| 
								 
								
								  
								 Corciya 
								Texnologiya İnstitutu (Georgia Institute of 
								Technology) ABŞ-da Corciya ştatının Atlanta 
								şəhərində yerləşir və texnologiya sahəsinin 
								inkişafına görə ölkənin ən güclü ali 
								məktəblərindən biridir.  
								
								Böyük Britaniyanın "Times Higher Education 
								Supplement - QS World Universities Rankings" 
								jurnalının 2009-cu ildə apardığı dünya 
								universitetlərinin reytinqinə əsasən, Corciya 
								Texnologiya İnstitutu 100 ən yaxşı ali məktəb 
								arasında 86-cı yerdə olub. Corciya Texnologiya 
								İnstitutu 2010-cu il üzrə dünyanın ən nüfuzlu 
								universitetləri arasında "Times Higher Education 
								World University Rankings"in apardığı 
								araşdırmaya əsasən 27-ci, "QS World University 
								Rankings"in açıqlamasına görə isə 106-cı yerdə 
								qərarlaşıb.  
								
								Tarixi  
								
								Corciya ştatında Texnologiya Məktəbi yaradılması 
								ideyası 1865-ci ildə ABŞ-da Yenidənqurma dövrünə 
								təsadüf edir. ABŞ-ın 11 quldar cənub ştatından 
								ibarət konfederasiyasının iki sabiq üzvü - 
								sənaye sahəsində çalışan Con Fletçer Henson və 
								siyasətçi, Corciya ştatının qubernatoru Nataniel 
								Edvin Harris Vətəndaş müharibəsindən sonra 
								Cənubda texnologiyanı təkmilləşdirməyin vacib 
								olduğunu önə çəkirlər. Bunun əsas səbəbi isə 
								Şimalda gedən sənaye inqilabı ilə rəqabət 
								aparmaq olur. Həmin dövrdə cənub ştatlarda 
								əhalinin əsas hissəsini kənd təsərrüfatı 
								işçiləri təşkil etdiyindən Texnologiya 
								Məktəbinin yaradılmasına böyük ehtiyac 
								duyulurdu.  
								 1882-ci 
								ildə Edvin Harrisin rəhbərlik etdiyi Corciya 
								ştatı Qanunvericilik Hökumətinin nümayəndə 
								heyəti ölkənin şimal-şərq bölgələrinə səfər 
								edərək, texnologiya məktəbləri ilə yaxından 
								tanış olur. Nümayəndə heyəti Massaçusets 
								Texnologiya və Vuster Kaunti Fri (hazırda Vuster 
								Politexnik İnstitutu) institutlarına baş 
								çəkdikdən sonra buradakı təhsil modelindən 
								heyrətlənir və həmin təcrübədən bəhrələnməyi 
								qərara alır.  
								
								1885-ci il oktyabrın 13-də Corciya ştatının 
								qubernatoru Henri MakDeniel yeni fond və məktəb 
								yaradılması haqqında qanunu imzalayır. 1887-ci 
								ildə Atlanta şəhərinin xeyriyyəçisi Riçard 
								Piters malik olduğu geniş torpaq sahəsindən 1,6 
								hektar ərazini yeni yaradılacaq məktəbə 
								bağışlayır. 1888-ci ildə iki binadan ibarət 
								Corciya Texnologiya Məktəbi qapılarını 
								tələbələrinin üzünə açır. Binaların birində 
								(hazırda bu bina Texnologiya Qülləsi adlanır) 
								tələbələrə dərs keçilir, digər binada isə 
								onların çalışmaları üçün tökmə, dəmirçi, 
								maşınqayırma sexləri, qazanxana fəaliyyət 
								göstərir. Təhsil və təcrübənin eyni əhəmiyyətə 
								malik olmasını vurğulamaq məqsədilə hər iki bina 
								bərabər hündürlükdə inşa edilir.  
								
								1905-ci il oktyabrın 20-də ABŞ prezidenti Teodor 
								Ruzvelt Corciya Texnologiya Məktəbini ziyarət 
								edir. T.Ruzvelt Texnologiya Qülləsi binasının 
								qarşısında texniki təhsilin önəmliliyi haqqında 
								çıxış edir, daha sonra məktəbin hər bir 
								tələbəsinin əlini sıxaraq onlara uğurlar 
								arzulayır. 1912-ci ildə ali təhsil müəssisəsinin 
								Axşam Məktəbi açılır. 1917-ci ildən qızların 
								Axşam Məktəbində keçilən dərslərdə iştirakına 
								baxmayaraq, onların məktəbə rəsmi qəbuluna 
								1920-ci ildən icazə verilir. 1934-cü ildə 
								Corciya Texnologiya Məktəbinin Mühəndislik 
								Eksperimenti Stansiyası (sonradan Corciya 
								Texnologiya Elmi-Tədqiqat İnstitutu) açılır.
								 
