləri (ACU) assosiasiyalarının 
								üzvüdür.   
								
								Tarixi  
								 1872-ci 
								ildə Cənubi Avstraliya Baptist, Konqreqasional 
								və Presviterian kilsələri orta məktəbi bitirmiş 
								gənclərə ali təhsil vermək üçün Kollec İttifaqı 
								yaradırlar. Həmin il zəngin maldar və mis mədəni 
								sahibi Valter Uotson Hyuz universitet 
								yaradılması məqsədilə o dövr üçün  böyük məbləğ 
								hesab edilən 20000 funt-sterlinq yardım edir.
								 
								
								Adelaida Universitetinin rəsmi açılışı 1874-cü 
								il noyabrın 6-da baş tutur. Universitetin ilk 
								kansleri hüquqşünas Riçard Hanson, 
								vitse-kansleri isə yepiskop Avqust Şort seçilir. 
								Adelaida Universitetində ilk bakalavr dərəcəsi 
								1876-cı ildən verilməyə başlanır. Bu universitet 
								Avstraliyada qız tələbələri qəbul edən ilk ali 
								məktəb olur (1881). Universitetin ilk məzunu da 
								qız olub (Edit Emili Dornvell).  Adelaida 
								Universiteti Avstraliyanın ilk elmi dərəcə verən 
								və musiqi konservatoriyası açan ali təhsil 
								müəssisəsidir.  
								
								1915-ci ildə Adelaida Universitetinin professoru 
								Uilyam Breqq fizika üzrə Nobel mükafatına layiq 
								görülüb. 1936-cı ildə sahibkar Lenqdon Bonitonun 
								universitetə etdiyi yardım nəticəsində ali 
								məktəbin əsas binası Boniton Holl tikilir.
								 
								
								1945-ci ildə ali məktəbin məzunu Hovard Flori 
								penisillinin istehsalı və tətbiqinə görə tibb və 
								fiziologiya üzrə Nobel mükafatına layiq görülür. 
								1996-cı ildə universitetin maşınqayırma üzrə 
								məzunu Endi Tomas "Endeavour" kosmik gəmisinin 
								10 günlük uçuş missiyasına komandanlıq edir. 
								Həmçinin o, NASA tərəfindən "Shuttle-Mir" 
								elmi-tədqiqat layihəsinin işlənilməsi üçün 
								seçilir. Hazırda isə Endi Tomas Astronavtlar 
								İdarəsinin müdir müavini vəzifəsində çalışır. 
								2005-ci ildə Adelaida Universitetinin digər 
								məzunu Robin Uorren "Helicobacter Pylori" 
								bakteriyasının kəşfinə, onun qastrit və xora 
								xəstəliklərində roluna görə tibb və fiziologiya 
								üzrə Nobel mükafatına layiq görülür.     
								
								Büdcəsi və təhsil haqqı  
								 Adelaida 
								Universitetinin illik gəlirləri 2009-2010-cu 
								tədris ilində 669216000 Avstraliya dollarına 
								bərabər olub. Həmin il ali təhsil ocağının illik 
								xərcləri isə 601217000 Avstraliya dolları təşkil 
								edib.  
								
								Adelaida Universitetində təhsil haqqı tələbənin 
								oxuduğu fakültədən asılı olaraq dəyişir. Əcnəbi 
								tələbələrin təhsil haqqı bakalavr səviyyəsində 
								ildə 19950-54000, magistratura və doktorantura 
								səviyyələri üzrə 11500-42500, tədqiqatçılar üçün 
								isə 21000-28000 Avstraliya dollarıdır.  
								 
								
								Adelaida Universitetində oxuyan əcnəbi tələbə 
								həftə ərzində təqribən 290-475 Avstraliya 
								dolları xərcləyir. Belə ki, bu məbləğin 98-268 
								Avstraliya dollarını yataqxana və ya kirayə, 
								87-100 Avstraliya dollarını qidalanma, 15-28 
								Avstraliya dollarını kommunal, 15-20 Avstraliya 
								dollarını nəqliyyat, 23-32 Avstraliya dollarını 
								telefon, poçt, 40 Avstraliya dollarını isə digər 
								(paltar, əyləncə və s.) xərclər təşkil edir. 
								
