| 
								 
								İyulun 12-də təhsil naziri Misir Mərdanov 
								"British Council" təşkilatının regional 
								direktoru Maykl Börd və bu qurumun Azərbaycan 
								üzrə direktoru Pol Klementsonla görüşüb. 
								
								 Misir 
								Mərdanov qonaqları səmimi salamlayaraq, onları 
								Təhsil Nazirliyində görməkdən məmnun olduğunu 
								ifadə edib. "British Council"ın ölkəmizdə həyata 
								keçirdiyi çoxsaylı uğurlu layihələrdən söz açan 
								nazir bu layihələr çərçivəsində əldə olunmuş 
								nəticələri xüsusi qeyd edib. Təhsil naziri 
								Bakının 7 pilot məktəbində müəllimlər üçün 
								keçirilən ən müasir ingilis dili təlim kursunun 
								əhəmiyyətindən danışıb və bu təşəbbüsün növbəti 
								tədris ilində 20 məktəbdə davam etdiriləcəyini 
								önə çəkib. Azərbaycanda ingilis dilinə böyük 
								maraq olduğunu bildirən Misir Mərdanov onu da 
								əlavə edib ki, bu gün "British Council" Təhsil 
								Nazirliyinin yüksək əməkdaşlıq etdiyi beynəlxalq 
								təşkilatlardandır.  
								
								Nazir ölkə Prezidenti cənab İlham Əliyevin 
								"2011-2021-ci illərdə Azərbaycan təhsilinin 
								inkişafı üzrə Milli Strategiya"nın hazırlanması 
								haqqında sərəncam imzaladığını və bu sərəncama 
								uyğun olaraq təhsil sahəsi üzrə qısa müddət 
								ərzində yeni strategiyanın hazırlanacağını 
								qonağın diqqətinə çatdırıb. Misir Mərdanov bu 
								sənədin hazırlanmasında ölkəmizdə fəaliyyət 
								göstərən beynəlxalq təşkilatların, xüsusilə 
								"British Council"in imkanlarından istifadə 
								olunmasının məqsədəuyğunluğunu vurğulayıb. Nazir 
								həmçinin son illər Azərbaycanda təhsil sahəsi 
								üzrə atılan mühüm addımlar, həyata keçirilən 
								yeniliklər barədə də məlumat verib. 
								
								Daha sonra Misir Mərdanov Təhsil Nazirliyi ilə 
								"British Council" təşkilatı arasında yaradılmış 
								əlaqələrin genişləndirilməsi istiqamətlərinə 
								toxunub. Təhsil naziri Azərbaycanda təlim tam 
								ingilis dilində və yaxud hər iki dildə aparılan 
								məktəbin yaradılmasını, ölkəmizdə ingilis 
								dilinin tədrisi vəziyyətinin monitorinqinin 
								keçirilməsini, ümumtəhsil məktəbləri üçün 
								ingilis dili dərslik və dərs vəsaitlərinin birgə 
								hazırlanması təklifini irəli sürüb.  
								
								"British Council" təşkilatının regional 
								direktoru Maykl Börd səmimi qəbul və verilən 
								məlumat üçün təşəkkürünü bildirib. Azərbaycan 
								Respublikasının Təhsil Nazirliyi ilə uğurlu 
								əməkdaşlığın mövcudluğunu qeyd edən qonaq bu 
								tərəfdaşlıqdan razı qaldıqlarını ifadə edib. 
								Maykl Börd "British Council" təşkilatının 16 
								ölkə üzrə məsul şəxs olduğunu vurğulayıb,  həmin 
								ölkələr içərisində Azərbaycanın xüsusi yerini 
								nəzərə çatdırıb. Birgə layihələrin önəmli 
								nəticələrindən danışan qonaq bu əməkdaşlığın 
								davam etdirilməsinə hazır olduqlarını bildirib. 
								Qonaq eyni zamanda hazırda Azərbaycanın təhsil 
								sistemi üzrə prioritet sahələrlə maraqlanıb. 
								
								Misir Mərdanov, öz növbəsində, müəllim nüfuzunun 
								qaldırılmasının, onların ixtisasının artırılması 
								və yenidən hazırlanmasının, təhsilin idarə 
								olunmasının, dərsliklərin, kurikulumların 
								hazırlanmasının və digər məsələlərin ölkə 
								təhsili üçün prioritet istiqamətlər olduğunu 
								qeyd edib. 
								
								Görüşdə Böyük Britaniya universitetləri ilə 
								Azərbaycanın ali təhsil müəssisələri arasında 
								əlaqələrin genişləndirilməsi, orta və peşə 
								təhsili sahəsi üzrə əməkdaşlığın yaradılması, 
								azərbaycanlı gənclərin Böyük Britaniya 
								universitetlərində təhsili, məktəblərdə ingilis 
								dilinin tədrisi, müəllim-tələbə mübadiləsinin 
								təşkili və digər bu kimi məsələlər ətrafında 
								fikir mübadiləsi aparılıb.  |