| 
								 
								İyulun 14-də Təhsil Nazirliyində Azərbaycan 
								Respublikasının təhsil naziri Misir Mərdanovun 
								və təhsil işçilərindən ibarət nümayəndə 
								heyətlərinin son vaxtlar bir sıra xarici 
								ölkələrə etdikləri səfərlərin nəticələrinə həsr 
								olunmuş yığıncaq keçirildi. Təhsil Nazirliyinin  
								rəhbərliyi və şöbə müdirlərinin, birbaşa Təhsil 
								Nazirliyinə tabe olan lisey və gimnaziyaların 
								direktorlarının iştirak etdikləri yığıncaqda üç 
								səfərlə bağlı təqdimatlar dinlənildi. 
								 
								
								 Yığıncağı 
								açaraq zala toplaşanları salamlayan təhsil 
								naziri Misir Mərdanov özünün rəhbərlik 
								etdiyi nümayəndə heyətinin bu il iyunun 20-dən 
								29-dək İsveç Krallığına və Finlandiyaya həyata 
								keçirdikləri təlim səfəri barədə məlumat verdi. 
								Öncə İsveç səfərindən hazırlanan təqdimat 
								diqqətə çatdırıldı. İsveç Krallığının dünyanın 
								ən demokratik və inkişaf etmiş ölkələrdən biri 
								olduğunu deyən nazir bu ölkə haqqında bəzi 
								statistik rəqəmlərlə iclas iştirakçılarını tanış 
								etdikdən sonra İsveçin təhsil sistemi barədə 
								məlumat verdi.  
								
								Qeyd olundu ki, İsveç Krallığının maraqlı 
								struktura malik olan təhsil sisteminin ilk 
								pilləsini məktəbəqədər təhsil təşkil edir. 
								Təhsilin bu pilləsi dörd il davam etməklə 1-5 
								yaşlı uşaqları əhatə edir. Ölkədə 20732 uşaq 
								bağçası fəaliyyət göstərir ki, onlarda da 
								800000-dən artıq uşaq məktəbəqədər təhsillə 
								əhatə olunub. 6 yaşlı uşaqlar üçün birillik 
								məktəbəqədər hazırlıq sinifləri mövcuddur. Ölkə 
								üzrə 3843 məktəbəqədər hazırlıq sinfi fəaliyyət 
								göstərir. İsveç Krallığında 1-6 yaşlı uşaqların 
								95 faizi məktəbəqədər təhsilə cəlb olunub. 
								Bundan başqa, ölkədə məktəbəqədər yaşlı uşaqlar 
								üçün bağçalarla yanaşı, gündəlik qayğı və asudə 
								vaxt təşkili mərkəzləri də fəaliyyət göstərir.
								 
								
								Məktəbəqədər təhsildən sonra gələn icbari təhsil 
								pilləsi 7-16 yaşlı uşaqları əhatə edərək 9 il 
								davam edir. Ölkə üzrə icbari təhsil 
								müəssisələrində 960000 şagird oxuyur. İsveçdə 
								tam orta təhsil 3 il davam etməklə 16-19 yaşlı 
								uşaqları əhatə edir. İcbari təhsili başa vuran 
								şagirdlərin demək olar ki, hamısı orta təhsilin 
								yuxarı pilləsində təhsilini davam etdirir. 
								Təhsil naziri diqqəti təhsilin bu pilləsindəki 
								müəssisələrə cəlb edərək İsveçdə iki cür 
								gimnaziyanın - həm tam orta təhsil, həm də peşə 
								təhsili verən gimnaziyaların olduğunu bildirdi. 
								Qeyd etdi ki, İsveçdə tam orta məktəblər 
								bizdəkindən fərqli olaraq ayrı fəaliyyət 
								göstərir və hazırda ölkədə 1015 gimnaziya 
								mövcuddur. Orta təhsilin yuxarı pilləsi 17 milli 
								proqramdan ibarətdir ki, onların da 13 peşə 
								təhsili (xüsusi təyinatlı proqramlar), 4-ü isə 
								ali təhsilə hazırlıq proqramıdır.  
								
