| 
								 
								
								
								 Həmyerlimiz 
								Rusiyada "İlin rektoru" seçilib  
								
								Rusiyada keçirilmiş "Rusiya Federasiyasında ali 
								təhsil və elmin inkişaf perspektivləri və 
								problemlər" V Ümumrusiya konfransında 
								həmyerlimiz, sosial elmlər doktoru, Moskva 
								Dövlət Sosial-Humanitar Universitetinin rektoru 
								Vaqif Bayramovun rəhbərlik etdiyi ali məktəb "Rusiyanın 
								100 ən yaxşı ali məktəbi" müsabiqəsində "Ən 
								yaxşı sosialyönümlü ali məktəb" nominasiyası 
								üzrə qızıl medala layiq görülüb. Rektor Vaqif 
								Bayramova isə "İlin rektoru - 2011" qızıl medalı 
								təqdim olunub.   
								
								Qeyd edək ki, adıçəkilən müsabiqə 2004-cü ildən 
								keçirilir. Bu tədbir Rusiyanın elmi-tədqiqat 
								institutlarının, ali məktəblərinin rəhbərləri, 
								elm və təhsil mütəxəssisləri arasında ilin 
								əlamətdar hadisəsi  kimi qiymətləndirilir. 
								2010-cu ildən başlayaraq konfransa  və 
								qiymətləndirmə komissiyasına Nobel mükafatı 
								laureatı, Rusiya Elmlər Akademiyasının  
								vitse-prezidenti,  akademik J.Alferov rəhbərlik 
								edir. Komissiyanın tərkibinə Rusiya Federasiya 
								Şurasının elm və təhsil komitəsinin, Dövlət 
								Dumasının təhsil komitəsinin üzvləri daxildirlər. 
								Bundan əlavə, Rusiya Federasiyası təhsil və elm 
								naziri A.Fursenkonun əmrinə müvafiq olaraq Vaqif 
								Bayramov ikinci müddətə 2011-ci il iyulun 1-dən 
								2016-cı il  iyunun 30-a kimi Sosial-Humanitar 
								Universitetinin rektoru vəzifəsinə təsdiq olunub. 
								
								
								  
								
								
								
								Ukraynada yeni təhsil qanununun mahiyyəti 
								açıqlanıb  
								
								Ukraynada yeni təhsil qanununun qəbulu 
								gözlənilir. Ölkənin Təhsil Nazirliyindən verilən 
								məlumata görə, yeni qanun layihəsi üzərində 
								işlər başa çatdırılıb və artıq ictimaiyyətin 
								müzakirəsinə təqdim olunub. Ölkənin təhsil 
								naziri Dmitri Tabaçnik yeni qanunun mahiyyəti 
								barədə danışıb. Yeni qanun tələbə 
								müavinətlərinin həcmini yaşayış minimumuna qədər 
								artırmağa, dövlət ali məktəblərinə əldə olunmuş 
								vəsaitləri müstəqil surətdə sərf etməyə imkan 
								verəcək.   
								
								Tələbələri gözləyən əsas dəyişikliklərdən biri  
								ixtisas dərəcəsidir. Əgər qanun qəbul olunsa, 
								onda Ukraynada kiçik mütəxəssis, bakalavr, 
								magistr, fəlsəfə doktoru və elmlər doktoru elmi 
								dərəcələri olacaq. "Bütün mütəxəssislər 
								avtomatik olaraq magistr olacaq, bu, ali məktəbi 
								bitirənlərə və hələ oxuyanlara aid olacaq",-deyə 
								D.Tabaçnik bildirib.    
								
								Yeni qanuna müvafiq olaraq təhsilin müddəti də 
								dəyişəcək. Məsələn, aspiranturada təhsil müddəti 
								3 ildən 4 ilə qədər artacaq. "Hazırda 
								aspirantların yalnız 24 faizi 3 ildən sonra 
								müdafiə edə bilir. Belə olan halda niyə özümüzü 
								aldadaq?", - deyə Dmitri Tabaçnik yeni qanuna 
								mövqeyini açıqlayıb.   
								
