| 
								 
								
								  
								 Şeffild 
								Universiteti (University of Sheffield) 
								İngiltərənin Cənubi Yorkşir əyalətindəki Şeffild 
								şəhərində yerləşir və Böyük Britaniyanın ən 
								nüfuzlu təhsil ocaqlarından biridir.  
								 
								
								Böyük Britaniyanın "Times Higher Education 
								Supplement - QS World Universities Rankings" 
								jurnalının 2009-cu ildə apardığı dünya 
								universitetlərinin reytinqinə əsasən, Şeffild 
								Universiteti 100 ən yaxşı ali məktəb arasında 
								82-ci yerdə olub. "Times Higher Education World 
								University Rankings"in 2010-cu il üzrə dünyanın 
								ən nüfuzlu universitetləri arasında apardığı 
								araşdırmaya əsasən, Şeffild Universiteti 137-ci, 
								"QS World University Rankings"in açıqlamasına 
								görə isə 69-cu yerdə qərarlaşıb.  
								
								Şeffild Universiteti Russell, N8 qruplarının, 
								Avropa Universitetləri Assosiasiyasının, Dünya 
								Universitetləri Şəbəkəsinin və Ağ Qızılgül 
								Universitetləri Konsorsiumunun üzvüdür.  
								
								Tarixi  
								 Şeffild 
								Universiteti üç kollecin birləşdirilməsi 
								nəticəsində yaranıb. 1879-cu ildə Şeffild 
								şəhərində ingilis xeyriyyəçisi Mark Fertin 
								yardımı nəticəsində humanitar və dəqiq elmlər 
								tədris ediləcək Fert Kolleci, 1828-ci ildə isə 
								Şeffild Tibb Məktəbi yaradılır. Fert Kollecinin 
								maliyyə dəstəyi nəticəsində 1884-cü ildə tətbiqi 
								elmlərin tədris edildiyi Şeffild Texnikumu 
								fəaliyyətə başlayır. 1897-ci ildə bu üç təhsil 
								müəssisəsi birləşdirilərək Şeffild Universitet 
								Kolleci yaradılır. 1905-ci ildə ali məktəbin adı 
								dəyişdirilərək Şeffild Universiteti olur. 
								1909-cu ildə Şeffild Universitetinin Edqard 
								Allen kitabxanası açılır. Həmin dövrdə 
								universitetdə cəmi 114 tələbə təhsil alırdı. 
								1919-cu ildə hərbi qulluqçuların geri dönməsi 
								nəticəsində universitet tələbələrinin sayı 
								sürətlə artaraq 1000-i keçir.   
								
								İlk vaxtlar universitet zəif inkişaf etsə də, 
								1950-1960-cı illərdə ali məktəb sürətlə 
								irəliləməyə başlayır. Həmin dövrlərdə Şeffild 
								Universiteti tələbələrinin sayı getdikcə artır, 
								yeni alimlər cəlb edilir, binalar tikilir, geniş 
								tədqiqatlar aparılır.  
								
								1995-ci ildə universitetin Tibb, stomatologiya 
								və səhiyyə fakültəsində Tibb bacısı və Mamalıq 
								Məktəbi açılır, Uinter küçəsindəki Sent Corc 
								xəstəxanası genişləndirilir, Nortern ümumi 
								hospitalının yeni binası istifadəyə verilir. 
								1997-ci ildə Şeffild Universiteti əcnəbi 
								tələbələrin buraya cəlb edilməsi ilə bağlı 
								layihələr həyata keçirir. 2000-ci illərdə 
								Şeffild Universitetinin tələbələrinin sayı 
								sürətlə artaraq 20000-i ötür, ali məktəbdə 
								milyonlarla funt-sterlinq dəyərində 
								tikinti-quruculuq və tədqiqat proqramları həyata 
								keçirilir.  
								 Büdcəsi 
								və təhsil haqqı 
								
								 2009-2010-cu tədris ilində Şeffild 
								Universitetinin illik gəlirləri 408610000 
								funt-sterlinq olub. Həmin vəsaitin 125775000-i 
								maliyyə şurası qrantları, 126822000-i təhsil 
								haqqı və təhsil sazişləri, 98748000-i tədqiqat 
								qrant və sazişləri, habelə digər vasitələr 
								hesabına əldə olunan gəlirlər təşkil edib. Bu 
								tədris ilində ali məktəbin ümumi xərcləri 
								388929000 funt-sterlinq olub. Göstərilən 
								məbləğin 218186000-i əməkdaşların əməkhaqqı, 
								32128000-i amortizasiya, qalanlarını isə digər 
								əməliyyat xərcləri təşkil edib. 
								
