| 
								 Kürdəmir 
								rayonunun Dəyirmanlı kənd tam orta məktəbində 
								Qarabağ uğrunda gedən  döyüşlərdə şəhid olmuş 
								artilleriya zabiti Tahir  İslamovun anım gününə 
								həsr olunmuş "Azərbaycan oğluyam" adlı 
								ədəbi-bədii kompozisiya  keçirilib. 
								
								 Təhsil 
								aldığı Dəyirmanlı kənd tam orta məktəbi indi 
								Tahir Ağakişi oğlu İslamovun adını daşıyır. Hər 
								il may ayında keçirilən bu təntənəli tədbirlər 
								bütün şagird və müəllim kollektivini, qonaqları 
								bir daha o günlərə qaytarır, vətənə bağlayır,  
								torpaqlarımızın tezliklə qaytarılacağına  
								əminlik yaradır, şagirdlərdə hərbi 
								vətənpərvərlik hissləri aşılayır. 
								Öncə şəhidin 
								məktəbdəki abidəsi önünə əklillər və tər 
								gül-çiçək dəstələri qoyulub. Mərasimi giriş sözü 
								ilə məktəbin tərbiyə işləri üzrə direktor 
								müavini Nəzakət Xasməmmədova açıb. Əsgər paltarı 
								geyinmiş şagirdlər Azərbaycan bayrağını böyük 
								coşqu və təntənə ilə meydana gətiriblər. 
								Şagirdlərin ifasında Dövlət himni səslənib. 
								Şəhidlərin  xatirəsi bir dəqiqəlik sükutla yad 
								edilib. 
								Tədbirin 
								aparıcısı,  IX "a" sinif şagirdi Şəbnəm Mazakova 
								şəhid Tahir İslamovun qısa, lakin şərəfli həyat 
								yolu haqqında məlumat verib. O, Tahirin Odessa  
								Ali Artilleriya Məktəbində oxuduğu təhsil 
								illərindən, vətənin ağır günlərində oradakı  
								xidmətini atıb,  Azərbaycan ordusunun zabiti 
								olaraq birbaşa cəbhəyə yollanmasından, Qarabağın 
								ən qaynar nöqtələrindəki xidmətlərindən danışıb. 
								Qeyd edib ki, Tahirin son döyüşü Füzuli 
								rayonunun Cuvarlı kəndində olmuş, 1992-ci il 
								mayın 7-də qrad mərmisinin  çox  yaxında  
								partlaması nəticəsində  qəhrəmancasına həlak 
								olub. 
								Göstərdiyi 
								şücaət və igidliklərə görə  ölümündən sonra o, 
								ulu öndər Heydər Əliyevin  fərmanı ilə 
								"Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. 
								Aparıcı  
								Şəbnəm məktəbin digər şəhid məzunları - Mübariz 
								Osmanov, Əsgər Yahyayev, Şaban Yunusov, Teymur 
								İsgəndərov, Qurban  Rəhimov  haqqında da 
								danışıb, onlara tədbir iştirakçıları adından 
								rəhmət diləyib. Sonra məktəbin təlim-tərbiyə 
								işləri üzrə direktor müavini Əvəz Həsənov, 
								Kürdəmir Rayon Təhsil şöbəsinin müdir müavini 
								Əsgər Hüseynov, rayon gənclər və idman 
								idarəsinin rəis müavini Qalib Baxşiyev, kənd 
								icra nümayəndəsi İlham Mustafayev,  kənd 
								bələdiyyəsinin sədri Niyazi Babayev şəhidliyin 
								uca zirvə olduğunu qeyd edərək Tahir haqqında 
								xoş sözlər deyiblər. 
								Şagirdlərin 
								ifasında Tahirə və digər şəhidlərimizə həsr 
								olunmuş şeirlər, əsgər mahnıları səsləndirilib. 
								Mərasimin 
								sonunda qəhrəmanın anası Elmira İslamova 
								qonaqlara və tədbirin iştirakçılarına öz dərin 
								təşəkkürünü bildirib. Sonra tədbir iştirakçıları 
								Tahir İslamovun döyüş yolunu əks etdirən 
								şəhidlər muzeyində olublar.  
								Tədbirin 
								sonunda şəhidin xatirəsinə həsr olunmuş 
								məktəblərarası voleybol turniri keçirilib. 
								Mərasim  iştirakçıları və müəllimlərin bir qrupu 
								Tahir İslamovun  doğulub boya-başa çatdığı evdə 
								olub, əzizləri, doğmaları ilə görüşüblər.   
								
								
								Şakir CƏFƏROV  |