								Universitetdə oxuyan tələbələrə bir sıra 
								təqaüdlər təklif olunur. Bakalavr səviyyəsində 
								təhsil alan tələbələr üçün universitetdə 
								müxtəlif məbləğli Adelaida Universitet, Endi 
								Tomas, Birlik, Kouen və s. 50-ə qədər təqaüd, 
								əlaçı tələbələrə 30-a qədər, magistratura və 
								doktorantura səviyyələrində təhsil alanlar üçün 
								Tədqiqat, Beynəlxalq, Səyahət, Kurs işi və s. 
								təqaüdlər mövcuddur. Eyni zamanda universitetdə 
								maddi durumu çətin olan, əlil, aborigen, region 
								və kəndlərdən olan tələbələrə xüsusi təqaüdlər 
								verilir.   
								
								Universitet bu gün  
								 Adelaida 
								Universitetinin kampusu Adelaida şəhərinin 
								mərkəzində yerləşir və dörd hissədən - 
								Nort-Terras, Ueyt, Rozvorti, Tebarton 
								şəhərciklərindən ibarətdir. Əsas hissə 
								Nort-Terras adlanır və Cənubi Avstraliya Bədii 
								Qalereyası, Cənubi Avstraliya ştatı Dövlət 
								kitabxanası, Cənubi Avstraliya Muzeyi, Cənubi 
								Avstraliya Universitetinin "Şərq şəhəri" kampusu 
								ilə qonşuluqda yerləşir. Universitetin akademik 
								binaları Nort-Terras kampusunda cəmlənib. 
								Kampusdakı binaların əksəriyyəti qum daşından 
								olan tikililərdir. Kampusdakı binalara Boniton 
								Holl, Mitçell, Elder Holl, Nepier, Ligertvud, 
								Barr Smit kitabxanasını və s. qeyd etmək olar. 
								Nort-Terras kampusunda mütəmadi olaraq musiqi və 
								mədəni tədbirlər təşkil olunur. Nort-Terras 
								kampusundan şərqdə Adelaida Park ərazisində 
								universitetin enologiya kursları təklif edən 
								şərab istehsalı mərkəzi yerləşir. 
								
								Ueyt kampusunda kənd təsərrüfatı elmləri, 
								seleksiya və biotexnologiya üzrə müəssisələr 
								cəmlənib. Bu kampus Adelaidanın cənub-şərqi dağ 
								ətəyində 174 hektar ərazidə yerləşir. Həmçinin 
								bu kampusda Ueyt Tədqiqat Məntəqəsi, Cənubi 
								Avstraliya Elmi-Tədqiqat İnstitutu, Elmi və 
								Tətbiqi Tədqiqatlar Birliyi, Avstraliya 
								Funksional Genomika zavodu yerləşir. Kənd 
								Təsərrüfatı, Qida və Şərab Məktəbi də bu 
								kampusda, Errbro Kənd Təsərrüfatı Məktəbinin 
								yanındadır.  
								
								Rozvorti kampusu Adelaida şəhərinin şimalında 16 
								km² 
								ərazidə yerləşir və burada da kənd təsərrüfatı 
								tədqiqatları aparılır. Adelaida Universitetinin 
								elmi-tədqiqat parkı kimi tanınan Tebarton 
								kampusunda mühəndislik, biotexnologiya, ekoloji 
								xidmətlər, informasiya texnologiyaları, sənaye 
								dizaynı, lazer/optika texnologiyaları, 
								mühəndislik əlaqələri, radar sistemlər, 
								telekommunikasiya və neft xidmətləri 
								müəssisələri fəaliyyət göstərir. Eyni zamanda 
								Sinqapurda universitetin Ngee Ann təhsil mərkəzi 
								mövcuddur.  
								 Adelaida 
								Universitetində bakalavr, magistratura və 
								doktorantura səviyyələri üzrə proqramlar təklif 
								edən Mühəndislik, riyaziyyat və informatika, 
								Sağlamlıq elmləri, Humanitar və sosial elmlər, 
								Dəqiq elmlər, İxtisaslar fakültələri  fəaliyyət 
								göstərir.  
								