								2010-2011-ci tədris ilində Şeffild 
								Universitetində yerli və Avropa Şurası 
								ölkələrini təmsil edən tələbələrin bakalavr 
								səviyyəsində təhsil haqqı 3000 funt-sterlinq 
								təşkil edib. 2011-2012-ci tədris ilində həmin 
								məbləğin 6000-9000 funt-sterlinqə qədər 
								qaldırılması nəzərdə tutulur. Təhsil haqqının 
								qaldırılması yalnız yerli və Avropa Şurası 
								ölkələrini təmsil edən tələbələr üçün nəzərdə 
								tutulub. 2011-2012-ci tədris ilində 
								universitetdə bakalavr səviyyəsi üzrə oxuyan 
								əcnəbi tələbələrin təhsil haqqı İncəsənət və 
								İctimai elmlər fakültələrində 11490-13330, Saf 
								elmlər fakültəsində 13330-15100, Mühəndislik və 
								Tibb fakültələrində 15100-27290 funt-sterlinq 
								olacaq. Həmin tədris ilində magistratura və 
								doktorantura səviyyələri üzrə oxuyan tələbələrin 
								təhsil haqqı yerli tələbələr üçün 3732-18732 
								(Tibb fakültəsində), əcnəbi tələbələr üçün isə 
								11490-42290 (Tibb fakültəsində) funt-sterlinq 
								arasında dəyişir.   
								 Universitet 
								bu gün  
								
								Şeffild Universitetinin binaları bir-birinə 
								yaxın ərazidə yerləşsə də, universitetin əsas 
								kampusu yoxdur. Şeffild şəhərinin mərkəzindən 
								qərbdə bütövlüklə universitetə məxsus binalar 
								mövcuddur. Bu rayonda universitetin Tələbə 
								təşkilatı, Oktaqon mərkəzi, Fert məhkəməsi, 
								Coğrafiya və Planlaşdırma müəssisəsi, Dəqiq 
								elmlər bölməsi və kiçik muzeylərin olduğu Alfred 
								Denni binası, Deyton və Riçard Roberts tikilisi, 
								riyaziyyat və fizika elmlərinin yerləşdiyi Hiks 
								binası vardır. Universitetin kitabxanaları və 
								İncəsənət qülləsi də həmin ərazidədir. Burada 
								son illərdə tikilmiş binalardan İnformasiya 
								fondunu (2007), Saundhaus binasını (2008), 
								Cessop Qərbi binasını (2009) qeyd etmək olar. 
								Eyni zamanda 2010-cu ildə universitetin Qərbi 
								Bank kitabxanası, Şeffild Tələbə təşkilatı 
								binası, İncəsənət qülləsi yenidən əsaslı təmir 
								edilib.  
								
								Şeffild Universitetinin əsas binalarının 
								yerləşdiyi ərazidən şərqdə universitetin Sent 
								Corc kilsəsinin adına uyğun olaraq Sent Corc 
								kampusu yerləşir. Kampus Mappin küçəsindədir və 
								burada universitetin Mühəndislik fakültəsi, 
								İdarəetmə Məktəbi və Kompüter elmləri 
								departamenti, Törner Şüşə muzeyi, viktorian 
								üslubda tikilmiş qədim Cessop qadın xəstəxanası 
								mövcuddur. Kampusa yaxın ərazidə kral Eduardın 
								dövründə tikilmiş binalar, Sent Corc kilsəsi və 
								kilsəyə aid torpaq sahələri yerləşir. 
								 
								 Daha 
								qərbə doğru universitetin Ueston parkı, Ueston 
								Park muzeyi, Harold Kantor qalereyası, Krukesmur 
								ərazisində idman kompleksləri, Hallamşir Kral 
								xəstəxanasının yaxınlığında Tibb, stomatologiya 
								və səhiyyə fakültəsi yerləşir. 2010-cu ilin 
								noyabrında bu ərazidə kraliça II Yelizavetanın 
								təşəbbüsü ilə Şeffild Mütərəqqi (İrəliləyən) 
								Neyroelmlər İnstitutu istifadəyə verilib. 
								Uotna-Dirn, Roterhem və Bernsli əraziləri 
								arasında universitetin Manvers kampusu yerləşir. 
								
								Şeffild Universitetində 5 fakültə, 50 
								departament, 82 institut və elmi-tədqiqat 
								müəssisəsi fəaliyyət göstərir. Eyni zamanda 
								Yunanıstanın Saloniki şəhərində Şeffild 
								Universitetinin Beynəlxalq fakültəsi mövcuddur. 
								
