| 
								 
								Naxçıvan Dövlət Universitetində "Elektron 
								Naxçıvan - 6: Naxçıvan Dövlət Universiteti və 
								əlaqədar olduğu lokal şəbəkədə İKT-nin 
								vəziyyəti" mövzusunda beynəlxalq simpozium 
								keçirildi. 
								
								 Tədbiri 
								giriş sözü ilə universitetin rektoru, akademik 
								İsa Həbibbəyli açaraq ənənəvi "Elektron 
								Naxçıvan" layihəsinin əhəmiyyətindən, beynəlxalq 
								əməkdaşlıq sahəsində virtual əlaqələrinin 
								inkişafından, ötən bir il ərzində müxtəlif 
								videokonfranslar, videodərslər keçirilməsindən, 
								distant təhsil üçün mükəmməl baza 
								yaradılmasından danışdı. Qeyd olundu ki, 
								universitetdə elektron təhsil sisteminin 
								yaradılması, informasiya təminatının təşkil 
								edilməsi məqsədilə elektron kitabxana, İnternet 
								mərkəzləri, CİSKO Akademiyası, Təhsil Qeydiyyat 
								Mərkəzi, İnformasiya texnologiyaları şöbəsi və 
								digər qurumlar uğurla fəaliyyət göstərir. Artıq 
								bir ildir ki, universitetin bütün tədris 
								korpuslarında, struktur bölmələrində, eləcə də 
								108 hektarlıq ərazisində "Wi-Fi" kampus İnternet 
								şəbəkə sistemindən istifadə edilir ki, bu da 
								dünya elminə, təhsilinə inteqrasiyaya, 
								beynəlxalq elmi əlaqələrin inkişafına öz əməli 
								bəhrələrini verməkdədir. 
								
								AMEA İnformatika Texnologiyaları İnstitutunun 
								direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev 
								çıxış edərək informasiya-kommunikasiya 
								texnologiyalarının inkişafı istiqamətində 
								məqsədyönlü dövlət siyasətindən, ölkədə 
								informasiya cəmiyyətinin formalaşmasından, 
								muxtar respublikada müasir elektron 
								telekommunikasiya şəbəkəsindən istifadə 
								olunmasından, elektron universitet 
								yaradılmasından bəhs etdi.  
								
								Rusiya Federasiyasının Novosibirsk vilayətinin  
								təmsilçisi Aleksey Akimoviç Bespalikov 
								qloballaşan müasir dünyada İKT-nin əvəzsiz 
								rolundan, xüsusilə ali təhsil sahəsindəki 
								əhəmiyyətindən söz açdı. 
								
								 Simpoziumun 
								videokonfranslar bölməsində Cenevrə şəhəri, 
								qardaş Türkiyə Cümhuriyyətinin Ankara, 
								Almaniyanın Leypsiq şəhərləri ilə canlı bağlantı 
								quruldu. Videokonfransda ənənəvi "Elektron 
								Naxçıvan" layihəsinin əsas təşkilatçılarından 
								olan, Mərkəzi və Şərqi Avropa Şəbəkələndirmə 
								Assosiasiyasının baş katibi, professor Yasek 
								Gacevskinin "İnternet cəmiyyəti qrantları 
								İnternet sahəsindəki proyektlərin finanslaşma 
								imkanları kimi", Ankara Universitetinin 
								prorektoru, professor, doktor Yasemin Yalımın 
								"Ankara Universiteti ilə Naxçıvan Dövlət 
								Universiteti arasında əməkdaşlıq", "Univent" 
								TEMPUS layihəsinin grantholderi, Leypsiq Tətbiqi 
								Elmlər Universitetinin informatika, riyaziyyat 
								və təbiət elmləri fakültəsinin əməkdaşı, 
								professor, doktor Klaus Haensgenin "Univent" 
								TEMPUS layihəsi üzrə görülən işlər və qarşıda 
								duran vəzifələr" mövzusunda məruzələri 
								dinlənildi.  
								
								Sonra universitetin ayrı-ayrı fakültələrinin 
								əldə etdiyi nailiyyətlər və İKT-nin inkişafı 
								vəziyyəti ilə bağlı müsabiqəyə start verildi. 
								Müsabiqə zamanı universitetin fizika-riyaziyyat, 
								beynəlxalq münasibətlər və xarici dillər, 
								təbiətşünaslıq və kənd təsərrüfatı, memarlıq və 
								mühəndislik, tibb, sosial idarəetmə və hüquq, 
								iqtisad fakültələri, habelə magistratura üzrə 
								dekanlıqla bağlantı yaradıldı. Fakültə dekanları 
								müəyyən olunmuş vaxt müddətində müxtəlif 
								informasiya-kommunikasiya texnologiyalarından 
								istifadə yolu ilə fakültənin tarixi, elm, 
								təhsil, beynəlxalq əməkdaşlıq sahəsində dolğun 
								məlumat  verməli idilər. Müsabiqə zamanı 
								təqdimatlardakı səs, görüntü keyfiyyəti, müasir 
								informasiya texnologiyalarının geniş 
								imkanlarından istifadə səviyyəsi əsas 
								götürülürdü.  
								
								AMEA İnformatika Texnologiyaları İnstitutunun 
								direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev 
								rəhbərlik etdiyi münsiflər heyətinin yekun 
								rəyini açıqladı. Müsabiqənin nəticələrinə görə 
								iqtisad fakültəsi I, magistratura bölməsi II, 
								fizika-riyaziyyat fakültəsi III yerə layiq 
								görüldü. Digər fakültələr də müsabiqədə 
								iştiraklarına görə fərqləndirildi. Beynəlxalq 
								simpoziumda İKT-dən istifadə etməklə dərs 
								keçməkdə fərqlənmiş müəllimlərdən Əli Cabbarov, 
								Zərəfşan Babayeva, Seyid Surə, Nazim Bababəyli, 
								Əlövsət Quliyev, Malikəjdər İbrahimov fəxri 
								fərmanla təltif olundular.  
								
								Sonda rektor, akademik İsa Həbibbəyli vurğuladı 
								ki, beynəlxalq simpozium bir daha təsdiq etdi 
								ki,  indiyə qədərki "Elektron Naxçıvan" 
								layihələrində həyata keçirilən qlobal şəbəkələr 
								universitetdə lokal şəbəkələrin də inkişaf 
								səviyyəsinə əhəmiyyətli təsir göstərmişdir. 
								Rabitə və informasiya texnologiyaları naziri 
								Rövşən Məmmədov çıxış edərək beynəlxalq 
								simpoziumun fəaliyyətini yüksək dəyərləndirdi, 
								muxtar respublikada, xüsusilə də ali təhsil 
								sistemində ən yeni informasiya 
								texnologiyalarının daha geniş tətbiqi və 
								mənimsənilməsi istiqamətində mühüm rol 
								oynayacağını vurğuladı.   
								
								
								
								Mehriban SULTAN  | 
								  |