| 
								 
								Rusiya Federasiyasında orta ümumi təhsil pulsuz 
								olacaq. Bu barədə RF hökumətinin başçısı 
								Vladimir Putin mayın 31-də "Ümumrusiya Pedaqoji 
								Yığıncağı" ictimai təşkilatının qurultayındakı 
								çıxışında bildirib.  "Biz hökmən pulsuz ümumi 
								təhsili qoruyub saxlayacağıq. Bu, bizim 
								konstitusiyamızın baza prinsiplərindən biridir, 
								ondan, əlbəttə ki, heç kim geri 
								çəkilməyəcək",-deyən Putin əlavə edib ki, RF 
								hökuməti məktəblərin maliyyələşdirilməsini davam 
								etdirəcək. O qeyd edib ki, dövlət bütün təhsil 
								prosesinin maliyyəsini - məktəblərin tikintisi, 
								təmir olunması, avadanlıqların alınması, 
								müəllimlərin əməkhaqlarının verilməsi kimi bütün 
								xərcləri öz üzərinə götürəcək. Onun sözlərinə 
								görə, dövlət standartları çərçivəsində bütün 
								fənlərin büdcə hesabına tədrisi həyata 
								keçirilməlidir.   Rusiya təhsil sistemini 
								Amerika, Qərbi Avropa və ya Asiya modeli ilə 
								müqayisə edənlərə cavab olaraq Putin qeyd edib 
								ki, RF-nin öz yolu var, ölkədə təhsil sovet 
								məktəbi də daxil olmaqla ən yaxşı ənənələri 
								saxlayır.    
								
								2016-cı ilə qədər ölkədə məhdud imkanlı 
								şagirdlər üçün  məktəblərin sayının 8 dəfə 
								artacağını bildirən hökumət başçısı bu qəbildən 
								olan uşaqlar üçün təhsilin distant formasının 
								geniş tətbiq olunmasını vacib sayıb. Putin 
								təhsilin inkişafından danışarkən ölkənin Təhsil 
								və Elm Nazirliyi qarşısında konkret vəzifələr 
								qoyub. Baş nazir Təhsil və Elm Nazirliyinə 
								ölkədə pedaqoji təhsilin bütün səviyyələrinin 
								modernləşdirilməsi üçün təkliflər təqdim etməyi 
								tapşırıb.  Onun sözlərinə görə, gələcək müəllim 
								həm özünün baza fənnini, tədrisin ən qabaqcıl 
								metodikasını mənimsəməli, həm də pedaqogikanın, 
								uşaqların psixologiyasının bütün 
								incəliklərindən, ümumtəhsil prosesinin bütün 
								müasir texnologiyalarından baş çıxarmalıdır. 
								
								Putin məktəblərin gərəksiz hesabatlılığına son 
								qoyulmasını tələb edib. Onun sözlərinə görə, 
								administrativ baryerlər və lüzumsuz yoxlamalar 
								məktəbin inkişafına mane olur.   | 
								  |