								Mühəndislik, riyaziyyat və informatika fakültəsi 
								Kompüter elmləri, Mühəndislik, Riyaziyyat 
								elmləri, İnnovasiya və sahibkarlıq 
								departamentlərindən, Avstraliya Neftçilər, Kimya 
								Maşınqayırması, Vətəndaş, Ekologiya və Dağ-mədən 
								Mühəndisliyi, Kompüter Elmləri, Elektrik və 
								Elektron Maşınqayırma, Riyaziyyat elmləri 
								(Tətbiqi riyaziyyat, Riyaziyyat, Statistika 
								bölmələri), Maşınqayırma məktəblərindən, 
								Avtomobil Təhlükəsizliyi Tədqiqatları, 
								Sahibkarlıq, Kommersiyalaşdırma və İnnovasiya 
								mərkəzlərindən ibarətdir. 
								
								Sağlamlıq elmləri fakültəsinə Stomatologiya, 
								Tibb elmləri (Anatomiya və patalogiya, 
								Əczaçılıq, Fiziologiya bölmələri), Tibb (Təcili 
								tibbi yardım, Tibb, Oftalmologiya və vizual 
								elmlər, Ortopediya və zədə, Psixiatriya, 
								Cərrahiyyə bölmələri), Tibb bacısı, Pediatriya 
								və Reproduktiv Sağlamlıq (Mamalıq və 
								ginekologiya, Pediatriya), Əhalinin Sağlamlığı 
								və Kliniki Təcrübə (Ümumi təcrübə, İctimai 
								səhiyyə, Kənd rayonlarında səhiyyə, Tibb, tədris 
								və təhsil qrupu, Zədə stresi problemləri 
								tədqiqatı, Yaitya Purruna bölmələri), 
								Psixologiya məktəbləri aiddir.  
								
								Humanitar və sosial elmlər fakültəsində 
								İncəsənət, Tədqiqatların inkişafı, Ekoloji 
								siyasət və menecment, Yerli əhali, Beynəlxalq 
								tədqiqatlar, Media, Musiqi, İctimai elmlər 
								departamentləri, Elder Musiqi Konservatoriyası 
								(Aborigen Musiqi Tədqiqatları Mərkəzi), Tarix və 
								Siyasət (Tarix, Siyasət bölmələri), Humanitar 
								elmlər (Klassika, ingilis dili, Avropa, Fransız, 
								Alman tədqiqatları, Linqvistika, Media, Fəlsəfə 
								bölmələri), Sosial Elmlər Ali (Antropologiya, 
								Asiya tədqiqatları, Gender, fəaliyyət və sosial 
								məsələlər, Coğrafi və ekoloji tədqiqatlar 
								bölmələri) məktəbləri mövcuddur. 
								 Dəqiq 
								elmlər fakültəsi Kənd təsərrüfatı, Dəqiq elmlər 
								departamentlərindən, Kənd Təsərrüfatı, Qida və 
								Şərabçılıq, Heyvandarlıq və Baytarlıq Elmləri, 
								Kimya və Fizika, Yer və Ekologiya Elmləri, 
								Molekulyar və Tibbi-bioloji Elmlər 
								məktəblərindən ibarətdir. 
								
								İxtisaslar fakültəsinə Memarlıq, landşaft 
								memarlığı, şəhər dizaynı, Biznes, iqtisadiyyat 
								və maliyyə, Təhsil, Hüquq, İqtisadiyyat 
								məktəbləri aiddir.   
								
