| 
								 
								 Respublikanın 
								bütün fəaliyyət sahələrində baş verən dinamik 
								inkişafın mənbəyində düşünülmüş siyasət əsasında 
								aparılan genişmiqyaslı islahat tədbirlərinin 
								dayanması bugünümüzün danılmaz həqiqətidir. 
								Keçmişin mütərəqqi ənənələrinə, beynəlxalq 
								miqyasda sınaqdan çıxmış təcrübəyə söykənmiş 
								həmin islahatlar ölkəmizdə artıq dönməz xarakter 
								almaqla irəliləyişlərin təminatçısına 
								çevrilmişdir. Bu mənada təhsil sahəsi də istisna 
								deyildir. 
								
								Hazırda Azərbaycan özünün təhsil sistemini 
								dünyanın ən mütərəqqi ölkələrinin təhsil 
								prinsiplərindən istifadə etməklə təkmilləşdirir, 
								məzmun və struktur dəyişiklikləri aparır. 
								 
								
								Azərbaycanda dövlət müstəqilliyinin bərpasından 
								sonra ölkədə ictimai-siyasi mənzərənin, 
								ideologiyanın, iqtisadi münasibətlərin kökündən 
								dəyişməsi təhsilin məqsədlərinə, vəzifələrinə, 
								onun məzmunu ilə bağlı tələblərə də yeni yanaşma 
								tərzi, yeni baxışlar formalaşdırdı. İnkişaf 
								etmış ölkələrin təhsil sahəsində əldə etdikləri 
								qabaqcıl təcrübənin öyrənilməsi bu məsələdə 
								həlledici rol oynadı. 
								
								Təhsil sahəsində qabaqcıl təcrübənin öyrənilməsi 
								və tətbiqi bütün təhsil müəssisələrinin əsas 
								istiqamətlərindən birinə çevrilmişdir. Bununla 
								əlaqədar olaraq respublikanın bir çox təhsil 
								müəssisələri Azərbaycan Müəllimlər İnstitutu ilə 
								sıx əməkdaşlığa üstünlük verirlər. 
								
								Bu günlərdə Azərbaycan Respublikası Daxili İşlər 
								Nazirliyi A.N.Heydərov adına Sıravi və Kiçik 
								Rəis Heyəti Hazırlayan Məktəbin rəisi, polis 
								polkovniki Ramiz Abdullayev Azərbaycan 
								Müəllimlər İnstitutunun rektoruna müraciət 
								edərək, məktəbin müəllim heyətinə "Yeni təlim 
								texnologiyaları", "Fəal və interaktiv təlim 
								üsulları" və digər innovasiyaların öyrədilməsi 
								üçün 5 günlük "Öyrədənlərin öyrədəni" təlim 
								treninqinin keçirilməsini xahiş etmişdir. 
								
								Azərbaycan Müəllimlər İnstitutunun rektoru, 
								professor, millət vəkili Aqiyə xanım 
								Naxçıvanlının imzaladığı əmri ilə institutun bir 
								qrup əməkdaşı DİN-nin A.N.Heydərov adına Sıravi 
								və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbin 
								pedaqoji işçiləri üçün 5 günlük "Fəal interaktiv 
								təlim üsulları" mövzusunda "Öyrədənlərin 
								öyrədəni"  təlim treninqi keçirmişdir. 
								
								Treninqin təşkil edilməsində  məqsəd təhsilin 
								keyfiyyətinin yüksəldilməsi, müəllimlərdə fəal 
								təlim və onun tətbiqi yolları haqqında 
								biliklərin aşılanması və onlarda zəruri 
								bacarıqların formalaşdırılması, fəal təlim 
								metodlarının tətbiqi zamanı qarşıya çıxan 
								problemlərin həlli yollarının 
								müəyyənləşdirilməsi olmuşdur. 
								
								Treninq keçirilən zaman aşağıdakı nəticələr 
								gözlənilirdi: Fəal təlimin nəzəri, təşkilati və 
								metodiki aspektlərinin nəzərdən keçirilməsi və 
								tətbiqi, fəal təlim üsulu ilə dərsin keçirilmə 
								əsasları ilə tanışlıq, fəal təlim üsulu ilə 
								işləyən müəllimin əsas vəzifələri ilə tanışlıq, 
								müəllimdə fəal təlim üsulu ilə dərsin 
								keçirilməsi üçün vacib olan bacarıq və 
								keyfiyyətlərin formalaşması və fəal təlim 
								metodlarının tətbiqi məsələlərinin həlli üzrə 
								biliklərə yiyələnmək. 
								
								Treninq ərzində dinləyicilərə beyin həmləsi, 
								BİBÖ, ziqzaq, şaxələndirmə, Venn diaqramı, 
								insert, karusel, müzakirə, debat, diskussiya və 
								başqa üsullar ətraflı izah edilmiş, nümunəvi 
								dərslər təşkil edilmiş və onların təqdimatları 
								dinlənildikdən sonra qiymətləndirmə 
								aparılmışdır. 
								
								İyulun 6-da treninqin yekununa və dinləyicilərə 
								sertifikatlar verilməsinə həsr olunmuş "dəyirmi 
								masa" təşkil edilmişdir. Tədbirdə məktəbin 
								rəisi, polis polkovniki Ramiz Abdullayev, 
								Azərbaycan Müəllimlər İnstitutunun Əlavə təhsil 
								üzrə prorektoru Rahim Əzizov, məktəbin rəis 
								müavinləri, şöbə müdirləri, Azərbaycan 
								Müəllimlər İnstitutunun təlimçiləri və 
								dinləyicilər iştirak edirdilər. 
								
								Tədbiri giriş sözü ilə açan polis polkovniki 
								Ramiz Abdullayev treninqin əhəmiyyətini, onun 
								müəllimlər və kursantlar üçün vacibliyini qeyd 
								edərək, bu treninqin keçirilməsinə köməklik 
								etdiyi üçün Azərbaycan Müəllimlər İnstitutunun 
								professor-müəllim heyətinə, xüsusən institutun 
								rektoru, professor, millət vəkili Aqiyə xanım 
								Naxçıvanlıya öz dərin minnətdarlığını bildirdi.
								 
								
								Rahim Əzizov çıxış edərək Azərbaycan Müəllimlər 
								İnstitutunun bu sahədə yaxşı iş təcrübəsi və 
								kadr potensialı mövcudluğunu, hər bir təhsil 
								müəssisəsinə köməklik göstərməyə daim hazır 
								olduğunu və son beş ildə əlavə təhsil üçün güclü 
								maddi-texniki baza yaradıldığını qeyd etdi. 
								
								Digər çıxış edənlər polis 
								polkovnik-leytenantları Mehman Salahov, Rizvan 
								Hüseynov, Azərbaycan Müəllimlər İnstitutunun 
								əməkdaşı Eldəniz İsmayılov və başqaları 
								treninqin təşkilinə və keçirilməsinə görə öz 
								razılıqlarını bildirdilər. 
								
								Tədbirin sonunda dinləyicilərə sertifikatlar 
								təqdim olundu.  
								
								
								
								Leyla ƏLİYEVA,  
								AMİ-nin Təhsildə innovasiyalar kabinetinin 
								müdiri  |