| 
								 
								Hər hansı elm onun yaradıcıları ilə tanınır və 
								inkişaf edir. Müasir dövrdə Azərbaycanda 
								pedaqogika elminin yaradıcılarından və onu 
								inkişaf etdirənlərdən biri professor Hüseyn 
								Mustafa oğlu Əhmədovdur. Bu yazıda onun şərəfli 
								həyat yolundan söz açmağa çalışacağam.  Hüseyn 
								Mustafa oğlu Əhmədov 1926-cı ilin iyul ayında 
								Qərbi Azərbaycanın Krasnoselski rayonunun 
								Toxluca kəndində anadan olmuşdur. Uşaq 
								yaşlarından müəllimliyə dərin hörmətlə yanaşan 
								Hüseynə VII sinfi bitirdikdən sonra oxuduğu 
								məktəbin ibtidai siniflərində dərs deməyi 
								tapşırırlar. Üç il ərzində praktik yolla ilkin 
								müəllimlik təcrübəsi toplamış Hüseyn Kirovabad 
								(indiki Gəncə) şəhərindəki K.Setkin adına 
								Pedaqoji Texnikumun III kursuna daxil olur. 
								1947-ci ildə texnikumu "əla" qiymətlərlə bitirən 
								Hüseyn H.Zərdabi adına Kirovabad Pedaqoji 
								İnstitutuna daxil olur və 1951-ci ildə oranı 
								bitirir. Hüseynin bacarığına bələd olan 
								rektorluq onu institutda saxlayır. Gənc Hüseyn 
								bununla da kifayətlənmir, onda alim olmaq meyili 
								yaranır.  
								
								1952-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji 
								İnstitutunun (indiki ADPU) aspiranturasına daxil 
								olan H.Əhmədov Zaqafqaziyada pedaqogika üzrə ilk 
								alimlik dərəcəsi almış Əhməd Seyidov, yaradıcı 
								pedaqoq Mehdi Mehdizadə, Mərdan Muradxanov və 
								başqa görkəmli alimlərin fəaliyyət göstərdikləri 
								kafedrada - əlverişli elm aləmində az vaxt 
								içərisində çox şey öyrənir. 
								
								H.Əhmədov aspirantura dövrünü başa vurduqdan 
								sonra (1957-1958-ci illərdə) Azərbaycan 
								Elmi-Tədqiqat Pedaqogika İnstitutunda  (indiki 
								APTPİ) kiçik elmi işçi vəzifəsində işləmişdir. O 
								zaman mən də həmin institutun aspiranturasını 
								yenicə bitirdiyimdən Hüseyn müəllimlə yaxından 
								əməkdaşlıq edirdik. Tezliklə Hüseyn Əhmədovun 
								pedaqoji tədqiqatlarının öz orijinallığı ilə 
								fərqləndiyini hiss etdim. Anladım ki, məktəbin, 
								təhsilin tarixindən yazmaq uzun müddət arxivdə 
								işləməyi, rus, ərəb, erməni, gürcü dillərində 
								tarixi sənədləri diqqətlə araşdırmağı, dövrün 
								siyasi-ictimai tələblərindən baş çıxarmağı, 
								onları dəyərləndirməyi tələb edir. Bu prosesdə 
								sadəcə təsvirə əsaslanmaq deyil, düşünülmüş 
								müqayisələr aparmaq, mühakimə yürütmək, ağıllı 
								ümumiləşdirmələrə əsasən əqli nəticəyə gəlmək 
								tələb olunur.  
								