								Dəyişikliklərin böyük qismi ali məktəblərin 
								təşkili ilə bağlıdır. Ali təhsil məktəblərinə 
								digər ali təhsil müəssisələri və hətta orta 
								təhsil müəssisələri, eləcə də xarici təhsil 
								qurumları ilə  konsorsium yaratmağa icazə 
								veriləcək. Hər bir dövlət ali məktəbi gələcək 
								abituriyentlər üçün profil kolleclər aça biləcək. 
								Bundan əlavə, universitetlər fənlərarası kurslar 
								tətbiq etmək hüququ qazanacaq ki, bu isə 
								D.Tabaçnikin fikrincə, Ukrayna ali təhsilini 
								Qərb təhsil nümunəsinə yaxınlaşdıracaq.  
								 
								
								Yeni qanun bir sıra maliyyə məsələlərini də 
								əhatə edir. Nazirin sözlərinə görə, bu, maliyyə 
								sahəsində başlıca təkliflərdən biri dövlət ali 
								məktəblərinə qazandıqları vəsaitləri öz 
								sərəncamlarına uyğun olaraq xərcləmələri və  
								eləcə də müstəqil  təsərrüfat fəaliyyəti ilə 
								məşğul olmaları ilə bağlıdır.  Yeni qanun ali 
								məktəblərə hər il təhsil haqlarını yenidən 
								gözdən keçirməyi qadağan edir - müqavilə 
								əsasında təhsil haqları müqavilənin qüvvədə 
								olduğu bütün müddət ərzində dəyişməz qalmalıdı  
								
								
								
								Almaniyada orta təhsil sistemi dəyişir  
								
								 Almaniya 
								Federativ Respublikasında orta təhsil sistemində 
								ciddi dəyişikliklər gözlənilir. Ölkənin Xristian 
								Demokrat Birliyi Almaniyada orta məktəb 
								sisteminin sadələşdirilməsini təklif edib. 
								Almaniya mətbuatının yazdığına görə, 30 
								səhifəlik təkliflər paketi ictimaiyyətin 
								müzakirəsinə verilib. Təşəbbüsün müəllifləri 
								hesab edirlər ki, hazırda Almaniyada orta təhsil 
								məktəblərinin həddən çox mərhələləri və tipləri 
								mövcuddur. Bu isə həm şagirdlər, həm də 
								valideynlərdə  çaşqınlıq yaradır. Bu mənada orta 
								təhsil verən məktəb tiplərinin sayının 2-yə 
								qədər azaldılması təklif olunur. Hazırda 
								almaniyalı uşaqlar 4-cü sinifdən sonra 
								təhsillərini gimnaziyada, real və ya birləşmiş 
								məktəblərdə davam etdirə bilərlər. Orta təhsil 
								müəssisəsinin seçimi uşağın qabiliyyətindən, həm 
								də perspektivdə onun universitetdə oxumaq 
								istəyib-istəməməsindən asılıdır.   Almaniyanın 
								bir sıra regionlarında eksperiment kimi artıq 
								sadələşdirilmiş orta təhsil sistemi tətbiq 
								olunur. Ənənəvi təhsilin tərəfdarları hesab 
								edirlər ki, yeniliklər uşaqları fərdi 
								yanaşmalardan məhrum edir, bu isə təhsilin 
								keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər.  
								  
								
								
								
								ABŞ-da müəllimlər şagirdlərə yazı yazmağı 
								öyrətməyəcəklər  
								
								 Amerikada 
								müəllimlər artıq şagirdlərə yazı yazmağı 
								öyrətməyəcək. Amerikada nəşr olunan "Tayms" 
								jurnalının yazdığına görə, İndiana ştatının bir 
								çox məktəblərində yazı qələmlərini noutbuklar 
								əvəz edəcək. Müasir texnologiyaların  sürətli 
								inkişafı pedaqoqları təhsil vasitələri 
								prioritetlərinin dəyişdirilməsi məsələsi 
								üzərində fikirləşməyə vadar edib. Bir çox 
								amerikalı məmur üçün qələmlə yazmaq mənasız 
								vərdişə çevrilib. Artıq cari ilin sentyabrından 
								başlayaraq bütün tədris müəssisələrində 
								noutbuklara keçilməsi nəzərdə tutulub. 
								 
