| 
								 
								Yeni fənn kurikulumlarının tətbiqi vəziyyəti ilə 
								bağlı Astara, Biləsuvar, Xaçmaz, Qusar, Qazax, 
								Samux, Şəki, Zaqatala rayonlarının ümumtəhsil 
								məktəblərində aparılmış araşdırma nəticəsində 
								müəyyən edilmişdir ki, həmin rayonların təhsil 
								şöbələri və ümumtəhsil məktəblərinin rəhbərliyi 
								tərəfindən göstərilən iş sahəsində bir sıra 
								təşkilati - metodik  tədbirlər həyata 
								keçirilmiş, ibtidai sinif müəllimlərinin müasir 
								pedaqoji ideyalar əsasında peşəkarlıq 
								səviyyəsinin artırılmasına diqqət 
								yetirilmişdir.   
								
								RTŞ-lərin fəaliyyət planlarında  Azərbaycan 
								Respublikası Nazirlər Kabineti tərəfindən 30 
								oktyabr 2006-cı il tarixdə təsdiq edilmiş 
								"Azərbaycan Respublikasında ümumi təhsilin 
								Konsepsiyası (Milli Kurikulumu)", 3 iyun 2010-cu 
								ildə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin 
								dövlət standartı və proqramları (kurikulumları)" 
								sənədlərindən irəli gələn tələblərin izahı və 
								təbliği istiqamətində tədbirlər nəzərdə 
								tutulmuş, təhsilyanı şuralarda fənn  
								kurikulumları və qiymətləndirmə mexanizmlərinin 
								tətbiqi vəziyyəti müzakirə edilmiş, seçmə yolla  
								I-III siniflərdə işləyən müəllimlərin nümunəvi 
								dərsləri  təşkil olunmuş, "Öyrədənlərin 
								öyrədəni" kursunu bitirən müəllimlər tərəfindən 
								maarifləndirici seminar  və "dəyirmi masa"lar 
								keçirilmişdir.  
								
								Bunlardan əlavə, ibtidai siniflər üzrə fənn 
								metodbirləşmələri tərəfindən perspektiv 
								planlaşma nümunələri hazırlanmış, qabaqcıl 
								müəllimlərin nümunəvi dərsləri videolentə 
								alınaraq əyani vəsait kimi məktəblərə 
								verilmişdir. "Kurikulum" jurnalında dərc olunmuş 
								materiallar məktəblərdə sistematik müzakirə 
								olunmuşdur. İbtidai sinif müəllimlərinin İKT 
								bacarıqlarına yiyələnməsinə, valideynlərlə 
								maarifləndirici tədbirlərin təşkilinə də  diqqət 
								yetirilmişdir. 
								
								Astara şəhər 2 nömrəli, Təngərüd, Selekəran kənd 
								tam orta, Qəcimərdə kənd ümumi orta, Biləsuvar 
								şəhər 4 nömrəli, Zəhmətabad kənd, Qusar şəhər 1, 
								2 və 5 nömrəli, Urva, Çiləgir, Avaran kənd, 
								Xaçmaz şəhər 2, 3, 6, 8, 9 nömrəli, Xudat şəhər 
								2, 3, 4 nömrəli, Əbilyataq, Müzəffəroba, Müşkür, 
								Yeni Həyat kənd, Qazax rayonu Çaylı, Samux  
								rayonu Qarayeri qəsəbə 1 nömrəli, Şəki rayonu 
								İnçə-Zunud kənd, Zaqatala rayonu Qandax kənd tam 
								orta məktəblərində fənn  kurikulumlarının  
								tətbiqi ilə bağlı daha səmərəli iş aparılmışdır. 
								