								 1948-ci 
								ildə Corciya Texnologiya Məktəbinin adı 
								dəyişdirilərək Corciya Texnologiya İnstitutu 
								adlandırılır. Bir çox eyni statuslu 
								(Massaçusets, Kaliforniya Texnologiya 
								institutları) ali məktəblərdən fərqli olaraq, 
								Corciya Texnologiya İnstitutu dövlət institutu 
								adını alır. İlk qız tələbələr instituta 1952-ci 
								ildən qəbul edilir.  
								
								1988-ci ildə Con Patrik Krisinin instituta 
								rəhbərliyi dövründə ali məktəbdə struktur 
								dəyişiklikləri aparılır. Həmin dövrədək institut 
								Mühəndislik, İdarəetmə, Dəqiq və Humanitar 
								Elmlər kolleclərindən ibarət olduğu halda, 
								Krisinin instituta rəhbərliyi dövründə 
								Hesablama, Dəqiq Elmlər, İvan Allen İdarəetmə, 
								Siyasət və Beynəlxalq Münasibətlər kollecləri 
								yaradılır. Həmçinin 1966-cı ildə yay Olimpiya 
								oyunlarının Atlanta şəhərində keçirilməsində də 
								Con Patrik Krisinin böyük rolu olur.  
								
								1994-cü ildə institutun məzunu olmuş Ueyn Klaf 
								Corciya Texnologiya İnstitutunun prezidenti 
								seçilir.  O, 1998-ci ildə İvan Allen İdarəetmə, 
								Siyasət və Beynəlxalq Münasibətlər Kollecini 
								İvan Allen Humanitar Elmlər İnstitutuna və 
								İdarəetmə Kollecinə bölür. Onun fəaliyyəti 
								dövründə institutun inkişaf etdirilməsi, burada 
								aparılan tədqiqatların genişlənməsi üzrə mühüm 
								işlər həyata keçirilir.              
								
								2008-ci il iyulun 1-dən Heri Şuster Corciya 
								Texnologiya İnstitutunun prorektoru təyin 
								olunur. 2009-cu il aprelin 1-dən Bud Peterson 
								Corciya Texnologiya İnstitutunun 11-ci 
								prezidenti olur. 2010-cu il aprelin 20-dən 
								Corciya Texnologiya İnstitutu Amerika 
								Universitetləri Assosiasiyasına üzv seçilir.   
								
								Büdcəsi və təhsil haqqı  
								 2010-cu 
								ildə Corciya Texnologiya İnstitutunun illik 
								gəlirləri 794254000 ABŞ dolları olub. Bu 
								məbləğin 180037000-ni təhsil haqqı və digər 
								yığımlardan, 517828000-ni qrant və sazişlərdən, 
								15584000-ni satış və xidmətlərdən, 91814000-ni 
								köməkçi müəssisələrdən əldə olunan vəsaitlər, 
								qalanlarını isə digər gəlirlər təşkil edib. 
								 
								
								Həmin tədris ilində universitetin xərcləri 
								1023922000 ABŞ dolları olub. Vəsaitin 
								548201000-ni əməkdaşların əməkhaqqı, 12353000-ni 
								tələbələrə verilən təqaüdlər, 228131000-ni 
								müxtəlif avadanlıq və materiallar, 69585000-ni 
								qiymətdən düşmə və amortizasiya, 39051000-ni 
								kommunal xərclər, qalanlarını isə digər 
								məsrəflər təşkil edib.  
								
								Corciya Texnologiya İnstitutunun kolleclərində 
								təhsil haqqı bir-birindən fərqlənir. 
								2010-2011-ci tədris ilində bakalavr səviyyəsində 
								təhsil alan yerli tələbələrin təhsil haqqı 
								19755, əcnəbi tələbələrin təhsil haqqı isə 25280 
								ABŞ dolları olub. Magistratura və doktorantura 
								səviyyələrində isə təhsil haqqı həmin tədris 
								ilində 26204 ABŞ dolları təşkil edib.   
								