								H.Əhmədov 1958-ci ildə Azərbaycan Pedaqoji 
								İnstitutunun kafedra müdiri, professor Əhməd 
								Seyidovun rəhbərliyi ilə "İbtidai məktəb 
								şagirdlərinin kommunist əxlaqı tərbiyəsində 
								nümunənin rolu və ondan istifadə etmək yolları" 
								mövzusunda namizədlik dissertasiyası, 1972-ci 
								ildə akademik Mehdi Mehdizadənin məsləhəti ilə 
								"XIX əsrdə Azərbaycanda məktəb təhsilinin 
								inkişaf tarixi" mövzusunda doktorluq 
								dissertasiyası müdafiə edib. O, axtarışlarında, 
								pedaqogika tarixçisi kimi, üstünlüyü milli 
								pedaqogikanın incilərini üzə çıxarmağa vermişdi. 
								O, Azərbaycan maarifçilərinin, pedaqoji fikir 
								nümayəndələrinin, xüsusilə N.Tusi, 
								A.A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundov, 
								H.B.Zərdabi, S.Ə.Şirvani, S.M.Qənizadə, 
								A.O.Çernyayevski, N.Nərimanov, Ü.Hacıbəyov, 
								R.B.Əfəndiyev, R.Əfəndizadə, Ə.Seyidov və 
								başqalarının ideyalarını öyrənib ümumiləşdirmiş, 
								müasir dövrdə gənc nəslin tərbiyəsində onların 
								ideyalarından istifadənin əhəmiyyətini 
								dəyərləndirmişdi.  
								
								Azərbaycan xalqının böyük dövlət xadimi, 
								maarifçi Nəriman Nərimanov pedaqoji irsinin 
								tədqiqi H.Əhmədovun axtarışlarının parlaq 
								səhifələridir. Xüsusi məhəbbətlə bu tədqiqata 
								qoşulan alim hər cür əziyyətə qatlaşaraq Nəriman 
								Nərimanovun təhsil aldığı Qori 
								Seminariyasındakı, ilk dəfə müəllimlik etdiyi 
								Borçalının Qızılhacılı kəndindəki fəaliyyətini 
								öyrənmək üçün Tbilisi arxivində, başqa 
								yerlərdəki fəaliyyətini öyrənmək üçün İrəvan, 
								Həştərxan, Leninqrad, Moskva arxivlərində 
								araşdırmalar aparmış, onun pedaqoji fikirlərinə 
								həsr olunmuş iki kitab çap etdirmişdir. 
								
								H.Əhmədovun namizədlik dissertasiyasının elmi 
								rəhbəri professor Ə.Seyidov onu təsadüfən yüksək 
								qiymətləndirməmişdir. O yazmışdır ki, H.Əhmədov 
								xalqımızın məktəb təhsili sahəsində bir əsrdə 
								qazandığı tarixi nailiyyətləri və xarakterik 
								nöqsanları metodoloji və pedaqoji əsasdan düzgün 
								aydınlaşdıraraq məktəb və pedaqoji fikir 
								tariximizin daha da zənginləşməsində çox 
								qiymətli iş görmüşdür. Tədqiqat işi digər 
								Zaqafqaziya xalqları, habelə SSRİ xalqlarının 
								pedaqoji fikir tarixi üçün də son dərəcə faydalı 
								hesab edilməlidir.  
								
								H.Əhmədovun doktorluq işinin elmi məsləhətçisi 
								akademik Mehdi Mehdizadə onun tədqiqatı haqqında 
								yazmışdır: "Tədqiqat məktəb təhsilinin 
								ümumpedaqoji sahəsinin böyük bir hissəsini əhatə 
								edir. Azərbaycanda rus dili təlim edilən 
								məktəblərin yaranması və inkişafı tarixi, rus 
								məktəblərinin obyektiv müsbət rolu, 
								"rus-tatar"(Azərbaycan - red.) məktəblərinin 
								tarixi, ana dilində ilk məktəbin yaranması və 
								uşaqların öz ana dilində təhsil almaları və 
								digər aktual məsələlər əsərdə geniş 
								işıqlandırılmışdır. Müəllifin əməyi ondadır ki, 
								o, XIX əsrin məktəb təhsili ilə əlaqədar 
								məsələləri aşkar etmişdir. H.M.Əhmədovun 
								dissertasiyası yaradıcı axtarışların 
								məhsuludur".  
								