								İncəsənət və humanitar elmlər fakültəsi 
								Arxeologiya, Bibliya elmləri, Fransız, Alman, 
								İspan, Rus və Slavyan tədqiqatları, Tarix, 
								Musiqi, Fəlsəfə departamentlərindən, İngilis 
								dili Məktəbindən, Müasir Dillərin Öyrənilməsi 
								Mərkəzindən ibarətdir. 
								
								Mühəndislik fakültəsinə Aerokosmik sənaye, 
								Avtomatik nəzarət və sistemlər mühəndisliyi, 
								Kimya və biologiya mühəndisliyi, Vətəndaş və 
								quruculuq mühəndisliyi, Kompüter elmləri, 
								Elektronika, Elektronika və elektrik 
								mühəndisliyi, Texniki materiallar, Maşınqayırma 
								departamentləri daxildir.  
								
								Saf elmlər fakültəsinə Heyvan və bitki aləmi 
								elmləri, Riyaziyyat və statistika, Tibbi 
								biologiya elmləri, Kimya, Molekulyar biologiya 
								və biote xnologiya, 
								Fizika və astronomiya, Psixologiya 
								departamentləri aiddir.  
								
								İctimai elmlər fakültəsi Memarlıq, Şərqi Asiya 
								tədqiqatları, İqtisadiyyat, Təhsil tədqiqatları, 
								Coğrafiya, Jurnalistika, Peyzaj, Hüquq, Siyasət, 
								Sosioloji tədqiqatlar, Şəhər və regional 
								planlaşdırma departamentlərindən, İnformasiya, 
								Menecment məktəblərindən ibarətdir. 
								
								Tibb, stomatologiya və səhiyyə fakültəsində 
								Ürək-damar elmləri, İnsan kommunikasiyası 
								elmləri, İnsan metabolizmi, İnfeksiya və 
								immunitet, Nevrologiya, Onkologiya 
								departamentləri, Stomatologiya, Tibb, Tibb 
								bacısı və Mamalıq, Səhiyyə və Əlaqəli Problemlər 
								məktəbləri mövcuddur. 
								
								Yunanıstanın Saloniki şəhərindəki Siti Kollecdə 
								fəaliyyət göstərən universitetin Beynəlxalq 
								fakültəsi Biznes administrasiyası və 
								iqtisadiyyat, Kompüter elmləri, Psixologiya, 
								Humanitar və sosial elmlər departamentlərindən, 
								İcraedici Təhsil Mərkəzindən ibarətdir. 
								
								Şeffild Universiteti zəngin kitabxana sisteminə 
								malikdir. Universitetin kitabxana sisteminə 
								bütün kampuslarda yerləşən 5 müxtəlif kitabxana 
								daxildir. Kitabxanalarda yer qıtlığı yaşandığı 
								üçün yeni kitablar gətirildikdə köhnə kitablar 
								Qərbi Bank kitabxanasının mağazasında 
								yerləşdirilir. Kitabxanalarda ümumilikdə 1300000 
								kitab və digər çaplı nəşr saxlanılır. Burada 
								minlərlə qəzet, jurnal, sənəd, mikrofilm, 
								biblioqrafik verilənlər bazası və elektron 
								resurs mövcuddur. 1850-ci ilədək çap edilmiş 
								kitablar kitabxananın Xüsusi kolleksiyalar 
								bölməsində qorunur. Bu bölmədə 500 il əvvələ aid 
								çaplı materiallar, əlyazmalar mövcuddur. Müəllim 
								və tələbələr həmin materiallarla bölmədən 
								müvafiq razılıq aldıqdan sonra tanış ola 
								bilərlər. Kitabxananın fondu tərəfindən əldə 
								olunan bütün elektron materiallar universitetin 
								hər bir üzvü üçün, onun olduğu yerdən asılı 
								olmayaraq, açıqdır.   
								 Şeffild 
								Universiteti bir neçə orqan tərəfindən idarə 
								olunur. Həmin orqanlara İcraçılar Şurası, 
								Universitet məhkəməsi, Şura və Senat daxildir. 
								İcraçılar Şurasının üzvləri vitse-kansler, 5 
								pro-vitse-kansler, 3 institusional pro-vitse-kansler 
								(Tədqiqat və innovasiya, Təhsil və tədris, 
								Xarici əlaqələr üzrə), qeydiyyatçı və katib, 
								maliyyə üzrə direktor, insan resursları (əməkdaşlar) 
								üzrə direktor, elmi katibdir. Universitet 
								məhkəməsi universitet və cəmiyyət arasındakı 
								əlaqələri tənzimləyən böyük orqandır və ruhani 
								olmayan şəxslərdən ibarətdir. Məhkəmənin üzvləri 
								Şeffild şəhərindən olan deputatlar, yepiskoplar, 
								eləcə də Cənubi Yorkşir polis xidmətinin əsas 
								konsteblləridir (İngiltərə və ABŞ-da aşağı polis 
								rütbəsi). Məhkəmə həmçinin İncəsənət Şurası, 
								Kral cəmiyyəti, Baş Tibbi Şuradan ibarətdir. 
								Şura universitetin maliyyə və mülkiyyət işlərinə 
								nəzarət edir.  
								