								 Gimnaziyalarda 
								390 min şagird təhsil alır. Onlarla 38500 
								nəfərlik pedaqoji heyət məşğuldur. 
								Müəllim-şagird nisbəti 1:10-dur. Bir orta məktəb 
								şagirdinə düşən illik xərc 9-10 min avrodur.
								 
								
								Sonra təhsil naziri İsveç Krallığının ali təhsil 
								sistemi barədə qısa məlumat verərək onun üçillik 
								bakalavr, ikiillik magistr və dörd il PhD 
								pillələrindən ibarət olduğunu söylədi, ali 
								təhsil müəssisələrinin və orada təhsil alan 
								tələbələrin sayı haqqında rəqəmləri diqqətə 
								çatdırdı. Qeyd olundu ki, İsveçdə ali təhsil 
								pulsuzdur. Ölkədə 17 dövlət və 3 özəl 
								universitet, 11 dövlət və 8 özəl universitet 
								kolleci, 6 dövlət, 2 özəl incəsənət kolleci 
								fəaliyyət göstərir. Ali məktəblərdə 433000 
								tələbə təhsil alır. Doktoranturada təhsil 
								alanların sayı isə 17200 nəfərdir. Ölkənin ali 
								məktəblərində təxminən 37-40 min xarici 
								tələbənin təhsil aldığını, xaricdə oxuyanların 
								isə 24-25 min nəfər təşkil etdiyini deyən nazir 
								həmin göstəricilərin əhalisi bizim ölkənin 
								əhalisinin sayına bərabər olan İsveçdə ölkəmizə 
								nisbətən çox-çox yüksək olduğunu vurğuladı.
								 
								
								Təqdimatda daha sonra İsveç Krallığının təhsil 
								sisteminin idarə olunması, maliyyələşdirilməsi 
								məsələlərindən söz açıldı, Milli Təhsil 
								Agentliyi, peşə sahələri, işə qəbul proqramı, 
								təhsildən sonra işə düzəlmənin vəziyyəti barədə 
								məlumatlar diqqətə çatdırıldı, ölkəmizin təhsil 
								sistemi ilə müqayisələr aparıldı.  
								
								Daha sonra təhsil naziri Finlandiyaya səfərləri 
								barədə məlumat verdi. Qeyd etdi ki, təhsil 
								sistemi və təhsilin strukturuna görə təxminən 
								İsveç Krallığı ilə eyni olan Finlandiyada təhsil 
								siyasətini icra edən ali icraedici orqan 
								Finlandiya Mədəniyyət və Təhsil Nazirliyidir. 
								Ölkədə müəllimlik ən nüfuzlu peşədir. Ali 
								məktəblərə qəbulda ən böyük müsabiqə də məhz 
								müəllimlik ixtisaslarında olur. Yeni işə 
								başlayan müəllimlərin əməkhaqqı 2000 avro olur. 
								Sonralar dərəcələr qalxdıqca bu göstərici 
								4000-4500 avroya çatır. Ölkədə məktəbəqədər 
								yaşlı uşaqların 100 faizi məktəbəqədər təhsillə 
								əhatə olunub.  
								
								Səfər zamanı iki məktəbdə və bir bağçada 
								olduqlarını deyən təhsil naziri həmin 
								müəssisələrin yüksək maddi-texniki bazaya malik 
								olduqlarını, məktəblərdə gündə üç dəfə 
								şagirdlərə isti yemək verildiyini, hər iki 
								ölkədə bizim ölkəmizlə əməkdaşlıq etməyə meyil 
								göstərildiyini diqqətə çatdırdı.  Qeyd olundu 
								ki, Finlandiyada da məktəbəqədər hazırlıq 
								sinifləri pulsuzdur, məktəblərdə orta sıxlıq 13 
								nəfərdir, ölkənin ümumtəhsil məktəblərində 600 
								minə yaxın şagird təhsil alır.  
								
								Təqdimatda Finlandiyanın peşə təhsili, ali 
								təhsil sistemləri barədə ətraflı məlumatlar 
								verildi, bu pillələrdəki təhsil müəssisələrinin, 
								onlarda təhsil alanların sayını göstərən 
								rəqəmlər misal gətirildi. Diqqətə çatdırıldı ki, 
								əhalisi bizim ölkəmizin əhalisindən təxminən iki 
								dəfə az olan Finlandiyada peşə təhsili 
								müəssisələrində bizdəkindən təxminən on dəfə çox 
								- 146 min uşaq təhsil alır.  
								