								Beləliklə, H.Əhmədov bütün fəaliyyətini 
								Azərbaycan təhsilinin tarixi ilə, xüsusilə 
								XIX-XX əsrlərdə məktəbin, təhsilin, pedaqoji 
								ideyaların inkişafı ilə bağlayan vətəndaş alim 
								kimi məşhurlaşmışdır.  
								
								Professor H.Əhmədovun elmi diapazonu geniş və 
								rəngarəngdir. Buna əmin olmaq üçün onun yazdığı 
								500-dən artıq monoqrafiya, kitab, proqram, 
								dərslik, dərs vəsaiti, seçilmiş əsərləri, 
								irihəcmli məqalələr siyahısını nəzərdən keçirmək 
								kifayətdir. Diqqəti cəlb edən cəhət odur ki, bu 
								əsərlərdəki ideyaların bir qismi rus və Avropa 
								xalqlarının dillərində öz əksini tapmışdır. 
								
								H.Əhmədov haqlı olaraq Qərbi Avropa pedaqoqları 
								Y.A.Komenski, C.Lokk, J.J.Russo, İ.H.Pestalotsi, 
								R.Ouen, rus pedaqoqları K.D.Uşinski, 
								A.S.Makarenko, N.K.Krupskaya və başqalarının  
								irsini hərtərəfli öyrənib təhlil etmişdir. 
								Maraqlı cəhət budur ki, o, həmin 
								maarifpərvərlərin ideyalarına yaradıcı 
								yanaşmışdır. Özünəqədərki pedaqoqların 
								ideyalarını mənimsəyərək yaradıcı şəkildə 
								inkişaf etdirən, praktik pedaqogikanın banisi 
								K.D.Uşinskinin pedaqoji ideyalarının təbliğinə 
								xüsusi diqqət yetirmişdir. K.D.Uşinskiyə həsr 
								olunmuş "Uşinski və Azərbaycan" adlı 
								monoqrafiyası Azərbaycan və Rusiya pedaqoji 
								ictimaiyyəti tərəfindən yüksək 
								qiymətləndirilmişdir. 
								
								Hüseyn Əhmədovun bütün qüvvəsini Azərbaycanda 
								məktəb tarixi və pedaqoji fikrin təbliğinə, 
								elmi-pedaqoji kadrların hazırlanmasına həsr 
								etməsi daim diqqəti cəlb etmişdir. Bununla belə, 
								onun fəaliyyətini yalnız pedaqogikanın tarixi 
								sahəsindəki axtarışlarla məhdudlaşdırmaq olmaz. 
								
								Tədqiqata pedaqogikanın nəzəri problemi - 
								tərbiyə nəzəriyyəsi sahəsində axtarışlarla 
								başlayan H.Əhmədov sonralar müəlliflərindən biri 
								və redaktoru olduğu "Pedaqogikaya giriş" dərs 
								vəsaitində pedaqogikanın metodoloji məsələlərini 
								işləməyə səy göstərmişdir. 
								
								Həmin kitabda pedaqogikanın mövzusu, vəzifələri, 
								mənbələri, tədqiqat metodları sistemi və s. 
								məsələlər yeni aspektdə işlənmişdir. Onun 
								lPedaqogikada qanun və qanunauyğunluq" əsərində, 
								adından məlum olduğu kimi, mühüm nəzəri 
								məsələlər əhatə olunmuşdur. Alimin gənc nəslin 
								tərbiyəsi, ailə tərbiyəsi sahəsindəki yazıları 
								da diqqəti cəlb edir.  
								
								H.Əhmədovun ictimai fəaliyyəti də 
								təqdirəlayiqdir. O, doğma pedaqoji universitetdə 
								müxtəlif ictimai işləri bacarıqla yerinə 
								yetirmişdir. Onun Azərbaycan Bilik Cəmiyyətində 
								pedaqogika və psixologiya bölməsinə rəhbərlik 
								etməsi daha çox yadda qalıb. Həmin bölmənin üzvü 
								kimi onunla Bakı, Gəncə, Naxçıvan şəhərlərində, 
								respublikanın bir çox rayonlarında keçirilən 
								tədbirlərdə iştirak edərkən pedaqoji-psixoloji 
								biliklərin yayılması, təhsil ocaqlarında təlimin 
								keyfiyyətinin yüksəldilməsi sahəsində onun 
								xüsusi xidmətlərinin şahidi olmuşam. 
								