								Araşdırma zamanı ibtidai sinif müəllimlərindən 
								Mehman Ağayev (Astara, 2 nömrəli məktəb), Səlimə 
								Abdullayeva (Astara, 5 nömrəli məktəb), Sevinc 
								Fətullayeva (Astara, Təngərüd kənd məktəbi), 
								Fatma Hüseynova (Astara, Şahağacı kənd 1 nömrəli 
								məktəb), Sonaxanım Abbasova və Dilrubə Mənsimova 
								(Biləsuvar, 4 nömrəli məktəb), Nəzakət Kərimova 
								(Xaçmaz, Xudat şəhər 2 nömrəli məktəb), Tovuz 
								Quliyeva (Xaçmaz, Aşağı-Zeyid kənd məktəbi), 
								Lətifə Balakişiyeva (Qusar, 1 nömrəli məktəb), 
								Gültac Hüseynova (Qazax, Çaylı kənd məktəbi), 
								Məlahət Məmmədova (Samux, Qarayeri qəsəbə 1 
								nömrəli məktəb), Fərqanə Abdurrahmanova (Şəki, 
								İnçə-Zunud kənd məktəbi) və Şövkət Məmmədovanın 
								(Zaqatala, 3 nömrəli məktəb) müasir fənn 
								kurikulumları ilə iş sahəsində müsbət təcrübə 
								topladıqları və məqsədyönlü fəaliyyət 
								göstərdikləri müəyyən edilmişdir. 
								
								Bunlarla yanaşı, qeyd olunan rayonların bir sıra 
								məktəblərində ibtidai sinif müəllimlərinin işə 
								qəbulu, dərs bölgüsünün aparılması, təlim 
								keyfiyyətinin təmin edilməsi, məktəbdaxili 
								qiymətləndirmənin aparılması,  məktəb rəhbərləri 
								arasında  maarifləndirici tədbirlərin təşkili 
								sahəsində nöqsan və çatışmazlıqlara yol 
								verildiyi, həmçinin müəyyən problemlərin olduğu 
								da aşkara  çıxarılmışdır. 
								
								Belə ki,  əvvəlki illərdə zəruri ehtiyac olmadan 
								müəllimlərin işə qəbulu, sinif komplektlərinin 
								isə ilbəil azalması ibtidai siniflərdə işləyən 
								müəllimlərin sayının  sinif komplektlərinin 
								sayından xeyli artıq olması ilə nəticələnmişdir. 
								Hazırda Astara rayonu üzrə 424 sinif 
								komplektində 808, Biləsuvar rayonu üzrə 294 
								sinif komplektində 472, Şəki rayonu üzrə 623 
								sinif komplektində 1118, Zaqatala rayonu üzrə 
								375 sinif komplektində 827, Qazax rayonu üzrə 
								258 sinif komplektində 409, Samux rayonu üzrə 
								253 sinif komplektində 321 nəfər müəllim dərs 
								aparır. Təhlil göstərmişdir ki, bu faktla 
								əlaqədar vəziyyət Biləsuvar rayonu şəhər 2 və 4 
								nömrəli, Ağalıkənd kənd, Xırmandalı kənd 1 və 2  
								nömrəli, Astara şəhər 3 nömrəli,  Ərçivan qəsəbə 
								4 nömrəli, Şiyəkəran  kənd 1 nömrəli, Siyakü 
								kənd, Maşxan kənd,  Təngərüd kənd, Xaçmaz şəhər 
								3 və 7 nömrəli, Xudat şəhər 3 nömrəli, Qusar 
								şəhər 3 nömrəli, Samux şəhər 1 nömrəli, Qarayeri 
								qəsəbə 1 nömrəli, Sərkar kənd,  Şəki şəhər 20 
								nömrəli, İnçə-Zunud kənd, Kiş kənd 1 nömrəli, 
								Zaqatala şəhər 3 nömrəli, Əli Bayramlı kənd, 
								Qandax kənd tam orta məktəblərində daha ağırdır. 
								Eyni zamanda araşdırma aparılan rayonların bir 
								sıra məktəblərində qeyri-qanuni olaraq eyni 
								sinifdə iki, bəzən isə daha artıq müəllimin 
								işləməsi halları mövcuddur.  
								
								Həmçinin müəyyən edilmişdir ki, müəllimlərin 
								müəyyən hissəsinin fənn kurikulumlarında təsbit 
								olunmuş məzmun standartlarının reallaşdırılması, 
								qiymətləndirmə standartlarının tətbiqi, 
								interaktiv təlim metodlarından səmərəli istifadə 
								sahəsində bacarıqlarının təkmilləşdirilməsinə 
								hələ də ciddi ehtiyac vardır. Aparılmış sorğular 
								nəticəsində məlum olmuşdur ki, müəllimlərin 
								təxminən 30 faizi həmin məsələlərin həyata 
								keçirilməsində çətinlik çəkirlər.  
								