								Adelaida Universitetinin kitabxana sisteminə 
								Barr Smit, Elder Musiqi, Hüquq, Rozvorti, Ueyt 
								kitabxanaları daxildir. Barr Smit, Elder Musiqi, 
								Hüquq kitabxanaları Nort-Terras, Rozvorti 
								kitabxanası Rozvorti, Ueyt kitabxanası isə Ueyt 
								kampusunda yerləşir. Universitet 
								kitabxanalarında ümumilikdə tibb, biologiya, 
								fizika, ətraf mühit və digər elmləri əhatə edən 
								2 milyondan çox kitab, 25 milyon jurnal, 20000 
								elektron jurnal və digər materiallar var. Barr 
								Smit universitetin əsas kitabxanasıdır və əsas 
								kolleksiya bu kitabxanaya məxsusdur. Barr Smit 
								kitabxanası 1899-cu ildən Universitet Şurasının 
								qərarı ilə Cənubi Avstraliya xeyriyyəçiləri, 
								uzun illər Adelaida Universitetinə yardım edən 
								Barr Smit ailəsinin adını daşıyır. Bu kitabxana 
								Tədqiqat və soraq, Kreditləşmə və sənədlərin 
								çatdırılması, Kitablar və jurnallar, Metadata, 
								Kitabxana administrasiyası bölmələrindən 
								ibarətdir. Elder Musiqi kitabxanası 2002-ci 
								ildən fəaliyyət göstərir və Cənubi Avstraliyada 
								bu sahəni əhatə edən ən zəngin kitabxanadır. 
								Burada 30000 kitab, 5400 jurnal, 120000 musiqi 
								əsəri, 22000 səsyazma saxlanılır.   
								
								Adelaida Universitetində "On Dit" tələbə 
								jurnalı, "Adelaidean" universitet qəzeti, 
								"Lumen" məzun jurnalı dərc olunur. Universitetin 
								"Adelaide" radiosu 1972-ci ildən fəaliyyət 
								göstərir və Cənubi Avstraliyanın ilk ictimai 
								radiostansiyalarından biridir. 
								 Adelaida 
								Universiteti Universitet Şurası tərəfindən idarə 
								olunur. Şura universitetin inkişafı, strateji 
								planının, əsas siyasətinin nəzarəti və analizi 
								məsələlərini həyata keçirir. Şura 21 üzvdən 
								ibarətdir. Şuraya universitetin kansleri sədrlik 
								edir. Universitetin kansleri 2010-cu il aprelin 
								9-dan Avstraliyanın sabiq müdafiə naziri və 
								BMT-dəki sabiq nümayəndəsi cənab Robert Hilldir. 
								Ali məktəbin vitse-kansleri və prezidenti 
								professor Ceyms MakUhadır. O, universitetin əsas 
								icraçı direktoru hesab olunur. Prezidentin 
								akademik məsələlər üzrə müavini professor Paskal 
								Quester, tədqiqatlar üzrə müavini isə professor 
								Mayk Bruksdur. Universitetdə 5 fakültə fəaliyyət 
								göstərir və onlara icraçı dekanlar rəhbərlik 
								edirlər. Universitetdə ümumilikdə 1353 müəllim 
								çalışır. 
								
								Adelaida Universitetində 23000-dən çox tələbə 
								təhsil alır. Onların 5500-ə qədərini dünyanın 95 
								ölkəsindən olan əcnəbi tələbələr təşkil edirlər.
								 
								
								"2007-2015-ci illərdə Azərbaycan gənclərinin 
								xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" 
								çərçivəsində Maksud Üzeyir oğlu İbrahimov 
								kompüter elmləri ixtisası üzrə Adelaida 
								Universitetinin doktorantura səviyyəsində təhsil 
								alır.  
								 Adelaida 
								Universiteti tələbələrə universitet 
								yataqxanaları və özəl yataqxanalarda otaqlar 
								təklif edir. Universitet yataqxanalarında qalmaq 
								tələbə həyatını təhlükəsiz edir, tələbə və 
								müəllimlərlə dostlaşmaq, əməkdaşlıq etmək imkanı 
								yaradır, tələbənin akademik uğurlarını təmin 
								edir. Yataqxanalar universitetə və ictimai 
								nəqliyyatın daha sıx olduğu yerə yaxın yerləşir. 
								Yataqxanaların bütün otaqları mebellə, 
								işıqlandırma və İnternetə çıxış ilə təmin 
								olunub. Adelaida Universiteti tələbə kəndi 
								şəhərin sıx məskunlaşmış Vest-İnd rayonunda 
								yerləşir. Burada universitetin 400-dən çox 
								tələbəsi qalır. Adelaida şəhərinin şimalında 
								Mattanya, Barossa vadisinin kənarında Rozvorti 
								yataqxana kompleksləri yerləşir. Eyni zamanda 
								Adelaida Universiteti tələbələri yerləşdirmək 
								üçün əlavə 5 müstəqil kollecə (Aquinas, Linkoln, 
								Sent Enn, San-Marko, Ketlin Lamli) malikdir. 
								Kollecləri Nort-Terras kampusundan 15-20 
								dəqiqəlik piyada, Ueyt və Tebarton ərazilərindən 
								isə avtobusla 15-25 dəqiqəlik yol ayırır. 
								Yataqxanalar, əsasən bir və ya iki otaqdan 
								ibarətdir. Kommunal, istilik, kondisioner, 
								elektrik, təmizlik, qidalanma və s. xərclər də 
								ümumi yataqxana xərclərinə daxildir. Otaqlar 
								telefon, səsli poçt xidməti və İnternet ilə 
								təchiz olunub.   
								