								Universitetin Senatı ali məktəbin akademik 
								işləri ilə məşğuldur. Bu, universitetin ən 
								nüfuzlu elmi orqanıdır və senatın üzvləri 
								vitse-kansler, 3 institusional və 5 fakültə pro-vitse-kanslerləri, 
								fakültə dekanları və əməkdaşları, 
								departamentlərin və məktəblərin rəhbərləri, 
								kitabxanaçılar, əməkdaşlar arasından seçilmiş 
								şəxslər, hər fakültədən seçilmiş tələbə, magistr 
								və doktorantlar arasından  seçilmiş iki tələbə, 
								Senat katibi və digər şəxslərdir. Kansler 
								universitetdə formal xarakter daşıyır, əsasən 
								elmi dərəcələrin verilməsi tədbirlərində iştirak 
								edir. Şeffild Universitetinin hazırkı kansleri 
								ser Piter Edvard Middlton, vitse-kansleri isə 
								2007-ci ildən bu vəzifəni daşıyan professor Kit 
								Bernettdir. Universitetdə  ümumilikdə 5533 nəfər 
								işçi çalışır. İşçilərin 397 nəfərini professor, 
								1160 nəfərini akademik, qalanlarını isə inzibati 
								heyət təşkil edir.  
								
								2010-2011-ci tədris ilində universitetdə təhsil 
								alan tələbələrin sayı ümumilikdə 24916 nəfər 
								təşkil edib. Tələbələrin 4000-ə qədəri dünyanın 
								130 ölkəsindən olan əcnəbi tələbələrdir. 
								 "2007-2015-ci 
								illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə 
								təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 
								Şeffild Universitetinin bakalavr səviyyəsində 
								Aslan Həmzə oğlu Aslanlı mühasibatlıq, maliyyə 
								və biznes menecmenti ixtisası üzrə təhsil alır.  
								2009-2010-cu tədris ilində Faiq Qalib oğlu 
								Abbasov, Pərviz Nəsir oğlu Muradov, Günay Baba 
								qızı Bayramova beynəlxalq münasibətlər, Fərid 
								Məmmədəli oğlu Babayev beynəlxalq maliyyə və 
								iqtisadiyyat ixtisasları üzrə Şeffild 
								Universitetinin magistratura səviyyəsinin məzunu 
								olublar.  
								
								Şeffild Universitetinin yataqxanaları Şeffild 
								şəhər mərkəzinin qərbində yerləşir. Burada 
								universitetin Tapton, Endkliff Veyl, Yarımay, 
								Kru mənzilləri, Berbaj, Stanec, Houden, Froqqat, 
								Rivelin, Yarnkliff, Berçen, Kerbar, Kartkliff, 
								Lourensfild, Deruent yataqxana kompleksləri, 
								Endkliff Tələbə kəndi mövcuddur. Bu ərazidə 
								tikilmiş yeni yataqxana kompleksləri 2007-ci ilə 
								aid Berbaj, 2009-2010-cu tədris ilində 
								istifadəyə verilmiş 1200 nəfərlik Renmur Tələbə 
								kəndidir. Universitet tələbələrin qalmaqları 
								üçün özəl mənzillər də təklif edir. Endkliff 
								Tələbə kəndində otaqların illik qiyməti 
								3272-5558, Renmur Tələbə kəndində 4577-6882, 
								əsas və mərkəzi kampuslardakı yataqxanalarda isə 
								3748-4948 funt-sterlinq arasında dəyişir.  
								Ümumiyyətlə, Şeffild şəhəri Böyük Britaniyada 
								yaşamaq və oxumaq üçün ən əlverişli və ucuz 
								şəhərlərdən biridir. 
								
