| 
								 
								
								  
								 Təhsil 
								sistemi  
								
								İsrail Qərbi Asiyada, Aralıq dənizinin şərq 
								sahillərində yerləşən parlamentli respublikadır. 
								Ərazisinin kiçik olmasına baxmayaraq, yüksək 
								iqtisadi inkişafa nail olub, müasir 
								texnologiyaya əsaslanan sənaye istehsalı ilə 
								tanınıb. Olduqca fərqli coğrafi xüsusiyyətlərinə 
								görə turizm sektorunda nəzərəçarpacaq uğurlar 
								qazanıb. 
								
								İsrail təhsil sistemində varislik prinsipinə 
								ciddi şəkildə əməl olunur. Ənənələrə sadiq 
								qalmaqla inkişaf etdirilən təhsil sistemi 
								uşaqları müxtəlif etnik, dini, mədəni və siyasi 
								mənsubiyyəti təmsil edən insanların birgə 
								yaşadığı demokratik, plüralist cəmiyyətin üzvü 
								kimi hazırlamaq məqsədlərinə xidmət edir. İsrail 
								təhsilinin ana xəttini vətənə sevgi, azadlıq və 
								tolerantlıq ideyaları təşkil edir. Ölkənin 
								davamlı inkişafı naminə elmi və texniki 
								bacarıqlara əsaslanan yüksək səviyyəli, əhatəli 
								biliklər vermək İsrail təhsil sistemini 
								xarakterizə edən başlıca xüsusiyyətlərdəndir. 
								
								Ötən əsrdə bütün dünyada yaşayan yəhudilərin 
								böyük əksəriyyətinin İsrailə gəlməsi ölkə 
								təhsilinin ehtiyaclarının ciddi şəkildə 
								artmasına səbəb oldu. Məktəb və müəllimlərə olan 
								tələbatın ödənilməsi ilə yanaşı, müxtəlif mədəni 
								mənsubiyyətləri olan uşaqların, gənclərin 
								təhsilə  
								inteqrasiyasını təmin etmək üçün xüsusi 
								vəsaitlər və metodlar hazırlandı. İmmiqrant 
								şagirdlərə əvvəl yaşadıqları ölkədə 
								öyrənmədikləri fənləri, o cümlədən ivrit dilini, 
								tarixini tədris etmək üçün müvafiq kurikulumlar, 
								dərs vəsaitləri hazırlandı və qısamüddətli 
								kurslar təşkil olundu. İmmiqrant uşaqlarla 
								işləmək üçün yerli müəllimlər ixtisasartırma, 
								əcnəbi müəllimlər isə yenidənhazırlanma 
								kurslarına cəlb edildi. 
								
								İsrailin Təhsil Nazirliyi təhsil standartlarının 
								gender bərabərliyi, müəllimlərin statusunun 
								yüksəldilməsi, kurikulumların hazırlanması, elm 
								və texnologiyanın inkişafı sahəsində beynəlxalq 
								və müasir pedaqoji təcrübənin tətbiqi 
								proseslərinə rəhbərlik edir. Nazirliyin əsas 
								strategiyası bütün uşaqlar üçün bərabər təhsil 
								imkanının yaradılması və ali təhsil alanların 
								sayının artırılmasından ibarətdir.  
								
								Məktəbəqədər təhsil  
								
								İsraildə uşaqların ictimai mühitə uyğunlaşması 
								və dil baxımından inkişafının möhkəm təməl 
								üzərində qurulması üçün təhsilə erkən 
								yaşlarından başlanılır. 2 yaşlı uşaqların 
								əksəriyyəti, 3-4 yaşlı uşaqların isə demək olar 
								ki, hamısı məktəbəqədər təhsilə cəlb olunub. 
								Əksər proqramlar gündəlik qayğı mərkəzləri, 
								bəziləri isə özəl əsaslı olmaqla yerli idarələr 
								tərəfindən maliyyələşir. Təhsil Nazirliyi 
								əhalinin qismən kasıb hissəsinin təhsil aldığı 
								məktəbəqədər müəssisələr üçün xüsusi vəsait 
								ayırır.  
								
								5 yaşlı uşaqlar üçün bağçalar pulsuz və 
								icbaridir. Onlar üçün nəzərdə tutulmuş kurikulum 
								dil və riyazi anlayışların tədrisi, idrak, 
								yaradıcılıq qabiliyyətinin və sosial 
								bacarıqların inkişafını ehtiva edir. Uşaqların 
								təhsil aləminə açılan yolunda daha möhkəm təməl 
								qoyulması üçün məktəbəqədər təhsil kurikulumu 
								Təhsil Nazirliyi tərəfindən idarə olunur və bu 
								sənədin icrasına nəzarət edilir.  
								
