| 
								 Mətbuatda 
								xəbər verildiyi kimi, Almaniyanın Mayns 
								şəhərində  Bakı Slavyan Universiteti Almaniyanın 
								nüfuzlu elm mərkəzi olan Mayns Universitetinin 
								Şərqşünaslıq İnstitutu və Germanistika bölümü, 
								həmçinin Volkenştayn Cəmiyyəti ilə birgə 
								"Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında 
								nəğmə" - Orta əsr qəhrəmanlıq dastanlarında Şərq 
								və Qərb" adlı layihəsinin növbəti, ikinci 
								simpoziumunu keçirmişdir. Bu böyük layihə Bakı 
								Slavyan Universitetinin xarici ölkə 
								universitetləri və mədəniyyət mərkəzləri ilə 
								çoxşaxəli əməkdaşlığının yeni səhifəsini açır. 
								Layihə BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, 
								professor Kamal Abdullayevin təşəbbüsü ilə BSU 
								və Almaniyanın Mayns Universiteti arasında 
								bağlanmış müqaviləyə əsasən 2007-ci ildə təsis 
								edilmişdir.  
								Layihənin on 
								il müddətində həyata keçirilməsi və bu məqsədlə 
								iki ildə bir dəfə Azərbaycanda və Almaniyada 
								eposların ən müxtəlif aspektlərini əhatə edən 
								beş simpoziumun təşkili nəzərdə tutulmuşdur. Bu 
								simpoziumlar sözügedən dastanların ədəbi 
								xüsusiyyətləri, üslubiyyatı, nəşri və tərcüməsi, 
								kulturoloji aspektləri, eləcə də onların dərki 
								və xalqlarımızın dünyagörüşü və həyatında 
								oynadıqları rolla bağlı müxtəlif məsələləri 
								əhatə edir. Artıq layihə çərçivəsində 2009-cu il 
								30 sentyabr - 4 oktyabr tarixlərində Bakı 
								Slavyan Universitetində "Kitabi-Dədə Qorqud" və 
								"Nibelunqlar haqqında nəğmə" eposlarının 
								linqvistik təhlili" adlı ilk simpozium 
								keçirilmişdir.  
								Bu dəfə 
								Almaniyada keçirilən  "Kitabi-Dədə Qorqud" və 
								Nibelunqlar haqqında nəğmə: Orta əsr qəhrəmanlıq 
								dastanlarında universalıyalar və spesifik 
								özünəməxsusluq" adlı ikinci simpozium hər iki 
								möhtəşəm eposun ədəbiyyatşünaslıq aspektlərinin 
								öyrənilməsi üçün atılmış mühüm bir addımdır. 
								Simpozium 2011-ci il 8-13 iyun tarixlərində 
								Almaniyanın Mayns şəhərində keçirilmişdir. 
								Azərbaycan alimlərinin böyük bir qrupu BSU-nun 
								rektoru, professor Kamal Abdullayevin rəhbərliyi 
								ilə simpoziuma qatılmışdır. 
								Beynəlxalq 
								elmi tədbir Almaniyanın Yohannes Gutenberg 
								Universitetinin Şərqşünaslıq seminarının müdiri, 
								professor Busxoten tərəfindən açıldı. O, öz 
								çıxışında ikinci konfransa hazırlıq işlərindən, 
								Bakı Slavyan Universiteti ilə Mayns Universiteti 
								arasında imzalanmış  müqavilənin tarixindən 
								ətraflı söhbət açdı. Bundan əlavə, Busxoten öz 
								çıxışında professor K.Abdullayevin Mayns 
								Universitetində oxuduğu mühazirələr, BSU-nun 
								Alman filologiyası kafedrasının müdiri 
								F.Paşayevanın Almaniyada keçirdiyi Azərbaycan 
								dili dərsləri və professor Ziqlinde Hartmanın 
								mütəmadi olaraq BSU-da oxuduğu  mühazirələr  
								haqqında da məlumat verdi. 
								Sonra 
								Almaniyanın Mayns Universitetinin rəhbərliyi 
								adından Mayns Universitetinin Filologiya 
								fakültəsinin dekanı Stephan Jolie çıxış edərək 
								bildirdi ki, keçirilən konfrans təkcə filologiya 
								və komparativstikanın (müqayisəli 
								ədəbiyyatşünaslığın) yox, eyni zamanda 
								xalqlarımız arasında mədəni əlaqələrin 
								inkişafında da böyük əhəmiyyət kəsb edir. 
								Professor Z.Hartmanın çıxışdan əvvəl qonaqları 
								Azərbaycan dilində salamlaması alqışlarla 
								qarşılandı. 
