| 
								 
								Prezident İlham Əliyev mərasimdə iştirak edib 
								
								 Prezident 
								İlham Əliyev Sumqayıt şəhərinə səfəri 
								çərçivəsində 1 saylı Uşaq-Gənclər İdman 
								Məktəbinin əsaslı təmir və yenidənqurmadan sonra 
								açılışında iştirak etmişdir.  
								Məktəbin 
								müəllim və şagirdləri dövlətimizin başçısını 
								hərarətlə qarşıladılar.  
								Prezident 
								İlham Əliyev məktəbin rəmzi açılışını bildirən 
								lenti kəsdi.  
								Məlumat 
								verildi ki, 1967-ci ildə istifadəyə verilmiş 
								məktəb müxtəlif idman növləri üzrə Olimpiya 
								oyunlarının, dünya və Avropa çempionatlarının 
								çoxlu sayda qalib və mükafatçılarını 
								yetişdirmişdir. Son vaxtlar məktəbin bir hissəsi 
								əsaslı şəkildə bərpa olunmuş, digər hissələri 
								isə tamamilə yenidən tikilmişdir. Tikinti və 
								əsaslı təmir işlərinə 2008-ci ildə 
								başlanılmışdır. Məktəbin ümumi ərazisi 3 
								hektardır. Qapalı tikililərin ərazisi 5500 
								kvadratmetrdir ki, bunun da 3000 kvadratmetri 
								yeni tikilidir. Kompleks bir neçə korpusdan 
								ibarətdir. Burada inzibati korpus, idman 
								zalları, müxtəlif təyinatlı otaqlar vardır.
								 
								Dövlətimizin 
								başçısı əvvəlcə futbol meydançasında 
								idmançılarla görüşdü, onlarla söhbət etdi. 
								Məktəbin futbol meydançası ən müasir tələblər 
								səviyyəsində qurulmuşdur. Meydançaya Niderland 
								Krallığından gətirilmiş təbii örtük döşənmişdir. 
								Burada məktəbin 136 şagirdi futbolun sirlərinə 
								yiyələnir. Stadionda keçirilən oyunları izləyən 
								tamaşaçılar üçün 670 yerlik tribuna 
								quraşdırılmışdır. İdman qurğusunda müasir drenaj 
								sistemi qurulmuşdur.  
								
								 Məktəblə 
								tanışlıq zamanı Prezident İlham Əliyevin 
								diqqətinə çatdırıldı ki, binanın birinci 
								mərtəbəsində boks, voleybol və basketbol 
								zalları, üzgüçülük hovuzu, tibb otağı, sauna 
								yerləşir. İkinci mərtəbədə isə trenajor zalı, 
								arxiv, loja, fitnes və tennis zalları fəaliyyət 
								göstərir. Bundan başqa, məktəbdə tir və müxtəlif 
								tədbirlərin keçirilməsi üçün konfrans zalı da 
								vardır.  
								Dövlətimizin 
								başçısı boks zalına baxdı. Burada idmanın bu 
								növü ilə məşğul olmaq üçün hərtərəfli şərait 
								yaradılmışdır.  
								Boks trenajor 
								zalı ilə tanışlıq zamanı Prezident İlham Əliyevə 
								məlumat verildi ki, burada quraşdırılan 
								avadanlıq müasir standartlara cavab verir. 
								Məktəbdə 72 gənc idmanın bu növü ilə məşğul 
								olur.  
								Ümumi sahəsi 
								1320 kvadratmetr olan basketbol zalı əsaslı 
								təmir olunmuş və məktəbdə idmanın bu növü ilə 
								məşğul olmaq üçün hər cür imkan yaradılmışdır. 
								Burada 100 gənc idmanın bu növünə cəlb 
								edilmişdir.  
								Məktəbdə 
								müasir üzgüçülük hovuzu da gənclərin ixtiyarına 
								verilmişdir. Uzunluğu 25 metr, ümumi sahəsi 1320 
								kvadratmetr olan hovuz yeni tikililər 
								sırasındadır. Burada ümumilikdə 100 nəfər 
								üzgüçülüklə məşğul olur.  
								Məktəbdəki 
								fitnes zalı da müasir səviyyədə yaradılmışdır. 
								Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, 
								burada ən müasir avadanlıq quraşdırılmışdır.
								 
								Tennis zalı 
								ilə tanışlıq zamanı bildirildi ki, hazırda 
								gənclərin idmanın bu növünə də marağı 
								artmaqdadır. Bu amil nəzərə alınaraq tennis 
								zalının imkanları genişləndirilmişdir. 
								 
								Məktəbdə boks 
								təlim zalı da gənclərin ixtiyarına verilmişdir.
								 
								Prezident 
								İlham Əliyev məktəbin trenajor zalına da baxdı. 
								Ümumi ərazisi 134 kvadratmetr olan zalda 
								məşqlərin davamlı keçirilməsi üçün müasir idman 
								qurğuları quraşdırılmışdır.  
								Tir otağında 
								isə 56 gənc atıcılıq vərdişlərinə yiyələnir. 
								Bütövlükdə məktəbin maddi-texniki bazasının 
								təchizatında dünyanın aparıcı şirkətlərinin 
								idman avadanlıqlarından istifadə edilmişdir.
								 
								Dövlətimizin 
								başçısına yeni yaradılmış iki tennis kortu 
								barədə də məlumat verildi.  
								Yenidənqurma 
								zamanı məktəbin həyəti abadlaşdırılmış, geniş 
								yaşıllıq zolaqları salınmışdır. Binanı elektrik 
								enerjisi ilə fasiləsiz təmin etmək üçün 
								yarımstansiya quraşdırılmışdır.  
								Məktəblə tanış 
								olan Prezident İlham Əliyev müəllim və 
								şagirdlərə uğurlar arzuladı.   
								
								
								AzərTAc  |