								
								İndiana ştatının Təhsil Departamenti məktəb 
								rəhbərliklərinə bu məsələdə müstəqil qərar qəbul 
								etməyi təklif edib. Bundan əlavə, yalnız 4-cü və 
								daha yuxarı sinif şagirdləri klaviaturadan 
								istifadəyə keçə bilərlər.  Bəzi valideynlər 
								yeniliyə etiraz edirlər. Onlar yenilik sayəsində 
								uşaqlarının işə qəbul zamanı imza qoya 
								bilməmələrindən narazılıq edirlər.  Artıq bütün 
								dünyada əllə yazanların  sayının azalması, 
								klaviaturadan istifadə edənlərin isə sayının  
								artması bir  tendensiya halını alıb. Cəmiyyətdə 
								əllə yazının rolunun azalması ona gətirib 
								çıxarıb ki, artıq bir çox insanların yazı xətti 
								də korlanıb.  
								
								
								   
								
								
								
								Rusiyalılar Avropa təhsilinə üstünlük verirlər  
								
								Rusiyalılar Avropa təhsilinə daha artıq üstünlük 
								verməyə başlayıblar. Xaricdə təhsil almaq üçün 
								sınaqlardan çıxmış və Harvard, Oksford kimi 
								məşhur universitetlərdə təhsil almaq şansı 
								qazanmış gənclər  gələn ildən başlayaraq 
								seçdikləri ixtisaslar üzrə artıq pulsuz - dövlət 
								hesabına  təhsil ala biləcəklər.  İlkin 
								mərhələdə 2000 gənc bu imkandan yararlana 
								biləcək, gələcəkdə onların sayı 10 minə qədər 
								artırılacaq. Lakin bu da son hədd deyil.  RF 
								Prezidenti  Dmitri Medvedev rusiyalı gənclərin 
								xaricdə təhsil alması məsələsini ən aktual 
								vəzifə hesab edir.  "Yaxın on ildə ümid edirəm 
								ki, bizim on minlərlə vətəndaşımız - gənc 
								alimlərimiz, mühəndislərimiz, məmurlarımız  və 
								digər sahələr üzrə  peşəkarlarımız dünyanın 
								aparıcı universitetlərində müxtəlif sahələr üzrə 
								magistr və doktorluq dərəcələri müdafiə 
								edəcəklər. Ümid edirəm ki, onlar sonradan Rusiya 
								biznesində və dövlət idarəçiliyində, elm və 
								təhsilində başlıca mövqe əldə edəcəklər", - deyə 
								cari ilin qışında Davos forumunda çıxış edən 
								D.Medvedev bildirib.  
								
								İlkin mərhələdə Rusiya  gənclərin xaricdə 
								təhsili üçün 60 milyon  dollar sərf etməyə 
								hazırdır.  
								
								
								  
								
								
								
								Böyük Britaniyada məktəblilərin yay tətili ləğv 
								olunacaq 
								
								  
								