								Professor H.Əhmədov tədqiqatlarında məktəb, 
								ümumiyyətlə, təhsil problemlərinin öyrənilməsinə 
								xüsusi əhəmiyyət vermişdir. Bu, onun əslən 
								müəllim olmasından irəli gəlir. Onun aşağıda 
								sadalanan əsərləri fikrimizi sübut edir: "XIX 
								əsrin əvvəllərində Azərbaycanda xalq maarifi və 
								məktəb" (1967), "XIX əsrin 40-cı illərində 
								Azərbaycanda xalq maarifi və məktəb" (1968), 
								"Azərbaycanda "rus-tatar" məktəbinin tarixinə 
								dair" (rus dilində, 1969), "Ana dili" dərsliyi 
								tərtibində ilk mərhələ (1930-1980)" (1970), 
								"Azərbaycanda kənd ümumtəhsil məktəbləri tarixi" 
								(1970), "Azərbaycanda orta təhsil 
								müəssisələrinin meydana gəlməsi tarixinə dair" 
								(1970), "XIX əsrdə Azərbaycanda qadın təhsili 
								vəsaitləri tərtibi tarixinə dair" (1970), "XIX 
								əsrdə Azərbaycan dilində dərslik və tədris 
								vəsaitləri tərtibi tarixindən" (1970), 
								"Azərbaycanda sənət məktəblərinin təşkili 
								tarixinə dair" (1971), "XIX əsrdə Azərbaycanda 
								məktəb təhsilinin inkişaf tarixi" (1972) və s. 
								
								O, uzunömürlü məktəblərin yubileyləri ilə 
								əlaqədar kitablar yazıb çap etdirmişdir. "100 
								yaşlı Yuxarı Salahlı kənd məktəbi" (1978), "100 
								yaşlı Qarğabazar məktəbi" (1983), "150 yaşlı 
								Şəki məktəbi" (1983), "Salyanda ilk məktəb" 
								(1969), "Qutqaşen məktəbinin 90 yaşı var" 
								(1972), "Dağkəsəmən məktəbinin yaşı yüzdür" 
								(1976), "Lənkəranda ilk dünyəvi təhsil məktəbi" 
								(1982), "Yüz yaşlı Vəndam məktəbi" (1984), 
								"Qubadlıda 100 yaşlı məktəb" (1984) və s. 
								kitabça və məqalələr sırf praktik əhəmiyyət 
								daşıyır. Həmin məktəblərin tarixi inkişaf yolunu 
								araşdıran müəllif oxuculara Azərbaycanda təhsilə 
								marağın mənzərəsini təqdim etmiş və onların 
								rəğbətini qazanmışdır. 
								
								Onun yazdığı "XIX əsr Azərbaycan məktəbi" 
								monoqrafiyası millətimizin yüzillik təhsil 
								tarixinin müfəssəl və möhtəşəm salnaməsidir. 
								
								H.Əhmədov həm də məharətli müəllimdir. Onun 
								müəllimlik taktı həmişə auditoriyanı razı 
								salmışdır.  
								
								O, ömrünün 60 ilini Azərbaycan Dövlət Pedaqoji 
								Universiteti ilə bağlamışdır. Orada assistent, 
								baş müəllim, dosent, kafedra müdiri vəzifəsində 
								işləyən H.Əhmədov gənc müəllim kadrlarının 
								yetişdirilməsində böyük əmək sərf etmişdir. 
								