								Adelaida Universitetinin Tələbə Təşkilatı 
								1895-ci ildən fəaliyyət göstərir. Bu təşkilata 
								Adelaida Universiteti Tələbə Nümayəndələr 
								Şurası, Adelaida Universiteti Magistr və 
								Doktorant Tələbələr Assosiasiyası, Rozvorti Kənd 
								Təsərrüfatı Kampusu Tələbə Təşkilatı daxildir. 
								2009-cu ildən universitetin idman 
								komandalarından ibarət Tələbə İdman 
								Assosiasiyası Tələbə Təşkilatının filialından 
								çıxaraq müstəqil fəaliyyət göstərməyə başlayır. 
								Assosiasiyaya tələbələrə geniş spektrdə idman 
								imkanları verən 37 idman klubu daxildir. 
								 
								
								Adelaida Universitetinin məşhur müəllim və 
								məzunları arasında bir neçə Nobel mükafatı 
								laureatı, 103 nəfər Rods təqaüdçüsü var. Böyük 
								Britaniyanın sabiq baş naziri Toni Bleyerin 
								atası Leo Bleyer də bu ali məktəbdə hüquq 
								dərsləri keçib. Hər il oktyabr ayında 
								universitetdə məşhur  tənqidçi Edvard Saidin 
								şərəfinə Edvard Said mühazirələri təşkil olunur.
								 
								
								Adelaida Universiteti bir çox beynəlxalq 
								şirkətlər, federal, dövlət və yerli hökumət 
								orqanları ilə geniş tədqiqat sazişləri həyata 
								keçirir. Ali məktəbdə, əsasən, müdafiə elmləri 
								və texnika, Cənubi Avstraliyada şərabçılığın, 
								kənd təsərrüfatının inkişafı üzrə tədqiqatlar 
								aparılır. Yüksək keyfiyyətli tədris, mühüm 
								tədqiqatlar, güclü ictimai fəaliyyət ənənələri 
								hesabına Adelaida Universiteti beynəlxalq nüfuz 
								qazanıb və sürətlə inkişaf etməkdədir.  
								 
								
								
								
								Universitetin məşhur məzunları  
								
									
										|   | 
										
										
										Onq Tenq Çeonq | 
										
										
										Sinqapurun 5-ci prezidenti | 
										  | 
									 
									
										|   | 
										
										
										Culiya Gillard | 
										
										
										Avstraliyanın ilk qadın baş naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Don Danstan | 
										
										
										Cənubi Avstraliya ştatının 35-ci baş 
										naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Devid Tonkin | 
										
										
										Cənubi Avstraliya ştatının 38-ci baş 
										naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Saymon Hakett | 
										
										
										Avstraliyanın "İnternode" şirkətinin 
										icraçı direktoru | 
										  | 
									 
									
										|   | 
										
										
										Voqan Pratt | 
										
										
										ABŞ-ın "Sun Microsystems" şirkətinin 
										yaradıcılarından biri | 
										  | 
									 
									
										|   | 
										
										
										Uilyam Lorens Breqq | 
										
										
										fizika üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Hovard Flori | 
										
										
										tibb və fiziologiya üzrə Nobel mükafatı 
										laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Robin Uorren | 
										
										
										tibb və fiziologiya üzrə Nobel mükafatı 
										laureatı | 
										  | 
									 
									 
								
								
								                                                    
								                    Hazırladı: 
								Lamiyə ƏLİYEVA  | 
								  |