| 
								 
								 Yazıçı-jurnalist 
								Akif Kərimlinin bu yaxınlarda çapdan çıxmış 
								"Zəngilanın idman həyatı" (I hissə) kitabı əsl 
								vətənpərvərlik hissi, vətəndaşlıq borcu, 
								vətəndaşlıq məsuliyyətini dərindən dərketmə 
								əsasında meydana gəlib. Müəllifin gərgin 
								əməyinin, yuxusuz gecələrinin, inadlı 
								axtarışlarının sayəsində araya-ərsəyə gələn bu 
								kitabı Zəngilan rayonunun 1941-2010-cu illərdə 
								mətbuatda gedən idmana aid yazılar, rayonun 
								idman şərəfini qoruyan idmançılardan, yeniyetmə 
								gəncləri, uşaqları müntəzəm surətdə idmana cəlb 
								edən fiziki tərbiyə müəllimlərindən və digər 
								xəbərlərdən bəhs edilir. 
								
								Kitab ulu öndər Heydər Əliyevin və Azərbaycan 
								Respublikasının Prezidenti İlham Əliyevin 
								şəkilləri və idman haqqında müxtəlif vaxtlarda 
								söylədikləri dəyərli fikirləri ilə açılır. 
								
								Müəllifin 500 səhifəlik nəfis şəkildə tərtib 
								edilmiş bu qiymətli kitabına isə ön sözü 
								yazıçı-publisist, Milli Məclisin deputatı 
								İmamverdi İsmayılov yazıb. 
								
								A.Kərimlinin bu kitabını vərəqlədikcə müxtəlif 
								illərdə yazdığı yazılarla və onun haqqında 
								yazılmış məqalələrlə tanış oluruq. Öyrənirik ki, 
								onun ilk yazısı 1975-ci ildə rayonlarında çıxan 
								"Kənd həyatı" qəzetində dərc edilib. Eyni 
								zamanda müxtəlif qəzetlərə yazdığı irili-xırdalı 
								məqalələri ilə bədən tərbiyəsi və idmanın fəal 
								təbliğatçısı olub. O, təkcə idmanın fəal 
								təbliğatçısı olaraq qalmayıb, həm də futbol üzrə 
								"Respublika dərəcəli hakim" və "Azərbaycanın 
								fəxri bədən tərbiyəsi və idman işçisi" adına 
								layiq görülüb. "Zəngilan şəhidləri" adlı 
								fotoplakatın, "Zəngilan şəhidləri", "İşğal", 
								"Vətən sizi unutmaz", "Soraq verin", "Zəngəzurun 
								qeyrət qalası - Nüvədi", "Şəxsi igidlik", 
								"Yarımçıq qalmış ömür", "Vətən igid oğullarımızı 
								yaşadacaq" və "10 dekabr 1992-ci il faciəsi" 
								adlı kitabların müəllifidir. Akif Kərimlini 
								oxucularla görüşə gəldiyi onuncu - "Zəngilanın 
								idman həyatı" kitabı kimi əvvəlki əsərlərini də 
								yazmağa heç kim məcbur etməyib. O, bu müqəddəs 
								işdə heç bir qazanc, heç bir mənfəət də 
								güdməyib. Onun qazancı yalnız mənəvi rahatlığı 
								olub. Əsl vətənpərvərlik də, vətəndaşlıq da 
								budur. Bu yolda Akif Kərimliyə yeni-yeni uğurlar 
								diləyir, həsrətlə gözlədiyi doğma Zəngilanın da 
								erməni işğalından tezliklə azad olmasını 
								arzulayırıq.  
								
								
								
								Ədalət DAŞDƏMİRLİ  | 
								  |