								Universitet bu gün  
								 Corciya 
								Texnologiya İnstitutunun kampusu Atlanta 
								şəhərinin mərkəzindədir. İnstitutun kampusu AT&T 
								qərargahı, "Coca-Cola" şirkəti, "Bank of 
								America" göydələnlərinin arasında yerləşir, bir 
								neçə binadan, eləcə də yaşıllıqdan ibarətdir. 
								Corciya Texnologiya İnstitutunun tələbə 
								şəhərciyi Atlantada yerləşən digər kampuslardan, 
								xüsusilə Corciya Ştatı Universitetindən 
								fərqlənir və 4 əsas hissəyə (Qərbi, Şərqi, 
								Mərkəzi və Texnologiya meydanı kampusları) 
								bölünür. Qərbi və Şərqi kampuslar tələbə 
								yataqxanalarından ibarət olduğu halda, Mərkəzi 
								kampusda, ilk növbədə, tədris və tədqiqat 
								müəssisələri cəmlənib. Mərkəzi kampusda Houey 
								Fizika, Boqqs Kimya, Hesablama, Memarlıq 
								kollecləri, Hesablama Klaus, Skayl Klass 
								binaları, Dövlət Siyasəti Məktəbi, institutun 
								rəmzi olan Texnologiya Qülləsi, kitabxana, 
								Bayraq binası, Tələbə Mərkəzi, Eşşəkarısı parkı 
								yerləşir.  
								
								Texnologiya meydanı kampusu şəhərin mərkəzindən 
								Şimali kampusa doğru uzanır və 2003-cü ildə 
								açılıb. Kampusun bir hissəsində İdarəetmə 
								Kollecinin binaları, institutun otelləri, 
								Konfrans və Qlobal Öyrənmə mərkəzləri, digər 
								hissəsində isə Hesablama Kolleci, Elektrotexnika 
								və Hesablama Texnikası Məktəbinin binası 
								yerləşir. 
								 Corciya 
								ştatının Savanna şəhərində Corciya Texnologiya 
								İnstitutunun kampusu mövcuddur. Kampus 2003-cü 
								ildə istifadəyə verilib. Burada tələbələrə 
								mühəndislik proqramları təklif olunur. Fransanın 
								şimal-şərqindəki Mets şəhərində institutun 
								Corciya Texnologiya İnstitutu Lotaringiyası adlı 
								kampusu fəaliyyət göstərir. 1990-cı ildə açılmış 
								bu kampus elektrik, kompüter mühəndisliyi, 
								kompüter elmləri, maşınqayırma sahələri üzrə 
								magistr və doktorluq proqramları təklif edir. 
								İnstitutun əlavə olaraq İrlandiyada (Atlon), 
								Çində (Şanxay), Sinqapurda, Hindistanda müxtəlif 
								proqramlar təklif edən müəssisələri mövcuddur.
								 
								
								Corciya Texnologiya İnstitutu yaxın gələcəkdə 
								Sinqapur Milli Universiteti ilə əməkdaşlıq 
								çərçivəsində Sinqapurda Asiya-Sakit okean 
								Regionu Logistika İnstitutunun açılmasını 
								nəzərdə tutur.  
								
								Corciya Texnologiya İnstitutunda 6 kollec, 1 
								institut fəaliyyət göstərir.  
								
								Memarlıq Kolleci Memarlıq, Tikinti 
								konstruksiyası, Şəhər və regional planlaşdırma, 
								Sənaye dizaynı, Musiqi departamentlərindən 
								ibarətdir. 
								
								Hesablama Kollecinə Hesablama elmləri və 
								mühəndisliyi, İnformatika, İnteraktiv hesablama 
								departamentləri daxildir. 
								
								Mühəndislik Kollecinə Aerokosmik sənaye, 
								Biotibbi mühəndislik, Kimya və biomolekulyar 
								mühəndislik, Vətəndaş və ekologiya mühəndisliyi, 
								Elektrik və hesablama texnikası, Sənaye və 
								sistem mühəndisliyi, Materialşünaslıq elmləri və 
								mühəndislik, Maşınqayırma departamentləri 
								aiddir. 
								 İdarəetmə 
								Kolleci bakalavr, MBA, Texnoloji idarəetmə üzrə 
								MBA, PhD proqamları təklif edən bir neçə 
								departamentdən ibarətdir.  
								
								Dəqiq Elmlər Kollecinə Tətbiqi fiziologiya, 
								Biologiya, Kimya və biokimya, Yer və atmosfer 
								elmləri, Riyaziyyat, Fizika, Psixologiya 
								departamentləri daxildir. 
								