								Qeyd olunan rayonlar üzrə fəaliyyəti öyrənilən 
								məktəblərdə I-III sinif şagirdlərindən 20-30 
								faizinin oxu və yazı bacarıqlarının  indiki 
								tələbləri ödəmədiyi aşkara çıxarılmışdır. "Ana 
								dili", "Riyaziyyat", "Həyat bilgisi" fənlərindən 
								isə təlim nəticələri testlər vasitəsilə 
								yoxlanarkən  keyfiyyət göstəricisi Biləsuvar 
								(31,6 faiz),  Zaqatala (28,2 faiz), Şəki (26,4 
								faiz) rayonlarında xeyli aşağı  olmuşdur.. 
								
								Rayon təhsil şöbələrinin məsləhətçilərinin və 
								bütövlükdə metodkabinetlərinin fənn 
								kurikulumlarının tətbiqi istiqamətində məktəb 
								rəhbərlərinə və müəllimlərə metodik köməkliyi 
								lazımi səviyyədə deyildir, bu vacib məsələnin 
								həyata keçirilməsində məqsədyönlü sistem 
								yaradılmamışdır. Aşkara çıxarılan nöqsan və 
								çatışmazlıqların başlıca səbəbi də bilavasitə bu 
								amillə bağlıdır. Acınacaqlı haldır ki, Astara 
								RTŞ metodkabinetinin metodisti T.Əsgərov nəinki 
								kurikulum islahatlarından xəbərsizdir, o hətta 
								latın qrafikalı əlifba ilə yazmağı belə 
								bacarmır. 
								
								Həmçinin məlum olmuşdur ki, Astara, Xaçmaz və 
								Qusar rayonlarının məktəblərində II-III siniflər 
								üzrə ana dilindən mövzular  illik 
								planlaşdırılarkən  tədris planının tələbləri 
								gözlənilməmiş, azsaylı xalqların dillərinin 
								tədrisinə 2, Azərbaycan dili üçün 8 saat nəzərdə 
								tutulsa da, bu siniflərdə  Azərbaycan dilindən 
								planlaşma 10 saatla aparılmışdır. 
								
								Qeyd olunanları nəzərə alaraq  
								
								
								
								ƏMR  EDİRƏM:  
								
								1. Astara, Biləsuvar, Xaçmaz, Qusar, Qazax, 
								Samux, Şəki və Zaqatala    rayonlarının 
								ümumtəhsil məktəblərinin yeni fənn kurikulumları 
								tətbiq edilən ibtidai siniflərində təlimin 
								təşkili vəziyyəti barədə arayış nəzərə alınsın 
								(əlavə olunur). 
								
								2. Astara, Biləsuvar, Xaçmaz, Qusar, Qazax, 
								Samux, Şəki və Zaqatala RTŞ müdirləri 
								(Q.Məmmədova, B.Kazımov, M.Nurməmmədova, 
								N.Fərzəliyev, Ə.Dərgahquliyev, H.Əhmədov, 
								S.İsmayılova, H.Qurbanov):   
								
								2.1. Bu əmrin məzmununu ümumtəhsil məktəblərinin 
								pedaqoji kollektivlərinə çatdırsınlar, qeyd 
								olunan nöqsan və çatışmazlıqların 2011-2012-ci 
								dərs ilində aradan qaldırılması üzrə aşağıdakı 
								məsələləri əhatə edən fəaliyyət planının 
								hazırlanıb təsdiq olunmasını təmin etsinlər: 
								
								2.1.1. Bütün ümumtəhsil məktəblərinin ibtidai 
								siniflərində fənn kurikulumlarının tətbiqi 
								vəziyyətinin ətraflı təhlil olunması və 
								nəticədən asılı olaraq müvafiq tədbirlərin 
								müəyyənləşdirilməsi.  
								
								2.1.2. RTŞ aparatı və metodkabinetinin 
								əməkdaşlarının, məktəb rəhbərlərinin kurikulum 
								islahatlarının mahiyyəti və həyata keçirilməsi 
								yolları haqqında zəruri bilik və bacarıqlara 
								yiyələnməsinin təmin edilməsi. 
								
