| 
								 
								 İyulun 
								12-də Bakı Dövlət Universitetinin rektoru, Milli 
								Məclisin deputatı, akademik Abel Məhərrəmova 
								kütləvi informasiya vasitələri (KİV) ilə 
								səmərəli əlaqələrinə görə "Xüsusi rəğbət" 
								mükafatı təqdim olunmuşdur.  
								
								Azərbaycan Milli Mətbuatının 136-cı ildönümü 
								münasibətilə təsis olunmuş mükafat hər il 
								Azərbaycanda elm və təhsilin inkişafında, elmi 
								nailiyyətlər qazanılmasında və ixtiralar 
								edilməsində, dünyəvi düşüncənin təbliğində, yeni 
								texnologiyaların tətbiqində, müxtəlif sosial 
								qrupların maraqlarının müdafiə edilməsində və 
								layiqincə təmsil edilməsində, ölkənin 
								müstəqilliyinin möhkəmlənməsində və 
								tanıdılmasında ciddi rolu olan, bütün bunlarla 
								yanaşı, KİV ilə effektiv əlaqələr qurmuş 
								tanınmış şəxslərə veriləcəkdir.  
								
								Mükafatın ilk sahibi olan A.Məhərrəmov bu ada 
								Azərbaycanda elm və təhsilin inkişafındakı 
								xidmətlərinə, rektor kimi tələbələrin 
								hüquqlarının müdafiəsində və şəraitlərinin 
								yaxşılaşdırılması yönündə ciddi fəaliyyətinə, 
								respublikanın ali məktəblərində innovasiyaların, 
								nanotexnologiyaların tətbiqi, texnoparkların 
								yaradılması üçün irəli sürdüyü təşəbbüslərə, 
								Milli Məclisdə elm və təhsil işçilərinin sosial 
								məsələləri müzakirə edilərkən nümayiş etdirdiyi 
								mövqeyə, Azərbaycan ziyalılarının beynəlxalq 
								imicinin möhkəmlənməsindəki roluna və KİV ilə 
								effektiv əlaqələrinə görə layiq görülmüşdür.
								 
								
								 Təqdimetmə 
								mərasimində Azərbaycanın görkəmli elm xadimləri 
								və Milli Məclisin deputatları iştirak etmişlər.
								 
								
								BDU-nun rektorunun fəaliyyətindən bəhs edən 
								filmin nümayişindən sonra İctimai Televiziya və 
								Radio Yayımları Şirkəti Yayım Şurasının sədri 
								Cahangir Məmmədli Abel Məhərrəmova "Xüsusi 
								rəğbət" mükafatını və diplomu təqdim etmişdir.
								 
								
								Mərasimdə çıxış edən AMEA-nın birinci 
								vitse-prezidenti, akademik Arif Həşimov, Yeni 
								Azərbaycan Partiyası sədrinin müavini-icra 
								katibi, Milli Məclisin deputatı Əli Əhmədov, 
								təhsil nazirinin müavini Elmar Qasımov və 
								başqaları qalibi təbrik etmiş, onun ünvanına xoş 
								sözlər söyləmişlər.  
								
								Sonda çıxış edən A.Məhərrəmov onu bu 
								məsuliyyətli mükafata layiq gördükləri üçün 
								bütün media nümayəndələrinə təşəkkürünü 
								bildirmişdir. Qeyd etmişdir ki, həm onun, həm də 
								medianın fəaliyyəti bir məqsədə - 
								azərbaycançılığa xidmət edir və bu istiqamətdə 
								sıx əlaqələrin davam edəcəyinə əmindir. 
								 
								
								
								
								AzərTAc   |