								H.Əhmədov müxtəlif vaxtlarda, müxtəlif yerlərdə 
								müdafiə şuralarının üzvü, sədr müavini və sədri 
								kimi fəaliyyət göstərmişdir. Bununla da o, 
								pedaqoji elmlər üzrə yüksək ixtisaslı kadrların 
								yetişdirilməsində bilavasitə iştirak etmişdir. 
								Onun rəhbərliyi və məsləhəti ilə 50-dən artıq 
								elmlər namizədi və doktoru yetişmişdir. 
								
								Azərbaycanda məktəb və pedaqoji fikir tarixinin 
								mahir tədqiqatçısı olan H.Əhmədov həm də onun 
								layiqli təbliğatçısıdır. Onun təşkil etdiyi 
								beynəlxalq konfranslar Azərbaycan pedaqoji 
								aləmini bir çox ölkələrdə aparılan tədqiqatlarla 
								tanış etdiyi kimi, Moskva, Leninqrad, Kiyev, 
								Riqa, Daşkənd, Səmərqənd, Tbilisi, Poltava, 
								Penza, Ulyanovsk və başqa şəhərlərdə keçirilmiş 
								simpozium və konfranslarda Azərbaycanda pedaqoji 
								tədqiqatların nəticələrini təbliğ etmişdir. 
								
								Hüseyn Əhmədovun fəaliyyətini şöhrətləndirən 
								cəhətlərdən biri məhz onun öz ideyalarını təbliğ 
								etməsidir. Onun təşəbbüsü ilə keçən əsrin 70-ci 
								illərində lAzərbaycan məktəb və pedaqoji fikir 
								tarixi" adlı proqram hazırlanmış (professor 
								M.Muradxanov və Ə.Tağıyevlə birgə), həmin adda 
								kurs formalaşmış, H.Əhmədov Azərbaycan və rus 
								dillərində dərsliklər tərtib etmiş və pedaqoji 
								təmayüllü ali təhsil ocaqlarında tədrisinə nail 
								olmuşdur.  
								
								O, Azərbaycan ETPEİ-də hazırlanıb Moskvada çap 
								olunmuş "Azərbaycan pedaqoji fikir 
								antologiyası"nın, "SSRİ xalqlarının məktəb və 
								pedaqoji fikir tarixinə dair oçerklər"in I və IV 
								cildlərinin, ikicildlik pedaqoji lüğətin, 
								Azərbaycan Sovet Ensiklopediyasının IV və X 
								cildlərinin  müəlliflərindən biri olmaqla milli 
								məktəb və pedaqogikamızın doğma Vətənimizin 
								hüdudlarından kənarda təbliğinə dair çox iş 
								görmüşdür. 
								
								Onun "XIX əsrdə Azərbaycan məktəbi", "Azərbaycan 
								pedaqogika tarixi", "N.Nərimanovun pedaqoji 
								ideyaları" adlı kitabları Azərbaycan pedaqoji 
								elminin qızıl fonduna daxil olmuşdur. 
								
								Azərbaycanın elm, təhsil mədəniyyəti ilə 
								əlaqədar sənədlərin dəyərini düzgün 
								qiymətləndirən H.Əhmədov belə bir qənaətə 
								gəlmişdir ki, onların mikrofilmlərinin kompüter 
								vasitəsilə kağıza köçürülməsi (təxminən 40 
								cilddən ibarət) gənc tədqiqatçıların işini xeyli 
								yüngülləşdirər. Bu, pedaqogika elminə qiymətli 
								hədiyyədir. 
								
								Professor Hüseyn Əhmədovun fəaliyyətinin 
								özünəməxsus cəhətlərindən biri pedaqoji tənqidin 
								olmadığı hazırkı dövrdə mətbuatda bir neçə 
								dəyərli  tənqidi məqalə ilə çıxış etməsi, 
								söylənilən fikirlərdə dəqiqliyin, obyektivliyin 
								gözlənməsini tələb etməsidir. O, həmkarlarını 
								fikir söyləyərkən diqqətli olmağa çağırır. 
								
