| 
								 
								İyun ayında Bakı Pedaqoji Kadrların 
								İxtisasartırma və Yenidənhazırlanma İnstitutu 
								orta ümumtəhsil məktəbləri müəllimlərinin 
								kurslarını təşkil etmişdir. Kimya müəllimlərinin 
								190 nömrəli məktəbdə təşkil olunan kursunda 70 
								nəfərdən artıq müəllim iştirak etmişdir. 98 
								saatlıq kursun 76 saatı "kimya və onun tədrisi 
								metodikası" üzrə mühazirə və seminar 
								məşğələlərinə ayrılmışdır.  
								
								 Məşğələlərdə 
								kimya fənn kurikulumunun mahiyyəti və məzmunu, 
								təlim strategiyaları ilə bağlı daha ətraflı 
								məlumat verilmişdir. Kurs tədbirlərində qabaqcıl 
								kimya müəllimlərinin iş təcrübəsindən, təlim və 
								tədrisin müasir tələblərindən mühazirə və 
								seminar məşğələləri aparılmışdır. Uzun illərin  
								əldə olunmuş iş təcrübəsinə əsaslanaraq  kursun 
								iştirakçıları ilə "açıq dərs"lərin təşkili və 
								keçirilməsini məqsədəuyğun hesab etdik. 
								
								Sabunçu rayonundakı 107 nömrəli məktəbin kimya 
								müəllimi Mayıl Məmmədovun XI siniflərdə tədris 
								olunan "Aminturşular, quruluşu və xassələri" 
								mövzusuna aid dediyi dərs müəllimlərin marağına 
								səbəb oldu. 90 dəqiqəlik məşğələnin 45 dəqiqəsi 
								dərsin gedişinə, qalan 45 dəqiqəsi isə  dərsin 
								müzakirəsinə həsr olundu. Müəllim dərsin 
								əvvəlcədən hazırlanmış planını və gedişinin 
								mərhələlərini elan edir. Qrupda olan müəllimləri 
								yarımqruplara ayırır. Keçən dərslə bağlı olaraq 
								müəllimlərlə frontal sorğu keçirir və yeni 
								mövzunun  mənimsənilməsini təmin edən işçi 
								vərəqlərini müəllimlərə paylayır. 10-15 dəqiqə 
								müddətində tədqiqat aparılır və nəzərdə tutulan 
								təcrübələr yerinə yetirilir. Təcrübələr üçün 
								lazım olan resursları Mayıl müəllim özü ilə 
								gətirmişdi. Müəllim dərsin sonunda 
								yarımqruplarda aparılan tədqiqat prosesinin 
								nəticəsini araşdırmaq məqsədi ilə frontal sorğu 
								apardı. Mövzunun tədrisində nəzərdə tutulan 
								məqsədə necə nail ola bilməsini Mayıl müəllim 
								qeyd etdikdən sonra dərsin gedişi kursun 
								müəllimləri tərəfindən mərhələlərlə  müzakirə  
								edildi. 
								
								Daha bir iş günündə  IX sinfin proqram materialı 
								əsasında "Fosfor, təbiətdə yayılması, allotropik 
								şəkildəyişmələri, alınması və xassələri"nin 
								tədrisinə həsr olunan dərsin gedişi dinlənildi. 
								Nəsimi rayonundakı 111 nömrəli məktəbin kimya 
								müəllimi Aynur Şahvələdova dərsin gedişini MİMİO 
								lövhədən istifadə etməklə təşkil etmişdi. 
								Dinləyicilərin fəallığını təşkil etmək məqsədi 
								ilə Aynur müəllim  müsahibəli şərh və BİBÖ təlim 
								üsullarından  da istifadə edə bilmişdir. Dərsin 
								gedişində İnternetdən götürülən materiallardan 
								istifadə etməklə nümayiş etdirilməsi mümkün 
								olmayan təcrübələrin göstərilməsinə nail olan  
								Aynur müəllim fosforun allotrop  
								şəkildəyişmələrini, onların xarakter 
								xassələrini, fosforun sənayedə necə alınmasını 
								göstərdi. Müəllimlərin fəallığının yaradılması  
								üçün mövzu ilə bağlı olan suallar MİMİO lövhədə 
								verildi, sinifdən müxtəlif cavablar alındıqdan 
								sonra daha düzgün cavablar lövhədə göstərildi. 
								Kimya dərslərində elektron vəsaitlərdən istifadə 
								etmək tədris prosesini daha maraqlı edir və 
								öyrənənlərin bilik və bacarıqlarının inkişaf 
								etməsinə yaxşı təsir göstərir. 
								X 
								sinifdə "Etilenin quruluşu, alınması və 
								xassələri" mövzusunda olan "açıq  dərs"i 
								Binəqədi rayonundakı 182 nömrəli məktəbin 
								müəllimi Zərövşən Ömərova maddənin fiziki və 
								kimyəvi xassələrinin onun molekulyar quruluşu 
								ilə əlaqələndirilməsinə həsr etmişdi. Qabaqcadan 
								hazırlanmış dərsin planı ilə müəllimlər tanış 
								edildi. 
								
								Mövzu: Etilen, onun molekul quruluşu, alınması, 
								xassələri və tətbiqi. 
								
								Məqsəd: 1.Etilenin molekulunun sadə və elektron 
								quruluşu, molekulundakı rabitələrin təbiəti. 
								
								2.Etilen karbohidrogenlərinin homolojı sırası və 
								izomerliyi. 
								
