| 
								 Ruhulla Əli 
								oğlu Axundov 1897-ci il yanvarın 13-də Bakının 
								Şüvəlan kəndində müəllim ailəsində anadan olub. 
								Dörd yaşı olanda atası vəfat edib, çətinliklərlə 
								böyüyüb. Əvvəlcə kənd məktəbində təhsilə 
								başlayan, sonra Bakı şəhər birinci realnı 
								məktəbində oxuyan sakit təbiətli, mütaliəyə 
								meyilli Ruhulla Axundov 1916-cı ildən mətbəədə 
								korrektor və tərcüməçi işləyib. 1917-1920-ci 
								illərdə inqilabi mübarizədə iştirak edib, 
								bolşevik partiyası sıralarına daxil olub. O, 
								"Bakıətrafı fəhlə, əsgər və matros deputatları 
								şurasının əxbarı" (1918), "Hürriyyət" (1919), 
								Azərbaycan dilində çıxan gizli bolşevik 
								"Kommunist" qəzetlərinin (1919) redaktoru olub. 
								1920-1921-ci illərdə Moskvada V.İ.Leninlə 
								görüşüb. Sonralar AK(b)P BK-nın katibi, AK(b)P 
								MK katibi, "Azərnəşr"in direktoru, ÜİK(b)P 
								Zaqafqaziya Ölkə Komitəsinin katibi kimi mühüm 
								vəzifələrdə çalışıb. 
								
								 Marksizm-leninizm 
								klassiklərinin əsərlərinin, Kommunist 
								Partiyasının ikinci proqramının Azərbaycan 
								dilinə tərcüməsində iştirak edib, "Kənd 
								füqərası", "Bakinski raboçi", ikicildlik 
								"Rusca-türkcə lüğət"in redaktoru olub. 
								Azərbaycan SSR və SSRİ MİK-in üzvü, ÜİK(b)P-nin 
								bir neçə qurultayına, Kominternin II konqresinə 
								nümayəndə seçilib. Lenin ordeni ilə təltif 
								edilib. 
								1927-1930-cu 
								illərdə Azərbaycanın xalq maarifi komissarı olan 
								Ruhulla Axundov hələ Azərbaycanda sovet 
								hakimiyyətinin qurulduğu ilk illərdə yazırdı ki, 
								tarix Azərbaycanın öhdəsinə Yaxın Şərq 
								zəhmətkeşlərinin avanqardı olmaq kimi bir vəzifə 
								qoyub. Bəs, savadsız Azərbaycan lazımi mədəni 
								səviyyəyə çatmadan Şərq ölkələrinin rəhbəri ola 
								bilərmi? 
								1923-cu ildən 
								yeni əlifbanın tətbiqi məsələsində fəallıq 
								göstərən Ruhulla Axundov Yeni Əlifba Komitəsinin 
								orqanı olan "Yeni yol" qəzetinin səhifələrində 
								bu mövzuda bir sıra məqalələrlə çıxış edib. 
								Xalq maarifi 
								sahəsində məktəbəqədər tərbiyə müəssisələrinə 
								özək kimi dəyər verən Ruhulla Axundov tədris 
								plan və proqramlarının keyfiyyətini 
								yaxşılaşdırmağı vacib sayırdı. 
								O, Azərbaycan 
								K(b)P-nin VIII qurultayında xalq maarifi 
								haqqında məruzə edib, bu sahədəki 
								nailiyyətlərdən danışıb, məcburi pulsuz təhsili 
								həyata keçirməyin, məktəbəqədər tərbiyə 
								müəssisələrinin, kənd yerlərində yeddiillik 
								məktəblərin sayının artırılması zəruriliyini 
								göstərib. Ruhulla Axundov həmin qurultayda 
								stabil tədris proqramları, ideyaca daha sağlam 
								dərsliklər yaratmaq, texniki təhsilə diqqəti 
								artırmaq, müəllimlərin maddi vəziyyətini 
								yaxşılaşdırmaq və s. mühüm məsələlərdən də bəhs 
								edib. 
								Ruhulla 
								Axundov Azərbaycan xalq maarifi komissarı 
								olarkən SSRİ XKS və ÜİK(b)P MK-nın qərarı ilə 
								əlaqədar kənd məktəblərində kənd təsərrüfatı 
								təmayülü üzrə geniş tədbirlər həyata keçirilir, 
								şagirdlərə aqronomluq və zootexnik ixtisasları 
								üzrə minimum biliklər verilən məktəblər üçün 
								torpaq sahələri ayrılır, şagirdlərin 
								ictimai-faydalı əməyinə xüsusi diqqət yetirilir. 
								1929-cu ildə 
								savadsızlıqla mübarizə daha da güclənir, 
								Azərbaycan XMK bu məqsədlə bir sıra tədbirlər 
								həyata keçirir: kurslar təşkil edir, kitabların 
								qiymətini ucuzlaşdırır. 1929-1930-cu illərdə 
								Azərbaycanda ümumtəhsil məktəblərinin sayı 
								təxminən 2000-ə çatdırılır. Bütün bu tədbirlərdə 
								xalq maarifi komissarı, ictimai xadim, 
								vətənpərvər alim kimi Ruhulla Axundov fəal 
								iştirak edib. 
								Azərbaycanda 
								yeni əlifbanın tətbiqini böyük nailiyyətlərdən 
								sayan Ruhulla Axundov Azərbaycan ədəbi dilinin 
								inkişafına böyük qayğı göstərib. 1928-ci ilin 
								yanvarında maarif komissarının təşəbbüsü ilə I 
								Ümumazərbaycan imla konfransı keçirilib, imlanın 
								təkmilləşdirilməsi, vahid imla prinsiplərinin 
								tətbiqi kimi məsələlər geniş müzakirə edilib. 
								Gəncləri 
								sevən, onlara qayğı ilə yanaşan görkəmli maarif 
								xadimi və istedadlı alim Ruhulla Axundov bədii 
								ədəbiyyat sahəsinə gələn gənclərin 
								yaradıcılığına istiqamət verib, onları hər cür 
								qərəzkar hücumlardan qoruyub. 
								O, həyatının 
								son illərində Partiya Tarixi İnstitutunda, SSRİ 
								Elmlər Akademiyasının Azərbaycan filialında 
								rəhbər vəzifələrdə çalışıb. 
								Ruhulla 
								Axundov repressiyaya məruz qalıb, 1938-ci ildə 
								vəfat edib.  |