								Hüseyn Əhmədov pedaqogika tarixi sahəsindəki 
								dəyərli axtarışlarına, gərgin əməyinə görə 
								nəinki doğma Vətənində, həmçinin MDB 
								ölkələrində, xaricdə ən çox tanınmış alimdir. 
								
								H.Əhmədovun dəfələrlə keçmiş SSRİ PEA-nın 
								Rəyasət Heyətinin yığıncaqlarında dərin məzmunlu 
								çıxışlarının necə heyrət doğurmasının şahidi 
								olmuşam. Görkəmli pedaqogika tarixçiləri həmişə 
								onunla razılaşırdılar. 
								
								Rusiya Təhsil Akademiyasının prezidenti, 
								akademik N.D.Nikandrov yazır: "Hüseyn Əhmədovun 
								geniş yaradıcı diapazonu, pedaqogika tarixi və 
								nəzəriyyəsinin aktual problemlərinin həlli 
								sahəsində onun cəsarətli addımları, alimin 
								orijinal  ideyaları pedaqoji fikir mühitində 
								böyük hörmət qazanmağa imkan vermişdir. O, 
								respublikada mükəmməl məktəb yarada bilmişdir". 
								
								Belə yüksək xidmətlərinə görə H.Əhmədovun əməyi 
								həmişə layiqincə qiymətləndirilmişdir. Onun 
								yalnız elmi xidmətlərinə görə aldığı adların, 
								təltiflərin tam olmayan siyahısını nəzərdən 
								keçirək: Hüseyn Əhmədov 1973-cü ildə "Azərbaycan 
								SSR qabaqcıl maarif xadimi", 1977-ci ildə "SSRİ 
								maarif əlaçısı" döş nişanları ilə təltif 
								edilmişdir. 1981-ci ildə ona "Azərbaycan SSR 
								əməkdar ali məktəb işçisi" fəxri adı verilmiş, 
								1985-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri 
								fərmanı ilə təltif edilmişdir. O, 1990-cı ildə 
								SSRİ PEA-nın müxbir üzvü, 1993-cü ildə 
								Azərbaycan Milli Yaradıcılıq Akademiyasının, həm 
								də Beynəlxalq PEA-nın həqiqi üzvü seçilmişdir. 
								1998-ci ildə Beynəlxalq Pedaqoji Akademiyanın 
								"Y.A.Komenski adına Böyük Qızıl Medalı" ilə, 
								2005-ci ildə Türk Dünyası Araşdırmaları 
								Uluslararası Elmlər Akademiyasının "Türk 
								dünyasına hizmet" qızıl medalı ilə təltif 
								edilmişdir. 2006-cı ildə "El gücü" Beynəlxalq 
								Humanitar Assosiasiyasının qərarı ilə Heydər 
								Əliyev adına "Əsrin Akademiyası"na həqiqi üzv 
								qəbul olunmuşdur. Həmin ildə Amerika Beynəlxalq 
								Ekspert və Bioqrafiya Araşdırmalar İnstitutu 
								tərəfindən pedaqogika elminin məharətli bilicisi 
								elan edilmişdir. O, zəngin və çoxcəhətli 
								axtarışları ilə Azərbaycan pedaqoji fikrinin 
								korifeyi səviyyəsinə yüksəlmişdir.  
								
								Azərbaycanın heç bir pedaqoqu belə yüksək 
								qiymətə layiq görülməmişdir. 
								
								Ömrünün müdrik çağında qocaman pedaqoq yenə də 
								gənclik həvəsi ilə çalışır, təhsilimizin, 
								millətimizin gələcək inkişafı naminə axtarışlar 
								aparır. 85 illik yubileyi münasibətilə səmimi, 
								mehriban insan kimi ürəklərdə özünə yer tapan 
								H.Əhmədova möhkəm cansağlığı və yaradıcılıq 
								uğurları arzulayıram.  
								
								
								
								Yəhya KƏRİMOV, 
								pedaqoji elmlər doktoru, professor,  
								respublikanın əməkdar müəllimi  | 
								  |