								İbtidai və orta təhsil  
								
								Ölkədə 6 yaşından 18 yaşına qədər uşaqlar üçün 
								təhsil pulsuz və icbaridir. Formal təhsil 
								ibtidai məktəblərdən (I-VI siniflər) başlanır, 
								keçid (VII-IX siniflər) və orta məktəblərdə 
								(X-XII siniflər) davam etdirilir. İbtidai 
								məktəbləri bitirən şagirdlərin təxminən 9 faizi 
								internat-məktəblərdə oxuyur. 
								
								İsrail cəmiyyətinin milli mənəvi dəyərlərə 
								üstünlük verməsi ölkənin təhsil sistemində də 
								əksini tapır. Ölkədə məktəblər 4 qrupa bölünür. 
								Birincisi, şagirdlərin əksəriyyətinin oxuduğu 
								dövlət məktəbləri. İkincisi, iudaizm dininə, 
								adət və ənənələrinə əsaslanan dövlət dini 
								məktəbləri. Üçüncüsü, ərəb və Druza (Suriya və 
								Livanda İslam dininə əsaslanan dini sekta) 
								tarixinin, dininin, və mədəniyyətinin tədris 
								olunduğu ərəbdilli məktəblər. Dördüncüsü, 
								müxtəlif dini və beynəlxalq təşkilatların 
								dəstəyi ilə fəaliyyət göstərən özəl məktəblər. 
								Son illərdə valideynlərin uşaqların təhsilinə 
								artan marağını nəzərə alaraq bir sıra yeni 
								məktəblər də yaradılıb.  
								
								Məktəbdə tədris olunan dərslərin əksəriyyəti 
								icbari akademik fənlərdən ibarətdir. Fənn 
								mövzusu bütün sistem daxilində vahid olduğu 
								halda, hər bir məktəbə Təhsil Nazirliyi 
								tərəfindən təklif edilmiş çoxsaylı dərs və 
								tədris 
								materiallarını müstəqil seçmək imkanı verilir. 
								Şagirdlərin vətənpərvərlik tərbiyəsinə xüsusi 
								diqqət yetirilir. Belə ki, məktəblilərə hər il 
								milli ideyalardan bəhs edən bir mövzu əhatəli 
								şəkildə tədris olunur. Bu sıraya demokratik 
								dəyərlər, ivrit dili, immiqrasiya, Yerusəlim, 
								sülh, sənaye və digər müvafiq mövzular daxildir. 
								
								Orta məktəblərin böyük əksəriyyətində təbiət və 
								humanitar elmlər üzrə akademik kurikulum 
								əsasında tədris aparılır. Bu pilləni bitirən 
								şagirdlərə ali məktəbə qəbul imtahanı (matrikul) 
								sertifikatı verilir. Bu sənədlə ali məktəblərə 
								daxil olmaq mümkündür. Bəzi orta məktəblərdə 
								ixtisaslaşdırılmış fənn kurikulumları tədris 
								olunur. Bu proqram üzrə orta təhsil alanlara da 
								ali məktəbə qəbul imtahanı (matrikul) 
								sertifikatı və ya peşə diplomu verilir. 
								
								Orta texnologiya məktəblərində texniklər və 
								mühəndislərin 3 səviyyə üzrə təlimi təşkil 
								edilir. Bu tədris ocaqlarında oxuyan şagirdlər 
								ya ali təhsilə hazırlanır, ya peşə diplomları 
								alır, ya da əməli bacarıqlara yiyələnirlər. 
								
								Hərbi hazırlıq məktəblərində isə İsrail Müdafiə 
								Qüvvələri tərəfindən tələb olunan spesifik 
								sahələr üzrə kadrlar və texniklər hazırlanır. 
								Qız və oğlanların ayrıca oxuması üçün nəzərdə 
								tutulmuş Yeşiva (yəhudi) orta məktəblərində dini 
								biliklər daha dərindən öyrədilir. Ümumtəhsil 
								məktəblərində isə müxtəlif peşə, o cümlədən 
								mühasibatlıq, mexanika, elektronika, mehmanxana 
								xidməti, qrafika sənəti və digər sahələr üzrə 
								fənlər də tədris olunur. 
								  
								
								Orta məktəb yaşındakı şagirdlər həmçinin peşə 
								məktəblərində müxtəlif ixtisaslara yiyələnə 
								bilərlər. Sənaye, Peşə və Əmək Nazirliyi 
								tərəfindən təklif edilən peşə proqramları 3 və 
								ya 4 illikdir. Bu proqramlarda təhsilin ilk 2 
								ili nəzəri tədrisindən ibarətdir. Sonrakı 1-2 
								ildə isə həm nəzəri tədrisə, həm də seçilmiş 
								peşə üzrə istehsalat təcrübəsinə yer verilir. 
								Peşə məktəblərində bərbərlik, aşpazlıq, mexanika, 
								makinaçı və digər ixtisaslar üzrə kadrlar 
								hazırlanır. 
								