								3.Etilenin alınması, xassələri və tətbiqi. 
								
								Strategiya:1.Təlimin forması-qruplarda iş.
								 
								
								2.Təlim üsulları: Müsahibəli şərh, Venn diaqramı 
								ilə müqayisə, BİBÖ, müstəqil işlər. 
								
								Resurslar: Sorğu və iş vərəqləri, mil və 
								kürəciklər, sınaq şüşəsi, qazaparan şüşə boru, 
								rezin tıxac, qatı sulfat turşusu, spirt, bromlu 
								su, kaliumpermanqanat məhlulu, xlorid turşusu, 
								lakmus məhlulu, kibrit, spirt lampası. 
								
								Dərsin gedişi: 1.Sinfin təşkili. 2.Keçən dərsə 
								aid qiymətləndirmə. 3.Yeni mövzunun motivasiyası 
								və ya problemli şərhi. 4.Sorğu vərəqləri ilə 
								tədqiqatın aparılması və ümumiləşdirilməsi. 
								5.Əldə olunan bilik və bacarıqların tətbiqi. 
								6.Qiymətləndirmə. 
								
								Müəllimlər yarımqruplarda işçi vərəqləri 
								əsasında tədqiqatlarını aparmaqla bərabər 
								Zərövşən müəllimin etilenin alınmasına və 
								kimyəvi xassələrinə aid apardığı  təcrübələrə də 
								diqqət verirdilər. Venn diaqramı ilə etan və 
								etilenin quruluşları arasında olan oxşar və 
								fərqli cəhətlər müqayisə edilirdi. BİBÖ 
								cədvəlində isə müəllimlər mövzu ilə bağlı nəyi 
								bildiklərini, nəyi bilmək istədiklərini və nəyi 
								öyrəndiklərini qeyd etməklə yeni metodik 
								məlumatlara yiyələndiklərini  öyrəndilər. Dərsin 
								gedişində Zərövşən müəllim etilenin bəzi kimyəvi 
								xassələrinə və tətbiq sahələrinə aid İnternetdən 
								əldə etdiyi materialları da kompüter və 
								proyektorun vasitəsi ilə nümayiş etdirməklə 
								dərsini daha maraqlı qurmağa çalışmışdır. Hər üç 
								dərsin müzakirəsində müəllimlər fəallıq 
								göstərdilər.  
								
								Kursların gedişində Yasamal rayonundakı 53 
								nömrəli məktəbin müəllimi Kəmalə Əfəndiyeva, 286 
								nömrəli məktəbin   müəllimi Naibə Əhmədova, 
								Nəsimi rayonundakı 54 nömrəli məktəbin müəllimi 
								Fatma Həsənova, Binəqədi rayonundakı 182 nömrəli 
								məktəbin müəllimi Pərviz Mirzəyev və bir çox 
								müəllimlərin fəallığı qeyd olunmalıdır. 
								
								Dərslərin müzakirəsində müəllimlər belə bir 
								fikrə gəldilər ki,  təhsil qanununun həyata 
								keçirilməsinin uğurlu nəticələrindən biri də  
								təlim və tədris prosesində kimya fənn 
								kurikulumunun xarakter xüsusiyyətlərindən və 
								təlim strategiyasının tələblərindən olan 
								dərslərin müasir təlim prinsipləri  əsasında 
								təşkilinə keçilməsidir. 
								
								Kurs məşğələləri başa çatdıqdan sonra  kursun 
								rəhbəri, Təbiət elmləri kafedrasının baş 
								müəllimi, kimya üzrə fəlsəfə doktoru Aydın 
								Əhmədzadənin məsləhəti ilə yekun yığıncağı 
								keçirildi. Tədbirdə  kimya dərsliklərinin 
								müəlliflərindən olan pedaqoji elmlər doktoru 
								Mütəllim Abbasov, məşğələlərin fəal 
								aparıcılarından olan  Təhsil Problemləri 
								İnstitutunun əməkdaşlarından pedaqogika üzrə 
								fəlsəfə doktorları Akif Əliyev və Mürşüd 
								Fərəcov  və 70-dən artıq müəllim iştirak 
								etmişdir. 
								
								Yığıncaqda fənn müəllimləri kimya dərsliklərində 
								hər bir mövzunun sonunda çalışmaların 
								verilməsinin  xeyli azaldılmasından, kimya 
								proqramında verilən laborator və praktik işlərin 
								yerinə yetirilə bilməməsinin çətinliklərindən, 
								dərsliklərə əlavə olan kimyadan çalışma və 
								məsələlər  vəsaitinin olmamasından, belə 
								tədbirlərin keçirilməsinin əhəmiyyətindən 
								danışdılar. 
								
								Mütəllim  Abbasov müəllimlərin dərsliklərlə 
								bağlı olan fikirlərinə səmimi şəkildə 
								qənaətləndirici cavab verdi. Daha sonra 
								müəllimlər kursun gedişi zamanı onları təmin 
								edən fənn kurikulumlarının mahiyyəti və 
								məzmunundan, kimyanın tədrisində elektron 
								vəsaitlərdən istifadənin formalarından, seminar 
								məşğələlərinin gedişində "açıq dərs"lərin 
								təşkilinə daha çox diqqət verilməsindən 
								danışdılar. Kursun aparılmasında iştirak edən  
								mühazirəçilərin də fəaliyyətinə münasibət 
								bildirildi.  
								
								
								
								Mürşüd FƏRƏCOV,  
								pedaqogika üzrə  fəlsəfə doktoru, dosent  |