								Təhsil naziri təqdimatının sonunda hər iki ölkə 
								ilə təhsil sahəsində əməkdaşlıq imkanlarının 
								mövcud olduğunu söyləyib, bununla bağlı irəli 
								sürülən təklifləri diqqətə çatdırdı. 
								
								
								
								*** 
								
								 İclasda 
								növbəti təqdimatla təhsil nazirinin müavini, 
								tarix elmləri doktoru, professor İradə 
								Hüseynova çıxış edərək Böyük Britaniyaya 
								səfəri barədə məlumat verdi. Nazir müavini 
								bildirdi ki, 2011-ci il iyunun 19-dan 21-dək 
								Avropanın ən məşhur elm mərkəzlərindən biri olan 
								Oksford Universitetində (Böyük Britaniya) Avropa 
								"Liderlər sammiti" keçirilib və o, sammitdə 
								Azərbaycanı təmsil edib. Nazir müavini İradə 
								Hüseynova öncə sammitin əhəmiyyətini qeyd edib, 
								onun bizim ölkə üçün çox əhəmiyyətli olduğunu, 
								Azərbaycan Respublikasının həyati əhəmiyyətli 
								bütün sahələrdə öz mötəbərliyi və nüfuzunu, ilk 
								növbədə, intellektual və elmi potensialını bütün 
								dünyaya nümayiş etdirmək imkanı əldə etdiyini 
								bildirdi. Qeyd etdi ki, sammitin keçirilməsi 
								üçün kifayət qədər zəngin, maraqlı və çoxsahəli 
								proqram hazırlanmışdı. İştirakçıların yüksək 
								təmsilçilik səviyyəsini isə xüsusi qeyd etmək 
								lazımdır. Belə ki, sammitdə Oksford şəhərinin 
								meri Ledi Ellis Bencamin, Avropa Parlamentinin 
								üzvü Derek Klark, Avropa Biznes Assambleyasının 
								baş direktoru Con Nettin, Avropa Rektorlar 
								Klubunun prezidenti Vil Qudheyer, Beynəlxalq 
								Liderlər Klubunun prezidenti Pol Briqqs, Samsun 
								(Türkiyə) şəhərinin meri Yusuf Zif Yılmaz, 
								sammitdə iştirak edən ölkələrin Böyük 
								Britaniyadakı diplomatik missiyalarının, eyni 
								zamanda dünyanın 37 ölkəsindən elm-təhsil, 
								biznes elitasının nümayəndələri iştirak 
								edirdilər.  
								
								Avropa rektorlarının bir araya gəldiyi görüşdə 
								ilk olaraq ona söz verildiyini deyən nazir 
								müavini elm və təhsildə innovasiya proseslərinin 
								həyata keçirilməsi vacibliyi problemlərinə, 
								Azərbaycan Respublikasında elm və təhsilin 
								inkişafına dair məruzə ilə çıxış etdiyini 
								bildirdi. Qeyd etdi ki, görüşdə daha sonra Böyük 
								Britaniyanın İmmiqrasiya xidmətinin rəhbəri 
								Qevin Cons, Oksforddan olan kollec rektorları 
								Endi Tomson və Salli Diketts, Kipr, Nigeriya, 
								Makedoniya universitetlərinin rektorları və 
								başqaları çıxış ediblər. Liderlər sammitinin 
								keçirilməsi proqramına Oksford Şəhər Şurasında 
								şəhərin meri ledi Ellis Bencamin ilə işgüzar 
								görüş də daxil idi. Görüşdə elmin və ali 
								təhsilin strategiya və siyasəti məsələləri 
								müzakirə olundu, fikir mübadiləsi aparıldı.
								 
