| 
								 
								AzərTAc xəbər verir ki, Azərbaycan Diplomatik 
								Akademiyasının (ADA) təşəbbüs və təşkilatçılığı, 
								Fransa Siyasi Elmlər İnstitutunun professoru, 
								Belçika parlamentinin fəxri sədri An-Mari 
								Lizinin dəstəyi ilə bu institutda Amerikada və 
								Avropanın müxtəlif ali məktəblərində təhsil alan 
								azərbaycanlı doktorantların ikigünlük konfransı 
								keçirilmişdir.  
								
								İyunun 10-da konfransı açan An-Mari Lizin 
								qonaqları salamlamış, Azərbaycan xarici işlər 
								nazirinin müavini, Azərbaycan Diplomatik 
								Akademiyasının rektoru Hafiz Paşayev tədbirin 
								məqsəd və vəzifələri barədə danışmışdır. 
								 
								
								Konfransın ilk günündə siyasi mövzularda 
								çıxışlar səslənmişdir.  
								
								Belçika parlamentinin keçmiş sədri, senator 
								An-Mari Lizinin Avropa və Azərbaycan 
								münasibətlərinə həsr olunmuş çıxışı maraqla 
								qarşılanmışdır. Belçikalı senator Avropanı 
								təhdid edən enerji böhranının aradan 
								qaldırılmasında neft və qazla zəngin olan 
								Azərbaycanın rolunu yüksək qiymətləndirmiş, son 
								illər ölkəmizin iqtisadiyyatının sürətli 
								inkişafından söhbət açmış, Avropa İttifaqının 
								enerji təhlükəsizliyinin aradan qaldırılması, 
								digər iqtisadi sahələrdə Azərbaycanla 
								əməkdaşlıqda maraqlı olmasından bəhs etmişdir.
								 
								
								İyunun 11-də öz işini davam etdirən konfransda 
								azərbaycanlı doktorantlar iqtisadiyyatla bağlı 
								üzərində çalışdıqları mövzular barədə məlumat 
								vermiş, ölkəmizin iqtisadi inkişafına toxunmuş, 
								Avropa dövlətlərinin iqtisadi göstəriciləri ilə 
								müqayisələr aparmışlar.  
								
								Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov 
								konfrans iştirakçıları qarşısında "İctimai 
								diplomatiya və elm adamlarının bu sahədə rolu" 
								mövzusunda məruzə ilə çıxış etmişdir. Səfir 
								Azərbaycanın yenidən öz müstəqilliyini bərpa 
								etdikdən sonra müxtəlif ölkələrlə diplomatik 
								əlaqə yaratmasından, dünyanın 60-dan çox 
								dövlətində səfirliklərimizin, daimi 
								nümayəndəliklərimizin və baş konsulluqlarımızın 
								fəaliyyət göstərdiyini diqqətə çatdırmış, 
								diplomat peşəsinin çətin, eyni zamanda şərəfli 
								peşə olduğunu xatırlatmş, ölkəmizin müstəqil 
								siyasət yeritdiyini xüsusi vurğulamış, 
								Azərbaycan-Fransa münasibətlərinə toxunmuşdur. 
								E.Əmirbəyov diplomatiyanın formalaşmasında elm 
								adamlarının xüsusi rol oynadıqlarını 
								bildirmişdir.  
								
								Səfir doktorantların suallarını ətraflı 
								cavablandırmışdır.  
								
								ADA-nın rektoru Hafiz Paşayev konfransla bağlı 
								müsahibəsində bildirmişdir ki, rəhbərlik etdiyi 
								təhsil ocağı ilə Amerikada təhsil alan 
								azərbaycanlı doktorantlar arasında sıx və 
								hərtərəfli münasibətlər yaranmışdır. Akademiya 
								ilk dəfədir ki, Avropada təhsil alan 
								doktorantlarla belə bir konfrans keçirir. Bu 
								konfransda hər bir doktorant çalışdığı mövzu 
								barədə məlumat verməklə yanaşı, öz potensial 
								imkanlarını da nümayiş etdirir. Belə konfranslar 
								keçirməklə biz xaricdə təhsil alan azərbaycanlı 
								doktorantlar arasında seçim edir, onların 
								arasından ən yaxşılarını üzə çıxarır və 
								Azərbaycan Diplomatik Akademiyasında işə dəvət 
								edirik. Mənim üçün Amerikada təhsil alan 
								azərbaycanlı doktorantlarla Avropanın ali 
								məktəblərində oxuyanların bilik səviyyəsinin 
								müqayisəsi xüsusi maraq doğururdu. Etiraf edim 
								ki, müəyyən dərəcədə fərqin şahidi oldum. 
								 
								
								ADA-nın icraçı dekanı Fariz İsmayılzadə 
								konfransla bağlı AzərTAc-ın xüsusi müxbirinə 
								müsahibəsində demişdir: "ADA hər il ənənəvi 
								olaraq xaricdə təhsil alan azərbaycanlı 
								doktorantların konfransını keçirir. Bu günlər 
								Parisdə keçirilən bu yığıncaq say hesabı ilə 
								bizim artıq beşinci konfransımızdır. Bundan 
								əvvəl belə konfransı Amerikada, sonra isə 
								ölkəmizdə keçirmişik. 2011-ci il üçün isə Avropa 
								qitəsini seçmişik. Konfransın məhz Fransada 
								keçirilməsini ona görə qərara almışıq ki, bu 
								ölkə Avropanın mərkəzində yerləşir. Digər 
								tərəfdən isə İngiltərənin, Almaniyanın, 
								İtaliyanın, Belçikanın, Hollandiyanın və digər 
								ölkələrin ali təhsil ocaqlarında təhsil alan 
								tələbələrimizi Parisə toplamaq daha asandır.
								 
								
								Məqsədimiz xaricdə təhsil alan azərbaycanlı 
								doktorantları müəyyən etməkdən və tanış olmaqdan 
								ibarətdir. Bu tanışlıq onların hansı elm 
								sahəsində araşdırmalar aparmalarına dair ətraflı 
								məlumat almaq imkanı verir, digər tərəfdən isə 
								doktorantların bir-biri ilə tanış olmalarına 
								şərait yaradır. Son nəticədə biz xaricdə təhsil 
								alan tələbələrimizi müəllim və yaxud tədqiqatçı 
								qismində akademiyada işə cəlb etməklə onları 
								Azərbaycana qaytarmaq istəyirik. Akademiyamız 
								bundan əvvəl də bu istiqamətdə təşəbbüslər 
								göstərmişdir.  
								
								Azərbaycan Diplomatik Akademiyası sürətlə 
								genişlənir. Akademiyada ali təhsilin bakalavr və 
								magistratura kimi dərəcələri fəaliyyət göstərir. 
								Bu il biznes fakültəsinın açılması nəzərdə 
								tutulmuşdur. Bütün bunlar akademiyada dərin 
								biliyə, hərtərəfli savada və dünyagörüşünə malik 
								kadrlara və müəllimlərə ehtiyac yaradır. Bu 
								ehtiyacı isə xaricdə təhsil alan azərbaycanlı 
								doktorantlar arasında seçim aparmaqla həll 
								etməyə çalışırıq".   |