								Bundan başqa, İsraildə istedadlı, fiziki, əqli 
								və təlim qüsuru olan uşaqlar üçün xüsusi, eləcə 
								də fərdi proqramlar təklif olunur. Fiziki, əqli 
								və təlim qüsuru olan uşaqlar 3 yaşından 21 
								yaşına qədər pulsuz təhsillə təmin edilir.  
								
								Ali təhsil  
								
								Hələ İsrail dövlət kimi yaranmamışdan 
								əvvəl-1924-cü ildə İsrail Texnologiya İnstitutu 
								fəaliyyətə başlayıb. 1925-ci ildə təsis olunmuş 
								Yerusəlim Yəhudi Universiteti isə bütün 
								dünyadakı yəhudi alim və tələbələrini ölkəyə 
								cəlb etmək məqsədilə yaradılıb. 1948-ci ildə bu 
								ali məktəblərdə 1600 tələbə təhsil alırdı.  
								
								2009-2010-cu ilin statistik məlumatlarına görə, 
								ölkənin ali təhsil müəssisələrində 280000-dən 
								çox tələbə təhsil alıb. Onların 38 faizi 
								universitetlərin, 41 faizi kolleclərin, 21 faizi 
								isə Açıq Universitet vasitəsilə müxtəlif 
								kurslarda iştirak edən tələbələrin payına düşür. 
								
								Təhsil prosesinin qurulması və idarəetmə 
								baxımından tam müstəqilliyə malik olan İsrailin 
								ali təhsil müəssisələri müvafiq meyarlara cavab 
								verən bütün abituriyentlərə oxumaq imkanı verir. 
								Yeni immiqrantlar və münasib kvalifikasiyalara 
								malik olmayan tələbələr isə xüsusi hazırlıq 
								proqramında oxuduqdan sonra ali təhsil 
								müəssisələrinə qəbul ola bilərlər. 
								
								Bütün ali təhsil müəssisələri Ali Təhsil 
								Şurasına tabedir. Ali Təhsil Şurasına təhsil 
								naziri rəhbərlik edir. Şuranın üzvləri sırasında 
								akademiklər, icma nümayəndələri və bir tələbə 
								təmsil olunur. Şura akkreditasiya məsələlərinə 
								baxır, akademik dərəcələrin verilməsini təsdiq 
								edir, hökumətə ali təhsilin, elmi tədqiqatın 
								inkişafı və maliyyələşməsinə dair məsləhətlər 
								verir. 
								
								Ali Təhsil Şurasının Planlaşdırma və Qrantlar 
								üzrə Komitəsi maliyyə, o cümlədən büdcə təklifl ərinin 
								verilməsi məsələlərini yerinə yetirir, hökumət 
								və ali təhsil müəssisələri arasındakı 
								əməkdaşlığı təmin edir. Ali təhsil 
								müəssisələrinin büdcəsinin 70 faizi dövlət 
								vəsaitləri, 20 faizi təhsil haqları hesabına 
								formalaşır. Ali məktəblərin maliyyələşməsində 
								özəl mənbələrdən gələn vəsaitlər cəmi 10 faiz 
								təşkil edir. 
								
								İsraildə tələbələrin əksəriyyəti 21 yaşında ali 
								təhsil almağa başlayır. Bu, kişilər üçün 1 illik, 
								qadınlar üçün 2 illik hərbi xidmət müddətinin 
								müəyyənləşdirilməsindən irəli gəlir. Hazırda 
								İsraildə 20-24 yaşlı əhalinin yarıdan çoxu ali 
								təhsil müəssisələrində təhsil alır.  
								
								Yaşlıların təhsili  
								
								Təhsil Nazirliyi, eləcə də dövlət və özəl 
								müəssisələr tərəfindən maliyyələşən bir sıra 
								kurslar vasitəsilə yaşlıların təhsilinə geniş 
								imkanlar yaradılır. Böyük şəhərlərdə və bir çox 
								rayonlarda yaşlıların müxtəlif sahələr üzrə peşə 
								təhsili, təlimi və yenidən hazırlanmasını Təhsil 
								Nazirliyi ilə Sənaye, Peşə və Əmək Nazirliyi 
								birgə həyata keçirirlər. 
								