								
								Sammitdə 2011-ci il üçün Beynəlxalq Sokrat 
								mükafatının 48-ci təqdimolunma mərasiminin 
								keçirildiyini deyən İ.Hüseynova özünün "Müasir 
								cəmiyyətin intellektual inkişafındakı 
								xidmətlərinə görə" bu mötəbər beynəlxalq 
								mükafata layiq görüldüyünü söylədi və bunu təkcə 
								özünün xidmətlərinə deyil, bütövlükdə Azərbaycan 
								elm və təhsilinə verilən böyük dəyər olduğunu 
								vurğuladı. Sonra mükafatın İ.Hüseynovaya təqdim 
								olunması mərasimindən bəhs edən videoçarx 
								nümayiş olundu. 
								
								Təhsil naziri Misir Mərdanov və iclas 
								iştirakçıları yüksək mükafata layiq görülməsi 
								münasibətilə İ.Hüseynovanı təbrik etdilər. 
								
								Təqdimatda daha sonra sammit çərçivəsində 
								keçirilən görüşlərdən söz açıldı. 
								
								
								
								*** 
								
								 2011-ci 
								ilin 9-13 may tarixlərində Intel ISEF Beynəlxalq 
								Müsabiqəsində iştirak etmək üçün ABŞ-da səfərdə 
								olmuş təhsil işçilərindən ibarət nümayəndə 
								heyətinin rəhbəri, Təhsil Nazirliyi Elm 
								şöbəsinin müdiri Gültəkin Hüseynovanın da 
								yığıncaqda təqdimatı dinlənildi. 
								
								G.Hüseynova təqdimatında öncə müsabiqə haqqında 
								ümumi məlumat verdi. Bildirdi ki, Intel ISEF 
								(Intel International Science and Engineerıng 
								Fair) - Beynəlxalq Elm və Mühəndislik Sərgisi - 
								ildə bir dəfə ABŞ-da keçirilən şagird 
								elmi-tədqiqat layihələrinin müsabiqəsidir.
								 
								
								60 ildən çoxdur ki, keçirilən müsabiqənin 
								nüfuzundan danışan G.Hüseynova onun 20-dən çox 
								qalibinin sonralar Nobel mükafatı laureatı 
								olduğunu, 3 qalibinin isə riyaziyyat sahəsində 
								ən yüksək mükafat sayılan Filds mükafatı 
								aldığını diqqətə çatdırdı.  
								
								G.Hüseynova bildirdi ki, növbəti 62-ci müsabiqə 
								bu il mayın 9-dan 13-dək Kaliforniya ştatının 
								Los-Anceles şəhərində təşkil olunmuşdur. Finalda 
								65 ölkədə keçirilmiş 443 seçim müsabiqəsinin 
								qalibləri olan 1500-dən çox şagird iştirak 
								edirdi. O, diqqətə çatdırdı ki, bu mötəbər 
								yarışmanın açılış mərasiminə finalçı şagirdlər, 
								Intel-in əməkdaşları, müxtəlif ölkələrdən gəlmiş 
								alimlərlə yanaşı, 7 nəfər Nobel mükafatı 
								laureatı da qatılmışdı.  
								
								Sonra G.Hüseynova müsabiqə proqramına uyğun 
								olaraq mayın 12-də "Los Anceles Convention 
								Center"də keçirilən "Açıq qapı" günü haqqında 
								məlumat verdi. 
								
								Layihələrin qiymətləndirilməsinin 17 kateqoriya 
								üzrə aparıldığını deyən təqdimatçı bu işə hakim 
								qismində dünyanın müxtəlif ölkələrindən dəvət 
								olunmuş 1000-ə yaxın alimin cəlb edildiyini 
								söylədi.  
								
								Təqdimatda müsabiqənin şərtləri, mükafatları 
								haqqında da ətraflı söz açıldı.   
								
								Sonra G.Hüseynova təqdimatında hər il müsabiqə 
								zamanı  fəaliyyət göstərən Intel Təlim 
								Akademiyası haqqında danışıb, akademiyaya ilk 
								dəfə dəvət olunan ölkələrin nümayəndələrinə 
								milli müsabiqələrin hazırlanması və 
								keçirilməsinə dair tövsiyələr verildiyini və 
								həmin tövsiyələrə istinad olunaraq Azərbaycan 
								üçün fəaliyyət planının hazırlandığını diqqətə 
								çatdırdı və həmin planın bəzi maddələri ilə 
								yığıncaq iştirakçılarını tanış etdi.   
								
								
								
								Yusif ƏLİYEV  |