| 
								 
								 İyulun 14-də Təhsil Nazirliyində Akkreditasiya 
								Şurasının növbəti iclası keçirilib.  
								
								 İclasda 
								Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universiteti, 
								Bakı Texniki Kolleci və Sumqayıt Musiqi 
								Kollecinin akkreditasiyası  məsələsi müzakirə 
								olunub.  Tədbiri giriş sözü ilə açan təhsil 
								naziri Misir Mərdanov öncə ali və orta ixtisas 
								təhsili müəssisələrinin akkreditasiyası 
								istiqamətində aparılmış işlərdən söz açıb və bu 
								işin təhsil sahəsinin daha da inkişafına xidmət 
								etdiyini qeyd edib. Misir Mərdanov eyni zamanda 
								şuranın üzvlərinə öz tövsiyə və tapşırıqlarını 
								da verib. 
								
								Sonra iclas iştirakçıları Akkreditasiya 
								Şurasının ötən iclasında Elm və Təhsil Mərkəzi 
								"Təfəkkür" Universitetinə dair dinlənilmiş 
								arayışa və həmin vaxtdan keçmiş dövr ərzində 
								qüsurların aradan qaldırılması istiqamətində 
								görülmüş işlərə əsasən, bu təhsil müəssisəsinin 
								akkreditasiyadan keçirilməsi barədə qərar qəbul 
								edib.  
								
								İclasda Bakı Texniki Kolleci üzrə Akkreditasiya 
								Komissiyasının sədri, Azərbaycan Texniki 
								Universitetinin dosenti Həmidulla Məmmədov Bakı 
								Texniki Kollecinin akkreditasiyadan 
								keçirilməsinə dair müvafiq hesabat 
								hazırlandığını və Təhsil Nazirliyinə təqdim 
								edildiyini bildirib. H.Məmmədov qeyd edib ki, 
								həmin hesabatı təhlil etmək, Akkreditasiya 
								Şurasının müzakirəsinə çıxarmaq məqsədilə Təhsil 
								Nazirliyinin əməkdaşlarından və ixtisaslar üzrə 
								ekspertlərdən ibarət Akkreditasiya Komissiyası 
								yaradılıb. H.Məmmədov kollecdə tədrisin təşkili 
								vəziyyətinin təhlil edildiyini, mütəxəssis 
								hazırlığının keyfiyyətini öyrənmək məqsədilə 
								sonuncu kurs tələbələrinin bilik səviyyəsinin 
								yoxlanıldığını diqqətə çatdırıb. Daha sonra 
								çıxışında iclas iştirakçılarını bu yoxlamanın 
								nəticələri ilə tanış edən komissiya sədri 
								kollecdə təhsil alan tələbələr, müvafiq 
								ixtisaslar üzrə kadr hazırlığının həyata 
								keçirilməsi, müəllimlərin sayı və yaş tərkibi, 
								habelə Akkreditasiya Komissiyasının gəldiyi 
								qənaət barədə məlumat verib. 
								
								Sumqayıt Musiqi Kolleci üzrə Akkreditasiya 
								Komissiyasının sədri, Azərbaycan Milli 
								Konservatoriyasının baş müəllimi Hicran Hacızadə 
								çıxış edərək bu tədris ocağında müvafiq 
								araşdırmalar aparıldığından, ixtisaslar üzrə 
								hazırlığın vəziyyətindən söz açıb. H.Hacızadə 
								kollecin tədris şəraitindən, maddi-texniki 
								bazasından və burada çalışan pedaqoji heyətdən 
								də bəhs edib. O, Akkreditasiya Komissiyasının 
								Sumqayıt Musiqi Kollecində akkreditasiyaya 
								təqdim olunmuş 7 ixtisas üzrə sonuncu kurs 
								tələbələrinin bilik səviyyəsini yoxlamaq 
								məqsədilə test tapşırıqlarından istifadə 
								etdiyini bildirib, tələbələrin müvəffəqiyyət və 
								keyfiyyət göstəriciləri ilə iştirakçıları tanış 
								edib. H.Hacızadə, həmçinin bu tədris ocağının 
								2006-cı ildə yaradılmış Ağcabədi şöbəsi barədə 
								də məlumat verib. 
								
								 Sonra müzakirə olunan məsələlərlə bağlı 
								iştirakçıları maraqlandıran suallar 
								cavablandırılıb, rəy və təkliflər bildirilib. 
								
								İclasda təhsil naziri Misir Mərdanov ali və orta 
								ixtisas təhsili müəssisələrinin akkreditasiyası 
								üzrə mövcud meyarlara müəyyən əlavə və 
								dəyişikliklər edilməsini də tövsiyə edib. 
								
								Sonda Akkreditasiya Şurası Bakı Texniki 
								Kollecinin akkreditasiyadan keçməsi barədə 
								müsbət qərar qəbul edib.  
								
								Sumqayıt Musiqi Kolleci ilə bağlı isə vurğulanıb 
								ki, kollecin maddi-texniki bazasında mövcud olan 
								problemlər həll edildikdən sonra onun akkreditə 
								olunması barədə konkret qərar qəbul etmək olar.
								 
								
								İclasda Akkreditasiya Şurasının üzvü, Mədəniyyət 
								və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin 
								Qurbanov da iştirak edib.  |