								Şeffild Universitetinin tələbə təşkilatı 1906-cı 
								ildə yaradılıb. Tələbə təşkilatının xüsusi 
								kafeləri, restoranları, klubları, kinoteatrı, 
								supermarketi, idman zalları, yüzlərlə idman 
								komandası, teatr truppası, Forge tələbə 
								radiostansiyası, "Forge Press" tələbə qəzeti və 
								digər xidmət sahələri mövcuddur.  Universitetin 
								26 idman komandası mövcuddur. Onların idman 
								formaları qara və qızılı rənglərdən ibarətdir. 
								Universitetdə oğlanlardan ibarət badminton, boks, 
								basketbol, kanoe-polo, Amerika futbolu, futbol, 
								futzal, xokkey, örtülü kriket, lakross, reqbi, 
								voleybol, su polosu, xizəkçilik, qızlardan 
								ibarət badminton, basketbol, kanoe-polo, futbol, 
								futzal, xokkey, örtülü kriket, lakross, voleybol, 
								su polosu, xizəkçilik, qız və oğlanlardan ibarət 
								atletika, velosport, Muay Tay boksu, qolf, 
								frizbi, dzü-do, korfboll, lakross, avarçılıq, 
								skvoş, üzgüçülük, tennis, xizəkçilik və digər 
								idman komandaları fəaliyyət göstərir. 
								 
								
								Şeffild Universiteti fəaliyyəti dövründə çoxlu 
								sayda yazıçı, alim və iş adamı yetirib. 
								Universitetin məşhur məzunları arasında ədəbi 
								tənqidçi Uilyam Empson, yazıçı Ancela Karter, 
								siyasi nəzəriyyəçi Bernar Krik, beş Nobel 
								mükafatı laureatı var. Bu ali təhsil 
								müəssisəsində geniş sahələri əhatə edən yüksək 
								səviyyəli təhsil və tədris mövcuddur və dünya 
								səviyyəli tədqiqatlar aparılır. Universitet 
								"Boeing", "Rolls Royce", "Unilever", "Boots", 
								"AstraZeneca", "Slazenger" və s. kimi dünya 
								şöhrətli şirkətlər və xeyriyyə fondları, eləcə 
								də bir çox ölkənin nüfuzlu ali məktəbləri ilə 
								tədqiqat əməkdaşlığı aparır.    
								  
								
								
								
								Universitetin məşhur məzunları  
								
									
										|   | 
										
										
										Nikolas Liverpul | 
										
										
										Dominikan Respublikasının Prezidenti | 
										  | 
									 
									
										|   | 
										
										
										Devid Blankett  | 
										
										
										Böyük Britaniyanın sabiq daxili işlər 
										naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Baronessa Teylor | 
										
										
										Böyük Britaniyanın sabiq müdafiə naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Frederik Arçibald Uorner | 
										
										
										Avropa Parlamentinin sabiq üzvü | 
										  | 
									 
									
										|   | 
										
										
										Kadi Sesay | 
										
										
										Syerra-Leone dövlətinin sabiq ticarət və 
										sənaye naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Stüart Piç | 
										
										
										Böyük Britaniyanın aviasiya marşalı, 
										Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri | 
										  | 
									 
									
										|   | 
										
										
										Lim Neo Çian | 
										
										
										Sinqapur hərbi qüvvələrinin sabiq 
										rəhbəri | 
										  | 
									 
									
										|   | 
										
										
										Uesli Karr | 
										
										
										Böyük Britaniya Vestminister 
										abbatlığının sabiq dekanı | 
										  | 
									 
									
										|   | 
										
										
										Hovard Flori  | 
										
										
										tibb və fiziologiya üzrə Nobel mükafatı 
										laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Hans Krebs  | 
										
										
										tibb və fiziologiya üzrə Nobel mükafatı 
										laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Riçard Roberts | 
										
										
										tibb və fiziologiya üzrə Nobel mükafatı 
										laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Corc Porter | 
										
										
										kimya üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Harri Kroto | 
										
										
										kimya üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Helen Şarman | 
										
										
										Böyük Britaniyanın ilk astronavtı | 
										  | 
									 
									
										|   | 
										
										
										Con Tompson | 
										
										
										Kanada şairi | 
										  | 
									 
									
										|   | 
										
										
										Li Çayld, Coan Harris | 
										
										
										Böyük Britaniya yazıçıları  | 
										  | 
									 
									
										|   | 
										
										
										Toni Mils   | 
										
										
										Böyük Britaniyanın şahmat üzrə ilk 
										qrossmeysteri | 
										  | 
									 
									 
								
								
								                                                    
								                    Hazırladı: 
								Lamiyə ƏLİYEVA  | 
								  |