| 
								 
								Azərbaycanın Milli Qəhrəmanı Mübariz 
								İbrahimovun  Biləsuvar rayonunun Əliabad 
								kəndində vaxtilə böyüyüb boya-başa çatdığı ev və 
								təhsil aldığı şəhid Malik Piriyev adına tam orta 
								məktəb ziyarətgaha çevrilib. Bu gün də bura- 
								Milli Qəhrəmanı yad etməyə gələnlərin ardı-arası 
								kəsilmir. 
								
								Elə bu günlər İsmayıllı şəhərindəki şəhid 
								Ağahüseyn Aslanov adına 2 nömrəli tam orta 
								məktəbin bir qrup müəllim və şagirdi Mübariz 
								İbrahimovun vaxtı ilə təhsil aldığı məktəbə 
								gəlib, Milli Qəhrəmanın həyat yolunu əks etdirən 
								guşə ilə tanış olub, burada şəkillər çəkdirib və 
								xatirə kitabına ürək sözlərini yazıblar.  
								Görüşdə çıxış edən məktəbin direktoru Ramil 
								Dadaşov şəhid ruhu qarşısında hər birimizin 
								borclu olduğunu və hər bir gəncin vətənpərvərlik 
								ruhunda böyüməsi üçün Mübariz məktəbindən 
								bəhrələnməsinin vacib olduğunu diqqətə çatdırıb. 
								Sonra sözügedən məktəbin müəllimi Sədaqət 
								İsazadə Milli Qəhrəmana həsr etdiyi şeirini 
								söyləyib. Həmin məktəbin müəllimlərindən Xatirə 
								Orucova, Əli Əliyev, Qarabağ müharibəsi 
								veteranları İsa Musayev və Əlisahib Əzizov  
								Mübariz İbrahimovun təhsil aldığı məktəbin 
								müəllim kollektivinə belə igid oğul tərbiyə 
								etdiklərinə görə dərin minnətdarlıqlarını 
								bildiriblər.  
								
								Əliabad kənd orta məktəbinin direktoru Bəsirə 
								Rüstəmova və tədris işləri üzrə direktor müavini 
								Böyükbəy Quliyev Milli Qəhrəman Mübariz 
								İbrahimovun  təhsil illəri haqqında  tədbir 
								iştirakçılarına ətraflı məlumat veriblər. 
								
								Elə həmin gün qonaqlar Milli Qəhrəman Mübariz 
								İbrahimovun yaşadığı evi də ziyarət edib, burada 
								xatirə şəkilləri çəkdiriblər. 
								
								
								*** 
								
								Cəlilabad rayonundakı 1 nömrəli tam orta 
								məktəbin bir qrup şagirdi də Milli Qəhrəman 
								Mübariz İbrahimovun vaxtı ilə yaşadığı evdə 
								olub, valideynləri ilə görüşüb. Milli Qəhrəmanın 
								atası Ağakərim kişi ilə, anası Şamama xala ilə 
								xatirə şəkilləri çəkdiriblər. Azərbaycan dili və 
								ədəbiyyat müəllimi Gülafət Əsgərova təmsil 
								olunduğu məktəbin şagird və pedaqoji kollektivi 
								adından çıxış edərək belə oğul böyütdükləri üçün 
								Milli Qəhrəmanın valideynlərinə minnətdarlığını 
								bildirib, Azərbaycanın Mübariz oğlu ilə fəxr 
								edirik, deyib.  
								
								
								ƏDALƏT  |