| 
								 
								Təhsil və onun cəmiyyətdə oynadığı rol  Lənkəran 
								Dövlət Universitetinin professor-müəllim, tələbə 
								heyətini, valideynləri və media təmsilçilərini  
								bir araya gətirib.  
								
								"Təhsil və cəmiyyət" mövzusunda keçirilən 
								"dəyirmi masa"da LDU-nun rektoru Asəf İsgəndərov 
								çıxış edərək qloballaşan dünyada hər bir xalqın 
								inkişafının təhsilin inkişafı ilə üst-üstə 
								düşdüyünü bildirib. Fikrini konkret faktlarla 
								əsaslandıran rektor Yaponiya,  Almaniya, İsveç, 
								İsrail dövlətlərinin inkişaf yolundan söz açıb, 
								bu xalqların dünya elmində qazandıqları bütün 
								uğurların təhsilə göstərilən ümumxalq 
								dəstəyindən bəhrələndiyini deyib. Təklikdə  ən 
								güclü müəllim, tələbə, valideyn böyük uğura imza 
								ata bilməz, - deyən professor A.İsgəndərov  
								bunların tamlıqda uğur mənbəyi olduğunu qeyd 
								edib. Valideynlərin, media təmsilçilərinin 
								görüşə qatılmağından istifadə edən rektor hamını 
								təhsilin inkişafı naminə birgə əməli fəaliyyətə 
								və media təmsilçilərini cəmiyyəti bu işə 
								səfərbər etməyə çağırıb. Tədbirdə 
								yazıçı-publisist Hafiz Mirzə, "Respublika" 
								qəzetinin xüsusi müxbiri Əlisəfa Həsənov bu 
								məsələ ilə əlaqədar fikirlərini bildiriblər. 
								 
								
								Tədbir diskussiya şəraitində davam edib, 
								müzakirəyə qatılan tələbələr də fikirlərini 
								səsləndiriblər. Yekunda bütün iştirakçılara 
								fəallıqlarına görə minnətdarlıq bildirən rektor 
								Asəf İsgəndərov belə müzakirələrin davamlı 
								olacağını deyib. Hər hansı millət  top- tüfəng 
								gücünə yox, elm - savad gücünə inkişaf edir, - 
								yazıçı-dramaturq Nəriman Nərimanovun  bu sözləri 
								ilə tədbiri yekunlaşdıran professor Asəf 
								İsgəndərov bacarıqlı, istedadlı tələbələrin daim 
								diqqətdə saxlanılacağını, Azərbaycan elminin 
								inkişafı naminə onlara hər cür dəstək 
								göstəriləcəyini deyib.   
								
								
								
								Ülkər İSMAYILOVA,  
								LDU-nun Mətbuat və informasiya şöbəsinin 
								əməkdaşı  | 
								  |