| 
								 İşlədiyim 286 
								nömrəli məktəb paytaxtın ən iri ümumtəhsil 
								müəssisələrindən olmasına baxmayaraq, son 
								illərədək özünün təhsil göstəriciləri ilə o 
								qədər də fərqlənmirdi. Lakin artıq bir neçə 
								ildir ki, 286 nömrəli məktəbin fəaliyyətində 
								köklü dəyişiklik olmuşdur. Məktəbimizin 
								direktoru, fizika-riyaziyyat elmləri üzrə 
								fəlsəfə doktoru, dosent Mübariz Vəliyevin 
								rəhbərliyi altında məktəbin idarə olunmasının 
								demokratikləşdirilməsi, təhsilin keyfiyyətinin 
								yüksəldilməsi məqsədi ilə bir sıra tədbirlər 
								həyata keçirilmişdir və onlar indi də davam 
								etdirilməkdədir.  
								
								 2008-2009-cu 
								tədris ilində məktəbdə əsaslı təmir işləri 
								aparılmış, məktəbdaxili su və kanalizasiya 
								sistemi yenisi ilə əvəzlənmiş, elektrik sistemi 
								tam dəyişdirilmişdir. Sinif otaqları təmir 
								olunmuş, xüsusi tərtibata malik, hər cür 
								avadanlıqla təmin olunmuş akt zalı, kitabxana, 
								kompüter və fənn kabinetləri yaradılmışdır. 
								Məktəbimizdə 
								təhsilin humanistləşdirilməsi baxımından 
								təlim-tərbiyə prosesinin 
								diferensiallaşdırılması, fərdiləşdirilməsi 
								prinsiplərini, müasir təlim forma və üsullarını 
								tətbiq etməklə fərqlənən, əsl vətəndaşlıq 
								mövqeyində duran, şagirdlərə vətəndaşlıq ruhu 
								aşılayan müəllimlər çoxdur. Onlardan 
								təlim-tərbiyə işləri üzrə direktor müavini 
								Aybəniz Qurbanovanı, fizika-riyaziyyat elmləri 
								üzrə fəlsəfə doktoru Gültəkin Ağaverdiyevanı, 
								tarix elmləri üzrə fəlsəfə doktoru Qalina 
								Əlibəylini, filologiya elmləri üzrə fəlsəfə 
								doktoru Arzu Hüseynovanı, kimya müəllimi Pərvanə 
								Ağazadəni, riyaziyyat müəllimi Gülxar 
								Bağbanlını, tarix müəllimi Təranə Salahovanı, 
								ibtidai sinif müəllimləri Ofelya Məmmədovanı, 
								Almaz Əsgərovanı, Rahilə Allahverdiyevanı, 
								Səlbinaz Nuriyevanı, Sevinc Əliyevanı və b. 
								misal göstərmək olar. 
								2009-2010-cu 
								tədris ilində məktəbimizin müəllimlərindən Naibə 
								Ələkbərova "Əməkdar müəllim" fəxri adına layiq 
								görülüb, Gülnarə Əliyeva isə "Qabaqcıl təhsil 
								işçisi" döş nişanı ilə təltif olunub. Sevinc 
								Əliyeva isə Təhsil Nazirliyinin və Bakı Şəhəri 
								üzrə Təhsil İdarəsi tərəfindən Fəxri fərmanla 
								mükafatlandırılıb. Həmin tədris ilində 
								məktəbimizin özü də böyük uğur qazanaraq 
								möhtərəm Prezidentimizin sərəncamı ilə keçirilən 
								"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin 
								qalibi olmuşdur. 
								Ötən il 
								məktəbimizi bitirən 173 məzundan 88-i ali təhsil 
								müəssisələrinə daxil olmuşdur. Məzunlardan 11-i 
								qəbul imtahanlarında 600-dən yuxarı bal 
								toplamışdır. Məzunlarımızdan hazırda Azərbaycan 
								Tibb Universitetində oxuyan Eldəniz Yunusov və 
								İlahə Fərəcli Prezident təqaüdçüləridir. 
								Məktəbimiz təhsilin keyfiyyət və səviyyəsinin 
								yüksəldilməsi sahəsində qazandığı nailiyyətlərə, 
								o cümlədən məzunların ali məktəblərə qəbulunda 
								ardıcıl olaraq göstərdiyi yüksək nəticələrə 
								görə  Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 
								Fəxri fərmanla təltif olunub. 
								Məktəbimizdə 
								şagirdlərin vətənpərvərlik tərbiyəsinə xüsusi 
								diqqət yetirilir, bu məqsədlə tez-tez müxtəlif 
								mövzularda tədbirlər keçirilir. Görkəmli 
								alimlər, sənətkarlar, yazıçı və şairlərlə  
								görüşlər, müsabiqələr, disputlar şagirdlərin 
								dünyagörüşünü genişləndirməyə xidmət etməklə 
								yanaşı, onlarda sərbəst fikir söyləmək, müstəqil 
								öyrənmək bacarıqları yaradır, müsbət əxlaqi 
								keyfiyyətlər aşılayır. 
								Məktəbimizdə 
								buraxılış imtahanlarına geniş hazırlıq işləri 
								görülüb. İnanırıq ki, məzunlarımızın hamısı 
								mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış 
								imtahanını uğurla verərək attestat alacaq.  
								
								
								Gülmirə  ƏLİYEVA, 
								Bakıdakı 286 nömrəli məktəbin Azərbaycan dili və 
								ədəbiyyat müəllimi  | 
								  |