								Bakı Slavyan 
								Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, 
								professor Kamal Abdullayev öz çıxışında qeyd 
								etdi ki, konfransın ərsəyə gəlməsində böyük əmək 
								sərf olunub. O, həmçinin alman həmkarlarına, o 
								cümlədən Osfald fon Folkanştayn cəmiyyətinin 
								prezidenti xanım Ziqlinde Hartmana, Alman 
								Filologiyası İnstitutunun direktoru, professor 
								Utu Ştörmer-Krayza və Yohannes Gutenberg 
								Universitetinin Şərqşünaslıq seminarının müdiri 
								Busxotenə dərin təşəkkürünü bildirdi. Professor 
								K.Abdullayev öz nitqini "Kitabi-Dədə Qorqud" və 
								yunan mifoloji motivləri" adlı elmi məruzə ilə 
								davam etdirdi. Sonra konfransda alman və 
								Azərbaycan alimlərinin elmi məruzələri böyük 
								maraqla dinlənildi. 
								Konfransın ilk 
								iş günü başa çatdıqdan sonra Azərbaycan 
								nümayəndə heyətinin şərəfinə şəhər meriyasında 
								Mayns şəhərinin oberburqomaysteri tərəfindən 
								ziyafət təşkil olundu. Ziyafətdə həm alman, həm 
								də Azərbaycan nümayəndə heyətləri iştirak 
								edirdilər. Mayns şəhərinin meri  Jens Beutel 
								qeyd etdi ki, simpozium ölkələrimiz arasında 
								elmi və mədəni əlaqələrin genişlənməsində böyük 
								rol oynayır və əlbəttə ki, bu cür möhtəşəm 
								tədbirlər xalqlarımız arasında elmi əlaqələrin 
								inkişaf etməsi üçün önəmli addımdır. Bundan 
								əlavə, qeyd olundu ki, "Bakı və Mayns 
								qardaşlaşmış şəhərlərdir və biz bu 
								münasibətlərin dərinləşməsi, genişlənməsi üçün 
								əlimizdən gələni etməliyik". 
								Konfransın  
								ikinci iş günündə də elmi məruzələr dinlənildi. 
								Tədbirdə doktor Eberhard Kummerin  "Nibelunqlar 
								haqqında nəğmə"dən ifa etdiyi hissələr 
								dinləyicilər tərəfindən yüksək rəğbətlə 
								qarşılandı və professor K.Abdullayev doktor 
								Eberhard Kummeri Bakıya dəvət etdi.  
								Konfransın 
								sonuncu günü məruzələr bitdikdən sonra professor 
								Busxoten konfransın nəticələri və ümumi 
								yekunları haqqında məlumat verdi. Bildirdi ki, 
								Bakıda keçirilmiş ilk simpoziumun uğurlu davamı 
								olan ikinci konfrans 10 illik layihə 
								çərçivəsində həyata keçirilən elmi araşdırmalar 
								üçün yeni zəmin yaratmış, elmi əməkdaşlığın 
								inkişafında yeni səhifə açmışdır: "Əminəm ki, 
								Bakıda keçiriləcək növbəti simpozium bu iki 
								möhtəşəm eposun bir-birinə daha da 
								yaxınlaşmasına, onlar haqqında bizim 
								biliklərimizin daha da dərinləşməsinə, 
								mədəniyyətlərarası dialoqun inkişafına yeni 
								təkan verəcək".  
								Yekun 
								iclasında çıxış edən professor K.Abdullayev 
								"Dədə Qorqud"a göstərdikləri böyük diqqət və 
								qayğıya görə alman alimlərinə dərin təşəkkürünü 
								bildirdi və qeyd etdi ki, bu konfransın ən böyük 
								nailiyyətlərindən biri germanistlərin 
								"Kitabi-Dədə Qorqud"a, türkoloqların isə 
								"Nibelunqlar  haqqında nəğmə"yə olan diqqət və 
								marağının artırmasıdır. Sonda BSU-nun rektoru 
								tədbir iştirakçılarını 2013-cü ildə Bakıda 
								keçiriləcək növbəti, üçüncü simpoziuma dəvət 
								etdi. 
								Simpozium 
								təkcə elmi araşdırmalarla deyil, eyni zamanda 
								geniş mədəni proqramla da yadda qaldı. Belə ki, 
								Almaniyanın bir çox tarixi və mədəni 
								abidələrinə, o cümlədən Nibelunqlar muzeyinə və 
								Nibelunqların vətəni sayılan Vorms şəhərinə, 
								orta əsr Alman kilsəsinə ekskursiya, Reyn çayı 
								ilə tarixi-mədəni yerlərə səyahət təşkil 
								edildi.       
								
								
								BSU-nun Mətbuat xidməti  |