								Böyük Britaniya məktəblilərin yay  tətilini ləğv 
								etmək niyyətindədir.  Ölkənin  Təhsil 
								Nazirliyinin qərarına əsasən, uzun sürən yay 
								tətilləri artıq məktəblilər üçün tarixə çevrilə 
								bilər. Şagirdlər daha çox məktəblərdə vaxt 
								keçirəcəklər.  Hökumət tərəfindən azad məktəblər 
								üçün nəzərdə tutulan radikal dəyişikliklər  
								planında bu cür yeniliyin tətbiqi gözlənilir. 
								Təhsil Nazirliyinin mətbuat katibi Maykl Qov 
								qeyd edib ki, sentyabrda Noric şəhərində azad 
								məktəbin açılması gözlənilir. Bu məktəb praktik 
								olaraq ilboyu  fasiləsiz fəaliyyət göstərəcək.   
								Sözügedən məktəblər bütün il ərzində uşaqlara 
								qayğı göstərəcək və onlara yüksək keyfiyyətli 
								təhsil verəcək.  Məktəb Noric şəhərinin 
								mərkəzində yerləşəcək və  işləyən valideynlər 
								uşaqları uzun müddətə məktəbə verə bilərlər, bu 
								isə həftədə 6 gün, il ərzində isə 51 həftə 
								təşkil edir. Londonda nəşr olunan "Express" 
								qəzetinin yazdığına görə, azad məktəb 
								valideynlərin hesabına uşaqlara dərsdən əvvəl və 
								dərsdən sonra əlavə xidmətlər göstərəcək. 
								Məktəblər yalnız birhəftəlik Milad bayramı və 
								bank tətili günlərində bağlanacaq. Təlim il 
								ərzində 6 dövrü əhatə edəcək ki, bunların da 
								arasında 2 həftəlik tətillər olacaq. Avqustda ən 
								uzun - 4 həftəlik tətil nəzərdə tutulub. Bu 
								fasilələr ərzində məktəblər  bir sıra əlavə 
								məşğələlər üçün şagirdlərin üzünə açıq olacaq. 
								 
								
								Azad məktəblər  Böyük Britaniyada valideynlər, 
								şirkətlər və ya xeyriyyə təşkilatları tərəfindən 
								təşkil olunan məktəblərdir.  Azad məktəblər və 
								akademiyalar bütün il ərzində açıq ola bilərlər. 
								Onlar hətta öz istəklərinə uyğun olaraq tədris 
								semestrinin müddətini və dərs gününü dəyişə 
								bilərlər.   
								
								
								  
								
								
								
								Cənubi Koreya rəqəmsal dərsliklərə keçir  
								
								 Cənubi 
								Koreyanın Təhsil Nazirliyi ölkənin təhsil 
								sistemində elan etdiyi inqilabi   dəyişiklikləri 
								davam etdirir. Ən son məlumata görə, Cənubi 
								Koreya məktəblərində hazırda istifadə olunan 
								bütün dərsliklər rəqəmsal olacaq. Məqsəd 2015-ci 
								ilə kimi ölkədə çap məhsullarından istifadəyə 
								son qoymaqdır. Bu dəyişiklik kompüterlər, 
								noutbuklar,  masaüstü kompüterlər və smartfonlar 
								istehsal edən şirkətlər üçün böyük bazar açır. 
								Təhsil Nazirliyi bütün lazımi avadanlıqların 
								alınması və təhsil kontingentinin rəqəmsal 
								sistemə keçidi üçün 2.4 milyard ABŞ dolları 
								xərcləməyə hazırdır.  Layihə hesablama 
								şəbəkələrinin yaradılmasını nəzərdə tutur və bu, 
								tələbələrə rəqəmsal ədəbiyyatları  əldə etməyə 
								və ev tapşırıqlarını kompüterə yükləməyə imkan 
								verir. Nəticədə tələbələr istənilən qurğunun 
								köməyi ilə İnternetə bağlanmaqla ədəbiyyat əldə 
								edə bilərlər.    Bundan əlavə, nazirlik 2013-cü 
								ildən başlayaraq onlayn-siniflərin sayını 
								artırmaq niyyətindədir. Bununla da bir sıra 
								müxtəlif səbəblərə görə məktəblərə gələ bilməyən 
								tələbələr virtual məşğələlərdə iştirak edə 
								bilərlər. 2014-cü ilə kimi bütün ibtidai 
								məktəblər rəqəmsal dərsliklərlə təmin olunacaq,  
								2015-ci ildə isə bütün dərsliklər bu sistemə 
								keçəcək. 2015-ci ilə kimi bütün məktəblər simsiz 
								İnternet bağlantısına malik olacaq. İqtisadi 
								Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına 
								görə, Cənubi Koreya yeniyetmələri dünyada 
								kompüter savadına görə birinci yerdədirlər. 
								 
								
								
								  
								
								
								
								Xarici mətbuat materialları əsasında hazırladı: 
								Oruc MUSTAFAYEV  
								   |