								İvan Allen Humanitar Elmlər İnstitutunda 
								İqtisadiyyat, Tarix, texnologiya və cəmiyyət, 
								Beynəlxalq münasibətlər, Ədəbiyyat, 
								kommunikasiya və mədəniyyət, Müasir dillər, 
								Dövlət siyasəti departamentləri fəaliyyət 
								göstərir. 
								
								Corciya Texnologiya İnstitutu zəngin k 
								
								itabxana sisteminə malikdir. Kitabxana 
								kolleksiyasına 1 milyon cild kitab, ABŞ 
								patentlərinin bütöv toplusu, 2 milyondan çox 
								texniki hesabat, dövlət sənədləri daxildir. Elmi 
								sıçrayış, texniki informasiyanın inkişafı, 
								kompüterin, şəbəkə və multimedia 
								texnologiyalarının yaranması kitabxananın 
								tarixində təkamül rolu oynayıb. Belə ki, Corciya 
								Texnologiya İnstitutunun kitabxana sistemi bu 
								istiqamətdə ən sürətli inkişaf edən 
								kitabxanalardandır. İnstitutun kitabxanası Əsas, 
								Memarlıq, Arxiv və kargüzarlıq bölmələrindən 
								ibarətdir.  
								
								Corciya Texnologiya İnstitutunun hazırkı rəhbəri 
								professor Corc Bud Peterson, prorektoru isə 
								Rafel Brasdır.  İnstitutun tələbələrin işləri 
								üzrə vitse-prezidenti Con Steyndir. İnstitutda 
								5000 nəfərdən çox professor-müəllim heyəti 
								çalışır.  
								 2010-2011-ci 
								tədris ilində Corciya Texnologiya İnstitutunda 
								təhsil alan tələbələrin sayı 20291 nəfər təşkil 
								edib. Tələbələrin 13515 nəfərini bakalavr, 6776 
								nəfəri isə magistrant və doktorant təşkil edib.
								 
								
								Corciya Texnologiya İnstitutunun yataqxana 
								kompleksləri əsasən institutun Qərbi və Şərqi 
								kampuslarında cəmləşib. İnstitutun kampuslarında 
								tələbələrin təhlükəsiz yaşaması üçün xüsusi 
								tədbirlər görülüb. Şərqi kampusda birinci 
								kurslar məskunlaşıb və onlara Britten Holl 
								yeməkxanası xidmət göstərir. Qərbi kampusda 
								yuxarı kurs tələbələri qalır və onlara Vudraff 
								Holl yeməkxanası tərəfindən xidmət göstərilir. 
								Magistr, doktorant və digər tədqiqatçılar 
								kampusdan kənarda, xüsusilə Houm Parkda qalmağa 
								üstünlük verirlər. Əcnəbi tələbələr 4-cü Şərqi 
								və Heys küçələri arasında yerləşən Beynəlxalq 
								Evdə yerləşdirilir. İnstitutun qız tələbələri 
								üçün Qoldin və Steyn yataqxanaları mövcuddur. 
								Son zamanlar institutun yataqxanalarında sıxlıq 
								yaşanır. Belə ki, buradakı iki nəfərlik 
								nömrələrdə üç nəfər tələbə qalmaq 
								məcburiyyətindədir.  
								
								Hazırda institutun yataqxanalarında 9000-nə 
								qədər tələbə məskunlaşıb.  Kampus ərazisində son 
								zamanlar açılan yataqxana komplekslərindən 
								2007-ci ildə istifadəyə verilmiş Şimal Avenyu 
								yataqxanasını qeyd etmək olar.  
								
								Corciya Texnologiya İnstitutunda 350-dən çox 
								tələbə təşkilatı fəaliyyət göstərir. İnstitutun 
								əsas təşkilatlarından biri Tələbə Hökuməti 
								Assosiasiyasıdır. Assosiasiyanın xüsusi icra, 
								qanunverici və məhkəmə xidmətləri fəaliyyət 
								göstərir. Assosiasiyanın bakalavr, eləcə də 
								magistr və doktorantlar üçün bölmələri 
								mövcuddur. Tələbə Hökuməti Assosiasiyasının əsas 
								vəzifəsi maliyyə yardımına ehtiyacı olan tələbə 
								təşkilatlarına dəstək göstərməkdir.  
								