								2.1.3. İbtidai sinif müəllimlərinin tərkibinin 
								təhlili, hazırlıq səviyyəsi müasir tələbləri 
								ödəyən müəllimlərin müəyyənləşdirilməsi üçün 
								monitorinqlərin təşkili, məktəblərdə müəllim 
								sıxlığının aradan qaldırılması üçün tədbirlərin 
								görülməsi. 
								
								2.1.4. İbtidai sinif şagirdlərinin fənlər üzrə 
								bilik və bacarıqlarının ümumi təlim nəticələrinə 
								uyğunluğunu müəyyən etmək məqsədilə yoxlamaların 
								keçirilməsi, nəticələrin ümumiləşdirilib əməli 
								təkliflərin hazırlanması. 
								
								2.1.5. Qabaqcıl ibtidai sinif müəllimlərinin 
								təcrübəsinin öyrənilib yayılması, onların nümunə 
								dərslərinin və zəruri məsələlərlə bağlı 
								təqdimatlarının təşkili. 
								
								2.1.6. Fənn kurikulumlarının tətbiqi 
								problemlərinə həsr edilmiş seminarların, praktik 
								konfransların, valideynlər üçün maarifləndirici 
								tədbirlərin keçirilməsi. 
								
								2.1.7. Fənn kurikulumlarının tətbiqi ilə 
								əlaqədar məktəblərdə görülən işlərin yerli 
								KİV-lərdə işıqlandırılması. 
								
								2.1.8. "Kurikulum" jurnalında və digər pedaqoji 
								mətbuat orqanlarında kurikulum islahatları ilə 
								bağlı yazıların öyrənilməsinin və müzakirəsinin 
								təşkili. 
								
								2.1.9. Müəllimlərin İKT bacarıqlarına 
								yiyələnməsi və təlimdə İKT-dən geniş istifadə 
								olunması istiqamətində əməli tədbirlərin həyata 
								keçirilməsi. 
								
								2.2. Əmrin icrası vəziyyəti barədə 01 oktyabr 
								2011-ci il tarixədək nazirliyə ətraflı arayış 
								təqdim etsinlər. 
								
								3. Kənd rayonları üzrə ümumi təhsil şöbəsi 
								(A.Əhmədov), Kurikulum Mərkəzi (Ə.Abbasov) fənn 
								kurikulumlarının tətbiqi sahəsində problemlərin  
								aradan qaldırılması məqsədilə təhsil şöbələrinə 
								lazımi köməklik göstərsinlər.   
								
								4. Nəzərə alınsın ki: 
								
								4.1. İbtidai siniflərdə yalnız müvafiq öyrədici 
								təlim kursundan keçmiş müəllimlər dərs deyə 
								bilərlər. 
								
								4.2. Xarici dil və qismən də informatika fənləri 
								istisna  edilməklə digər fənlər bilavasitə sinif 
								müəllimlərinin özü tərəfindən tədris 
								olunmalıdır. Fiziki tərbiyə, təsviri incəsənət, 
								musiqi dərsləri yalnız sinif müəlliminin yazılı 
								razılığı ilə müvafiq ixtisas müəlliminə verilə 
								bilər. 
								
								5. Kənd rayonları üzrə ümumi təhsil şöbəsi 
								(A.Əhmədov), Strateji təhlil, planlaşdırma və 
								kadrların idarəolunması şöbəsi (F.Qədirov) bu 
								əmrin 4-cü bəndindəki müddəalar əsas tutulmaqla 
								2 həftə müddətinə təlimati məktub hazırlayıb 
								təsdiq üçün rəhbərliyə təqdim etsinlər. 
								
								6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu 
								əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil 
								xəbərləri" məcmuəsində dərc olunmasını təmin 
								etsin. 
								
								7. Əmrin icrasına nəzarət nazir müavini 
								İ.İsgəndərova həvalə olunsun.        
								
								
								
								Misir MƏRDANOV, 
								Azərbaycan Respublikasının təhsil naziri 
								
								
								
								4 iyul 2011-ci il  | 
								  |