								Yaşlılar arasında təhsil və mədəni fərqliliyin 
								azaldılması üçün müxtəlif təhsil formalarından 
								istifadə edilir. Xüsusi hazırlanmış metoddan 
								istifadə etməklə ivrit dilinin müxtəlif 
								səviyyələrdə tədrisi immiqrantların, yaşlıların 
								İsrail həyatına inteqrasiya olunmasını 
								sürətləndirir.   
								
								Tədqiqat və inkişaf  
								
								İsrail tədqiqat və elmi inkişafa ən çox maliyyə 
								vəsaiti yatıran ölkələr sırasındadır. Təsadüfi 
								deyil ki, ötən illər ərzində bir çox İsrail 
								alimləri Nobel mükafatına layiq görülüblər. 
								2009-cu ildə Ueizmən Elmlər İnstitutunun 
								əməkdaşı Ada Yonat kimya sahəsində əldə etdiyi 
								nailiyyətlərə görə Nobel mükafatçıları sırasına 
								daxil olub. 
								
								İsraildə tədqiqat və elmi inkişaf əsasən 7 
								universitetdə, dövlət tədqiqat institutlarında, 
								tibbi mərkəzlərdə, yüzlərlə mülki və hərbi 
								müəssisələrdə həyata keçirilir. 
								
								Hökumət və dövlət qurumları tədqiqat və elmi 
								inkişaf üçün lazım olan vəsaitin yarıdan çox 
								hissəsini verir. Bu vəsaitlərin böyük hissəsi 
								iqtisadi inkişafa, əsasən də sənaye və kənd 
								təsərrüfatı sektoruna ayrılır. Müxtəlif səhiyyə 
								və sosial rifah sahələrinə aid tədqiqat işlərinə 
								də kifayət qədər vəsait sərf olunur. 
								
								Elmi tədqiqatların böyük əksəriyyəti 
								universitetlərdə həyata keçirilir. İsrail 
								universitetləri hər il çoxsaylı patent əldə 
								edirlər. Bu, universitetlər ilə sənaye sahələri 
								arasındakı praktik əlaqənin yüksək səviyyədə 
								olmasından irəli gəlir.  
								
								Hüquqi baxımdan müstəqil qurum olan İsrail Elm 
								Fondu rəqabətli tədqiqatın əsas maliyyə 
								mənbəyidir. İsrail Elm Fondu minlərlə fərdi 
								tədqiqatçıları, xüsusi proqramları 
								maliyyələşdirir.  
								
								Təhsilin idarə olunması  
								
								Təhsil Nazirliyi, əsasən məktəb kurikulumunun 
								hazırlanması, təhsil standartlarının tətbiqi, 
								müəllimlərin fəaliyyətinə nəzarət edilməsi, 
								məktəb binalarının tikilməsi məsələlərinə 
								nəzarət edir. Yerli təhsil idarələri isə 
								məktəblərə texniki xidmətin göstərilməsi ilə 
								yanaşı, təchizat və avadanlıqların alınmasına 
								cavabdehlik daşıyır. 
								
								Məktəbəqədər və ibtidai təhsil pilləsində 
								işləyən pedaqoji heyət nazirlik, yuxarı sinif 
								müəllimləri isə yerli təhsil idarələri 
								tərəfindən işə qəbul edilir. Təhsilin 80 faizi 
								hökumət və yerli təhsil idarələri, digər hissəsi 
								isə kənar mənbələr hesabına maliyyələşir. 
								
								İsraildə Təhsil Nazirliyi tərəfindən təsis 
								edilmiş xüsusi telekanal - Təhsil Televiziyası 
								fəaliyyət göstərir. Bu telekanalda xüsusi tədris 
								və elmi proqramlar, geniş ictimaiyyət üçün 
								təhsilə həsr olunmuş verilişlər yayımlanır. 
								Bundan əlavə, Təhsil Televiziyası yeni tədris 
								metodlarının hazırlanması istiqamətində 
								universitet müəllimləri ilə əməkdaşlıq edir. 
								
								Fasiləsiz təlim xidmətlərinin göstərilməsinə 
								sadiq qalan Təhsil Televiziyasında bütün yaş 
								qruplarını təmsil edən izləyicilərin maraqları 
								nəzərə alınır. Belə ki, məktəbəqədər təhsil üzrə 
								inkişafetdirici proqramlara, gənclər üçün 
								əyləncəli proqramlara və yaşlılar üçün təhsil 
								kurslarına geniş yer verilir.  
								
								
								
								Hazırladılar: 
								Bəşarət MƏMMƏDOV, 
								 
								Ramil HÜSEYNOV 
								
								
								Yazının hazırlanmasında İsrailin rəsmi dövlət 
								saytlarının materiallarından istifadə olunub.  |