								Corciya Texnologiya İnstitutunun idman 
								komandaları "Eşşəkarıları", "Wrek Ramblin" 
								("Ford" modelindən olan ikiyerli avtomobil), 
								"Mühəndislər" adları ilə tanınsalar da,  onların 
								ümumilikdə rəsmi adı "Eşşəkarıları"dır. 
								İnstitutun futbol üzrə əsas rəqibi Corciya 
								Universitetidir. İnstitutun güclü futbol, qadın 
								və kişi basketbolu, beysbol, softbol, voleybol, 
								qolf, kişi və qadın tennisi, üzgüçülük, dayvinq 
								və s. komandaları mövcuddur. İnstitutun 4 futbol 
								komandası sorğular nəticəsində milli çempion 
								seçilib. Eyni zamanda institut kriket, 
								velosiped, at yarışları, qılıncoynatma, otüstü 
								xokkey, lakross, peyntboll, rolokli xokkey, 
								yelkənli qayıq idmanı, triatlon, su polosu, su 
								xizəyi, güləş, sualtı üzgüçülük üzrə yüksək 
								nəticələrə malikdir.   
								
								Corciya Texnologiya İnstitutu ölkənin və 
								dünyanın ən yaxşı mühəndislik məktəbi kimi 
								tanınır. İnstitut mükəmməl akademik proqram, 
								məktəbdənkənar tədbirlər, novator tədqiqatlar 
								həyata keçirir. İnstitutun strateji planında 
								aşağıdakı sözlər qeyd olunub: "Biz qəbul 
								edəcəyik, inkişaf etdirəcəyik, qoruyacağıq, 
								tələbələrin, müəllim və əməkdaşların kadr 
								müxtəlifliyinə diqqət yetirəcəyik, geniş 
								perspektivlər, maraqlar yaradacağıq. Biz 
								intellektual səviyyəmiz, fikir müxtəlifliyimiz, 
								şəxsi bütövlüyümüz, toxunulmazlığımız, 
								üstünlüyümüz hesabına əvəzolunmaz universitet 
								cəmiyyəti qururuq və uğurla gələcəyə 
								addımlayırıq".  
								
								Corciya Texnologiya İnstitutunun əsas məqsədi 
								XXI əsrin ən mühüm kəşflərinə imza atmaq, ideal 
								texnologiya universiteti modelini yaratmaq və 
								həyat səviyyəsinin yüksəldilməsi üçün son 
								texnoloji nailiyyətləri insanlara təqdim 
								etməkdir. 
								
								
								İnstitutun məşhur məzunları 
								
									
										|   | 
										
										
										Cimmi Karter  | 
										
										
										ABŞ-ın 39-cu prezidenti, sülh üzrə Nobel 
										mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Xuan Karlos Varela | 
										
										
										Panamanın vitse-prezidenti | 
										  | 
									 
									
										|   | 
										
										
										Uilyam Ball  | 
										
										
										ABŞ Hərbi-Dəniz Qüvvələrinin 67-ci 
										naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Pit Geren | 
										
										
										ABŞ Silahlı Qüvvələri üzrə 20-ci dövlət 
										katibi | 
										  | 
									 
									
										|   | 
										
										
										Ceyms Ellis | 
										
										
										4 ulduzlu ABŞ admiralı  | 
										  | 
									 
									
										|   | 
										
										
										Karolin Meyers | 
										
										
										ABŞ-ın Cekson Dövlət Universitetinin 
										prezidenti | 
										  | 
									 
									
										|   | 
										
										
										İvan Allen | 
										
										
										ABŞ-ın Corciya ştatının  Atlanta 
										şəhərinin sabiq meri  | 
										  | 
									 
									
										|   | 
										
										
										Keri Mallis | 
										
										
										kimya üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Ronald Kolle | 
										
										
										nüvə və radiasiya kimyası üzrə ABŞ 
										mütəxəssisi  | 
										  | 
									 
									
										|   | 
										
										
										Uilyam MakArtur  | 
										
										
										NACA-nın astronavtı | 
										  | 
									 
									
										|   | 
										
										
										Sandra Maqnus | 
										
										
										NACA-nın qadın astronavtı | 
										  | 
									 
									
										|   | 
										
										
										Ceyson Morqan | 
										
										
										geofizik, ABŞ-ın Prinston 
										Universitetinin professoru | 
										  | 
									 
									 
								
								
								               
								
								
								                                                    
								                    Hazırladı: 
								Lamiyə ƏLİYEVA  |